Üçrəngli bayrağımızın Şuşada, Xankəndidə dalğalanacağı gün yaxınlaşır

01/10/2020

İnkişaf modeli dünyaya nümunə olan, uğurlu inkişaf strategiyası hər bir çətinlikdən şərəflə çıxmasına geniş imkanlar yaradan, dünyanın ən islahatçı ölkələri sırasında qərarlaşan, sosial dövlət kimi təqdim edilən, demokratiya təcrübəsi nümunə olan Azərbaycanın yeganə problemi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsidir. Azərbaycan dövləti 30 ildən artıqdır ki, problemin sülh danışıqlarının  əsasında həllinə səylər göstərir, real faktlara, tarixi həqiqətlərə əsaslanan siyasəti nəticəsində erməni yalanlarını ifşa edir, dünyadan ədalət meyarına söykənərək beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoymayan, qərar və qətnamələri kobud şəkildə pozan  işğalçı dövlətə  sanksiyaların tətbiq olunmasını tələb edir, amma dünya birliyi hələ də susmağında, Ermənistanı maddi və mənəvi dəstəkləri ilə ərköyünləşdirməyində davam edir. Dünyanın ikili siyasətinin yaratdığı problemlər Azərbaycanın timsalında daha aydın görünür. İşğala məruz qalan, 20 faiz torpağı bu günə qədər erməni işğalı altında, bir milyondan artıq soydaşı qaçqın və məcburi köçkün vəziyyətində yaşayan Azərbaycan münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirmək məqsədilə 1992-ci ildə yaradılan ATƏT-in Minsk qrupunun həmsədrlərinin dilindən bu günə qədər “Ermənistan işğalçı dövlətdir» həqiqətini eşitmək istəyir. İşğalçını adı ilə çağırmaq istəməyən həmsədrlərin vasitəçilikləri o zaman yadlarına düşür ki, Azərbaycan  münaqişənin həlli üçün bütün beynəlxalq təşkilatların potensial imkanlarından istifadə etmək istəyini ifadə edib bu istiqamətdə səylərini artırır.

Bir Azərbaycan vətəndaşı, ziyalısı kimi  hazırda  cəbhə bölgələrindən gələn xoş, qələbə xəbərlərindən qürurlandığımı, dövlətimizin qətiyyətli mövqeyinin, Ordumuzun gücünün, xalqımızın dəstəyinin ifadəsi olan bu sevincli günü şərtləndirən məqamları bölüşməyi özümə borc bildim. Bu gün Azərbaycan Ordusunun qüdrəti ilə yanaşı, beynəlxalq hüququn dövlətimizin tərəfində olduğunun da bir daha təqdimat günüdür. Cünki Azərbaycan dövləti  dünyaya sübut etdi ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir, ölkəmizin işğal altında olan torpaqlarını istənilən yolla azad etməsi suveren hüququdur. Ermənilərin 27 sentyabr hərbi təxribatının qarşısını almaq üçün Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıq dünya dövlətlərinin, beynəlxalq təşkilatların  həqiqətlərə həqiqət gözü ilə yanaşmaq üçün dilini açdı,  qulaqlarını eşitmək məcburiyyətində qoydu. Möhtərəm Prezidentimiz İlham Əliyevlə telefon danışıqlarında bu günə qədər eşitmək istədiyimiz həqiqətlərin öz əksini tapması hər kəsdə dövlətimizin qətiyyəti, ordumuzun gücü və xalqımızın iradəsi ilə bağlı böyük qürur hissi yaratmaya bilməz. Azərbaycanın haqlı mövqeyinə dəstək ifadə olunur, Ermənistanın işğalçılıq siyasəti pislənilir. Artıq dünya görür ki, sözün bitdiyi, real addımların atılmasına ehtiyacın olduğu zamandır.

