Əqli Mülkiyyət Agentliyi və BDU arasında Anlaşma Memorandumu imzalanıb

08/07/2022

Əqli Mülkiyyət Agentliyi və Bakı Dövlət Universiteti arasında kadr hazırlığı və elmi-tədqiqat sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
Anlaşma Memorandumunu Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov və BDU-nun rektoru Elçin Babayev imzalayıblar.
Mərasimdə çıxış edən Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov qeyd edib ki, Azərbaycanda əqli mülkiyyət sisteminin yaradılması Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Əqli Mülkiyyət Agentliyinin sələfi olan Müəllif Hüquqları Agentliyinin yaradılması, əqli mülkiyyət hüquqlarının Azərbaycan Konstitusiyasında təsbiti məhz Ulu öndərin hakimiyyətə ikinci qayıdışından sonraya təsadüf edir. Agentlik sədri vurğulayıb ki, Azərbaycanda əqli mülkiyyət hüquqlarının qorunması, tam formalaşması isə Prezident İlham Əliyevin adı ilə bağlıdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə əqli mülkiyyətin qorunması sahəsində ölkədə aparılan davamlı siyasətin nəticəsidir ki, Davos İqtisadi Forumunun “Rəqabətqabiliyyətlilik İndeksi”ndə Azərbaycan 141 ölkə arasında “mülkiyyət hüquqlarının qorunması” üzrə 37-ci yerdə, “əqli mülkiyyətin qorunması” göstəricisinə görə isə 30-cu yerdə qərarlaşıb.
Agentlik sədri imzalanan Anlaşma Memorandumunun tədris və istehsalatı bir araya gətirəcəyini, ölkədə əqli mülkiyyət hüquqlarının qorunması işinə böyük töhfə verəcəyini qeyd edib.
BDU-nun rektoru Elçin Babayev isə iki qurum arasında kadr hazırlığı və elmi-tədqiqat sahəsində əməkdaşlığa geniş imkan yaradan Anlaşma Memorandumunun imzalanmasına görə Əqli Mülkiyyət Agentliyinin sədri Kamran İmanova təşəkkür edib və onun ölkədə əqli mülkiyyət hüquqlarının qorunmasında böyük rolunu vurğulayıb. Rektor bildirib ki, Memoranduma əsasən, tərəflər tədris prosesinin elmi təcrübə ilə əlaqələndirilməsi, elm və təhsilin istehsalatla inteqrasiyasının gücləndirilməsi, tələbə və magistrantlarda tədqiqatçılıq və peşə fəaliyyəti üçün zəruri olan praktiki bilik, bacarıq və vərdişlərin formalaşdırılması, əqli mülkiyyət hüququ elmi sahəsində elmi yeniliklərin və innovasiyaların tədris prosesinə tətbiqi, müvafiq ixtisas sahələri üzrə aparıcı mütəxəssislərin tədris prosesinə cəlb edilməsi, birgə elmi tədqiqatların aparılmasına dəstək, İkitərəfli birgə elmi simpozium, seminar və konfransların təşkili, elmi-tədqiqat və kadr hazırlığı sahəsində əməkdaşlığın yaradılması və inkişaf etdirilməsi, əqli mülkiyyət mədəniyyətinin formalaşdırılması sahələrində əməkdaşlıq edəcəklər.

Xəbərlər

Ərzurum Texniki Universitetində BDU-nun professoru Arif Səlimova həsr olunmuş XXI Beynəlxalq Həndəsə Simpoziumu keçirilir

Ərzurum Texniki Universitetində BDU-nun professoru Arif Səlimova həsr olunmuş XXI Beynəlxalq Həndəsə Simpoziumu keçirilir
18/07/2025

“Huawei” şirkəti BDU-da rəqəmsal təhsil və idarəetmə sistemləri ilə bağlı təqdimat edib

“Huawei” şirkəti BDU-da rəqəmsal təhsil və idarəetmə sistemləri ilə bağlı təqdimat edib
17/07/2025

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin 7 şagirdi qızıl və gümüş nişana layiq görülüb

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin 7 şagirdi qızıl və gümüş nişana layiq görülüb
17/07/2025