Tanınmış alim Əkbər Bayramov vəfat edib
Bakı Dövlət Universitetinin fəxri professoru, psixologiya elmləri doktoru, əməkdar elm xadimi, Əkbər Salman oğlu Bayramov vəfat edib. Ə.Bayramov 1930-cu ildə anadan olub. 1949-cu ildə Ağdam Pedaqoji Texnikumunu və 1954-cü ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin Məntiq-psixologiya şöbəsini əla qiymətlərlə bitirib. 1954-1957-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində psixologiya ixtisası üzrə aspiranturada təhsil alıb. 1957-1958-ci illərdə ADPU-da aspirantura şöbəsinin müdiri, 1958-1960-cı illərdə isə elmi işlər üzrə prorektorun köməkçisi işləyib. 1959-cu ildə namizədlik, 1969-cu ildə doktorluq dissertasiyası müdafiə edib. 1960-1970-ci illərdə ADPU-nun psixologiya kafedrasında baş müəllim, dosent, professor vəzifələrində işləyib. 1971-1992-ci illərdə ADPU-da Pedaqogika və psixologiya kafedrasının müdiri, 1992-ci ildən 1997-ci ilə qədər BDU-da Psixologiya kafedrasının müdiri olub. Həmin ildən öz fəaliyyətini kafedranın professoru kimi davam etdirib. Son dövrlər xalqımızın ədəbi-bədii irsində, “Kitabi-Dədə Qorqud” dastanlarında, xüsusən də klassik sənətkarların (Nizami Gəncəvi, İ.Nəsimi, M.Füzuli, A.Bakıxanov, M.F.Axundov, C.Məmmədquluzadə, M.Ə.Sabir) ədəbi irsində psixoloji ideyaların inkişafını tədqiq edib. Elmi rəhbərliyi ilə psixologiya elmi üzrə 35-dən artıq elmlər namizədi və elmlər doktoru hazırlanıb. “Şərəf nişanı” ordeni, “SSRİ maarif əlaçısı” və “Şöhrət” ordeni, eləcə də Azərbaycan Respublikası Təhsil Nazirliyinin fəxri fərmanları ilə təltif edilib. Əməkdar elm xadimi fəxri adı alıb. Prezident təqaüdçüsüdür. Psixologiya elminin, təlim-tərbiyənin aktual məsələlərinə dair 270-dən artıq qəzet məqaləsinin müəllifidir. Psixologiya, pedaqogika, məntiq və s. elmlər üzrə o, 35-dən artıq dərslik, dərs vəsaiti və monoqrafiyanın elmi redaktoru olub. Respublikada psixologiya elminin inkişafında, yeni psixoloqlar nəslinin yetişməsində Əkbər Bayramov əvəzsiz xidmətlər göstərib.
Allah rəhmət eləsin!