Son bir ayda BDU-nun Hirş indeksi 57-dən 58-ə yüksəlib

14/09/2023

İnterdissiplinarlılıq və multidissiplinarlılıq, fundamental və tətbiqi tədqiqatların nəticələrinin əlaqələndirilməsi, elm-təhsil-istehsalat inteqrasiyasının genişləndirilməsi, tədqiqat nəticələrinin tədris prosesinə daxil edilməsi, istehsalatda tətbiq edilməsi, təhsilalanların elmi-tədqiqat və innovasiya fəaliyyətinə intensiv olaraq cəlb edilməsi, ölkədaxili və xarici tərəfdaşlarla effektiv əməkdaşlıq Bakı Dövlət Universitetində (BDU) elmi-tədqiqat fəaliyyətinin təşkilinin əsas prinsipləridir.

Professor-müəllim heyətinin nəşr fəaliyyətinin göstəricilərinin yüksəldilməsi, xarici dillərdə nəşrlərin sayının və keyfiyyətinin artırılması, gənc tədqiqatçılara dünyanın aparıcı ölkələrinin elmi müəssisələrində elmi araşdırmalar aparmaq üçün imkanların yaradılması, beynəlxalq elmi əlaqələrin genişləndirilməsi, nüfuzlu xarici elmi mərkəzlərlə ortaq elmi-tədqiqat proqramlarının işlənilməsi, birgə tədqiqat laboratoriyalarının təşkili, beynəlxalq elmi layihələrdə BDU alimlərinin iştirakının təmin edilməsi fəaliyyətin əsas istiqamətlərindəndir.

Akademik heyət, habelə tələbə, magistrant və doktorantların inkişafına təkan verən elm-təhsil ekosistemi, beynəlxalq standartlara cavab verən və rəqabətədavamlı tədqiqatlar, Respublikanın və xarici ölkələrin yüksək reytinqli ali məktəb və tədqiqat mərkəzləri, o cümlədən beynəlxalq elmi təşkilatlarla elm və innovasiyalar sahəsində mövcud olan sıx əlaqələr və intensiv təcrübə mübadiləsi BDU-da aparılan elmi tədqiqatların keyfiyyətinin yüksəlməsinə xidmət edir.

Belə ki, “Clarivate Analytics” Beynəlxalq İnformasiya Agentliyinin rəsmi məlumatına əsasən, son bir ayda BDU-nun Hirş indeksi artaraq 58 olub. Hər bir əsərə istinadların orta sayı isə 7.1-ə qədər yüksəlib.

Agentliyin rəsmi məlumatına əsasən, BDU-nun əməkdaşları, doktorant və tələbələri tərəfindən “Web of Science” bazasına daxil olan dərgilərdə artıq 4130 elmi əsər nəşr edilib. Bu əsərlərə 29000-ə yaxın istinad edilib.

2023-ci ilin ilk doqquz ayı ərzində “Web of Science” bazasına daxil olan dərgilərdə BDU tərəfindən nəşr edilmiş 150 elmi əsərin 52%-i (78 elmi əsər) Q1 və Q2, 48%-i (72 elmi əsər) Q3 və Q4 kvartil kateqoriyalı jurnallarda dərc olunub. Cari ilin ilk səkkiz ayı ərzində bazaya daxil olan jurnallarda dərc olunmuş elmi əsərlərə 3900-dən çox istinad edilib.

Onu da qeyd edək ki, Hirş indeksi, “Web of Science” bazasına daxil olan dərgilərdəki elmi əsərlərin və istinadların sayı ilə BDU Azərbaycan universitetləri arasında liderliyini qoruyur.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024