Qərargahın sədri: “Tələbə Universitetdən, müəllimdən razı qalmalıdır” - VİDEO

14/01/2020

Bakı Dövlət Universitetində (BDU) 2019-2020-ci tədris ilinin payız semestri davam edir.  BDU-nun rektoru Elçin Babayevin imzaladığı əmrə əsasən, imtahan sessiyasının keçirilməsi üzrə yaradılmış Qərargah işini uğurla davam etdirir.

Qərargah hansı məqsədlə yaranıb?

Qərargah 2019-2020-ci tədris ilinin payız semestrinin imtahan sessiyasını mövcud qaydalara uyğun təşkil etmək, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi daha yüksək səviyyədə təmin etmək, mümkün münaqişələri və neqativ halları operativ surətdə aradan qaldırmaq məqsədilə yaradılıb. 19 nəfər üzvü olan Qərargaha Universitetin Botanika kafedrasının müdiri, AMEA-nın müxbir üzvü Elşad Qurbanov sədrlik edir.

Alo, bura qərargahdır?

Tələbələr imtahanlarla bağlı yarana biləcək istənilən məsələ ilə əlaqədar müvafiq olaraq Qərargaha müraciət edə bilirlər. Onların göndərdiyi bütün müraciətlərə operativ qaydada baxılır. Qərargahda olduğumuz müddətdə sədr və üzvlərin müraciət edən tələbələrlə söhbətlərinin şahidləri olduq. Və əmin olduq ki, Qərargahın əsas məqsədi imtahan nəticələrindən razı qalmayan tələbələrin müraciətlərini operativ qaydada həll etmək, onlara dəstək olmaqdır. Kimya fakültəsinin 1-ci kurs tələbələri – Arzu Zülfüqarova və Nərmin Mehdiyeva qiymətləndirmədən razı deyillər. Odur ki, ali riyaziyyat fənnindən işlərinin yenidən yoxlanılması üçün müraciət ediblər. Qərargah üzvləri tələbələrə ərizə nümunəsi verərək doldurulmasını xahiş edir və dərhal aidiyyatı fakültə ilə əlaqə saxlayaraq yazı işlərinin Qərargaha göndərilməsini və təkrar yoxlanışı üçün əlavə müəllimin ayrılmasını xahiş edirlər. Elə bu məqamda telefon zəng çalır. Dəstəyi qaldıran qərargahın xanım üzvü “Bəli, düz düşmüsünüz, bura qərargahdır”, - cavabını verir. Məlum olur ki, valideyndir. Övladının qiymətindən razı qalmayıb. Valideynə lazımi informasiya verilir və tələbənin qərargaha müraciət edib ərizə yazması xahiş edilir.

“Qaynar xətt” xidməti

“Qaynar xətt” xidməti isə Qərargaha daxil olan şikayətlərin, təklif və məlumatların hərtərəfli, obyektiv və operativ araşdırılması üçün yaradılıb. Bu məqsədlə Qərargahda xüsusi telefon xətti fəaliyyət göstərir. Elektron poçt vasitəsilə daxil olan məlumatların təhlili əsasında müvafiq tədbirlər həyata keçirilir. Universitetin əsas binasında və digər tədris korpuslarında şikayət və təkliflər üçün mövcud qaydada möhürlənmiş qutular yerləşdirilib. Sədr qərargaha və “Qaynar xətt”ə daxil olan hər bir şikayət ərizəsinin operativ surətdə araşdırılmasını təmin edir, mövcud qanunvericiliyə uyğun neqativ hallara yol vermiş şəxslərə qarşı tədbirlərin görülməsi haqqında təkliflər hazırlayır və rektorluğa təqdim edir. Qərargah, eyni zamanda, Təhsil Nazirliyində fəaliyyət göstərən “Qaynar xətt” xidmətindən daxil olan hər bir şikayətin operativ surətdə araşdırılmasını və nəticəsi barədə Təhsil Nazirliyinə məlumatların verilməsini təmin edir. Eyni zamanda apelyasiya şikayətlərinin araşdırılması zamanı aşkar edilmiş ziddiyyətlərin aradan qaldırılması ilə bağlı təkliflər hazırlayır, lazım olduqda isə ekspert və mütəxəssislər cəlb edirlər.

Təxminən 130-dək müraciət qəbul etmişik

Qərargahın sədri E.Qurbanov bildirir ki, komissiyanın əsas işi narazılıqlara aydınlıq gətirib tələbənin hüququnu bərpa etməkdir: “İntensiv şikayətlər yoxdur. Biz komissiya olaraq tələbələrin şikayətlərini diqqətlə dinləyir, ərizələrini qəbul edir və müəllimləri dəvət edərək işləri yenidən yoxlamaya veririk. Tələbənin hüququ pozulubsa, ölçü götürürük. Əgər hansısa qrupda 50%-dən artıq qeyri-kafi qiymət olarsa, yaxud qiymətləndirmədə obyektivlik pozularsa, işlər qrup şəklində yenidən yoxlamaya təqdim edilir. Bu günə qədər ciddi nöqsanlar olmayıb, tələbələrin hüquqlarının pozulmasına dair xüsusi hal yoxdur.  İndiyədək təbiət fakültələri üzrə 70-ə qədər müraciət edilib. Humanitar fakültələrdə isə müraciətlərin sayı 60 civarındadır. Təxminən 130-a qədər yazı işlərinin surətini çıxardıb təkrar yoxlamaya vermişik.  Bizim bir amalımız var: Tələbə Universitetdən, müəllimdən razı qalmalıdır. Güman edirəm ki, bu semestr ən yaxşı semestr olacaq, tələbələr bizdən razı qalacaqlar.

- Salam, müəllim, siz təkrar yoxlama üçün dəvət olunmusunuz?

- Məharət Osmanlı, Tarix fakültəsinin müəllimiyəm. Fakültə məni təkrar yoxlama üçün Qərargaha göndərib. Tələbə qiymətindən razı qalmadığı üçün iş yenidən yoxlamaya verilib. Bəzən tələbələr imtahan vərəqələrini tam doldurur və hesab edirlər ki, yaxşı yazıblar, qiymətləri yüksək olmalıdır. Yoxlayanda görürsən ki, sualdan yayınma halları var. Real qiymətləndirirsən. Amma tələbə narazı qalıb qərargaha müracət edir. İş yenidən yoxlanılır.  Qiymətləndirmədə hər hansı qeyri-obyektivlikdən söhbət gedə bilməz. İş kodlaşdırıldığı və təkrar yoxlamaya surəti çıxarılıb verildiyi üçün hansı tələbəyə aid olduğu və neçə balla qiymətlədirildiyi bilinmir. Beləliklə, obyektivlik tam gözlənilir və tələbə real qiymətini alır.

Altıncı gündür ki, davam edən imtahan prosesi yanvarın 31-də başa çatacaq. İnanırıq ki, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi daha yüksək səviyyədə təmin etmək məqsədilə yaradılmış qərargah mümkün münaqişələri və neqativ halları operativ surətdə aradan qaldıracaq və Elşad Qurbanovun dediyi kimi, bu sessiya tələbələrin yaddaşında ən yaxşı semestr kimi xatırlanacaq.

VİDEO

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024