Tariximizin qanlı səhifəsi: 1918-ci ilin mart soyqırımı

31/03/2024

Tarix boyu soydaşlarımız Ermənistan tərəfindən dəfələrlə məqsədyönlü şəkildə etnik təmizləməyə, soyqırımına və deportasiyalara məruz qalıblar. Azərbaycan xalqına, türk dünyasına qarşı erməni daşnaklarının soyqırımı siyasəti 200 ilə yaxındır davam edir.

Xalqımıza qarşı həyata keçirilmiş ən dəhşətli soyqırımı hadisələrindən biri 1918-ci ilin mart-aprel aylarında törədilib. Mart soyqırımı öz amansızlığı və miqyasına görə bəşər tarixində də ən qanlı faciələrdəndir.

1918-ci ilin mart günlərindəki bu qırğınlar zamanı üç gün ərzində Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağ, Zəngəzur, Muğan, Xaçmaz, Naxçıvan, Lənkəran və Azərbaycanın başqa bölgələrində ermənilər tərəfindən amansız qanlı faciələr törədilib.  Yüzlərlə şəhərimiz və kəndimiz, o cümlədən Qarabağ ərazisində azərbaycanlıların yaşadıqları 150-dən çox kənd xarabalığa çevrilib, Şuşada görünməmiş qırğınlar həyata keçirilib. Ermənilər evlərə od vurub, insanları diri-diri yandırıb, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıdıb, Bakının böyük bir hissəsini xarabalığa çeviriblər. 50 mindən çox soydaşımız, o cümlədən Bakıda 30 minə yaxın azərbaycanlı qətlə yetirilib. Erməni silahlı dəstələri Bakı qəzasında 229, Gəncə qəzasında 272, Zəngəzur mahalında 115, Qarabağda isə 157 kəndi yerlə-yeksan ediblər. Andranikin quldur dəstələrinin 1918-1920-ci illərdə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımı nəticəsində indiki Ermənistan ərazisində, yəni Qərbi Azərbaycan torpaqlarında yaşayan əhalinin çox böyük hissəsi, təxminən 565 min nəfəri vəhşicəsinə öldürülüb, yaxud öz dədə-baba torpaqlarından qovulub.

Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının qərarı ilə 1918-ci il iyulun 15-də bu faciənin tədqiqi məqsədilə Fövqəladə İstintaq Komissiyası yaradılmışdı. Komissiya ilkin mərhələdə Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyası ərazisində ermənilərin törətdikləri ağır cinayətləri araşdırdı. Dünya ictimaiyyətinə bu həqiqətləri çatdırmaq üçün Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum da təsis edildi. Martın 31-də Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü elan olundu. Lakin Cümhuriyyətin süqutu bu sahədə başlanmış işi yarımçıq qoydu.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini ortaya qoymaq imkanı yarandı. Mart soyqırımı haqqında həqiqətlərin dünyaya çatdırılması üçün Azərbaycan dövləti bütün zəruri addımları atıb. Bu sahədə məqsədyönlü fəaliyyət Ümummilli Lider Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə qayıdandan sonra başlanıb. Ulu Öndərin 1998-ci il martın 26-da imzaladığı Fərmanla 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib.

Bu, keçmişin, tarixi proseslərin obyektiv öyrənilməsi, gələcək nəsillərin tarixi gerçəklikləri, tarixi hadisələri unutmaması üçün çox vacib və əhəmiyyətli bir sənəddir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xüsusi diqqəti sayəsində 1918-ci il soyqırımı ilə bağlı genişmiqyaslı araşdırmalar aparılıb. Quba şəhərində azərbaycanlıların kütləvi məzarlığı aşkar olunub, erməni millətçiləri tərəfindən törədilmiş cinayətlərə dair yeni faktlar üzə çıxarılıb, 2013-cü ildə Quba şəhərində Soyqırımı Memorial Kompleksinin açılış mərasimi keçirilib.

Azərbaycan dövlətinin atdığı addımlar, görülən tədbirlər 1918-ci ildə erməni silahlı birləşmələri tərəfindən xüsusi amansızlıqla törədilmiş cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun şəkildə çatdırılmasında əvəzsiz rol oynayıb. Soydaşlarımızın azərbaycançılıq ideyası, milli məfkurə ətrafında daha da sıx birləşməsinə yeni təkan verib.  Erməni-bolşevik silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti 2018-ci il 18 yanvar tarixində “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalayıb.

Ermənilərin tarix boyu xalqımıza qarşı törətdikləri bütün cinayətlərin cavabı 2020-ci ilin sentyabrında başlayan, 44 gün davam edən Vətən müharibəsi və ötən ilin sentyabrında keçirilən lokal antiterror əməliyyatı ilə verildi. 200 ildən çox ermənilərin “böyük Ermənistan” xülyası çərçivəsində törətdikləri vəhşiliklərin, şəhidlərimizin qısasını Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə döyüş meydanında aldı. Ermənistanın 30 il davam edən işğalına son qoyuldu, ölkəmizin ərazi bütövlüyü, suverenliyi bərpa edildi.

Tarix unudulanda təkrarlanır, deyirlər. Bu faciələri bir daha yaşamamaq üçün tariximizi dərindən öyrənmək və öyrətmək hər birimizin vətəndaşlıq borcudur.

Xəbərlər

BDU-da “E-tarım sulama” mövzusunda elmi seminar

BDU-da “E-tarım sulama” mövzusunda elmi seminar
11/10/2024

BDU-nun dekanı Türkiyənin Bartın Universitetinin tələbələrinə mühazirə oxuyub

BDU-nun dekanı Türkiyənin Bartın Universitetinin tələbələrinə mühazirə oxuyub
11/10/2024

BDU-nun I kurs tələbələri üçün “Adaptasiya” mövzusunda təlimlər keçirilir

BDU-nun I kurs tələbələri üçün “Adaptasiya” mövzusunda təlimlər keçirilir
11/10/2024