“İrəvanda milli maarifçilik mühiti – İrəvan gimnaziyası” mövzusunda elmi seminar

04/05/2022

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının təşkilatçılığı ilə “İrəvanda milli maarifçilik mühiti – İrəvan gimnaziyası” mövzusunda elmi seminar keçirilib.

Tədbiri giriş sözü ilə açan Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının müdiri, professor Səhər Orucova İrəvan gimnaziyasının Azərbaycan milli maarifçilik mühitinin formalaşmasındakı rolundan danışıb. Məruzəçi, Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının doktorantı Aynurə Qurban XIX-XX əsrlərdə İrəvan ictimai-siyasi, mədəni və ədəbi mühiti fonunda İrəvan gimnaziyasının rolundan bəhs edib. Qeyd edib ki, XIX əsrdə İrəvan şəhərində olduqca zəngin ədəbi mühit formalaşıb. XIX əsrin sonlarında bir müddət burada işləyən görkəmli Azərbaycan ədəbiyyatşünası və maarifçisi Firudin bəy Köçərli İrəvanı haqlı olaraq “mərkəzi-üləma, füzəla və şüəra şəhəri” (üləmalar, fazillər və şairlər şəhəri) adlandırıb. Məşhur fransız səyyahı İvan Şopenin yazdığına görə, İrəvan xanlığının ərazisində təhsillə əsasən müəyyən təhsil görmüş din xadimləri məşğul olublar. Hər bir məscidin nəzdində böyük və yaxud kiçik mədrəsə fəaliyyət göstərib. Aşağı siniflərdə müəllimlər müdərris, yuxarı siniflərdə isə vaiz adlandırılıb. Mədrəsələrdə geniş dərs otaqları ilə yanaşı, tələbələrin yaşadıqları kiçik otaqlar – hücrələr olub. Bəzi məscidlərdə adlı-sanlı müctəhidlər dərs deyiblər. İrəvan xanlığının süqutu ərəfəsində təkcə İrəvan şəhərindəki 8 məsciddə 200 şagird təhsil alıb.

Məruzəçi həmin dövrün ictimai-siyasi hadisələrinin bədii yaradıcılığa təsiri, elm, mədəniyyət, məktəbdarlıq sahəsində yaradıcı ziyalıların apardıqları mütərəqqi fəaliyyətlə bağlı ətraflı məlumat verib. 1800-1920-ci illər arasında baş vermiş ictimai-siyasi hadisələrin törətdiyi fəsadlar, ermənilərin Azərbaycan elminə, incəsənətinə, mədəniyyətinə, tarixi memarlıq abidələrinə vurduğu amansız zərbələrlə bağlı faktlar da məruzədə əksini tapıb.

Sonda məruzəçiyə suallar ünvanlanıb. Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının dosent-professor heyəti çıxışla bağlı təəssüratlarını bölüşüblər.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024