Tariximizi yaşadan muzeylər, gününüz mübarək!

18/05/2020

18 may - Beynəlxalq Muzeylər Günüdür.

Muzeylər tarixlə bağlı həqiqəti təcəssüm etdirən, mədəni irsi qoruyan, tədqiq və təbliğ edən zəngin mədəniyyət ocaqlarıdır. Tarixi özündə yaşadan, ötən dövrlərin müxtəlif olaylarından xəbər verən eksponatların komplektləşdirilməsini, qorunub saxlanmasını, etibarlı mühafizəsini, tədqiqini və nümayişini təmin edən muzeylər hər bir cəmiyyətin maddi-mənəvi xəzinəsi hesab olunur. YUNESKO-nun Beynəlxalq Muzeylər Şurasının 1977-ci ilə təsadüf edən 11-ci Konfransında qəbul olunmuş qərara əsasən hər il mayın 18-i dünyada “Beynəlxalq Muzeylər Günü” kimi qeyd edilir. 1978-ci ildən başlayaraq hər il 150-dən çox ölkədə qeyd olunan bu beynəlxalq tədbir  bir qayda olaraq xalqlar arasında mədəni mübadilənin, mədəniyyətin müxtəlif istiqamətlərini özündə birləşdirən sahələr üzrə qarşılıqlı əməkdaşlığın inkişafına öz töhfəsini verir. Beynəlxalq Muzeylər Günü hər bir ölkədə ictimaiyyətin diqqətini xalqın mədəni irsini qoruyub saxlayan və gələcək nəsillərə ötürən muzeylərin vəziyyətinə, bu sahədə mövcud olan problemlərə cəlb etmək, onların həlli yollarını tapmaq, muzeyləri inkişaf etdirmək və zənginləşdirmək baxımından mühüm əhəmiyyət daşıyır. Bu beynəlxalq tədbir çərçivəsində adəti üzrə bütün muzeylərdə “Açıq qapı” günü keçirilir və ziyarətçilərin tarixi hadisələri əks etdirən muzey eksponatları və əşyaları ilə daha yaxından tanış olmaları üçün əlverişli şərait yaradılır. Müasir dünyada tarixi çox keçmişlərə söykənən, özündə ötən dövrlərdə yaşananları müxtəlif dəyərli eksponat və ekspozisiyaları ilə ehtiva edən, milyonların ziyarət məkanına çevrilən yüzlərlə məşhur muzeylər fəaliyyət göstərir. Qədim eksponatların və şəxsi kolleksiyaların, nadir əşyaların mühafizə edildiyi Vaşinqtonda Milli İncəsənət Qalereyası, Nyu-Yorkda Metropoliten Muzeyi, Parisdə Luvr Muzeyi, Venesiyada Akademiya Qalereyası, Drezdendə Şəkil Qalereyası, Moskvada Tretyakov Qalereyası, Sankt-Peterburqda Dövlət Ermitajı kimi məşhur muzeylər sözün həqiqi mənasında zəngin mədəniyyət ocaqlarıdır.

İnkişaf etmiş ölkələrdə muzey işinin təşkili ilə bağlı əldə edilmiş təcrübənin öyrənilməsi ölkəmizdəki muzeylərin fəaliyyətinin təkmilləşməsində, bu növ fəaliyyətin elm və təhsil sahəsində müasir tələblərə uyğun şaxələndirilməsində, rəqəmsal texnologiyaların inkişafı dövründə muzeylərin interaktivliyinin təmin edilməsində xüsusi əhəmiyyətə malikdir.

Azərbaycanda bir çox sahələr kimi muzey işinin, muzeyşünaslığın inkişafı da Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonrakı dövrlərə təsadüf edir. 1969-cu ilədək ölkəmizdə 29 muzey fəaliyyət göstərirdisə, Ulu Öndərin sovet dövründə respublikaya rəhbərliyi illərində 111 müxtəlif profilli muzey yaradılmışdır. Dahi lider ötən əsrin 70-80-ci illərində Azərbaycanda yeni muzeylərin yaradılması, onların bazasının möhkəmləndirilməsi, muzey fondlarının zənginləşdirilməsi və ekspozisiyaların müasir şəkildə qurulması istiqamətində zəruri tədbirlərin həyata keçirilməsini təmin edən vacib qərarlar qəbul etmişdir. Bu tədbirlərə uyğun olaraq ölkəmizdə Azərbaycan Muzeylər İdarəsi, Muzey İşi üzrə Respublika Elmi-Metodik Mərkəzi, Muzeylərin Bədii Tərtibatı Müəssisəsi, Muzey Sərvətlərinin və Xatirə Əşyalarının Elmi-Bərpa Mərkəzi kimi qurumlar yaradılaraq fəaliyyətə başlamışdır. Qısa zaman ərzində Azərbaycanın 60-dək rayonunda tarix-diyarşünaslıq muzeyləri yaradılmışdır.Qeyd edilməlidir ki, ötən əsrin 90-cı illərində bu sahədə vəziyyət heç də ürəkaçan olmamışdır. Azərbaycanda ictimai-siyasi gərginlik, xaos və anarxiya digər sahələrdə olduğu kimi, muzey işinə də öz mənfi təsirini göstərmişdir. Yalnız 1993-cü ildə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə gələn Ümummilli lider Heydər Əliyevin müdrik siyasi fəaliyyəti nəticəsində bütün sahələrdə əsaslı dönüş yarandı. Mədəni irsimizə  diqqət və qayğı yeni muzeylərin təşəkkül tapmasına və daha da müasirləşdirilməsinə yol açdı.

