Sözünün sehrində bir dünya yaratdığımız sənətkar

31/01/2017

Qəhrəmanım həyatını elmə həsr edən, tələbələrinə onun sirlərini etibar edərkən ədəbiyyatşünaslıqla  bərabər, həyatı dərk etdirməyə müvəffəq olan əsl müəllim, görkəmli alim, böyük mənəviyyat sahibi, etibarlı dost, sirdaş, gözəl həmsöhbət filologiya elmləri doktoru, professor Təhsin Mütəllimovdur.

Yanvarın 27-sində  85 yaşı tamam olan sevimli müəllimimizi hər dəfə yubileyinin qeyd edilməsindən imtina etdiyindən iclas adı ilə çağırıb ziyası ilə nurlanmaq şərəfinə bir daha nail olduq. Sözünün sehrində səadət tapdığımız Təhsin müəllimin yaratdığı möhtəşəm və mükəmməl aləm  haqqında bu dəfə tələbələri danışdı, onu təbrik edib təşəkkürlərini bildirdilər,  həyatlarının  Təhsin müəllimlə bağlı məqamlarından söhbət açdılar.  Bu, həyatımda iştirakçısı olduğum ən gözəl iclas idi. İclasa sədrlik edən professor Tofiq Hüseynoğluna, onu gözəl bir ədəbi məclisə çevirən müəllimlərimizə − professorlar İfrat Əliyeva, Nizaməddin Şəmsizadə, Almaz Məmmədova, Sənan İbrahimov, dosentlər Məhərrəm Vəliyev,  Həqiqət Abdiyeva, Məti Osmanoğlu, Lalə Əliyeva, Jalə Əliyevaya və xüsusilə, bu təşəbbüsü irəli sürən professor Vaqif Sultanlı başda olmaqla kafedramızın əməkdaşları Xəyalə Əfəndiyeva və Nigar Məmmədliyə təşəkkür edirəm.

Təhsin müəllim ilk mühazirəsində demişdi: “Mən sizin müəlliminizəm. Ədəbiyyatşünaslıqla, ümumiyyətlə, həyatla, sənətlə bağlı sizi düşündürən suallarla  mənə müraciət edə bilərsiniz. Harada görsəniz, sualınızı verin. Universitetin həyətində də, kənar da da. Çəkinməyin!”. Tələbələrinə hər zaman vaxt ayırmağı bacaran müəllimim yenə də ənənəsinə sadiq qalıb bu gün də ona sualım olduğunu  bildirəndə ilk öncə tələbəsinin suallarını cavablandırdı. Ancaq bu dəfə  sualım nəzəriyyədən, həyatdan deyil, bizə nəzəriyyəni öyrədən müəllimimin həyatı barədə oldu.  Həmin gün hazırladığım müsahibəni oxucularımıza təqdim edirəm:

−Təhsin müəllim, 85 yaşında özünüzü necə hiss edirsiniz?

−Elə əvvəlki kimi. (gülür) Fərq olsa da, nəzərə çarpacaq dərəcədə deyil.

−Bakı Dövlət Universitetinin həyatınızdakı rolu nədən ibarətdir?

−Universitetimizin həyatımda çox böyük rolu var. Mənim bütün həyatım Bakı Dövlət Universiteti ilə bağlıdır. 1951-ci ildə universitetə qəbul olunmuş, bitirdikdən sonra da cəmi 3-4 ay universitetdən kənarda çalışmış, sonra staj naminə 2 illik işə düzəlmiş, daha sonra aspiranturaya qəbul olunmuşam. 1961-ci ildən isə BDU-nun müəllimiyəm. 55 ildir ki, bu səadəti yaşayıram. 55 il özü də bir insan ömrüdür, qağam. Universitet mənim həyatımdır!

−Təhsin müəllim,  həyatınızın ən unudulmaz anı hansı hadisə ilə bağlıdır

və  nə vaxta təsadüf etmişdi, dəqiqliklə xatırlayırsınızmı?