Ermənilərin 27 sentyabr təxribatlarından əvvəl möhtərəm Prezidentimiz  İlham Əliyev  BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasda  bir daha dünyanın diqqətini bu reallığa yönəltməyə çalışmışdır ki, faktiki olaraq Ermənistan rəhbəri danışıqlar prosesini pozub, pozur yox, pozub. Çünki onların cəfəng bəyanatları, təxribat xarakterli addımları danışıqları mənasız edir. Ermənistanın  baş naziri Nikol Paşinyanın   danışıqlar prosesinin formatını dəyişdirmək,  qondarma “Dağlıq Qarabağ respublikası”nı bu prosesə tərəf kimi qatılması istəyi, “Qarabağ Ermənistandır» bəyanatı,  12 iyulda  Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədində Tovuz istiqamətində  hücumu, avqustun 23-də Ermənistanın diversiya-kəşfiyyat qrupunun təxribat cəhdi, hazırda işğal olunmuş ərazilərimizdə həyata keçirilən  süni məskunlaşdırma siyasəti və sair kimi təxribat xarakterli addımlar işğalçı dövlətin müharibəyə hazırlaşdığına işarə kimi diqqətə çatdırılmışdır. Cənab İlham Əliyev bu ali tribunadan  bir  daha bəyan etmişdir ki, bu gün dünyanın hər zaman olduğundan daha çox beynəlxalq hüquqa hörmət və bunu təmin etmək iqtidarında olan səmərəli qlobal təsisatlara ehtiyacı var. Bu baxımdan Qoşulmama Hərəkatının rolu mühüm əhəmiyyətə malikdir. Özünün tarixi boyunca Qoşulmama Hərəkatı beynəlxalq sülh və təhlükəsizliyin möhkəmləndirilməsində fundamental rol oynamış və davamlı olaraq beynəlxalq hüququn norma və prinsiplərinə ciddi riayət edilməsinə çağırmışdır. Qoşulmama Hərəkatı BMT-nin rolunun gücləndirilməsinə çox böyük əhəmiyyət verir və onun potensialından tam istifadə olunması üçün səylərin göstərilməsini vacib hesab edir. Yaranmasının 75-ci ildönümündə  BMT-nin gücləndirilməsi və müasirləşdirilməsi, Baş Assambleyanın canlandırılması, beynəlxalq sülh və təhlükəsizlik sahəsində təşkilatın demokratik, məsuliyyətli, universal və təmsilçiliyi təmin edən orqanı kimi nüfuzunun möhkəmləndirilməsi, habelə müasir geosiyasi reallıqlara cavab verən daha demokratik, məhsuldar, səmərəli, şəffaf və təmsilçiliyi təmin edən orqana çevrilməsi üçün BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasına çağırırıq.

Möhtərəm Prezidentimiz dünyanın bildiyi, amma işğalçı dövlətə dəstəkdən irəli gələrək dilə gətirmədiyi bu reallığı da  onlara xatırlatmışdır ki, hazırkı mərhələdə yeni torpaqların işğalı üçün hərbi-siyasi hazırlıq içərisində olan Ermənistanda qonşu ölkəyə münasibət nifrət üzərində qurulub, nasizmin şöhrətləndirilməsi Ermənistanın dövlət siyasətinin əsasını təşkil edir. Təcavüzkar ritorika və təxribatlar Ermənistanın Azərbaycana qarşı yeni təcavüzə hazırlaşdığını nümayiş etdirir: “Nasizmin şöhrətləndirilməsi Ermənistanın dövlət siyasətidir. Mənfur nasist general Qaregin Njde milli qəhrəmana çevrilib. Ermənistanın rəsmi ideologiyasında “Azərbaycanofobiya” siyasəti hökm sürür. Gənc nəslə Azərbaycan xalqına nifrət aşılanır. Ermənistan bu yaxınlarda təcavüzkar və hücum xarakterli hərbi doktrina və milli təhlükəsizlik strategiyası qəbul edib. Milli təhlükəsizlik strategiyasında irqçi, şovinist və “Azərbaycanofob” fikirlər əks olunub.”

Əks-hücum nəticəsində Azərbaycanın işğal altında olan bir neçə yaşayış məntəqəsi, strateji əhəmiyyətli  yüksəkliklər  işğaldan azad edilmiş, düşmənə ağır zərbələr vurulmuşdur. Azərbaycanın Milli Ordusunun uğurlu döyüş əməliyyatları  Silahlı Qüvvələrimizin   2016-cı ildə, 2018-ci ildə, bu ilin iyul ayında düşmənə verdiyi dərsin davamıdır.

