Tələbələrin ənənəvi imtahan sessiyası haqqında təəssüratları

13/01/2022

2022-ci il 5 yanvar tarixində Bakı Dövlət Universitetində (BDU) 2021/2022-ci tədris ilinin payız semestrinin imtahan sessiyası başlayıb. İmtahanlar Azərbaycan Respublikası təhsil nazirinin 2021-ci il 10 dekabr tarixli F-570 nömrəli əmrinə müvafiq olaraq əyani formada təşkil edilir. İmtahanların ilk günündən etibarən sessiya dövründə tələbələrin biliyinin obyektiv qiymətləndirilməsinin və şəffaflığın təmin edilməsi üçün bütün şərait yaradılıb. Xüsusu karantin rejiminin tələblərinə riayət olunması, imtahanlararası növbəliliyin gözlənilməsi, sıxlığın aradan qaldırılması məqsədilə Universitet tərəfindən müvafiq tədbirlər görülüb, ənənəvi imtahan sessiyasının təşkili üçün müvafiq qərarlar icra edilib.

BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi tələbələrin imtahan prosesi, onun təşkili, keçirilməsi, qiymətləndirmə və nəticələr barədə təəssüratlarını öyrənib:

Tarix fakültəsinin IV kurs tələbəsi Qara Kərimov: “3 semestrdən sonra ənənəvi qaydada imtahan veririk. Uzun müddətdən sonra yazılı və ilk dəfə şifahi formada imtahan vermək, əlbəttə, müəyyən həyəcan yaradır, amma bu həyəcan üçün darıxdığımı deyə bilərəm. Artıq 4-cü kurs tələbəsiyəm və bakalavr səviyyəsində son imtahanlarımı verirəm. Son imtahanlarımı yenidən ənənəvi qaydada vermək, unudulmuş həyəcanları yenidən yaşamaq məndə çox xoş duyğular yaradır. Artıq ilk imtahanımı şifahi qaydada vermişəm. İlk dəfədir şifahi formada ənənəvi qaydada imtahan verməyimizə baxmayaraq çəkdiyimiz əziyyət və Universitet rəhbərliyinin yaratdığı şərait nəticəsində imtahan çox şəffaf və ədalətli şəkildə həyata keçirildi. Bildirmək istəyirəm ki, imtahanlarımız obyektiv yoxlanılır və imtahan nəticələrimiz operativ şəkildə məlum olur. İmtahan sessiyasında iştirak edən hər kəsə uğurlar arzu edirəm”.

Kitabxanaçılıq-informasiya fakültəsinin IV kurs tələbəsi Ülviyyə Əsgərli: “Koronavirus pandemiyası dünyada milyonlarla insanın həyat tərzini dəyişdi. Pandemiya istər turizm, mədəniyyət, iqtisadiyyat, istərsə də tədris sahəsinə təsirsiz qalmadı. Virusun yayılmasını azaltmaq üçün dünyanın əksər hökümətləri təhsil müəssisələrini müvəqqəti bağlamağa qərar verdi. Bununla əlaqədar olaraq məsafədən təhsil proqramları və platformalarının istifadəsini tövsiyə etdi. Məlum səbəbdən təhsil aldığım BDU da onlayn təhsili təşkil etdi. Bu prossesdə müəllimlərin əməyi və zəhməti böyük oldu. Onlar proqrama uyğun olaraq dərsləri ardıcıl və izahlı şəkildə bizə çatdırmağa çalışdı. Hər hansı mövzuda sual yarandıqda çəkinmədən izah edirdlər.

3 semestr sonra ənənəvi təhsilə qayıtmaq tələbələr üçün sevindirici oldu. Tədricən bu prosesə adaptasiya olunduq, müəllimlərimizin dəstəyi və anlayışı nəticəsində tədris prosesi uğurla başa çatdı. Yanvar ayından etibarən imtahanlarımız başlayıb və biz ənənəvi formada imtahan veririk. İmtahanlar Universitetin qəbul etdiyi qaydalara uyğun olaraq aparılır. Uzun fasilədən sonra yenidən ənənəvi imtahana tələbələr daha məsuliyyətlə və həvəslə hazırlaşır. Biliyimiz obyektiv qiymətləndirlir, müəllimlərimiz bizə humanist yanaşır. Ümid edirəm ki, pandemiya tezliklə bitəcək və ənənəvi tədris tam bərpa olunacaq. Onlayn tədris zamanı qazandığımız vərdişlərdən isə digər platformalarda, əlbəttə, yararlanacağıq”.

Kimya fakültəsinin III kurs tələbəsi Sevinc Həsənova: “3 semestrdən sonra ənənəvi formada təhsilə qayıtmaq hər kəs kimi məni də sevindirir. Labaratoriya və seminar dərslərimizin ənənəvi olaraq müəllimlərlə üzbəüz keçirilməsi bizim də dərsləri praktiki olaraq yaxşı mənimsəməyimizə kömək edir. Nəzəri biliklərimizi labarotoriya şəraitində təkmilləşdirdik. Təbii ki, bu müddətdə COVID-19 pandemiyasının yenidən yayılmasının qarşısını almaq üçün də əlimizdən gələni edirdik.

İmtahan sessiyasının ənənəvi formaya keçməsi ilə bağlı hər tələbədə olduğu kimi, mənim də həyəcanım oldu. Amma biz I kursun ilk semestrində ənənəvi imtahanda iştirak etdiyimizə görə necə keçiriləcəyini bilirdik. Hazırda imtahan sessiyamız davam edir və imtahan tarixlərimiz arasında yetərli vaxt olduğu üçün hər birinə hazırlaşmaq imkanımız var”.

Şərqşünasliq fakültəsinin III kurs tələbəsi Didar Salmanlı: “BDU-da payız semestrinin imtahan sessiyası artıq bir neçə gündür ki, başlayıb. Universitetin bir çox fakültələrində ikinci imtahan yekunlaşıb. Mən Şərqşünaslıq fakültəsində ərəb dili və filologiyası ixtisası üzrə təhsil alıram. İmtahan sessiyası obyektiv keçirilir. BDU-nun qəbul etdiyi müvafiq qərarlar əsasında imtahanlar tam şəffaf formada keçirilir və qiymətləndirmə tam ədalətli şəkildə aparılır. İmtahanların təşkili və keçirilməsindən çox razı qaldım. Nəzarət ciddi idi. Tələbəyə biliyini ifadə etmək üçün bütün şərait yaradılmışdı. Ballar operativ şəkildə elan olunur. Hər kəsə uğurlar arzu edirəm”.

Müsahibəni hazırladı:

Nərminə Əsədova

Gülabə Məmmədzadə

 

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024