Əsədulla Qurbanov - 80

05/05/2016

1936-cı ilin 28 aprelində Azərbaycanın dilbər güşələrindən birində – Balakən rayonunun Katex (Gədik) kəndində yoxsul kəndli ailəsində bir oğlan uşağı – Əsədulla Qurbanov bu işıqlı dünyaya göz açır.

Katex kəndi Şimaldan enli «kürəklərini», məğrur «başını» zərvəsi daim ağappaq qarla, pənbə buludlarla örtülmüş Baş Qafqaz sıra dağlarına söykənmişdir. Bu kənd «sağ əlini» həmin dağın cənub ətəyində aşıb-daşan bulağa «uzatmışdır». … Katex kəndi «sol əlini» qonşu Zaqatala rayonu ilə sərhəddən axıb gedən bol sulu dağ çayı Katexə «salmışdır». … Katex kəndi «bükülməz dizləri» ilə birlikdə «ayaqlarını» qardaş, qonşu Gürcüstanla sərhəddən axıb gedən Qanıq, Alazan çaylarına «sallanmışdır».

Sıx ormanlarla əhatə olunmuş Katex kəndinin maddi nemətlərinin sırasında bal kimi şipşirin xurma, alyanaq alma, əzgil, min dərdin dərmanı fındıq, qoz, şabalıd… və s. dadlı meyvələrdirsə, mənəvi sərvətləri – əsasən oğuz türkləri, milli-etnik qruplar – avarlardır.

. . . «Hörmətli Əsədulla müəllim, professor! Siz öz mənalı ömrünüzün 60 ilini Azərbaycanda çox məhsuldar qüvvə olan dünyəvi xarakterli, mahiyyətli elmi biliklərin təbliğ, tədris və tədqiq olunmasına, respublikamız üçün yüksək ixtisaslı milli mütəxəssis kadrların hazırlanmasına, qədirbilən xalqlarımızın mənəvi-intellektual potensialının artırılmasına sərf etmisiniz. İstər Azərbaycan Respublikası Mədəniyyət və Türizm Nazirliyinin Mərkəzi Aparatında çox məsul, rəhbər vəzifələrdə çalışarkən, istər Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə, sosiologiya və hüquq İnstitutunda səmərəli elmi-tədqiqat sahəsində fəaliyyət göstərəkən, istər ölkəmizin ali təhsil verən məktəblərinin – Mədəniyyət və İncəsənət Universitetində, istərsə, məzunu olduğumuz məmləkətimizin elm, təhsil və mədəniyyətinin flaqmanı sayılan Bakı Dövlət Universitetində gərgin, faydalı elmi-tədqiqatı işlə məşğul olarkən, istərsə də bütövlükdə Azərbaycan Respublikasında geniş ictimai-siyasi fəaliyyətlə məşğul olarkən böyük vətəndaşlıq, ziyalı mövqeyi və mənəviyyat sahəsində xüsusi fəallıq nümunəsi göstərmişsiniz».

. . . İş elə gətirmişdir ki, hörmətli professor Əsədulla Qurbanovun anadan olmasının 60, 70, 75, elmi-peda-qoji və ictimai-siyasi fəaliyyətinin 55 illiyi münasibətilə yazı-oçerk yazmaq da, vətəndaş, islamşünas alimin, görkəmli ictimai-siyasi xadimin anadan olmasının 75, səmərəli elmi-pedaqoji və ictimai-siyasi fəaliyyətinin 55 illiyi haqqında söz söyləmək onun tələbəsi, yetirməsinə – siyasi elmlər üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikası Prezident Administrasiyasının bölmə müdiri Qafar Əliyevə nəsib olmuşdur.

Respublikamızın hüdudlarından çox-çox uzaqlarda, Rusiya Federasiyasında, İran İslam Respublikasında, Səudiyyə Ərəbistanı Krallığında, Bolqarıstanda, Orta Asiya Respublikalarında, Dağıstanda… da yaxşı tanınan islamşünas alim Əsədulla Qurbanovun ömür səlnaməsindən bəzi epizodları qələmə almaq bu sətirlərin müəllifinə qismət olmuşdur.