− Bir unudulmaz an? (fikrə gedir) Mən unudulmaz anlar deyərdim. 85 il az

müddət deyil. Ancaq içərisindən bir anı seçməyə gəldikdə Elmlər doktoru dərəcəsi almaq üçün müdafiə etdiyim günü seçərdim. 1975-ci il, iyun ayının 17-si.

− Sizi sənət aləmində ilk öncə rənglər cəlb etmişdi. Taleyinizi Bakı Dövlət Universiteti ilə bağlamazdan əvvəl Əzim Əzimzadə adına Rəssamlıq məktəbini bitirmişdiniz. Bizə mühazirə söyləyərkən söz vasitəsilə də möhtəşəm bir tablo, mükəmməl bir portret yaradırdınız. Rənglərin çalarından sözün sehrinə doğru istiqamətlənməyinizə nə səbəb oldu?

− Rəngin dilini, sirrini bilmək, özü də bir səadətdir. Onun sirrinə az-çox bələd idim. Ancaq o zaman respublikamızda rəssamlıq üzrə ali məktəb yox idi. Həm də ədəbiyyata böyük marağım, həvəsim vardı. O, həvəs məni universitetimizə gətirdi.

−Təhsin müəllim, biz  sizdən elmin sirlərini, həyatı, sənəti öyrəndik. Tələbələrinizə hansı məsləhətləri verərdiniz?

−Tələbəlik illərinin qədrini bilməyi və ondan maksimum dərəcədə faydalanmağı bacarmağı!

Suallarım cavablandırıldıqdan sonra  filologiya elmləri doktoru, professor Tofiq Hüseynoğlunun sədrliyi ilə  keçirilən tədbir professor Vaqif Sultanlının Hac ziyarətindən gətirdiyi müqəddəs zəmzəm suyu və xurmadan dadaraq başlandı.  Tofiq müəllim çıxışında Təhsin müəllimi 85 illik yubileyi münasibətilə təbrik edərək dedi: “ Təhsin müəllim mənim də müəllimim olub. Ona qazandığımız uğurlara görə təşəkkür edirik. Bu ömür yolu Təhsin müəllimin  halalıdır. O, yüksək mənəviyyatı, elmi, ləyaqəti  ilə  bu zirvəyə yüksəlib. Onun əsərləri heç vaxt köhnəlməyəcək. Onun nəzəriyyəyə, Ə. Haqverdiyev yaradıcılığına və digər mövzulara dair tədqiqatları bu gün də qiymətlidir, gələcəkdə də dəyərini itirməyəcək. Mən Təhsin müəllimin dostu olacaq bir adam tanımıram. Biz hamımız sizin tələbələrinizik. Hamımızın uğurunda sizin payınız var. Bu gün  sizi təbrik etmək və təşəkkürümüzü bildirmək üçün yığışmışıq. Dekanlıq adından Cavanşır müəllim də sizi təbrikə gəlib. Buyurun, Cavanşir müəllim.

Filologiya fakültəsinin dekan müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Cavanşir Muradov: Çox hörmətli Təhsin müəllim, dekanlıq adından sizi təbrik edirəm. Dekanımız Elçin müəllim də sizi ayrıca təbrik edəcək. Mən sizi 25 il olar tanıyıram.  Sizə böyük hörmətim var. Dekan müavini olduğum 6 il ərzində sizin dərs prosesini necə apardığınızı, tələbələrə necə can yandırdığınızı görmüşəm. Mən fəxr edirəm ki, sizin kimi müəllimlə işləyirəm. Sizi həmişə sağlam görmək istəyirəm. Siz həyatda uğurlar qazanmısınız. Akademiyanın müxbir üzvüsünüz. İndi sizə ancaq can sağlığı arzulayırıq.

Filologiya üzrə fəlsəfə doktoru, dosent Həqiqət Abdiyeva: O gün olsun akademik olsun!

