Təbiətin oyanış və birlik bayramı - Novruz

20/03/2026

Təbiətin oyanışını, gecə ilə gündüzün bərabərləşməsini, əkinçilik həyatının başlanğıcını, ölüb-dirilən tanrını özündə rəmzləşdirən Novruz bayramı Azərbaycan xalqının mənəvi dəyərlər sistemində özünəməxsus yer tutur. Yaz bayramı türkün təbiətə bağlılığından irəli gələn və ona duyulan sevgidən təşəkkül tapan bir təqvim bayramıdır. Baharın gəlişi ilə qışın soyuğundan, əziyyətindən, çiləsindən canını qurtaradığını düşünən insanlar günəşi böyük sevinclə qarşılayar, qışı, azar-bezarı, çətinlikləri qovmaq üçün müxtəlif ayin və mərasimlər icra edərdilər. Novruz insanların daxilən arınması, mənən və ruhən yenilənməsi ilə yanaşı, təbiətlə cəmiyyətin qovuşub bütövlük təşkil ediyi bir bayramdır. Təbiətdəki dəyişiklik etnosun həyatında bir dönüş, yenilənmə dövrü olaraq düşünülüb. Bu bayramda dünyanın əski nizamı dağılır, dünyanın yeni yaradılışı canlandırılır.

Şimal yarımkürəsində yaz-qış əvəzlənməsi aydın nəzərə çarpdığından bu yarımkürədə yaşayan bütün xalqlar qışın gedişini və yazın gəlişini bir-birinə bənzər mərasimlərlə qeyd edirlər. On iki heyvanlı türk təqviminə görə, ilin başlanğıcı baharın ilk günü- Novruzdur. Novruz təkcə Azərbaycan xalqı tərəfindən deyil, həm də geniş coğrafi-etnik məkanda qeyd olunan bayramdır. Bu əski bayram ayrı-ayrı türk xalqlarında “Novruz”, “Yengi gün”, “Ergenekon”, “Ulu kün”, ”Bozqurt çağan”, “Sultan Mevriz”, ”Ulusun ulu günü” və s. adlarla tanınır. Mifoloji düşüncədə Baharın gəlişi, Yeni ilin qarşılanması mərasimi xaosdan kosmosa keçidi rəmzləşdirir. İlkin xaos özü sulardan ibarət bir aləm olaraq düşünüldüyündən kosmos, kainat da o ilkin sudan yaranmışdır. İlin təhvil olduğu gecə (və ya Novruz axşamı gecəsi) suların bir anlığa dayanması xaosdan kosmosa keçişin bir anının rəmzidir, yəni köhnə ildən qalan nə varsa, simvolik olaraq yaddaşlardan silinir, təbiətdə nə varsa, hamısı təzələnir.

XI əsr səlcuq hökmdarı Məlik şahın dövründə onun göstərişi ilə şair və astronom Ömər Xəyyamın hazırladığı “Təqvimi-cəlaliyyə” adı ilə tanınan təqvimdə ilin başlanğıc günü yaz bərabərliyi günü, yəni Novruz bayramı ilə üst-üstə düşür. Orta əsrlərdə Azərbaycanda olmuş Avropa səyyahlarının, o cümlədən Adam Oleari, Jan Batist Şardenin səyahətnamələrində Novruzun milli dövlətçilik ənənələrində mühüm yer tutan bir bayram kimi qeyd olunduğu göstərilir.

Novruz  təbiət, yaşayıb-yaratmaq, bolluq-bərəkət, əkinçilik bayramıdır. Hələ 1885-ci ildə Cəlal Əfəndinin “Novaye obozreniye” qəzetinin 515-ci nömrəsində “Novruz bayramının əhəmiyyəti haqqında bir neçə söz” adlı məqaləsində Novruzun Azərbaycanda tarixən xalq bayramı olmasından bəhs edilir və bildirilirdi ki, azərbaycanlılar Novruzu tarla, məhsuldarlıq bayramı kimi qeyd etməklə yanaşı, ona təbiətin oyanması, bərabərlik bayramı kimi də baxmışlar. Həqiqətən, Novruz təbiət, həyat, bərabərlik bayramıdır. Novruzun xalq arasında bir birlik bayramı olmasını Nəriman Nərimanovun 1913-cü il martın 21-də Həştərxandakı Cümə məscidində Novruz mərasimi ilə bağlı çıxışından görürük. Həmin çıxışında o deyirdi ki, “...füqəralara kömək etmək hər kəsin vəzifeyi-insaniyyətindən olduğu üçün biz də millətimizin fəqir və yetim balalarını xatirə gətirib, onları heç olmasa bu günü şad edəlim, görsünlər ki, onları yad edib qeydlərinə qalan həmmillətləri vardır”. Deməli, bu fakt Novruzun elimizdə-obamızda əltutma, təmənnasız kömək göstərmə, humanizm bayramı olduğunu təsdiqləyir.

