Şərqşünaslıq fakültəsində Ömər Xəyyamın anadan olmasının 890 illiyi münasibəti ilə dəyirmi masa keçirilib
Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində dahi şair, filosof və astronom Ömər Xəyyamın anadan olmasının 890 illiyi münasibəti ilə onlayn dəyirmi masa keçirilib.
Dəyirmi masada İran filologiyası kafedrasının müdiri professor Mehdi Kazımov dünyada tanınmış dahi filosof, astronom, riyaziyyatçı və şair Ömər Xəyyamın həyat və yaradıcılığından bəhs edib, şairin orjinal rübailərə istinad edərək şeirlərinin obrazlar sistemi, forma və məzmun xüsusiyyətləri, ideoloji əsasları, dünya dillərinə tərcüməsi barəsində geniş məruzə ilə çıxış edib.
Dosentlər Nüşabə Əlizadə və Bilqeyis Quliyeva çıxışlarında Ömər Xəyyam haqqında ərəb və fars dillərində təzkərələrdə Xəyyam barədə olan məlumatlar, onun elmi fəaliyyəti, İsfəhan rəsədxanasında gördüyü işlər, şeirlərində olan ictimai etiraz, din və elmə olan yanaşması barədə məlumat veriblər.
Şərqşünaslıq fakültəsinin dekan müavini Şahin Yusifli Ömər Xəyyamla bağlı olan ədəbi və elmi ictimaiyyətə çox az məlum olan bəzi məsələlər, əfsanələr haqqında danışıb, Xəyyamın şəxsiyyəti barədə məlumatalrı iştirakçılarla bölüşüb.
Dosent Əsmətxanım Məmmədova Ömər Xəyyamın şeirlərinin dil xüsusiyyətləri, burada istifadə olunan leksik fiqurlarda izlənilən fonetik hadisələr, Xəyyamın əsərlərində ədəbi dilin mükəmməlliyi və sadəliyinə diqqət çəkib.
Sonda fakültənin tələbələri Ömər Xəyyamdan orjinal rübailərini səsləndiriblər.