Filologiya fakültəsinin dekan müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Cavanşir Muradov: Bəli.

Filologiya üzrə elmlər doktoru, professor Nizaməddin Şəmsizadə: Mən Abel müəllimə təşəkkür edirəm ki, məni öz müəllimlərimin yanına gətirib. Universitet mənim doğma məcramdır. Mən bu məcrada zövqlə axmağa hazıram. Təhsin müəllim, siz Azərbaycanın çox ləyaqətli yazıçısı, poetika elmini şərh edən böyük alimsiniz. Siz, doğrudan da, öz cığırı yolu olan adamsınız. Adam var ömür yaşayır. Siz tale yaşamısınız alim, ziyalı, müəllim kimi. Kim ədəbiyyatla məşğuldursa, xoşbəxt adamdır.  Alınıb-satılmayan ədəbiyyatla necə məşğul olmağı  Siz bizə öyrətdiniz. Çox çətin iş var həyatda: Yaşamaq! Bu çətin işin öhdəsindən bundan sonra da ləyaqətlə gəlin!

Filologiya üzrə elmlər doktoru, professor Almaz  Məmmədova: Təhsin müəllim mənim müəllimim olub. Seminar aparırdınız, bəzən də mühazirələri əvəz edirdiniz, biz ləzzət alırdıq.  Gözəl alim, əsl müəllimsiniz. Amma hər şeydən əvvəl siz doğru və düz adamsınız. Mən tələbə olduğum müddətdən indiyədək sizi bir sifətdə gördüm, Təhsin müəllim! Siz gözəl, doğru insansınız. Hər adam həyatı belə yaşaya bilmir. Bundan sonra mən sizə sağlam ömür arzulayıram, heç bir əsaslı təmirə ehtiyacı olmayan ömür!

Filologiya üzrə elmlər doktoru, professor İfrat  Əliyeva: Mən B. Vahabzadənin şerini bir qədər dəyişdirib Təhsin müəllim haqqında demək istəyirəm:

Özün bir aləmsən, sözün bir aləm,

Sən olan könüldə nə kədər, nə qəm.

Sizsiz bu dünyanın ən bədbəxtiyəm,

Sizinlə dünyada bəxtiyaram mən.

Sizinlə elmin hər sahəsində danışmaq olar. Siz bu gün Azərbaycan Ədəbiyyatşünaslıq  elminin ən görkəmli alimlərindənsiniz. Mən indiyədək eşitməmişəm ki, Təhsin müəllimin səsi hündürdən gəlsin. Onun səsi də, qışqırtısı da yazısındadır. Arzu edirəm ki, düşünən beyniniz, vuran  ürəyiniz heç zaman dayanmasın. Həmişə bir yerdə olaq.

Filologiya üzrə elmlər doktoru, professor Nizaməddin Şəmsizadə: İfrat xanımın bu söhbəti laylaya bənzədi.

Filologiya üzrə fəlsəfə doktoru, dosent Məhərrəm Vəliyev: Təhsin müəllim  mənim də müəllimim olub. I kursda bizə dərs deyib. Dediyi mühazirələr məndə indi də durur. Söz vermişəm, bu dəfə  Naxçıvana gedəndə gətirəcəyəm. Danışdıqları, jestləri, mimikası, maneraları o qədər doğmadır ki. Dərs nə vaxt qurtarardı, bilməzdik.

Təhsin müəllim təmənnasız adamdır. Onda həmişə səmimiyyət görmüşəm. Hər hansı bir problemim olanda müraciət etmişəm, Təhsin müəllim mənə yol göstərib. Müəllim tələbənin mənəvi atasıdır. Biz bu atalığı ondan görmüşük. 80 yaşı olanda nə qədər xahiş etdim ki, müəllim, yubiley keçirək, razı olmadı, − qağam, istəmirəm, lazım deyil,− dedi.  Təhsin müəllimin ruhu cavandır. Zövq əhlidir. Gözəlliyi dəyərləndirməyi bacarır. Təhsin müəllim az yazır, elə yazır ki, hər şeyi  əhatə edir.

