Rektor Abel Məhərrəmov səfir Məmmədbağır Bəhramini qəbul edib

30/11/2010

BDU-nun rektoru, akademik Abel Məhərrəmov, İran İslam Respublikasının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Məmmədbağır Bəhramini qəbul edib. BDU-nun yaranma tarixi, inkişaf mərhələləri, beynəlxalq əlaqələri haqqında danışan rektor, universitetin İran İslam Respublikasının ali təhsil ocaqları ilə ikitərəfli əlaqələrindən,  bəhs edib. Səfirin həm elm və təhsil, həm də diplomatiya sahəsində fəaliyyətini yüksək qiymətləndirən rektor, bu görüşün ölkələrarası əlaqələrə, o cümlədən elm və təhsilin inkişafına xüsusi töhfə olacağını bildirib. Azərbaycanın İranla dost və qardaş ölkə olduğunu, bu münasibətlərin hər iki ölkə prezidenti səviyyəsində davam etdiyini də xüsusi vurğulayıb.

BDU-da 60 ildən çoxdur ki, fars dili və ədəbiyyatının tədris olunduğunu bildirən rektorun sözlərindən məlum olub ki, son illərdə doktoranturada təhsil almaq istəyən iranlı tələbələrin sayı artıb ki, bu amil elmi müstəvidə əməkdaşlığın genişlənməsindən, əlaqələrin formalaşmasından xəbər verir.

Rektor həmçinin dünya dövlətlərinin, aparıcı beynəlxalq təşkilatların ikili standartlarından, Dağlıq Qarabağ problemindən danışıb və münaqişənin həlli istiqamətində müsəlman dövlətlərinin birlik və bərabərliyinin xüsusi əhəmiyyətini qeyd edib.

Səfir M.Bəhrami isə öz növbəsində Azərbaycanla İranın eyni sivilizasiyaya, mədəniyyətə, dinə malik, qardaş və dost ölkələr olduğunu bildirib, əlaqələrin, xüsusən elm sahəsində münasibətlərin daha sıx olmasının vacibliyini diqqətə çatdırıb: «Bizim gələcəyimiz bir-birinə bağlıdır. Regional dövlətlər, xüsusən müsəlman dövlətlər öz problemlərini özləri həll etməli, bunun üçün çox güclü və qüdrətli olmalıdırlar ki, böyük dövlətlər onlarla hesablaşmalı olsunlar». Səfir hər iki ölkənin böyük universitetləri olan Bakı Dövlət Universiteti ilə Tehran Universitetinin daha sıx əməkdaşlığında, tələbə, müəllim mübadiləsində, birgə konfranslar və layihələrin həyata keçirilməsində maraqlı olduğunu bildirib. Qeyd edib ki, universitetlərarası əlaqələr nə qədər güclü olsa, bu, birlik üçün o qədər əhəmiyyətlidir. Dağlıq Qarabağ münaqişəsindən danışan səfir əlavə edib ki, onun dövləti münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini istəyir.

Rektor, akademik Abel Məhərrəmov səfirin təkliflərinə böyük önəm verdiyini, nanotexnologiya, mikrobiologiya, tibb sahəsində, eləcə də digər sahələrdə əməkdaşlığın daha səmərəli və sıx olmasının vacibliyini qeyd edib.

Sonda səfir akademik Abel Məhərrəmovu, rektor isə öz növbəsində Tehran Universitetinin rektorunu ölkəsinə dəvət edib. Qərara alınıb ki, həmin görüşlərdə universitetlərarası əməkdaşlıq məsələlərini nəzərdə tutan müqavilə imzalansın.

 

 

Mətbuat və informasiya şöbəsi

 

Xəbərlər

BDU nümayəndə heyəti Bişkek Dövlət Universitetinin rektoru ilə görüşüb

BDU nümayəndə heyəti Bişkek Dövlət Universitetinin rektoru ilə görüşüb
20/12/2024

BDU ilə Bişkek Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb

BDU ilə Bişkek Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb
20/12/2024

BDU-da uşaq ədəbiyyatı üzrə biblioqrafik resurslar araşdırılıb

BDU-da uşaq ədəbiyyatı üzrə biblioqrafik resurslar araşdırılıb
20/12/2024