Qələbə, Zəfər Azərbaycanladır!

05/10/2020

Milli Məclisin deputatı, BDU-nun Türk filologiyası kafedrasının professoru Jalə Əliyeva

- Jalə xanım, son günlər Azərbaycan Ordusu işğalçı Ermənistanın hərbi təxribatlarına cavab olaraq əks-hücum əməliyyatı həyata keçirir. Bu barədə fikirlərinizi bilmək istərdik...

- 27 sentyabr 2020-ci il tarixi yəqin ki, çoxlarının, bütövlükdə xalqımızın yaddaşından, hafizələrindən, hərb tarixindən silinməyəcək. Məhz həmin gün 32 ildən bu yana davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində yeni mərhələnin başlanğıcı oldu. Öz murdar və çirkin əməllərindən əl çəkməyən, hər fürsətdə təxribatçı və fitnəkar hərəkərlərə əl atan, işğalçılıq və təcavüzkarlıq siyasətini davam etdirən, terrorçuluğu dövlət siyasətinə çevirən insanlıq düşməni nasist və faşist Ermənistan, quldur erməni silahlı birləşməşləri növbəti dəfə və bütövlükdə atəşkəs rejimini pozdu, qanlı əməllərini, sülhə, təhlükəsizliyə təhdid olan niyyətlərini yenidən gerçəkləşdirməyə cəhd etdi. Dərhal Azərbaycan dövlətinin, Azərbaycan Ordusunun daha kəskin, daha sərt üzü ilə qarşılaşdı. 32 ildir səbr edən, dözüm göstərən Azərbaycan xalqı, Azərbaycan dövləti, Azərbaycan Ordusu bir andaca yenidən səfərbər və tək yumruq oldu, düşmənin cavabının yalnız müharibə, hərb, savaş olduğuna qərar verdi. Beləliklə, Qarabağ münaqişəsinin həllində hərb variantına keçildi, illərdir Qarabağa, işğal olunmuş torpaqlara qayıtmaq eşqi, həvəsi ilə alışıb-yanan Azərbaycan xalqı, Azərbaycan dövləti, Azərbaycan Ordusu Vətən müharibəsinə başladı.
Bəli, məhz Vətən müharibəsinə. Adına əks-həmlə, əks-hücum əməliyyatı desək də, bu, artıq Vətən müharibəsidir! 1994-ci ilin may ayının atəşkəsindən sonra başlayan, bizi zəfərlərə, qələbələrə səsləyən və aparan ikinci Vətən müharibəsi. Bəli, çox-çox təəssüflər olsun ki, bizdən asılı olmayan səbəblər üzündən 1988-94-cü illərdə davam edən Birinci Qarabağ savaşını, Vətən Müharibəsini acı da, ağrılı da, etiraf etmək nə qədər çətin olsa belə, uduzmaq, məğlub durumuna düşmək məcburiyyətində qalmışdıq. Azərbaycanı gücsüz və müdafiəsiz görən yağı, qəvi, zalım düşmən “arxalı köpək qurd basar”casına torpaqlarımızın 20 faizindən çoxunu işğal etmiş, bir milyondan artıq insanımızı qaçqın və məcburi köçkün vəziyyətinə salmışdı. Təbii ki, bunlara tək özü nail olmamışdı. Arxasında dayananların, havadarlarının, çirkli çevrələrin, gözləri qandan, insanlıq dramlarından doymayan güc mərkəzlərinin, onlara Azərbaycan-Türk torpaqlarında qondarma dövlət yaradanların sayəsində nail olmuşdu. Ötən dövr ərzində-1993-cü ildə BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğalçılığını birmənalı pisləyən, onun işğal olunmuş ərazilərdən qeyd-şərtsiz çıxmasını tələb edən 4 qətnaməsinin qəbul edilməsinə baxmayaraq, onların heç biri icra edilməmiş, yerinə yetirilməmişdir.

- 30 ilə yaxındır ki, münaqişənin həlli prosesində vasitəçilik edən ATƏT-in Minsk qrupu heç bir nəticəyə nail olmadı. Azərbaycan xalqı bu qurumun fəaliyyətindən narazıdır. Bu barədə nə deyə bilərsiniz?