Filologiya elmləri doktoru, professor Tofiq Hüseynoğlu: Təhsin müəllimdə çox yazmaq və saz yazmaq da var. Necə ki, tələbələri Təhsin müəllimlə fəxr edir, mən də həmişə tələbələrimlə fəxr etmişəm. Bu gün bura Vaqif müəllimin təşəbbüsü ilə yığışmışıq. Sözü Vaqif müəllimə verirəm.

Filologiya elmləri doktoru, professor Vaqif Sultanlı: Biri ilə ünsiyyətdə olarsınız, əsərini oxuyarsınız, onu alim kimi tanıyarsınız, amma insan kimi tanımaq üçün  bir yerdə işləmək də kifayət eləmir. Bir dəfə yadımdadır ki,  dəniz kənarı ilə gedirdim. Jurnalistika fakültəsində oxuyan,  mənimlə eyni vaxtda universiteti bitirən   tələbə yoldaşım da orada idi. Birdən Təhsin müəllimi gördük. Təhsin müəllimi görəndə elə bil ki, neçə ildir görmədiyimiz doğma bir adama rast gəldik. Çünki adam bəzən telefon kitabçasına baxır. Telefon kitabçası dolub. Nə qədər insanlar var dünyasını dəyişib və nə qədər sağ insanlar da var, amma o çoxsaylı insanın içərisində bəzən bir nəfər tapmırsan ki, zəng edəsən, danışasan, görüşəsən. Bu problem həmişə olur. Təhsin müəllimi görüb sevindik ki, nə yaxşı Təhsin müəllimə rast gəldik, gedək onunla bir çay içək.

Filologiya elmləri doktoru, professor Təhsin Mütəllim: Özü də ən dilxor günlərimdən biri idi.

Filologiya elmləri doktoru, professor Vaqif Sultanlı: 4-5 il bundan qabaq idi. 2 saat, bəlkə də 3 saat söhbət etdik. Mən neçə ildir Təhsin müəllimlə bir universitetdə işləyirəm, amma ona qədər mən Təhsin müəllimi tanımırdım. Bu cür tədbirlərin keçirilməsi çox vacibdir. Mən Təhsin müəllimin daha gözəl  günlər görməsini arzulayıram.  Təhsin müəllimin  böyük bir arzusu var. Uzun illər dərs dediyi tələbələrin dəftərlərində olan, kitablarında olan, bir çox alimlərin bəhrələndiyi nəzəriyyə kitabının üzərində  işləyir. Onu tezliklə ortaya çıxarsın. O kitab bizim Ədəbiyyat nəzəriyyəsi kitabları içərisində ən qiymətli kitablardan biri olacaq, bəlkə də birincisi olacaq. Mən Təhsin müəllimə ömür arzulayıram ki, arzularını həyata keçirsin.

Filologiya elmləri doktoru, professor Təhsin Mütəllim: Minnətdaram.

Filologiya üzrə fəlsəfə doktoru, dosent Jalə Hüseynova: Təhsin müəllim xoşbəxtdir. Ona görə ki, gözəl müəllimlərdən dərs alıb. Bizim evin içində öz universitetimiz vardı. Sanki ədəbi məclis idi. Biz bu məclisdə ədəbiyyatla bağlı məsələləri, oxuduğumuz əsərləri təhlil edirdik. Mənə xoşdur sizin haqqınızda danışmaq, əhatənizdə olmaq. Çünki  o anlarda, o xatirələrdə mənim uşaqlığım var.  Siz nə qədər varsınızsa, mənim uşaqlığım da  yaşayır.  Təhsin müəllimin ictimai həyatı xoşbəxtdir. Şəxsi kədərini isə heç kəsə bildirməyib.

