Qələbə və ədalətin təntənəsi: Qarabağ Azərbaycandır!

09/10/2020

Azərbaycan tarixinin ən əlamətdar günlərini yaşayır. Artıq 27 sentyabr 2020-ci il tarixindən başlayaraq Azərbaycan Ordusu işğal edilmiş torpaqlarımızın azad edilməsi istiqamətində əməliyyatlar aparır. Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində sülh tərəfdarı olduğunu dəfələrlə bəyan etmişdir. Bu istiqamətdə ATƏT-in Minsk qrupu başda olmaqla bütün beynəlxalq təşkilatlarla yüksək səviyyədə əməkdaşlıq etmişdir.

Ancaq Ermənistan öz təcavüzkar mahiyyətini hər zaman ortaya qoymuşdur. Onun destruktiv fəaliyyəti nəticəsində danışıqlar prosesi dəfələrlə pozulmuşdur. Bu yetmir kimi zaman-zaman Azərbaycan ərazilərinə dəfələrlə təcavüzkarlıq aktları həyata keçirilmişdir. Ümummilli lider Heydər Əliyevin xarici və daxili siyasi kursunun layiqli davamçısı olan cənab Prezident İlham Əliyev dəfələrlə Ermənistanın bu xisləti haqqında dünyanı məlumatlandırmışdır. Fəqət təəssüflər olsun ki, ikili standartlar burada da öz işini görmüşdür.

Məlum Tovuz təxribatından sonra Prezident İlham Əliyev dünya ictimaiyyətinin diqqətinə çatdırmışdır ki, Ermənistan növbəti aqressivliyə hazırlaşır. Dövlət başçısının bu müraciətlərinə adekvat reaksiya verə bilməyən müvafiq təşkilatların fəaliyyəti bugünkü şəraitin yaranmasına səbəb olmuşdur. Beynəlxalq ictimaiyyət və məsul qurumların reaksiyasının qeyri-kafiliyindən ürəklənən Ermənistan 27 sentyabr 2020-ci ildə Tərtər istiqamətində dinc yaşayış məskənlərimizi altilleriya ilə vurdu. Bunun nəticəsində mülki əhalidən yaralananlar oldu. Aqressivliyin davam etməsi Goranboy, Naftalan və digər rayonlarımızın atəşə tutulması ilə nəticələndi. Mülki əhalidən ölən və yaralananlar oldu. Bunların içərisində iki uşağın olması Ermənistanın caniliyini bir daha sübut etdi. Bu həyasızlıqlarını davam etdirən Ermənistan Gəncəni, Mingəçeviri, hətta Xızı və Zərdabı atəşə tutdu.

Bütün bunlar Azərbaycan Ordusunu vadar etdi ki, əks-həmlə əməliyyatına başlasın. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və cənab Prezident İlham Əliyevin reallaşdırdığı ordu quruculuğu öz nəticələrini göstərdi. Azərbaycan Ordusu həyata keçirdiyi ilk əks-həmlə ilə ilk gündə yeddi kəndimizi Ermənistan işğalından azad etdi. Davam edən əks-həmlə əməliyyatı nəticəsində daha sonra Tərtər rayonunun Suqovuşan kəndi, Cəbrayıl şəhəri və bir sıra kəndləri, Füzuli rayonunun bir neçə kəndi işğaldan azad edildi. Azərbaycan Republikasının Prezidenti İlham Əliyev bildirdi ki, artıq işğal edilmiş ərazilərin azad edilməsi zəruridir. Çünki beynəlxalq təşkilatlar, xüsusilə ATƏT-in Minsk qrupunun həmsədrləri öz vəzifəsini yerinə yetirə bilmədi. Bu cür yanaşma Ermənistanın bir qədər də aqressivəşməsinə səbəb oldu.