Xalqın həyatı, məişəti və mənəviyyatı ilə bağlı olan Novruz bayramı ilk növbədə təqvim hadisəsidir, qışın yola salınması, yazın qarşılanması mərasimidir. Azərbaycan Xalq Cumhuriyyəti dövründə Novruz bayramı yüksək səviyyədə keçirilsə də, Sovet hökuməti Novruz bayramını din pərdəsi altında dövlətin qeyd etdiyi rəsmi bayram statusundan çıxarıb, məişət səviyyəsində qeyd olunan bayrama çevirdi. XX əsrin əvvəllərində milli bayram kimi Novruz xilaskarlıq missiyası yerinə yetirir, hətta həbsdə olanlar onun sayəsində azadlığa buraxılırdılar. Lakin xilaskarlıq, əfv etmə funksiyası daşıyan Novruz sovet-bolşevik repressiya maşını tərəfindən 1920-ci illərin sonlarından sıxışdırılmağa və yasaqlanmağa başladı. Novruz bayramı xalqın qan-gen yaddaşı, etnopsixoloji düşüncəsi ilə bağlı olduğundan unudulmadı. Novruz bayramının məna və mahiyyətində xeyirlə şərin, isti ilə soyuğun mübarizəsi durduğundan Novruz minilliklər boyunca xalqın yaddaşında günümüzə qədər yaşamaqda davam edib. Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə verdiyi tarixi Sərəncamıyla Novruz bayramı Azərbaycan Respublikasının milli bayramları arasında önəmli yer alıb. Ulu Öndər Novruz bayramının etnokulturoloji mahiyyəti haqqında deyirdi: “İnsanları baharın gəlməsi, təbiətin oyanması, həyatın canlanması ilə müjdələyən Novruz bayramı ən qədim dövrlərdən bəri xalqımızın sevinc və şadlıq bayramı olmuş, tariximizin müxtəlif dövrlərində bəzi təzyiqlərə, süni maneələrə məruz qalmasına baxmayaraq, bu günə qədər gəlib çatmışdır”.

Novruz bayramı əsrlər boyunca xalqımızın milli birliyini, bütövlüyünü, dövlətçilik düşüncəsini qoruyub yaşatmışdır. Novruz bayramının 2009-cu il 30 sentyabrında Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın səyi nəticəsində UNESCO-nun dünya xalqlarının qorunan qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi Azərbaycan dövlətinin böyük uğuru sayılmalıdır. 2010-cu il 23 fevralda BMT-nin Baş Məclisinin 64-cü sessiyasında martın 21-nin bütün dünyada “Beynəlxalq Novruz Günü” kimi elan edilməsi məhz Azərbaycan dövlətinin təşəbbüsü ilə həyata keçirilib.

Novruz bayramının bütün simvolikası yenidən doğuluşu təcəssüm etdirir. Novruz bayramının hər il təntənə ilə qeyd olunması yalnız ölən təbiətin yenidən dirilməsi deyil, həm də bərabərlik, birlik, humanizm bayramıdır. Novruz bayramında gecə ilə gündüzün bərabərliyi sosial bərabərlik, sosial nizam kimi təbiətdən cəmiyyətə daşınıb, sosial tarazlıq bərpa edilib. Novruzda sosial birlik və paylaşma ideyası “yasdan çıxarma”, “Mürvət toyu”, “barışıq”, ”bayramlaşma” və s. adətlərdə təcəssüm edir. Novruz bayramının sosial–psixoloji əsasında harmoniya durduğundan hər cür ziddiyyətlər aradan qaldırılır, küsülülər barışır, konfliktlər həll edilir, cəmiyyətdə sosial tarazlıq yaradılır. Əbu Əli Həsən ibn Əli Xacə Nizamülmülk “Siyasətnamə” əsərində şahların bayram günü şahlıqdan əl çəkib, xalqın arasına qarışdığını, məhkumların sərbəst buraxıldığını, şikayətə gələnlərin dərdlərinə əlac edildiyini, heç bir cəza tətbiq olunmadığını qeyd edir.