Filologiya üzrə elmlər doktoru, professor İfrat  Əliyeva:

Qocaldır insanı, qocaldır zaman,

Ürəyin atəşi, közü qocalmır.

Əsl sənətkarın, əsl müəllimin

Özü qocalsa da, sözü qocalmır.

Sizə qocalmayan ürək, qocalmayan səadət arzulayıram.

Filologiya üzrə fəlsəfə doktoru, dosent Məti Osmanoğlu: Mən Azərbaycanın ən ucqar kəndindən gəlmişdim. Müəllimlərdə iki şeyi yadda saxlayırdıq. Biri geyim, biri təxəllüs. Təhsin müəllimin təxəllüsü “Qağa” idi. IV kursda qağamız oldu. Hər şeyi Təhsin müəllimlə bölüşə bilərdik. Mənim diplom rəhbərim olub. Təhsin müəllim, həmişə sevilə-sevilə yaşamısınız. Sizə elə sevilə-sevilə yaşamağı arzulayıram. Gün o gün olsun ki, 100 yaşınız olsun, bu gün oturduğumuz məclisin başında yenə oturasınız.

Filologiya elmləri doktoru, professor Tofiq Hüseynoğlu: Sözü bir neçə dil bilən, Azərbaycan, fars ədəbiyyatını gözəl bilən Sənan  müəllimə verirəm.

Filologiya elmləri doktoru, professor  Sənan İbrahimov: Mən Təhsin müəllimin kadrlarındanam. Məni işə Təhsin müəllim götürüb. Mən Təhsin müəllimə uğurlarıma görə minnətdaram. Onun adı, nüfuzu  kitablarımızın nəşrində bizə çox kömək edib. Elə həyatda da Təhsin müəllim həmişə köməyimiz olub.

Filologiya üzrə elmlər doktoru, professor Almaz  Məmmədova: Məclisimizə şeirlər də rəng qatır. Bir şeir də mən deyim:

Bir zaman qapımı döydü qocalıq,

Əlində əsası, gözündə eynək.

Dedi, istəsən də, istəməsən də,

Səninlə günümü keçirəm gərək.

Son yurdum alnının qırışlarıdır,

Bir də ki, saçında məskən salmışam.

Cavanlıq atını çapıb gedəndə

Mən səni gözləyib yolda qalmışam.

Sizə qocalıqda da sağlam yaşamağı arzulayıram.

Filologiya üzrə fəlsəfə doktoru, dosent Lalə Əliyeva: Təhsin müəllim geyimi, maneraları, ətrinin qoxusu ilə tam fərqli bir centelmen  idi. O, tabunu sındırdı. Filologiya gəlin adayı idi, Təhsin müəllim bəy adayı. Yuxarı kurslarda oxuyan qızların çoxu oxları daşa dəyənlər idi. Elə Təhsin müəllim deyə-deyə getdilər.

Təhsin müəllim kafedra müdiri olanda  biz ciddi elmi tədbirlər gördük. Vaqif müəllimə çox təşəkkürümü bildirirəm. Tofiq müəllim də sağ olsun. Bu gün

yığışmağımız kökə qayıdışdır.

Filologiya üzrə fəlsəfə doktoru, dosent Həqiqət Abdiyeva: Biz Təhsin müəllimlə 1981-ci ildən qonşu olmuşuq. 1997-ci ilədək. Allah rəhmət eləsin Cəlal müəllimə. Bir yerdə olardılar. Təhsin müəllim öz səliqəsi, nitqi, insanlara münasibətilə seçilirdi. “Təhsin müəllim insan kimi insandır”,− deyirdi o binadakılar.  Allah sizə can sağlığı versin!

Filologiya elmləri doktoru, professor Tofiq Hüseynoğlu: Bizim kafedrada 8 qız – 8 ulduz var. Onlar da müəllimlərini çox sevir. Təhsin müəllim haqqında onların da ürək sözü var. Çox sevindirici haldır ki, Vaqif müəllim tələbələrimizlə belə bir təşəbbüs irəli sürdü. Buyurun, qızlar.