Azərbaycan Respublikası hərbi sahədə, eyni zamanda, diplomatik sahədə öz mövqelərini qətiyyətlə ortaya qoydu. Ölkə başçımızın xalqa müraciəti zamanı işğalçıları “iti qovan kimi qovuruq” ifadəsi isə artıq bu gün hər bir azərbaycanlının ən sevimli sözünə çevrilmişdir. Azərbaycanın bu haqlı savaşında həmişə olduğu kimi, indi də yanında Türkiyə vardır. Türkiyə Cümhuriyyətinin Prezidenti cənab Ərdoğan dünya ictimaiyyətinə bəyan etdi ki, Ermənistanın quldur hərəkətlərinə son qoyulmasının tam zamanı gəlmişdir. Dünya haqlının yanında dayanmaq məcburiyyətindədir. Türkiyənin mənəvi və diplomatik dəstəyi Azərbaycan Respublikası rəhbərliyi tərəfindən yüksək qiymətləndirilmişdir. Dövlətimizin başçısı İlham Əliyev, eləcə də Birinci vitse-prezident Mehriban xanım Əliyeva Türkiyəyə öz sevgilərini ifadə etdilər. Cənab İlham Əliyev bildirdi ki, Türkiyə regionun ən güclü ordusuna sahibdir, bizim ordumuz da onun modelində qurulmuşdur. Yəni Azərbaycan ordusu da Qafqazın ən güclü ordusudur.

Azərbaycan Respublikasının xarici siyasətinin uğurlu tərəflərini göstərən əsas amillərdən biri də Rusiyanın Ermənistana dəstək verməməsidir. Rusiya Prezidenti Vladimir Putin bəyan etdi ki, Ermənistan ərazisində savaş getmir. Bu isə o deməkdir ki, Ermənistan KTMT ilə manipulyasiya edə bilməz. Bu məsələlərdə Fransanın mövqeyi isə olduqca qeyri-sağlamdır. Prezident Makronun Ermənistana bu və digər şəkildə dəstəyini ifadə etməsi ATƏT-in Minsk qrupunun əslində iflasından xəbər verir. Fransanın mövqeyi konkret olaraq erməni diasporunun təsiri ilə ortaya qoyulmuşdur. Hadisələrin bu cür gedişində onun da hadisələrə təsiri ancaq simvolik ola bilər.

Azərbaycan Respublikasını haqlı mübarizəsində dəstəkləyən ölkələr sırasında Pakistanın olması da önəmli bir hadisədir. Pakistan hər zaman Azərbaycanın yanında olmuşdur. Azərbaycan artıq köhnə reallıqlarla yaşamaq istəməyən, islamofob dünyaya qarşı hərəkətə keçən Türk-İslam dünyasının əsas aktorlarındandır. Azərbaycan-Türkiyə əməkdaşlığı əslində yeni dünya düzəninə gedən yolun başlanğıcı kimi xarakterizə edilə bilər.

Ümumiyyətlə, bu proseslər onu deməyə əsas verir ki, işğal edilmiş ərazilərin azad edilməsi ilə bölgədə geosiyasi vəziyyət dəyişəcəkdir. Azərbaycan Avropanın enerji təhlükəsizliyində önəmli amildir. Ermənilər isə BTC-ni vurmaq cəhdi ilə bunu təhdid edirlər. Bu cür fəaliyyətlər təbii ki, beynəlxalq ictimaiyyətin diqqətini cəlb edəcəkdir. Azərbaycan istər hərbi baxımından, istərsə də diplomatik müstəvidə müvəffəqiyyətlə irəliləyir. Bu proseslərin məntiqi davamı Dağlıq Qarabağın və ətraf ərazilərin azad edilməsinə gətirib çıxardacaqdır. Azərbaycan işğal edilmiş əraziləri azad etdikdən sonra bu bizim iqtisadi inkişafımıza təkan verəcək və geosiyasi imkanlarımızı gücləndirəcəkdir. Bir sözlə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi, Qarabağ Azərbaycandır!

http://ikisahil.com/post/qarabag

Bəxtiyar Nəbiyev,

Bakı Dövlət Universitetinin Tarix fakültəsinin dekan
müavini, YAP Z.Xəlilov 23 (BDU)  ƏİPT-nin sədri

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024