Novruz bayramı axşamında köhnə ilin tamam olması və yeni ilin başlanmasına bir neçə saat qalmış açılan bayram süfrəsinə “İlin təhvil süfrəsi”, “Yeni il süfrəsi” və ya “Novruz süfrəsi” deyilir. Bayram süfrəsində səməni, dünyanın yaradılışını, ölüb-dirilməni rəmzləndirən qırmızı yumurta olur, evdəkilərin sayı qədər şam yandırılır. Süfrənin ortasında qab dolu su qoyub içinə xırda balıq buraxardılar. Balığın qabın dibində quyruğu üstə düz qalxıb suyun üzünə burun vurması köhnə ilin qurtarıb, təzə ilin başlandığını bildirir. Bayram süfrəsini toyuq plov və ya kişmişli ləvəngi plov bəzəyir. Bəzi bölgələrimizdə Novruz bayramında süfrəyə bütöv şəkildə balıq bişirib qoymaq el adəti kimi qalmaqdadır. Balığın ağzına qızıl üzüyün qoyulması evə xeyir-bərəkət gətirən bir rəmz kimi yozulur. Ümumiyyətlə, Novruz süfrəsindəki balıq yeni həyat, dirilik rəmzi kimi düşünülür. Suya balıq salınması yolu ilə ilin təhvil olunmasının dəqiqləşdirilməsi sınağı Xızır və İlyas qardaşlarının dirilik suyunu içməklə əbədi həyat qazanmasını əks etdirən mifoloji rəvayətlə bağlıdır. Novruz süfrəsindəki şirniyyatlar - şəkərbura, paxlava, qoğal və s. əcdadlarımızın astral təsəvvürlərini əks etdirir. Şəkərbura, badambura ayı simvolizə edirsə, paxlava ulduzu, qoğal isə Günəşi rəmzləndirir. İl təhvil olunduğu saatda bayram süfrəsinə səməninin qoyulması təbiətin canlanmasına, oyanmasına işarədir. Səməni xalq düşüncəsində həyatın, yaşayışın fasiləsizliyi, məhsuldarlıq, artım və bərəkət ideyası ilə bağlıdır. Bayramda yumurtaların yaşıl, qırmızı, göy rəngə boyanması həyatın əmələ gəlməsi və canlıların yaranmasının simvolu kimi izah edilir.

Novruz bayramı gecəsi həm də sevgi, istək gecəsi sayılır. Cavan oğlanlar sevdikləri qızlar olan evin bacasından salladıqları qurşaqların ucuna bir dəsmal bağlayırlar. Qız və qızın valideynləri o saat mətləbi başa düşürlər. Əgər bu işə razılıq varsa, dəsmalı qurşaqdan açıb qızın qoluna bağlayırlar. Yox, əgər razı deyillərsə, dəsmala bayram nemətləri qoyub geri qaytarırdılar.

Novruz süfrəsinin künc tərəfində kimsə oturmaz. İnama görə, ruhlar bu axşam künc tərəfdən yaxınlaşaraq süfrədəki nemətlərdən dadırlar. Süfrənin künc tərəfində oturmaqla ruhların qarşısı alınmış olur. Bundan inciyərək küsüb gedən ruhlar evə ziyanlıq gətirə bilərlər.

Novruz bayramı axşamı yandırılan tonqaldan xeyir-bərəkət istənilər. Bu bayram axşamı qonşular təziyəli, yaslı adamların həyətində tonqal yandırıb onları “qara bayram”dan çıxarırlar. Novruz bayramı üçün göyərdilən səməni tez cücərib düz qalxarsa, deyərlər ki, həmin il məhsul bol olar. Novruz bayramında bir-birlərini təbrikə gedənlər getdikləri evin ailə üzvlərinin sayı qədər bişmiş və qırmızı rəngdə yumurta aparırlar. Bu, həmin ailəyə can sağlığı, xoşbəxtlik arzulamaq nişanəsidir. Novruz bayramı üçün göyərdilmiş səməni saralıb-solanda axar suya axıdılır, arxasınca da şirni atırlar. Belə etdikdə deyərlər ki, evdə xeyir-bərəkət artar.

Novruz inancları su, od, torpaq, bitki kimi əski təbiət kultlarını özündə yaşadır. Axır çərşənbə tonqalı ilə Novruz bayramı tonqalı arasında fərq var. İlaxır çərşənbə tonqalı getməkdə olan köhnə ili yola salmaq üçün yandırılırdısa, Novruz tonqalı daxil olmuş yeni ilin şərəfinə yandırılır. Novruz tonqalı yeni ilin ilk tonqalı olduğundan, insanlar onun ətrafına hər cür dərd-bəladan, çillədən təmizlənmiş şəkildə yığışırlar.

Yaz fəslinin 2026-cı ildə Azərbaycana gəlişi martın 20-si Bakı vaxtı ilə saat 18:45:53-ə təsadüf edəcək və həmin andan yurdumuzda yaz fəsli başlayacaq. Günəş ekliptika üzrə hərəkət edərək ekvatoru kəsib Cənub yarımkürəsindən Şimal yarımkürəsinə daxil olacaq və həmin andan Şimal yarımkürəsində yaz fəsli başlayacaq.

Qoy Azərbaycana, doğma yurdumuza qədəm basan Novruz xalqımıza, türk dünyasına əmin-amanlıq, səadət, ruzi-bərəkət, xoşbəxtlik gətirsin! Bayramınız mübarək!

 

Məhəmməd Məmmədov

Bakı Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti

Xəbərlər

Mənəvi kamillik, xeyirxahlıq, bərabərlik bayramı

Mənəvi kamillik, xeyirxahlıq, bərabərlik bayramı
20/03/2026

Təbiətin oyanış və birlik bayramı - Novruz

Təbiətin oyanış və birlik bayramı - Novruz
20/03/2026

BDU-da “Gənclər üçün şəxsi inkişaf və karyera fürsətləri” adlı məlumat sessiyası keçirilib

BDU-da “Gənclər üçün şəxsi inkişaf və karyera fürsətləri” adlı məlumat sessiyası keçirilib
19/03/2026