RSXM-in baş direktoru BDU-da məruzə ilə çıxış edib

10/03/2023

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli Bakı Dövlət Universitetində (BDU) “Azərbaycanın müasir seysmogeodinamik şəraiti” mövzusunda məruzə ilə çıxış edib. BDU-nun Geologiya fakültəsinin təşəbbüsü ilə keçirilən tədbirdə fakültənin tələbələri və pedaqoji heyəti iştirak edib. Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

RSXM-in baş direktoru Qurban Yetirmişli məruzəsində Azərbaycan ərazisində son on ildə baş verən zəlzələlər, bununla bağlı elmi tədqiqatların nəticələri haqqında danışıb. Baş direktor çıxışında hazırda mərkəzdə aparılan seysmoloji, geofiziki, geodinamik, geokimyəvi kompleks tədqiqatlar haqqında da iştirakçılara ətraflı məlumat verib. Onun sözlərinə görə, hazırda respublika ərazisində 84 seysmik stansiya, eləcə də 24 GPS stansiyası fəaliyyət göstərir. Bundan başqa, respublika ərazisində 300 məntəqə və profil üzrə geofiziki ölçmə işləri də aparılır.

Qurban Yetirmişli fevralın 6-da qardaş Türkiyə Respublikasında baş verən dağıdıcı zəlzələlər haqqında da danışıb. Türkiyənin seysmotektonik şəraitinin olduqca mürəkkəb və Azərbaycandan fərqli olduğunu deyən professor Türkiyədə baş verən zəlzələlərin Azərbaycandakı zəlzələ ocaqlarına təsirinin olmamasının səbəblərini də izah edib.

RSXM rəhbəri universitetlərlə elmi tədqiqat müəssisələri arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb. O, BDU-nun Geologiya fakültəsinin təşəbbüsü ilə keçirilən bu müzakirələrin də elm və təhsilin inteqrasiyası üçün yaxşı nümunə olduğunu və gələcəkdə əməkdaşlığın daha da genişləndirilməsinə töhfə verəcəyini qeyd edib. Respublika Seysmoloji Xidmət Mərkəzində çalışan gənc mütəxəssislərin əksəriyyətinin Geologiya fakültəsinin məzunları olduğunu deyən mərkəz rəhbəri RSXM-də kadr hazırlığı sahəsində keçirilən əlavə tədris kursları haqqında da danışıb.

Daha sonra Bakı Dövlət Universitetinin Geologiya fakültəsinin “Faydalı qazıntılar” kafedrasının müdiri, akademik Vasif Babazadə çıxış edib. Vasif Babazadə çıxışında  tələbələrə RSXM-in tədqiqatları ilə yaxından tanış olmağı tövsiyə edərək, bu cür geniş tədqiqatların keçmiş postsovet ölkələri arasında yalnız Azərbaycanda aparıldığını vurğulayıb.

 

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024