Sevər Calalova: Məni bu kafedraya  Təhsin müəllim gətirib. Rus bölməsini

fərqlənmə diplomu ilə bitirmişdim. Siz mənə əmilik etdiniz, Təhsin müəllim! Hər tərəddüdümdə, − qızım, qorxma , − deyib mənə kömək edərdiniz. Həmişə var olun!

İlahə Dadaşova: Təhsin müəllim, ilk növbədə, sizi 85 illik yubileyiniz münasibətilə təbrik edirəm. Bu gün sizin şəxsinizdə mənə dərs demiş bütün müəllimlərimə təşəkkür edirəm. Biz test üsulu ilə imtahan verib universitetə qəbul olunmuşuq.  Siz bizi testin A, B, C, D, E-sindən qurtardınız. Universitet bizim dilimizi açdı, yaradıcılığa yönəltdi. Siz sözün ən doğru məqamını seçib onun sehrinə dalıb səadət tapmağı öyrətdiniz bizə. Ədəbiyyatşünaslığın qanunlarından həyatın qanunlarına qədər  şərh etdiniz.  İllər əvvəl çoxsaylı tələbələriniz adından sizi təbrik etmək səadətinə qovuşdum. 79 yaşınız tamam olurdu. 80-ni – yubileyi gözləyə bilmədim, yazdım. Çünki artıq yazmaya bilmirdim. Bunu da bizə siz öyrətmişdiniz. Mühazirələrinizin birində “ Qağam, o məqama qədər yazmayın ki,  artıq yazmaya bilmirsiniz”,− demişdiniz. Məqam o məqam idi. Haqqınızda yazmaq həvəsi, cəsarəti duyub tələbəlik illərimin ilk günlərinə qayıtdım. I kursda bizə dərs demişdiniz. Söylədiklərinizi kəlmə-kəlmə qeyd etmişdim. O yazı mənim  müəllimimə təşəkkürüm idi. Təhsin müəllim, zəhmətinizi halal edin, Ədəbiyyatşünaslığın əsaslarını öyrənmək bizim üçün ixtisasımızı öyrənməkdə bünövrə oldu.

Filologiya elmləri doktoru, professor  Təhsin Mütəllimov: Halal olsun, qağam, halal olsun!

İlahə Dadaşova: Çox sağ olun! Siz bizə şeiri, sənəti, məzmun və forma uyarlığını öyrətdiniz. Mən bu gün burada iştirak edə bilməyən tələbələrinizin, o cümlədən, dərs dediyim “ BTİM-XXI ƏSR”-in   direktoru Lümunət xanım Kərimovanın adından da  Sizi təbrik edirəm.

Filologiya elmləri doktoru, professor  Təhsin Mütəllimov: Çox sağ ol! Lümunət xanım da sağ olsun, salamımı çatdırarsan. Təşəkkür edirəm, teleqram da vurmuşdu.

İlahə Dadaşova: Çox sağ olun, Təhsin müəllim! Ən əsası, məni daha çox sevindirən, qürurlandıran o oldu ki, illər sizi nəinki unutdurmayıb, əksinə, adınız çəkiləndə tələbəniz olan hər bir şəxsin çöhrəsində təbəssüm, fərəh; gözlərində sevinc, işıq,  nur, səadət görürəm. Tələbələrinin qəlbində, yaddaşında  yaşayan müəllimim, bu işığın istisində arzuladığınız kimi gözəl həyat yaşayasınız!