İyul hadisələrində  Azərbaycan Ordusu ilə birlik, həmrəylik  aksiyası keçirən,   düşmənə layiq olduğu cavabı verməyə hazır olduğunu bildirən, könüllü olaraq  torpaqlarımızın düşməndən azad olunması uğrunda döyüşlərdə iştirak etmək istəyən gənclərimizin mübarizlik ruhu ön cəbhədə döyüşən əsgərlərimizin  əzmini daha da artırır. Bu gün ölkəmizdə  milli birlik və həmrəylik   hiss olunur. Ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyası  Ermənistanın cəbhəboyu təmas xəttində yeni hərbi təxribatları ilə əlaqədar beynəlxalq siyasi partiya təşkilatlarına müraciət ünvanlayıb. Tərəfdaş siyasi partiyaları və beynəlxalq siyasi partiya təşkilatlarını Azərbaycanın ərazi bütövlüyünün və əhalisinin təhlükəsizliyinin təmin olunması istiqamətində mübarizəsini və beynəlxalq hüquqa söykənən ədalətli mövqeyini dəstəkləməyə, 30 ildir davam edən Ermənistanın təcavüzkar siyasətini qətiyyətlə pisləməyə, işğalın aradan qaldırılması, beynəlxalq hüququn və ədalətin bərqərar olunması naminə lazımi addımları atmağa çağıran Yeni Azərbaycan Partiyası müraciəti  əməkdaşlıq etdiyi Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransına (İCAPP), Mərkəzçi Demokrat İnternasionalına, Türkiyənin Ədalət və İnkişaf Partiyasına, Rusiyanın “Vahid Rusiya” (“Edinaya Rossiyə”) Partiyasına, “İsrail Bizim evimizdir” partiyasına, Çin Kommunist Partiyasına, Yaponiya Liberal-Demokrat Partiyasına, Vyetnam Kommunist Partiyasına, Qazaxıstanın “Nur Otan” Partiyasına, Macarıstanın “FİDESZ” Partiyasına, eləcə də Pakistanın, Cənubi Koreyanın, Malayziyanın, Banqladeşin, Laosun, İndoneziyanın, Rumıniyanın, Bolqarıstanın, Serbiyanın və digər ölkələrin hakim siyasi partiyalarına və beynəlxalq təşkilatlara ünvanlayıb. Həmçinin ölkəmizin 50  siyasi partiyası yekdilliklə Prezidentimizin  yanında olduğunu birgə qəbul etdikləri bəyanatları ilə təsdiqlədilər.

Vətənimizin və xalqımızın taleyüklü problemlərinin müdafiəsində yenə də radikal müxalifət öz maddi maraqlarına üstünlük verdi və siyasi partiyaların həmrəylik çağırışına qoşulmadı. Özlərini xalqın, millətin yanında olduqlarını göstərməyə çalışan Müsavat Partiyası və Azərbaycan Xalq Cəbhəsi Partiyası təəssüflər olsun ki, Vətənimizin bu ağır günündə, torpaqlarımızın Ermənistanın işğalından azad edilməsi üçün şanlı ordumuzun uğurlu əks-hücum əməliyyatlarına digər siyasi partiyalarla birlikdə dəstək vermədilər. Ali Baş Komandanın bu sahədə həyata keçirdiyi siyasəti dəstəkləməmələri onların əsl simalarını göstərməklə yanaşı, Dağlıq Qarabağ torpaqlarının itirilməsinin səbəbkarı olduqlarının təsdiqidir. Dövlətimizin başçısı İlham  Əliyev  Təhlükəsizlik Şurasının iclasında bir daha tarixi torpaqlarımızın işğalı mərhələsinə diqqəti yönəldərək bildirmişdir ki,  Azərbaycan Xalq Cəbhəsi Partiyası və  Müsavat Partiyasının xəyanətkar, yarıtmaz fəaliyyəti nəticəsində biz bu torpaqları itirmişik: “Mən həmişə deyirdim ki, biz müvəqqəti itirmişik, biz bu torpaqlara qayıtmalıyıq. Şuşanın satılması sırf o vaxt hakimiyyət uğrunda gedən mübarizənin nəticəsində baş vermişdir. Kəlbəcərin, Laçının işğal altına düşməsi Azərbaycan Xalq Cəbhəsi hakimiyyətinin birbaşa məsuliyyətidir. Məhz bu işğaldan sonra demək olar ki, növbəti işğal da qaçılmaz oldu. Çünki Laçının, Kəlbəcərin, Şuşanın işğal altına düşməsi Dağlıq Qarabağ ilə Ermənistan arasında coğrafi bağlantı yaratmışdır. Belə olan halda əlbəttə ki, o bölgələrə, Dağlıq Qarabağa silah təchizatı, ondan sonra digər maddi resursların təchizatı asanlaşmışdır. Bu gün biz Azərbaycan Xalq Cəbhəsi Partiyasının və Müsavat Partiyasının yarıtmaz əməllərini, bu ləkəni Azərbaycanın üstündən silirik. Bu gün biz öz torpaqlarımızı bərpa edirik. 2016-cı ildə Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsi işğalçılardan azad edildi. Bu gün - 2020-ci ildə, artıq bir daha qeyd etmək istəyirəm ki, bir neçə yaşayış məntəqəmiz işğalçılardan azad edildi, bir neçə strateji yüksəkliklər Azərbaycanın nəzarətinə keçdi. Güclü Azərbaycan Ordusu güclü siyasi iradəyə əsaslanır.”

