SABAH II Karyera Qış Məktəbində tələbələr üçün təlimlər və SABAH əməkdaşlarının tədrisin təşkilinə dair seminar başa çatıb
Bakı Dövlət Universitetinin Quba rayonunun İkinci Nügədi kəndinin ərazisində yerləşən Tədris-təcrübə və istirahət mərkəzindəSABAH Karyera Akademiyası çərçivəsində SABAH II Karyera Qış Məktəbinin və SABAH əməkdaşlarının peşə inkişafı istiqamətində Tədrisin təşkilinə dair seminar keçirilib.
Təlimlərin keçirilməsində məqsəd sonuncu kursda təhsil alan SABAH tələbələrinə uğurlu karyera başlanğıcı üçün lazım olan bacarıqları aşılamaq olub.
Təlimdə 100-ə yaxın tələbə iştirak edib. Təlimlərdə SABAH tələbələri işədüzəlmə, magistratura təhsili, akademik fəaliyyət, startap və sahibkarlıq sahələri üzrə bilik və bacarıqlarının artırılması mövzularında təlim keçiblər. Həmçinin tələbələr karyera planlaşdırılması, CV və rezume yazılışı, müsahibə, təqdimat bacarıqları və digər mövzular üzrə məlumatlar əldə ediblər.
Təlimlərdə iş həyatına yeni başlamağa hazırlaşan gənclərə biznes plan, müasir bazarın tələbləri, tələb və təklifin qiymətləndirilməsi, uğurlu karyera əldə etmək üçün praktik vərdişlər aşılanıb, fərdin özünü tanıması, iş dünyasına hazırlanması və iş həyatında uğur əldə etməsi ilə bağlı istiqamətlər verilib.
SABAH əməkdaşlarının peşə inkişafı istiqamətində tədrisin təşkilinə dair seminarda təhsil qanunvericiliyi, onların tətbiqi məsələləri, mövcud problemlər və bu problemlərin həlli istiqamətində müzakirələr aparılıb. Seminarda Ali təhsil müəssisələrinin SABAH mərkəzinin rəhbərləri və təhsil ekspertləri də iştirak ediblər.
Ötən il olduğu kimi, bu il də bir çox tərəfdaş şirkətlər (“Azercell”, “Kapital Bank”, “GoldenPay”, “Clarivate Analytics” və s.) və təlimçilər Qış Məktəbinin təşkilinə yaxından dəstək olublar.
İki gün davam edən təlimlərin sonunda təlimçilərə və ekspertlərə SABAH qrupları layihəsi tərəfindən təşəkkürnamələr, tələbələrə isə sertifikatlar verilib.
Mətbuat və informasiya şöbəsi, 20 fevral 2018-ci il.
![]() |