- 1992-ci ildə ATƏT-in Minsk Konfransının (sonradan Minsk qrupuna çevrildi) yaradılmasına, ona münaqişənin sülh və danışıqlar yolu ilə həllində vasitəçilik missiyasının etibar edilməsinə, 1997-ci ildə Rusiya, Fransa və ABŞ-ın iştirakı ilə həmsədrlər institutunun təşkil edilməsinə baxmayaraq, bugünədək münaqişə həll olunmamış, dondurulmuş vəziyyətdə qalmışdır. Nə 4 qətnamə qəbul edən BMT və onun Təhlükəsizlik Şurası, nə də ATƏT, Minsk qrupu və həmsədrlər bu dövr ərzində əllərində olan təsir və təzyiq müxanizmlərini işə salmamış, Ermənistana sanksiyalar tətbiq etməmiş, onu çəzalandıraraq, işğaldan geri çəkindirməyə nail olmamışdır. Bunların heç biri çox-çox təəssüflər olsun ki, baş verməmişdir. Bunları etməyə gücləri, iradələrimi çatmamışdır? Əsla və əsla, xeyr! İstəsəydilər, iradəli olsaydılar, öz qərarlarına və missiyalarına obyektiv, ədalətli, dürüst yanaşsaydılar, ikili, üçlü, beşli standartlarla, işğalçı ilə işğala məruz qalanı eyniləşdirən, bir çox hallarda da işğalçını növbəti işğala stimullaşdıran, iştahlandıran davranışlara yol verməsəydilər, münaqişə çoxdan, ədalətli və müsbət həllini tapmış, bölgədə sülh və əmin-amanlıq çoxdan bərqərar edilmiş olardı. Amma öz cılız, dar maraqları, çıxarları naminə bunu etmədilər, əslində Ermənistandan Azərbaycana qarşı bir təzyiq, bir silah kimi istifadə etməyə, Azərbaycanı öz Haqq mübarizəsindən çəkindirməyə, tutduğu müstəqil inkişaf yolundan döndərməyə çalışdılar.
Amma...İstəklərinə, istədiklərinə, məkrli niyyətlərinə də nail ola bilmədilər. Qarşılarında inadkar, cürətkar, müstəqil dövlət və dövlətçilik, inkişaf, tərəqqi yolunda inamla addımlayan Azərbaycanı gördülər. Gördülər ki, bu onların yaddaşlarındakı 90-cı illərin zəif, gücsüz, müdafiəsiz Azərbaycanı deyil, gördülər ki, bu Azərbaycan onun-bunun əl buyruqçusu, vassalı olan Ermənistandan fərqli olaraq, öz milli maraq və mənafelərini hər şeydən üstün tutan, bu yolda bütün çətinlikləri gözə alan və çətinlikləri bir-bir səbrlə, əzmlə aşan Azərbaycandır. Bu Azərbaycanla, onun qüdrətli Lideri cənab İlham Əliyevlə zor, təhdid, diktə dilində danışmaq mümkün deyil və mümkün olmayacaq. Artıq Azərbaycan, onun Lideri dünyanın oyun qaydalarını müəyyənləşdirir, artıq özü dünyanın söz və nüfuz sahiblərindən, nəinki yerləşdiyi bölgənin, bütövlükdə dünyanın enerji təhlükəsizliyinin əsas təminatçılarından birinə çevrilib. O, diktə edir, o, şərt qoyur...Ona görə də hər vəchlə, xüsusilə, işğalçı Ermənistanın fitnəkarlıqları və təxribatları ilə bir daha Azərbaycanın iradəsini, inkişaf və mübarizə əzmini sındırmağa, məhv etməyə yönələn bütün addımlara baş vurulur. Bu, açıq-aşkar iyul-Tovuz hadisələrində, Ermənistanın (əslində adlarını çəkdiyim havadarlarının) hədəflədiyi növbəti qanlı təxribat hərəkətlərində də özünü göstərdi. Düşmən, vassal ölkə Qarabağdan yüz kilometrlərlə uzaqda olan Tovuza hücum etməklə, Azərbaycanı bütün dünyanın qarşısında nüfuzdan salmağa, dünyamiqyaslı layihələrin icrasını dayandırmaqla, onu etibarsız tərəfdaşa çevirməyə, fakt qarşısında qoymağa çalışdı. Amma bu dəfə də alınmadı, Azərbaycan dövləti, Azərbaycan Ordusu düşmənə və onu bizim üzərimizə qaldıranlara sarsıdıcı zərbə vurdu. Elə bir zərbə vurdu ki, onun altını hər mənada çəkməkdədirlər, hələ də özlərinə gələ bilməyiblər. Odur ki, bu məğlubiyyət, bu uğursuzluq onları isterik, panik vəziyyətə salıb və sentyabrın 27-də edilən növbəti qanlı təxribat da məhz bu isterikliyin, bu panikliyin ortaya qoyduğu bir gerçəklikdir, bir reallıqdır. Onlar artıq nə etdiklərini və nə edəcəklərini anlamayacaq, dərk etməyəcək dərəcədə rəzil və çıxılmaz durumdadırlar. Artıq onları bu dəfə heç nə, kimsə qurtara, xilas edə bilməyəcək. Hətta, arxalarında dayananlar, qanlı havadarları belə.