Təəssüflər olsun ki, uzun illər ölkəmizdə fəaliyyət göstərmiş və xalqımızın tarixi və mədəniyyətinin təbliğatçısı kimi tanınmış muzeylərin 22-si ötən əsrin 90-cı illərində erməni qəsbkarlarının təcavüzü nəticəsindəbu gün işğal altındadır. Erməni işğalı nəticəsində Ağdamda Çörək muzeyi iləyanaşı, Tarix-Ölkəşünaslıq  muzeyi, tarzən  Qurban Pirimovun xatirə muzeyi,AğdamŞəkilQalereyası,Şuşada Natəvanın, Bülbülün, Əbdürrəhim bəy Haqverdiyevin və başqalarının ev muzeyləri, Şəkil Qalereyası, Şuşa və Xankəndi Diyarşünaslıq muzeyləri eksponatları iləbirlikdə tamamilə məhv edilib. Şuşa şəhərinin tarixi muzeyinin 5 minədək, Azərbaycan  Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi Şuşa filialının, Dövlət Qarabağ tarixi muzeyinin 1000-dək əşyası, dahi bəstəkar Üzeyir Hacıbəyovun,  görkəmli  müğənni  Bülbülün, görkəmli musiqiçi və rəssam Mir Mövsüm  Nəvvabın xatirə muzeylərinin ümumilikdə 800-dən çox eksponatı talan edilib. Erməni qəsbkarları böyük sənətkarların heykəllərini  Şuşa şəhərindən Ermənistan ərazisinə aparıblar. Bu dəyərli abidələr bütün əxlaq normalarına, beynəlxalq humanitar prinsiplərə zidd olaraq odlu silah və ağır texnika vasitəsilə vəhşicəsinə sıradan çıxarılıb. 30 mindən çox tarixi əhəmiyyətli əşyaları olan Kəlbəcər Tarix-diyarşünaslıq muzeyi də erməni vandallarının talanına məruz qalıb.

Qeyd edilməlidir ki, işğal olunmuş ərazilərdə tarix-mədəniyyət abidələrinin dağıdılması, saxtalaşdırılması və talan edilməsi UNESCO-nun “Ümumdünya mədəni və təbii irsin qorunması haqqında” Konvensiyasının kobud şəkildə pozulması ilə bərabər misli görünməmiş vandalizm aktıdır.

Ulu Öndərin layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın diqqət və qayğısı sayəsində bu gün muzeylərin inkişafı tamamilə yeni mərhələyə qədəm qoymuşdur. Ölkə başçısı tərəfindən imzalanmış müvafiq fərman və sərəncamlarla Neft Muzeyinin, Müasir İncəsənət Muzeyinin, İdman və Olimpiya Hərəkatı Muzeyinin yaradılması bu yüksək qayğının dolğun təzahürüdür.

Ölkə Prezidentinin 22 may 2009-cu il tarixli Sərəncamı ilə təsdiq olunan “Azərbaycanın regionlarında fəaliyyət göstərən muzeylərin müasir standartlara uyğun təmirinə, yeni avadanlıq və zəruri eksponatlarla təchizatına dair xüsusi Tədbirlər Planı” ölkəmizdə muzey işinin inkişafına yeni imkanlar açmaqla bərabər, onun gələcək inkişaf strategiyasının müəyyən edilməsindəxüsusi əhəmiyyət kəsb edir.

