BDU-da “Azərbaycan elmində qadınların rolu” adlı konfrans keçirilib

09/10/2017

Bu gün Bakı Dövlət Universiteti Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə “Azərbaycan elmində qadınların rolu” adlı konfrans keçirib. Təbiri giriş sözü ilə açan rektor, akademik Abel Məhərrəmov bildirib ki, Azərbaycan qadınları cəmiyyətimizin bütün sahələri ilə yanaşı, elmin inkişafına da böyük töhfə verir, elm və təhsil sahəsində adlarını tarixə yaza biliblər. Müasir dövrdə Azərbaycan qadınının cəmiyyətdə oynadığı rol daha da yüksəlib. Zərif cinsin nümayəndələri ana olmaqla yanaşı, dövlət idarəçiliyində, qanunvericilik aktlarının formalaşmasında, diplomatiya sahəsində və digər mühüm sahələrdə də öz sözünü deməkdədir. Bunun ən önəmli səbəblərindən biri Azərbaycanın mənəvi dəyərlər sistemi ilə bağlıdırsa, digər vacib məqam dövlət tərəfindən həyata keçirilən gender siyasətidir. Abel Məhərrəmov xalqımızın elm tarixində də xanımların xüsusi roluna diqqət çəkib. Bildirib ki, zəka və müdrikliyi ilə seçilən Azərbaycan qadınının XX əsrdə yetişdirdiyi akademik Zərifə Əliyeva, akademik İzzət Orucova, akademik Rəfiqə Əliyeva, professor Aida İmanquliyeva kimi mötəbər xanımlar yeni dövr Azərbaycan elmində önəmli iz buraxmış şəxsiyyətlərdir. Rektor onu da əlavə edib ki, ad günü ilə eyni tarixə təsadüf edən bu tədbirimizdə professor Aida İmanquliyeva barədə xüsusi danışmaq istərdim. Elmin zirvələrinə özünün gərgin əməyi, fitri istedadı ilə ucalan Aida xanımın Azərbaycan elm tarixində xüsusi yeri var. O, bir şərqşünas alim kimi bütün bilik və bacarığını elmimizin inkişafı yolunda yorulmadan sərf edib, nəinki Azərbaycanda, onun hüdudlarından çox-çox uzaqlarda da tanınıb, sevilib və hər zaman millətimizə başucalığı gətirib. Bakı Dövlət Universitetində bir zamanlar oxuduğu mühazirələrdən bəhrələnənlər həmişə Aida xanımın dərin biliyindən, intellektual səviyyəsindən ağızdolusu danışırlar. Aida xanım kimi görkəmli bir alimin böyük arzuları, elmin və təhsilin inkişafı, azad Azərbaycanla bağlı düşüncələri indi qızlarının – Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri  Mehriban xanım Əliyevanın, elmi əsərləri ilə filoloji və fəlsəfi fikir tariximizdə yeni cığır açan akademik Nərgiz xanım Paşayevanın genişmiqyaslı, möhtəşəm layihələrində həqiqətə çevrildiyini xüsusi qeyd etmək istəyirəm.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, müasir Azərbaycan qadını ana olmaqla yanaşı, bacarıqlı siyasətçi, iş adamı, dövlət məmuru, xalqın inanıb seçdiyi deputatdır. Bu fəallıq ölkəmizdə həyata keçirilən gender siyasətinin mahiyyətindən, onlara cəmiyyətin tamhüquqlu üzvü kimi bütün imkanlardan bərabər istifadə üçün zəruri şəraitin yaradılmasından irəli gəlir.

Milli Məclis sədrinin müavini Bahar Muradova qeyd edib ki, Azərbaycan qadını hər zaman olduğu kimi, bu gün də dövlətin dəstəyini hiss edir və özünün fəallığı ilə cəmiyyətdə bərabərhüquqlu mövqeyə nail olmağı bacarır. Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə son 10 ildə Azərbaycanda keçirilən qəbul və buraxılış imtahanları zamanı hər bir fənn üzrə qızların orta statistik nəticələrinin oğlanlara nisbətən çox olmasından, imtahanlarda yüksək nəticə göstərənlər arasında qızların sayının artmasından danışıb. İnsan Haqları üzrə Müvəkkil Elmira Süleymanova Azərbaycan qadınının cəmiyyətdəki fəal mövqeyinə diqqət çəkib. “Kaspi qəzetinin təsisçisi, şairə-publisist Sona Vəliyeva Azərbaycan qadınının tarixi rolundan, onun müasir dövrdə cəmiyyətin inkişafına verdiyi xidmətlərdən danışıb. Akademik Vasim Məmmədəliyev, AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun şöbə müdiri Rəna Mirzəzadə və Şərqşünaslıq fakültəsinin 3-cü kurs tələbəsi, Aida İmanquliyeva adına təqaüdçü, Nigar Bağırlının çıxışlarında sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik araşdırmalar şöbəsinin baş məsləhətşisi Aynur Veysəlovanın “Azərbaycan qadınlarının elmin inkişafına verdiyi töhfələri”  adlı təqdimatı nümayiş etdirilib.


Mətbuat və informasiya şöbəsi, 09 oktyabr 2017-ci il.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024