İradə Hüseynovanın “İlham Əliyev və zəfər tariximizin şanlı səhifələri” kitabının təqdimat mərasimi keçirilib

04/11/2021

Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin “Qafqaz xalqları tarixi” kafedrasının müdiri, tarix elmləri doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar müəllimi İradə Hüseynovanın “İlham Əliyev və zəfər tariximizin şanlı səhifələri” kitabının təqdimat mərasimi keçirilib.

Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimdə çıxış edən BDU-nun rektoru Elçin Babayev BDU-da həyata keçirilən akademik layihələrdən söz açıb, 44 günlük Vətən müharibəsinin elmi müstəvidə araşdırılmasının və təhlilinin əhəmiyyətini vurğulayıb. Rektor qeyd edib ki, xalqımızın tarixinin parlaq və unudulmaz səhifələrindən birini təşkil edən bu şanlı qələbənin əsasında cənab Prezidentin liderlik keyfiyyətlərindən irəli gələn sosial-iqtisadi, siyasi, mədəni, hərbi sahələrdə, eyni zamanda xarici siyasətdə uğurlar və xalq-iqtidar-ordu birliyi dayanır. Vətən müharibəsi dövründə Ali Baş Komandan İlham Əliyev milli maraqları ifadə edən qətiyyətli siyasət yürütməklə özündə yüksək şəxsi keyfiyyətləri, milli dəyərləri və təcrübəli idarəetmə bacarığını birləşdirən lider olduğunu sübut etdi.

E.Babayev təqdim olunan kitabın həm də torpaqlarımızın azad olunması uğrunda aparılan mübarizənin bir salnaməsi kimi müharibənin canlı mənzərəsini özündə əks etdirdiyini vurğulayıb.

Daha sonra kitabın redaktoru tarix elmləri doktoru Qasım Hacıyev, kitabın rəyçisi tarix elmləri doktoru Şikar Qasımov, professor İbrahim Zeynalov, BDU-nun Qafqaz xalqları kafedrasının doktorantları Əzim Heydərov, Sevda Şərifova, həmin kafedranın magistrantı Nəsrin Abdullayeva çıxış ediblər. Çıxışlarda Ali Baş Komandan İlham Əliyevin Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılması uğrunda diplomatik fəaliyyəti, həyata keçirdiyi ordu quruculuğu, Vətən müharibəsində ordumuzun uğurlu hərbi əməliyyatları, əsgərlərimizin qəhrəmanlıqları və s. haqqında bəhs olunub.

Kitabın müəllifi İradə Hüseynova “İlham Əliyev və zəfər tariximizin şanlı səhifələri” kitabının 44 gün davam edən və Azərbaycanın şanlı Qələbəsi ilə başa çatan İkinci Qarabağ müharibəsindən, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun əks-hücumları nəticəsində torpaqlarımızın işğaldan azad edilməsindən, Ermənistanın 30 illik işğalına son qoyulmasından bəhs etdiyini vurğulayıb.

Professor İradə Hüseynova kitabında oxucuların eyni zamanda, sovet dövründə azərbaycanlıların Ermənistandan deportasiyasına dair faktlarla tanış ola biləcəyinə diqqət çəkib. Müəllif kitabda işğaldan azad edilmiş ərazilərə dövlətimizin başçısının səfərlərindən, burada həyata keçirilən bərpa-quruculuq işlərindən də danışıb, Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsinin əhəmiyyətini diqqətə çatdırıb. Azərbaycan rəhbərliyinin həm hərbi, həm də diplomatik sahədə mühüm əhəmiyyət kəsb edən qələbə qazandığını bildirən tarixçi-alim 10 noyabr Bəyanatı ilə Ermənistanın kapitulyasiyasını tarixi ədalətin qələbəsi kimi dəyərləndirib. Kitabda, müharibənin başladığı ilk gündən qardaş Türkiyənin Azərbaycanın yanında olduğuna xüsusi diqqət çəkilib.

Qeyd edək ki, “İlham Əliyev və zəfər tariximizin şanlı səhifələri” kitabı tarixçi-alimlər, konfliktoloqlar, beynəlxalq münasibətlər və müxtəlif sahələrdə işləyən tədqiqatçılar, mütəxəssislər, ali məktəblərin bakalavr və magistratura pillələrində təhsil alan tələbələr və geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Müəllif bu dəyərli nəşrin ərsəyə gəlməsində Azərbaycan və rus dillərində 100-dən çox mənbədən istifadə edib.

Xəbərlər

Görkəmli alim, yazıçı və pedaqoq Mir Cəlal Paşayevin anadan olmasından 116 il ötür

Görkəmli alim, yazıçı və pedaqoq Mir Cəlal Paşayevin anadan olmasından 116 il ötür
26/04/2024

XİN-in mətbuat katibi Ayxan Hacızadə BDU-nun Jurnalistika fakültəsində qonaq olub

XİN-in mətbuat katibi Ayxan Hacızadə BDU-nun Jurnalistika fakültəsində qonaq olub
26/04/2024

BDU məzunları dövlət qulluğu imtahanlarında ən yüksək nəticə göstərib

BDU məzunları dövlət qulluğu imtahanlarında ən yüksək nəticə göstərib
26/04/2024