- Beynəlxalq birlik Ermənistanın yeni təxribat planaları haqqında məlumatlandırılsa da, yenə işğalçı ölkəyə qarşı heç bir tədbir görülmədi...

- Bəli, Azərbaycan, Azərbaycan dövləti, ölkə Prezidenti dəfələrlə Ermənistana, onun başsız başbilənlərinə, siyasətbazlarına, erməni cəmiyyətinə öz çağırışlaranı, öz xəbərdarlıqlarını etmişdi. Son görüşlərindən birində-daha doğrusu Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi ilə görüşündə Azərbaycan Prezidenti birmənalı şəkildə demişdi: “Kəşfiyyat mənbələrimizdə məlumat var ki, çox ciddi hərbi hazırlıqlar gedir, onların hərbi qüvvələri təmas xəttində, dövlət sərhədində cəmləşir. Biz vəziyyəti izləyirik və özümüzü müdafiə edəcəyik, Tovuzda etdiyimiz kimi, başqa bir çox hallarda etdiyimiz kimi. Əgər onlar bizə hücum etsələr, peşman olacaqlar. Mən, sadəcə olaraq, sizin bunu bilməyinizi və bu mesajı Avropa Komissiyasına çatdırmağınızı və Avropa Komissiyasının təcavüzkarın yeni təxribatlarını dayandırmaq üçün nə edə biləcəyini görmək istəyirəm”.
Ermənistan və onun arxasında dayananlar isə bu açıq və birmənalı xəbərdarlqdan dərs, nəticə çıxarmaq əvəzinə, bunun üstündən heç iki sutka keçməmiş növbəti yanlış və qanlı əmələ, təxribata əl atdı, atəşkəsi tam mənada pozdu və qarşısında daha əzmli, daha qərarlı Azərbaycanı gördü. Azərbaycan Sülahlı Qüvvələrinə, Ordumuza bütün cəbhə boyu əkc-hücum əməliyyatına başlamaq əmri verildi, işğal edilmiş torpaqlarımızın son qarışınacan azad edilməsi kimi müqəddəs vəzifə tapşırıldı. Artıq müzəffər və müsəlləh Azərbaycan Ordusu düşmənə əsl, layiqli və haqq etdiyi cavabını verməkdədir, verir və verəcək. Sentyabrın 27-də Azərbaycan xalqına tarixi müraciətində və Təhlükəsizlik Şurasının iclasındakı çıxışında Ali Baş Komandan cənab İlham Əliyev artıq düşmənə güzəşt olmayacağını, onun layiqli cavabının verildiyini və sonacan veriləcəyini bildirdi. Dövlət başçımız dedi:
“Dağlıq Qarabağ məsələsi bizim milli məsələmizdir. Dağlıq Qarabağ məsələsinin həlli bizim tarixi vəzifəmizdir. Mən dəfələrlə demişəm, bu gün də demək istəyirəm, biz bu məsələni elə həll etməliyik ki, Azərbaycan xalqı bundan razı olsun. Biz bunu elə həll etməliyik ki, tarixi ədalət bərpa edilsin. Biz bunu elə etməliyik ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunsun”.
Bəli, cəmi bir neçə gün ərzində də Azərbaycan Ordusu növbəti Zəfər, tarix yazmaqdadır. İşğal altında olan Füzuli və Cəbrayıl rayonlarının 7 kəndi, Goranboy istiqamətində Murov dağı yüksəkliyindəki Murov zirvəsi, Ağdərənin Talış kəndi istiqamətindəki önəmli yüksəkliklər işğaldan azad edilmiş, nəzarətə götürülmüşdür. Düşmənin 2300-dən çox canlı qüvvəsi məhv edilmişdir. Məhv edilən, sıradan çıxarılan hərbi texnikanın, silah-sursatın isə sayı hesabı yoxdur. Artıq Azərbaycan Ordusu dayanmaq fikrində deyil, o, Qarabağı, işğal olunmuş torpaqlarımızı son qarışınacan azad etmək əzmində, qüdrətində və qərarındadır. Onu bu yoldan, Haqq savaşından heç kim və heç nə dayandıra bilməz və bilməyəcək. Qələbə, Zəfər Azərbaycanla, Azərbaycan Ordusu ilədir.