Qurucusu, baş memarı Azərbaycan xalqının Ümummilli lideri, dünya şöhrətli ictimai-siyasi və dövlət xadimi olan Heydər Əliyev olan, onun uzaqgörən, müdrik xarici və daxili siyasətini çox böyük uğurla davam etdirən möhtərəm prezidentimiz İlham Əliyevin başçılıq etdiyi müstəqil respublikamızın müxtəlif ictimai-siyasi təşkilatlarını, görkəmli, tanınmış, məşhur şəxslərini, elmi-tədqiqat institutlarının, tədris ocaqları rəhbərlərinin, həmkarlarının, keçmiş şagird və tələbə yoldaşlarının, tanışlarının, uzaq-yaxın qohumlarının, layiqli, ləyaqnətli övladlarının, şirin-şəkər nəvələrinin ömrünün 80 - ci baharını yaşayan dəyərli ziyalımız, fəlsəfə elmləri doktoru, professor, görkəmli ictimai-siyasi xadim, keçmiş SSRİ-nin əməkdar mədəniyyət işçisi Ulu Öndər Heydər Əliyevin imzası ilə «Tərəqqi» medalına, akademik Yusif Məmmədəliyev adına beynəlxalq diploma və medala, “Qızıl Qələm”, “Xalqın nüfuzlu ziyalısı”, 2011 – ci ildə İran İslam İslam Respublikasının Paytaxtı Tehran şəhərində “İslam, Quran terrora yox deyir!” mövzusunda keçirilən beynəlxalq konfransda etdiyi “İslam və Müqəddəs Quran terrora dur, dayan deyir” məruzəsinə görə BMT – nin “Sülh səfiri” diplomuna layiq görülmüşdür. 2015 – ci ildə isə Əsədulla Qurbanov Türkiyənin paytaxtı Ankara şəhərində fəaliyyət göstərən “Beynəlxalq Söz Akademiyası” -nın  həqiqi üzvü seçilmişdir. Görkəmli filosof - alimin 80 illiyi münasibəti ilə 6 aprel 2016 – ci il tarixində BDU – nun Böyük Elmi Şurasının iclasında “Yeni gənc nəslin tərbiyə olunub yetişməsində, formalaşmasında, ölkədə elmin, təhsilin inkişafındakı çoxillik, səmərəli fəaliyyətinə” görə “Fəxri diplom” – a və çoxsaylı digər laureatlara, diplomlara, fəxri fərmanlara, layiq görülmüş, göndərdikləri təbrik məktubları, teleqramları, etdikləri telefon zəngləri, açığını deyək ki, böyük vətəndaş - alimin şərəfli əməyinə, xalqımızın ziyalısının səmərəli elmi – pedaqoji, ictimai, siyasi fəaliyyətinə verilən obyektiv, dəyərli qiymət kimi bizi sevindirməyə bilməz.

. . . Tanınmış islamşünas-filosof alim fəal ictimai-siyasi xadim kimi fəaliyyətinin xüsusi qeyd edilməsi hamımızın ürəyindən oldu. Ömrünün 80 - ci illərində enişli-yoxuşlu, paradoksal, ziqzaqlı həyatın bərkində-boşunda, xəzri-gilavarında, dolambaclarında yaxından tanıdığımız, mənalı ömür salnaməsini müşahidə etdiyimiz, dostumuz, əqidə, məslək yoldaşımız, həmkarımız kimi biz də onu elə tanıyırıq. Ana Vətəninin, əziz xalqının, müstənqil dövlətinin mənafeyini hər şeydən uca tutan vətəndaş alim, görkəmli ictimai-siyasi xadim kimi.

. . . O, əziz, əməksevər atasını, iki böyük qardaşımı (Böyük Vətən Müharibəsində), sonralar canından çox sevdiyi anasını itirib.

. . . Əsədulla Qurbanov 1954-cü ildə doğma kəndindəki alman xalqının böyük oğlu Ernest Telman adına 1 nömrəli orta məktəbi bitirdikdən sonra ali təhsil almaq üçün Bakıya gəlir.