Xəyalə Əfəndiyeva: Biz sizin işığınızda böyümüşük. I kursa qəbul olanda, Bakıya gələndə ailəmiz üçün çox darıxırdım. İlk dərsimiz professor Xalid Əlimirzəyevin Ədəbiyyat nəzəriyyəsi dərsi olmuşdu. Xalid müəllim görkəmi, geyimi, saçının rəngi, üz cizgiləri, danışığı, yerişi belə ilə atama bənzəyirdi. Onun dərsində həmişə özümü  dərsdən çox evimizdə hiss edir, ona baxıb rahatlıq tapır, atamı yanımda hiss edir və bu təəssüratımı atamla bölüşürdüm.  Günlərin birində, yəni ötən illərdə universitetə çatanda  xəbər tutdum ki, Xalid müəllim dünyasını dəyişib. Fakültənin girişində Xalid müəllimin şəklinin qarşısına qərənfillər düzülmüşdü. Mən şəklin yanında Təhsin müəllimi gördüm. Gözləri yaşlı idi. Mən şəklə yox, Təhsin müəllimin üzünə baxdım.  Təhsin müəllimin üzündə Xalid müəllimin yoxluğunun, dost itkisinin doğurduğu acının necə şəkilləndiyini görürdüm. Bu mənə çox ağır təsir etdi. Həyatımda ilk dəfə idi ki, Təhsin müəllimi belə sıxıntılı görürdüm. Biz tələbələr hamımız kövrəldik, təsəllini Təhsin müəllimin varlığında, ona sığınaraq  tapdıq. Müəllimi itirmək valideyni itirmək qədər ağırdır. Biz təsəllimizi Təhsin müəllimin varlığında tapdıq. Sonra Qara Namazov dünyasını dəyişəndə də Təhsin müəllimi belə pərişan gördüm. Təhsin müəllim öz dostlarını necə sevirdi və onların itkisi ona necə ağır təsir edirdi. Mən arzu edirəm ki, Təhsin müəllim başda olmaqla  bütün müəllimlərimiz kafedramızda, belə gözəl süfrələrimizin başında əyləşsinlər. Biz hər dəfə qapıdan girəndə onların işığı ilə rahatlanaq, onlardan  gələn işıqla aydınlana bilək. Onların işığına qovuşanda biz daha rahat oluruq. Sevincimizi də, sıxıntımızı da onlarla bölüşə bilək. Təhsin müəllim başda olmaqla bütün müəllimlərimizə can sağlığı arzulayıram.

Aidə Əzimova: Mən Təhsin müəllimin dediyi kimi, kafedramızın sonbeşiyiyəm. Sizi təbrik edirəm, Təhsin müəllim! Tələbələrdə o sevgini hiss edirdim: Sizə olan sevgini! Yüz yaşayın, həmişə var olun!

Nigar Məmmədli : Mən də Təhsin müəllimi təbrik edirəm, onu çox sevdiyimi bildirmək istəyirəm. Çox təəssüf edirəm ki, Təhsin müəllim mənə dərs deməyib. Ancaq onunla ünsiyyətin özü bir dərsdir: həyat dərsi! Ömrüm boyu gərəyim olacaq bir dərs!

Filologiya elmləri doktoru, professor Tofiq Hüseynoğlu: Təhsin müəllim, Sizə bundan da gözəl günlər arzulayırıq!

Filologiya elmləri doktoru, professor  Təhsin Mütəllimov: Mən indiyədək heç bir yubileyə  razı olmamışam. Rektorumuz Abel müəllim də sağ olsun.  O zaman 70 də mənə çox görünürdü. Dedim, bunun nəyini bayram edək, adamın qanı qaralır. İndi gördüm ki, doğrudan da, tələsmişəm. Mənə bir təhər gəlib ki, yaşlanmağı qeyd etməyin  nəyi yaxşıdır?! Amma mənim keçmiş günlərim yadıma düşdü. İndi gördüm ki, ömrü  səhifələmək baxımından yubiley adı ilə yığışmağımız yaxşı şey imiş. Hamınıza minnətdaram.

İlahə Dadaşova

Filologiya fakültəsinin dissertantı

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024