- İndiyə qədər ermənilərin cinayətlərinə göz yumanlar Azərbaycan Ordusunun əks-hücum əməliyyatlarına başlamasından sonra bəyanatlar verməyə başlayıblar. Sizcə, onların məqsədi nədir?

- Dağlıq Qarabağ münaqişəsinin məhz bu duruma, bu həddə gəlib çatmasında birbaşa “rolu” və “əməyi” olanların-BMT-nin, ATƏT-in, həmsədrlərin, üzdə bizə dost deyib, ancaq arxada öz maraqlarını güdən, susmağa, işğala, növbəti təxribatlara səssiz qalmağa üstünlük verənlərin davranışları ilə də bağlı fikirlərimi qeyd etmək istərdim. Yuxarıda da qeyd etdiyimiz kimi, münaqişənin həllinə birbaşa məsul olan və cavabdehlik daşıyan təşkilatlar-BMT, Təhlükəsizlik Şurası, ATƏT, Minsk qrupu, həmsədrlər sanki indi ayılıblar, sanki indi məsələdən xəbər tutublar. Bir-birinin ardınca bəyanatlar verməkdə, çağırışlar etməkdə, “dialoqa gəlin, atəşi dayandırın, danışıqları bərpa edin”-deyə, Azərbaycana səslənməkdədirlər. Bəs indiyə kimi harada idiniz, bəs indiyə qədər niyə səsiniz-səmiriniz gəlmirdi, indimi ayıldınız? Niyə Ermənistanın təxribatlarını, fitnəkarlıqlarını, işğalçılıq və təcavüzkarlıq əməllərini, addımlarını durdurmurdunuz, ona gərəkən cəzasını vermirdiniz? Azərbaycan haqlı olaraq, öz ərazilərini işğaldan azad etmək qərarı verəndə və bu qərarında əzmli olandamı yuxudan ayılası oldunuz, danışıqların bərpası yadınıza düşdü? Budurmu sizin ədalətiniz, budurmu sizin obyektivliyiniz, budurmu sizin səmimiliyiniz? Təəssüflər olsun ki, belə deyil, sizin ədalətinizə, obyektivliyinizə, səmimiliyinizə inam qalmayıb və inanan da yoxdur. Artıq çox gecdir, siz bu şansı, bu limiti itirdiniz, tükəndirdiniz.
Bəli, Azərbaycan Prezidentinin də dediyi kimi, indi həqiqət anıdır. Dövlət başçımız birinci xanım Mehriban Əliyeva ilə birlikdə Ermənistanın sentyabrın 27-dən başlayan hərbi təxribatı zamanı yaralanan və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə görüşündə məhz belə də dedi:
“İndiki şəraitdə hansısa tərəflərdən dialoqa çağırış hesab edirəm ki, yersizdir. Bunu beynəlxalq təşkilatlar edir, bunu BMT edir. Biz bunu təbii ki, qəbul edirik. Bunu ATƏT edir, biz bunu qəbul edirik. Çünki ATƏT-in mandatı var. Yoxsa ki, kimsə deyir gəlin belə dialoqu başlayaq, biz də kömək edək, bunlara ehtiyac yoxdur. İndi həqiqət anıdır. Sən kimin tərəfindəsən? Haqqın, yoxsa, şərin? Dostun, yoxsa, düşmənin? Həqiqət anıdır-mənim üçün, xalqımız üçün, hamımız üçün”.
Bəli, həqiqət anıdır və buyursunlar, bunlara cavab versinlər. Əgər verməyə cavabları və üzləri olacaqsa. Bəli, həqiqət anıdır, dostla düşmənin ayırd edilməsi məqamıdır. Dövlət başçısı bunu da dedi:
“Qardaş Türkiyəyə, onun Prezidentinə, mənim qardaşım Rəcəb Tayyib Ərdoğana qətiyyətli mövqeyinə, qardaşlıq mövqeyinə görə bu gün sizin yanınızda sizin adınızdan, bütün Azərbaycan xalqı adından dərin təşəkkürümü bildirirəm. Çünki əziz qardaşımın çox açıq açıqlamaları və sərt bəyanatları bir daha göstərir ki, Azərbaycan tək deyil. Türkiyə Azərbaycanın yanındadır və Azərbaycan da hər zaman Türkiyənin yanındadır! Mən artıq demişəm, bir daha demək istəyirəm ki, bu qanlı döyüşlər bizim üçün, bütün Azərbaycan xalqı üçün həqiqət anıdır. Biz görürük kim kimdir. Biz görürük ki, bəzi hallarda yaxşı sözlər deyən, yaxşı bəyanatlar verən bəzi tərəflər öz sözünün arxasında durmur. Sözdə bir şey deyilir, əməldə başqa şey edilir. Amma Türkiyə, Pakistan, Əfqanıstan birmənalı şəkildə Azərbaycanı dəstəklədilər...”.
Bəli, Qarabağ münaqişəsi başlayandan bu günə kimi birmənalı mövqe ortaya qoyan, Azərbaycanın haqq işini dəstəkləyən, daim onun yanında olan məhz qardaş və dost, canı, qanı, ruhu bir olan Türkiyəmizdir. 29 ildir Ermənistanla heç bir siyasi-diplomatik əlaqə yaratmayan, Qarabağ məsələsində bir an olsun belə tərəddüd etməyən, başqa mövqe sərgiləməyən, bizə sözü, əməli ilə dəstək olan qardaş və dost Pakistandır. Həmçinin, Əfqanıstan, Ukrayna hər zaman olduğu kimi, bu gün də Azərbaycanın yanında, Haqqı və Haqlını müdafiə etməkdədirlər. Çox istərdik, çox arzu edərdik ki, qanı, canı bir olan digər Türk Cümhuriyyətləri də Haqqın, Haqlının, Azərbaycanın yanında birmənalı şəkildə yer alsınlar. Bu, bizim haqlı gözləntimiz, eləcə də, onların sözdə deyil, əməldə qardaşlıq borcları, görəvləridir. Eyni zamanda, müsəlman dünyası, Azərbaycanın hər addımda dəstəklədiyi, əl uzatdığı dövlətlər artıq öz birmənalı mövqelərini sərgiləməlidir. Susmaq, səssiz qalmaq zamanı, məqamı deyil. Çünki bu günün sabahı da var, uduzan bizlər deyil, onlar ola bilərlər.
Bəli, Azərbaycan Haqq yolunda, Haqq Savaşındadır. Bizimlə, Haqla olanları da, bizimlə olmayanları, Haqqa göz yumanları da unutmuruq, unutmayacağıq. Cənab Prezidentin də bəyan etdiyi kimi, biz tamamilə haqlıyıq. Bizim davamız haqq davasıdır. Biz öz prinsipial mövqeyimizdən dönməyəcəyik.
“Mən bunu bütün beynəlxalq kürsülərdən dəfələrlə demişəm, bu gün də deyirəm ki, biz haqq yolundayıq. Ərazi bütövlüyümüzü bərpa etməliyik və edəcəyik”.
Bəli, belə də olacaq, Haqq savaşmız, Vətən müharibəmiz öz Zəfəri, öz Qələbəsi ilə başa çatacaq. Qarabağmızın, işğal olunmuş torpaqlarımızın işğalına tam mənada son qoyulacaq, Şuşamızda, Laçınımızda, Kəlbəcərimizdə, digər Vətən torpaqlarımızda üçrəngli, ay-ulduzlu bayrağmız dalğalanacaq, dalğalandırılacaq, Qələbə, Zəfər marşları çalınacaq, Şəhidlərimiz ruhları sevinəcək. Buna adımız kimi əminik! Allah Səni qorusun Azərbaycan dövləti, Azərbaycan əsgəri. Şərəfin, qürurun, Qələbən mübarək!

https://sesqazeti.az/news/interview/.html

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024