. . . Taleyinin ilk illəri üzünə demək olar ki, gülməyən Əsədulla Qurbanovun Bakıda əvvəllər bəxti gətirmir. Ali məktəbə daxil ola bilmədiyindən o, şəhərdəki 2 saylı Texniki-Peşə məktəbində oxuyur, kompressor-nasos texniki ixtisasına yiyələnir. Əsədulla Qurbanov o zaman V.İ.Leninin adını daşıyan Bakı Neft Emalı Zavodunda əmək fəaliyyətinə başlayır. O, sonra sənədlərini Bakı Mədəni-Maarif Texnikumuna verir və qəbul olunur.

1956-cı ildə sənədlərini Bakı Dövlət Universitetinin filologiya fakültəsinə verir. O zaman ali məktəbə 5-6 fənndən qəbul imtahanları götürülürdü. İş elə gətirir ki, Əsədulla Qurbanov 5 fənndən ən yüksək qiymətilər alsa da, sonuncu rus dili fənnindən kəsilir.

Belə olan halda Əsədulla Qurbanov universitetin rektoru, dünya şöhrətli kimyaçı alim-akademik Yusif Məmmədəliyevə müraciət edir. Rektor onu çox diqqətlə dinləyir. Əsədulla Qurbanovun tərcümeyi-halını və onun ali təhsil almaq üçün hədsiz həvəs və istəyini nəzərə alan çox humanist İNSAN olan rektor istisna hal kimi qəbul komissiyasına göstəriş verir ki, Əsədulla Qurbanov yenidən müsahibədən keçsin. Akademik Yusif Məmmədəliyevin yüksək atalıq qayğısı sayəsində Əsədulla Qurbanov 1956-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsinin kitabxanaşünaslıq və biblioqrafiya şöbəsinə daxil olur. O, təhsil almaqla yanaşı Bakı Şəhər Nizami adına kütləvi kitabxananın səyyar şöbəsində müdir vəzifəsində də çalışır.

. . . Əsədulla Qurbanov akademik Yusif Məmmədəliyevin əvəzsiz yaxşılığını heç zaman unutmur. Sonralar Əsədulla Qurbanov Azərbaycan KP MK-nın ştatdankənar mühazirəçisi kimi, respublika «Bilik» cəmiyyətində 2 5 illik fəaliyyətində akademik Yusif Məmmədəliyevin elmi və ictimai-siyasi sahədəki böyük xidmətlərini daim xüsusi olaraq qeyd edib.

. . . Əsədulla Qurbanov BDU-da tələbə olarkən fakültə komsomal komitəsinin katibi, tələbə elmi cəmiyyətinin sədri, universitetin «Lenin tərbiyəsi uğrunda» qəzetin fəal müxbirlərindən biri olub.

Əsədulla Qurbanov BDU –nun sonuncu kursunda əyani oxuduğu zaman 1960-cı il də Azərbaycan Respublikası Mədəniyyə və Turizm Nazirliyinin Mərkəzi Aparatında mədəni-maarif müəssisələri idarəsinə inspektor, sonralar baş inspektor vəzifələrinə irəli çəkilir. Universiteti yenicə bitirmiş gənc mütəxəssis Əsədulla Qurbanov çalışdığı nazirlikdə böyük hörmət və etimad qazanır. O, burada müxtəlif məsul vəzifələrdə çalışır. Əvvəlcə nazirliyin Mərkəzi Aparatında Mədəni-Maarif Müəssisələri İdarəsində baş inspektor, aparıcı mütəxəssis, nazirliyin tabeliyindəki Azərbaycan Dövlət Din Tarixi Muzeyinin direktoru, eyni zamanda nazirliyin nəzdində fəaliyyət göstərən Mədəni-Maarif İşçilərinin Respublika İxtisasartırma üzrə tədris müəssisəsində baş müəllim vəzifələrində çalışıb.

