Türkiyə səfirliyinin mətbuat müşaviri BDU-nun jurnalistika fakültəsində
Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Hamit Karadeniz Bakı Dövlət Universiteti jurnalistika fakültəsinin müəllim-tələbə heyəti ilə görüşüb. Beynəlxalq jurnalistika kafedrasının təşkilatçılığı və təşəbbüsü ilə baş tutan görüşü dekan müavini, dosent Sevinc Əliyeva açaraq qonağı fakültədə görməkdən məmnunluğunu ifadə edib. Bildirib ki, fakültə son dövrlər Türkiyənin nüfuzlu universitetleri, jurnalistika fakültəsinin professor-müəllim heyəti, KİV rəhbərləri ilə sıx əlaqə saxlayır, təcrübə mübadiləsində aktiv iştirak edirlər.
Beynəlxalq jurnalistika kafedrasının müdiri, professor Həmid Vəliyev isə bildirib ki, beynəlxalq jurnalistika kafedrasının doktorant, dissertant və magistrantlarının Türkiyə-Azərbaycan münasibətləri istiqamətində tədqiqat işlərinın üstünlük təşkil etməsi bu əməkdaşlığın nəticəsi kimi qiymətləndirilə bilər.
Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Hamit Karadeniz, öz növbəsində, ölkələrarası münasibətlərdən, mətbuatın bu münasibətlərin inkişafındakı əhəmiyyətindən bəhs edib.
Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, professor Cahangir Məmmədli, Beynəlxalq jurnalistika kafedrasının dosenti Sabir Məmmədli, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli, Mətbuat və informasiya şöbəsinin müdiri, beynəlxalq jurnalistika kafedrasının dosenti Pərvanə İbrahimova, Parlament Jurnalistlər Birliyinin sədri, modern.az saytının baş redaktoru Elşad Eyvazlı, “Xalq qəzeti”nin əməkdaşı Namiq Əhmədov çıxış edərək tədqiqata cəlb olunan mövzuların əhəmiyyəti barədə danışıb, daha fundamental araşdırılması məqsədilə təkliflər irəli sürüblər.
Beynəlxalq Jurnalistika kafedrasının doktorantları - “Bakı Universiteti” qəzetinin redaktoru Anzulə Əmirova və “Müasir İnkişaf” İctimai Birliyinin İdarə Heyətinin sədri Mübariz Göyüşlü çıxış edərək elmi tədqiqatlarının araşdırılması istiqamətində görülən işlər barədə danışıb, Türkiyə səfirliyinə, əsasən də Mətbuat müşavirliyinə bu istiqamətdə göstərdiyi dəstəyə görə təşəkkür ediblər.
Mətbuat və informasiya şöbəsi, 29 Aprel 2016-ci il.