Hazırda Azərbaycanda 200-dən çox muzey fəaliyyət göstərir: bunlardan 68-i tarix-diyarşünaslıq, 52-si Heydər Əliyev muzeyləri, 43-ü görkəmli xadimlərin evmuzeyləri, 14-ü incəsənət, 12-si tarix, 7-si ədəbiyyat, 5-i döyüş şöhrəti muzeyləridir. Regionlarda fəaliyyət göstərən Heydər Əliyev muzeyləri mədəniyyət ocaqları kimi Ulu Öndərin zəngin irsinin öyrənilməsində, onun ideyalarının təbliğində və gələcək nəsillərə çatdırılmasında müstəsna rol oynayır.

Xüsusilə qeyd edilməlidir ki, bu gün universitet muzeylərinin əhəmiyyəti, onun  təhsil və elmlə birgə vəhdəti gələcək nəsillərin tariximizə və mədəni irsimizə bağlılığında vacib faktorlardandır.  Bu gün ölkəmizdə fəaliyyət göstərən dövlət və özəl ali məktəblərinin əksəriyyətində muzey ənənələrinin inkişafı fərəhləndiricidir.  Bildiyimiz kimi,  ilk universitet muzeyi ötən il 100 illiyini qeyd etdiyimiz Azərbaycan universitetlərinin flaqmanı sayılan Bakı Dövlət Universitetində yaradılmışdır. Bu gün BDU-da  5 muzey fəaliyyət göstərir :

Ulu öndərin şəxsi razılığı ilə 1997-ci ildə yaradılmış, BDU-nun dünya şöhrətli məzunu və fəxri doktoru olan böyük şəxsiyyətin həyatının müxtəlif dövrlərini əks etdirən, tələbələr üçün son dərəcə tərbiyəvi, tədqiqatçılar üçün elmi əhəmiyyəti olan zəngin materiallar və tarixi sənədlər saxlanılan Heydər Əliyev muzeyi, 1920-ci ildə fəaliyyətə başlayan görkəmli ziyalılar, alimlər haqqında sənədlər, qısa tarixi məlumatlar, müxtəlif dövrlərdə tədris prosesində və elmi araşdırmalarda istifadə olunan alət və avadanlıqlar, cihaz və qurğular, universitet həyatında baş verən əlamətdar hadisələri əks etdirən fotomateriallardan ibarət BDU-nun Tarixi muzeyi, tələbələrin “Geologiya” və “Geologiya mühəndisliyi” ixtisaslarına dərindən yiyələnmələri üçün mineralogiya, kristalloqrafiya, petroqrafiya, faydalı qazıntılar və digər sahələr üzrə mütəmadi zəngin kolleksiyalar, tematik sərgilər və ekspozisiyalar təşkil edilən, geoloji fənlərin məşğələ dərsləri keçirilən Geologiya fakültəsinin “Faydalı qazıntılar müzeyi”, Ali və orta məktəblərin biologiya müəllimlərinin ixtisaslarını təkmilləşdirmə auditoriyasına çevrilmiş, peşəkar kadrların hazırlanmasında fəal iştirak edən, 1937-ci ildə təsis olunmuş M.A.Axundov adına “Təkamül təlimi muzeyi” 1976-cı ildə yaradılmış zəngin osteoloji materiallar, gil məmulatları, Qafqaz Albaniyası, antik və orta əsrlərə aid nümunələr, eləcə də Azərbaycan məişətini, zəngin mədəni irsini əks etdirən “Arxeologiya və etnoqrafiya muzeyi” universitet muzeyləri ənənəsini yaşadan, tələbələr, müəllimlər və tədqiqatçıların bəhrələndiyi mədəniyyət ocaqlarındandır.

18 may tarixində respublikanın bütün muzeylərində Beynəlxalq Muzeylər günü müxtəlif kütləvi tədbirlər, sərgilər, təmir olunmuş muzeylərdə yeni ekspozisiyaların açılış mərasimləri ilə qeyd edilir. Tariximizi və mədəniyyətimizi yaşadan muzeylərə dövlət qayğısı ilə yanaşı, cəmiyyətin hər bir üzvünün diqqəti və yaradıcı münasibəti olduqca vacibdir. Bu cür münasibət xalqımızın milli-mənəvi dəyərlərinin bu gün qorunub saxlanması və sabaha ötürülməsi, gənc nəslin düzgün tərbiyə olunması və vətənpərvərlik ruhunda formalaşması üçün möhkəm zəmin yaradır. Ulu Öndərimiz Heydər Əliyevin muzeylərin əhəmiyyəti haqqında bu kəlamını unutmamalıyıq: “Milli ənənələrimizin nə qədər dəyərli olduğunu dünyaya gələn yeni nəsillərə çatdırmaq və onları bu ənənələr əsasında tərbiyə etmək üçün muzeylər lazımdır”.

Ramin Səmədov

BDU-nun Tarixi muzeyinin müdiri

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024