. . . Məsul inzibati işlərdə çalışmasına baxmayaraq, Əsədulla Qurbanov elmi-fəlsəfi dinşünaslıq və islamşünaslıq sahələri üzrə elmi axtarışlarından, tədqiqat işlərindən də qalmırdı. Bu dərin, hədsiz maraq və həvəs onu 1972-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə, Sosiologiya və Hüquq institutuna gətirir. Əsədulla Qurbanov burada işləməklə məzun olduğu Bakı Dövlət Universitetinə dissertant qəbul olunur, orada ixtisası üzrə dərs də deyir. O, burada respublika ali məktəbləri üzrə istinad kafedrası olan «Dinin tarixi və nəzəriyyəsi» (sonralar bu kafedra «Dinşünaslıq, hazırda isə «Fəlsəfə tarixi və mədəniyyətşünaslıq») adlanır. O, burada əvvəlcə dissertant, sonra isə qiyabi aspirant olur, özünə elmi-tədqiqat mövzusu seçir. 1976-cı ildə Əsədulla Qurbanov Bakı Dövlət Universitetinin fəlsəfə üzrə, elmi şurasında «Azərbaycan kəndlisinin mənəvi həyatında sekulyarlaşmanın xarakterik xüsusiyyətləri» mövzusunda dissertasiya müdafiə edərək fəlsəfə elmləri namizədi, dossent olur.

. . . Əsədulla Qurbanov Pedaqoji fəaliyyətlə yanaşı dövrü mətbuatda siyasi, elmi-publisistik məqalələr dərc etdirir, radio və televiziyalarda bir sıra maraqlı verilişlərlə çıxış edir. Əsədulla Qurbanov yüksək nitq mədəniyyətinə malikdir. Mühazirəçilik bacarığı və məharəti onun tələbələri, dinləyicilər tərəfindən daim böyük maraqla qarşılanır. Təsadüfi deyildir ki, o, elmi-fəlsəfi, siyasi biliklərin fəal təbliğinə görə akademik Yusif Məmmədəliyev adına respublika mükafatı laureatı olmaq, «Vətən», «Əqidə» diplomları almış, çoxsaylı fəxri adlara layiq görülmüşdur. SSRİ-nin «Bilik» və Azərbaycan Respublikasının «Bilik və Maarifçilik Cəmiyyətinin», habelə digər nüfuzlu qurumların və təşkilatların, elmi idarələrin, təhsil müəssisələrinin çoxsaylı fəxri fərmanlarına, ümummilli liderimiz Heydər Əliyevin sərəncamı ilə «Tərəqqi» medalı ilə təltif olunmuşdur.

. . . Görkəmli alim- filosof, şair, mərhum akademik Aslan Aslanov 1978-ci ildə Əsədulla Qurbanovu rektoru olduğu Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə islam fəlsəfəsi, islam mədəniyyəti və incəsənəti fənlərini tədris etməyə dəvət edir. Əsədulla Qurbanov həmin universitetdə dossent vəzifəsində çalışarkən əvvəllər respublika Mədəniyyət və Turizm Nazirliyində uzun illər topladığı zəngin təcrübəsini pedaqoji fəaliyyətlə əlaqələndirir, mədəni-maarif, rəssamlıq, teatr, bədii özfəaliyyət, muzeyşünaslıq, mədəniyyətşünaslıq, kulturologiya, məsələlərini tələbə gənclərə öyrədir. Eyni zamanda, Əsədulla Qurbanov qeyd olunan Universitetdə tələbə-müəllim kollektivi arasında geniş ictimai- siyasi, ideoloji, mədəni-kütləvi iş aparır. Partiya təşkilatının büro üzvü, xalq nəzarəti komissiyasının sədri, mənəvi tərbiyə işləri üzrə prorektor vəzifələrində çalışır. Bu zaman Əsədulla Qurbanovun yüksək təşkilatçılıq bacarığı və istedadı da özünü göstərir.

Əsədulla Qurbanov 1984-cü ildə təhsil nazirinin əmri ilə Bakı Dövlət Universitetinə köçürülür. Bu, Əsədulla Qurbanova dövlət səviyyəsində göstərilən böyük və yüksək etimad idi. Respublikamızın ali məktəblərinin flaqmanı sayılan Bakı Dövlət Universitetində bu elm, məbədində Əsədulla Qurbanov unudulmaz müəllimləri, korifey pedaqoqlar, dünya şöhrətli Yusif Məmmədəliyev, Şəfahət Mehdiyev (akademik rektorlar), Həmid Araslı, Məmmədcəfər Cəfərov, Cəfər Cəfərov, Cəfər Xəndan, Aslan Aslanov, Feyzulla Qısamzadə, Ağamusa Axundov, professor yazıçı Mircəlal Paşayev, ƏLi Sultanlı, Əlövsət Abdullayev, Abbas Zamanov, Səlim Cəfərov, XƏlil Əlimirzəyev, Abuzər Xələfov və başqalarını özünə örnək hesab edib.

