Robert Stivensin “Faydalı qazıntıların kəşfiyyatı və dağ-mədən sənayesinin əsasları” kitabının təqdimatı keçirilib

17/03/2022

Martın 17-də tanınmış kanadalı geoloq Robert Stivensin “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) təşəbbüsü və dəstəyi ilə tərcümə və nəşr edilən “Faydalı qazıntıların kəşfiyyatı və dağ-mədən sənayesinin əsasları” kitabının təqdimat mərasimi keçirilib.

Mərasimdə “AzerGold” QSC-nin İdarə Heyətinin üzvü – sədrin müavini Xəyyam Fərzəliyev, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev, Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədrinin müavini Azər Şükürov, eləcə də geologiya və dağ-mədən sahələrində müvafiq dövlət qurumlarının, elm və təhsil müəssəsisələrinin rəhbər şəxsləri, qocaman geoloqlar, akademik heyət və tələbələr iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Xəyyam Fərzəliyev kitabın tərcümə və çap edilməsində əsas məqsədin faydalı qazıntıların öyrənilməsi, tədqiqi, səmərəli idarə olunması sahəsində dünya elmində baş verən yenilikləri, əldə olunan müasir təcrübəni gənc mütəxəssislərə ana dilində aşılamaq, bu sahədə dövlətin, elm və təhsil müəssisələrinin həyata keçirdiyi ardıcıl fəaliyyətə töhfə vermək olduğunu diqqətə çatdırıb.

Cəmiyyətin dağ-mədən sahəsi üzrə ali və peşə təhsilinin təşviqi, elmi potensialın dəstəklənməsi istiqamətində həyata keçirdiyi tədbirlərdən bəhs edən Xəyyam Fərzəliyev şirkətin bundan sonra da beynəlxalq təcrübə və qabaqcıl istehsal texnologiyalarının transferi ilə yanaşı, elmtutumlu və innovativ yanaşmaların təbliğ edilməsi istiqamətində fəaliyyətini davam etdirəcəyini qeyd edib. İdarə Heyəti sədrinin müavini sözügedən elmi-publisistik nəşrin geoloq və mədənçilərin masaüstü kitabına çevriləcəyinə, mineral xammal ehtiyatlarından səmərəli istifadənin təşkilinə əlavə töhfə verəcəyinə inandığını bildirib.

Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev kitabın praktik əhəmiyyəti barədə danışaraq, nəşrin təkcə geoloqlar deyil, menecerlər üçün də faydalı vəsait olacağını diqqətə çatdırıb. Əli Əliyev sözügedən kitabın Azərbaycan dilində nəşrinin ölkəmizdə dağ-mədən sənayesinin inkişafında yeni bir məhələnin yarandığı dövrə təsadüf etməsi ilə də əlamətdar olduğunu vurğulayıb.

Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədrinin müavini, kitabın rəyçisi Azər Şükürov çıxışında bu cür maarifləndirici kitabların dağ-mədən sənayesinin inkişafı üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Azər Şükürov yeni nəşrin dərs vəsaiti kimi gənc ekspertlərin yetişdirməsidə istifadə edilə biləcəyini qeyd edib.

Geologiya və dağ-mədən sənayesi üzrə müvafiq ixtisasların tədris olunduğu Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev bildirib ki, bu cür layihələrin reallaşdırılması “AzerGold”un rəqabətli insan kapitalının formalaşdırılmasında və innovativ inkişafında bilavasitə iştirak etdiyini sübut edir. Rektor BDU-nun “AzerGold”la əlaqələrinin hər il daha da genişləndiyini vurğulayıb: “Fəaliyyət planımıza "Universitetdən karyeraya uğurlu keçid" mövzusunda seminarların təşkili, birgə tədqiqatların aparılması, uyğun ixtisaslar üzrə təhsil alan tələbələrinin istehsalat təcrübəsi, “AzerGold”un əməkdaşları tərəfindən BDU-nun tələbələri üçün müvafiq proqramlar üzrə master-klassların keçirilməsi və s. daxildir. Bir neçə gün bundan qabaq bunun üçün xüsusi təqaüdlər də ayrılıb. Kitabın təqdimatını, müzakirəsini və ya sərgisini BDU-da da, digər universitetlərdə də təşkil emək olar”.

Elçin Babayev bildirib ki, “Yer elmləri və ətraf mühit” istiqaməti BDU-nun 5 əsas elmi priroritetindən biridir: “Bu mənada kitab Yer elmləri istiqamətində təhsil alan tələbə və elmi araşdırma aparan tədqiqatçılarımız üçün geologiya elminin ən son metod və üsullarını özündə əks etdirən qiymətli bir mənbə rolunu oynayacaq. “Faydalı qazıntıların kəşfiyyatı və dağ-mədən sənayesinin əsasları” kitabının ən üstün cəhətlərindən biri onun praktiki biliklərə və vərdişlərə əsaslanaraq tərtib olunmasıdır. Kitabda dağ-mədən sənayesindəki proseslərin ardıcıllığı, faydalı qazıntıların kəşfiyyat üsulları, Yer təkinin öyrənilmə prinsipləri, faydalı qazıntı ehtiyatlarının hesablanması və s. kimi digər geoloji-iqtisadi məsələlər təsvir olunub. Kitabda həmçinin mədənlərdə istismar və filiz saflaşdırma prosesləri zamanı yarana bilən zərərli maddələrin işçilərə, yaxın yaşayış məntəqələri sakinlərinə və ətraf mühitə təsiri ilə bağlı təlimatlar da əks olunub. Əminəm ki, bu kitab ölkədə yeni bərk faydalı qazıntı yataqlarının axtarışına, geoloji-kəşfiyyat işlərinə, proqnoz resurslarının qiymətləndirilməsi prosesinə, nəcib və əlvan metal ehtiyatlarının artırılmasına, yataqların istismar effektivliyinin düzgün qiymətləndirilməsinə, dağ-mədən sənayesinin gələcək inkişafına əhəmiyyətli töhfə verəcək”.

Azərbaycan Texniki Universiteti, Bakı Ali Neft Məktəbi və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektorları, o cümlədən kitabın redaksiya heyəti nəşrin əhəmiyyəti barədə çıxışlar ediblər.

Qeyd edək ki, “Faydalı qazıntıların kəşfiyyatı və dağ-mədən sənayesinin əsasları” kitabında dağ-mədən sənayesi haqqında ümumi təsəvvürlər, geologiya, faydalı qazıntı yataqları, texniki araşdırmalar, həmçinin mədənlərin idarə edilməsində maliyyə modelləri, eləcə də ekoloji tədbirlər barədə geniş və praktiki nümunələrlə zəngin məlumatlar izahlı şəkildə təqdim olunur. Kitabda, eyni zamanda iri dağ-mədən şirkətlərinin təcrübələri əsasında layihələrin idarəolunması modellərinə dair təhlillər aparılır, iri metal korporasiyalarının illik hesabatlarına istinadlar edilir.

Kitab “AzerGold” QSC tərəfindən ölkəmizin elmi kitabxanalarına, həmçinin geologiya və dağ-mədən sahələri üzrə ixtisasların tədrisini həyata keçirən universitetlərə hədiyyə edilib.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024