Bu gün hər bir Azərbaycan vətəndaşı bir neçə yaşayış məntəqəmizin, strateji yüksəkliklərin alınmasını böyük qürur hissi ilə qeyd edir. Ordumuzun qələbə əzmi, paytaxt və bölgələrimizdə zəfər bayraqlarının dalğalanmasını sevinc göz yaşları ilə qeyd etməmək mümkün deyil. Xalqımız hər zaman əmindir ki,  işğal altında olan torpaqlarımız möhtərəm Prezidentimiz İlham Əliyevin qətiyyəti sayəsində azad olacaq, soydaşlarımız öz doğma yurd-yuvalarına qayıdacaqlar. Azərbaycanın mübarizəsi haqq mübarizəsidir. Ordumuz öz torpaqlarımızda ərazi bütövlüyümüzü bərpa etmək üçün səylər göstərir. Ermənistan bir daha bu reallığın şahidinə çevrilir ki, saxta tarix yazıb qonşu dövlətlərə ərazi iddiaları ilə çıxış edib torpaqları işğal etməklə yalanın qələbəsinə nail ola bilməz. Dövlətimizin başçısının  “Erməni əsgərinin bizim torpağımızda nə işi var?!” bəyanatı da Ermənistan hakimiyyətinin “Qarabağ Ermənistandır” sərsəm bəyanatının xülyadan başqa bir şey olmadığını işğalçı dövlətə mesajıdır.  Cənab İlham Əliyev Pakistanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edərkən son təxribatlara diqqəti yönəldərək bəyan etmişdir ki, əgər beynəlxalq ictimaiyyət ağılsız diktatoru dayandıra bilmirsə, Azərbaycan onları dayandıracaq.

Qoy uca Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ  torpağını opməyi nəsib etsin” sözləri Azərbaycan əsgərinin mübarizlik, gənclərimizin vətənpərvərlik  ruhunu daha da  artırır. Xalqımız Ordumuzun yanındadır,  dövlət-xalq-ordu birliyi bütün işğal altında olan torpaqlarımızın azad ediləcəyinə inamı daha da artırır. Bu gün hər kəs, o cümlədən ziyalılarımız möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməli, “İrəli Azərbaycan əsgəri, qələbə səninlədir!” fikrini dəstəyimizi artırmaqla ifadə etməliyik. Bu gün Bakımızı  bəzəyən   zəfər bayraqlarının Şuşada, Xankəndidə dalğalanacağı gün yaxınlaşır.

https://ikisahil.az/post/uchrengli-bayragimizin-shushada-xankendide-dalgalanacagi-gun-yaxinlashir

 

İradə Hüseynova,

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü,
BDU-nun Qafqaz xalqları tarixi kafedrasının müdiri, professor

 

Xəbərlər

17 Noyabr - Milli Dirçəliş Günüdür

17 Noyabr - Milli Dirçəliş Günüdür
17/11/2024

Bu gün Beynəlxalq Tələbələr Günüdür

Bu gün Beynəlxalq Tələbələr Günüdür
17/11/2024

BDU-da elmi seminar: “Yaşıl kitabxana konsepsiyası”

BDU-da elmi seminar: “Yaşıl kitabxana konsepsiyası”
16/11/2024