. . . Yorulmaz pedaqoq, tədqiqatçı, alim, o cümlədən Şərq, eləcə də Azərbaycan fəlsəfəsinin ayrılmaz tərkib hissələrindən, istiqamətlərindən olan dinşünaslığa, xüsusi ilə də islamşünaslığa dərindən bələd olan və bu sahədə çox qiymətli axtarışların müəllifi sayılan Əsədulla Qurbanovun 500-dən çox elmi, bədii-publisistik əsərləri, məqalələri, dərslik, metodik vəsaitləri, monoqrafiyaları… çapdan çıxmışdır. Bu əsərlər içərisində «Mübariz insan – Məmməd Səid Ordubadi», «Gənclərin mənəvi tərbiyəsi», «Nəzəri dinşünaslığa Giriş», «Nəzəri İslamşünaslığa Giriş», «Azərbaycanda sekulyarlaşmanın xarakterik xüsusiyyətlərir», «Beynəlxalq münasibətlərdə din-islam amili», «İslamşünaslığın Azərbaycan konsepsiyası», «İslamşünaslığın aktual problemləri», «İslam və Heydər Əliyev fenomini», «Din və ictimai təhlükəsizliyin aktual problemləri», «Beynəlxalq terrorçuluq sosial bəladır», «İslam kontekstində Azərbaycan - İran münasibətləri yeni şərhlər», «Azərbaycan-Bolqarıstan münasibətləri yeni mərhələdə» və s. əsərləri elm ictimaiyyətində hədsiz maraq doğurmuşdur.

. . . 1990-cı il respublikamızın həyatında yaddançıxmaz, unudulmaz ağır il olsa da, Əsədulla Qurbanov əsas ixtisası üzrə elmi axtarışlar, tədqiqatlar sahəsində fəaliyyətini dayandırmayıb. Həmin il bu sahədə onun fəaliyyəti uğurlu olub. Belə ki, o, Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə, Sosialogiya Və Hüquq institutunda «Milli və Millətlərarası münasibətlər kontekstində sekulyarlaşmanın xarakterik xüsusiyyətləri» mövzusunda doktorluq müdafiə etmişdir. Yeri gəlmişkən, qeyd etmək istərdik ki, Əsədulla Qurbanov Azərbaycanda sekulyarlaşma (dünyəviləşmə) problemi üzrə ilk və ən çox tanınmış alimdir.

Moskvada yaşayan Azərbaycanlı filosof, tarixçi, şərqşünas, turanşünas dünya şöhrətli, alim, Qasım Məmməd oğlu Kərimov, İqor Yanovleviç Konterov, görkəmli Azərbaycan filosoflarından akademik Firudin Köçərli, Aslan Aslanov, Fuad Qasımzadə, akademiyanın müxbir üzvü Məqsəd Cəttarov, M.V.Molonosov adına Moskva Dövlət Universitetinin Böyük Elmi Şurası tərəfindən Əsədulla Qurbanovun doktorluq dissertasiyasına yüksək qiymət, dəyər və önəm verilmişdir.

Əsədulla Qurbanovun vaxtı ilə M.V.Lomonosov adına Dövlət Universitetində, Daşkənd Dövlət Universitetində, Səmərqənd, Aşqabad, Mahaçqala. Dövlət Universtetlərində, İran İslam Respublikasının Tehran Universitetində, Rusiya Federasiyasının Rostov Dövlət Universitetində, Naxçıvan Dövlət Universitetində, Azərbaycan Dövlət Texniki Universitetində, Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasında, Qərb Universitetində, Asiya Universiteti Mahaçqala Dövlət Universitetinin Bakı Filialında Kiyev Dövlət Universitetinin Bakı Filialında, Azərbaycan Dövlət Xarici Dillər Universitetində, Azərbaycan Dövlət Slavyan Universitetində, Azərbaycan Dövlət Pedaqoji Universitetində AMEA-nın İnsan hüquqları İnstitutunda, habelə digər Ali məktəblərdə oxuduğu mühazilərə dinləyicilərdə həmişə böyük maraq doğurub.

. . . Əsədulla Qurbanov respublikamızın ictimai, siyasi, mədəni və mənəvi həyatında fəal və yaxından iştirak edib. O, məşhur «91»lərdən biridir. Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyev məşhur «91»lər haqqında belə demişdir:

«…91»lər Yeni Azərbaycan Partiyasının Qızıl fondudur… Onlar çox cəsarətli, qorxmaz, zəsur, vətənpərvər insanlardır, … hər cür yüksək qiymətə layiqdir, … bütün qapılar, …onların üzünə açıq olmalıdır…».

. . . Fəlsəfə elmləri doktoru, prosessor, Əsədulla Qurbanov 1998-ci ildə Səadiyyə Ərəbistanın mərhum kralı Fəhd Əbdüləziz İbn Əl-Səudün dəvəti, İslam dininin tarixi vətəni sayılan müqəddəs Məkkə və Mədinəyə ilə Həcc ziyarətində olmuşdur.

Görkəmli islamşünas alimin elmi-tədqiqat işlərinin məntiqi nəticələri hazırda respublikamızın ali məktəblərində, siyasi, ideoloji sahədəki mühazirə və tövsiyə xarakterli təklifləri milli-məfkürə sahəsində müvəffəqiyyətlə həyata keçirilir. Əsədulla Qubanovun 60 ildən çox bir müddət ərzində elmi-fəlsəfi, fəaliyyəti onun hazırda rəhbəri olduğu Bakı Dövlət Universitetinin İslamşünaslıq Elmi-Tədqiqat Mərkəzindəki səmərəli rəhbərliyi  yüksək qiymətləndirilmişdir.

Fəlsəfə elmləri doktoru, professor Əsədulla Qurbanovun 2010-cu ildə Tehran Universitetində, 2011-ci ildə yenə həmin ölkədə keçirilən «Terrorosuz dünya uğrunda» beynəlxalq simpozumda etdiyi «İslam, müqəddəs Quran terrorun əleyhinədir» mövzusunda məruzələri tədbir iştirakçılarının və dünya ictimaiyyətinin dərin marağına səbəb olmuşdur.

«… İslamın və müqəddəs kitabımızın ümumbəşəri mənəvi dəyərlərinə mükəmməl bələd olan, onları dəstəkləyən, dinindən, dilindən, irqindən cinsindən, habelə digər sosial mənsubiyyətlərindən asılı olmayaraq hər bir insan terrora yox deyər, ona meyl etməz».

. . . Əsədulla Qurbanov bu müddəanı söyləyərkən ulu öndərimiz Heydər Əliyevin din, o cümlədən İslam dini, eləcə də müqəddəs Quran və İslamşünaslıq elmi barədə söylədiyi aşağıdakı kəlam xarakterli, mahiyyətli fikirlərinə əsaslanmışdır:

«İnsanların mənəvi sərvətlərinin hamısından fərqi ondadır ki, o, dini mənsubiyyətdən asılı olmayaraq, həmişə insanları dostluğa, həmrəyliyə, birliyə dəvət etmişdir». (Heydər Əliyev müstəqillik yolu, Bakı, 1999, səh.77-78).

«İslam dini əsrlər boyu bizim mənəviyyatımızın əsasını təşkil etmiş, müsəlmanların dünyada layiqli yer tutmasını təmin etmişdir» (Yenə orada, səh.93).

«Qurani-şərifin bizə verdiyi tövsiyələr, dərs, göstərdiyi yollar insanları paklığa, düzlüyə, cəsurluğa dəvət edən tələblərdir, tövsiyələrdir. Azərbaycan Dövlət müstəqilliyini əldə edəndən sonra xalqımızın mənəvi dəyərləri canlanıb, bərpa edilibdir». (Yenə orada, səh.93.94).

«Qurani-Kərimin bütün kəlamları bu gün Azərbaycanda Allahın yolu ilə getməyimiz üçün məşəldir.

Biz azərbaycanlılar – bu sonradan gələcək bütün nəsillərə də tövsiyə olunur – heç vaxt inamımızdan, dinimizdən uzaşlaşmayacaq və bu mənəvi mənbələrimizdən istifadə edərək gələcəyimizi quracağıq». (Yenə orada, səh.93-94).

«… Azərbaycanda islamşnaslıq sahəsində XX əsr demək olar, tamam itirilibdir.

Bu işləri görmək üçün Azərbaycanda islamşünaslıq elmini inkişaf etdirmək lazımdır. Azərbaycan Elmlər Akademiyası, Bakı Dövlət Universiteti və elmi-tədqiqat institutuları… bu sahələr üçün xüsusi təşkilatlar, orqanlar, elmi mərkəzlər yaratmalıdırlar.

Belə təşəbbüslər olsa, mən onları dəstəkləyəcəyəm, bunlar üçün şərait də yaradacağam. Buna arxayın olun». (Heydər Əliyev Dinimiz xalqımızın milli – mənəvi sərvətdir. Bakı, 1999, səh.47).

Göründüyü kimi, bu kəlamlarda müstəqil Azərbaycanda dinşünaslıq və islamşünaslıq elmlərini inkişaf etdirmək üçün respublikamızın əlaqədar elm və təhsil ocaqlarını, habelə orada çalışan mütəxəssislərin qarşısına çox mühüm vəzifələr qoyulmuşdur. Bu vəzifələrin müvəffəqiyyətlə yerinə yetirilməsi məqsədilə professor Əsədulla Qurbanov, dəyərli təşəbbüs göstərərək Bakı Dövlət Universitetində İslamşünaslıq Elmin Tədqiqat Mərkəzinin yaradılmasına nail olmuşdur.

. . . Əsədulla müəllim eyni zamanda AMEA-nın İnsan Hüquqları İnstitutunda «Din və ictimai tühlükəsizlik» şöbəsinin yaradılmasına müvəffəq olmuşdur. Əsədulla Qurbanovun yaxından təşkilatçılığı ilə həmin şöbə tərəfindən «Din və ictimai təhlükəsizliyin aktual problemləri» mövzusunda respublika elmi-nəzəri konfrans keçirilmişdir.  Həmin adda fundamenatl monoqrafiyanın çapdan çıxmasına nail olmuşdur.

. . . Fəlsəfə elmləri doktoru, professor Əsədulla Qurbanov neçə-neçə elmlər doktoru, elmlər namizədi yetişdirmişdir. Hazırda onun yetişdirmələri respublikamızın müxtəlif rəhbər orqanlarında çox məsul vəzifələrdə çalışırlar.

. . . Əsədulla Qurbanov gözəl ailə başçısıdır. O, dörd övlad atası, səkkiz nəvə babasıdır. Övladlarının ikisi V.Lomonosov adına Moskva Dövlət Universitetinin, digərləri Bakı Dövlət Universitetini bitirmişdir. Nəvələrindən biri Bakı Dövlət Universitetində dünya iqtisadiyyatı ixtisası üzrə əla qiymətlərlə bitirmiş, hazırda Londonda həmin ixtisas üzrə magistratura təhsili alır. Əsədulla Qurbanovun ömür-gün yoldaşı da müəllimədir. O, hazırda təqaüdlüdür.

. . . Əsədulla Qurbanovun anadan olmasının 80, elmi –pedaqoji və ictimai fəaliyyətinin 60 ili tamam olur. Bu, onun mənalı ömrünün müdrik çağı, yaradıcılığının daha da məhsuldar dövrüdür.

Ömrə şöhrət olan illər görkəmli alim, tanınmış ictimai-siyasi xadim Əsədulla Qurbanovun ömrünə işıq salır. Onun mənalı həyatı, elmi-pedaqoji, ictimai-siyasi fəaliyyəti gənc nəslə layiqli örnəkdir.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024