Türkiyənin Giresun Universiteti ilə əməkdaşlıq müqaviləsi imzalandı.
Fevralın 17-də Türkiyənin Giresun Universitetinin rektoru Prof. Dr. Osman Metin Öztürkün başçılıq etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetinə rəsmi səfər etmişdir.
Səfər zamanı rektorlar arasında görüş keçirildi, qonaqlar BDU-nun tədris laboratoriyaları və binaları ilə tanış oldular, səfərin rəsmi hissəsində isə Universitetlər arası Niyyət Bəyannaməsi imzalandı. Bu saziş, iki qardaş ölkənin önəmli təhsil ocaqları arasında qarşılıqlı tələbə, müəllim mübadiləsinin aparılması, xüsusilə BDU-da magistratura və dokturantura üzrə kadrların hazırlanmasını nəzərdə tutur.
Tədbirdə çıxış edən rektor, akademik Abel Məhərrəmov, Türkiyə ilə Azərbaycanın istər şərqdə, istərsə də qərbdə eyni nöqtədən çıxış etdiklərini qeyd edərək, dostluq və qardaşlıq əlaqələrinin məhz Heydər Əliyevin hakimiyyəti illərində daha da möhkəmləndiyini dedi. Ümummilli liderin "Bir millət iki dövlət" və Atatürkün "Azərbaycanın kədəri bizim kədərimizdir, sevinci bizim sevincimizdir" müdrik kəlamlarını yada salan rektor, qloballaşan dünyada Azərbaycan ilə Türkiyənin qoşa addımladıqlarını bildirdi.
Ali dövlət strukturlarında çalışan şəxslərin əksəriyyətinin məhz BDU-nun məzunları olduğunu qeyd edən rektor Abel Məhərrəmov, ümummilli liderimiz Heydər Əliyevin də BDU-nun məzunu olduğundan böyük qürur hiss etdiyini qeyd etdi.
Üç il əvvəl təsis edilən Giresun Universitetinin ilk rəsmi protokolunu məhz Bakı Dövlət Universiteti kimi bir təhsil ocağı ilə imzalamasından böyük şərəf duyduğunu söyləyən Osman Metin Öztürk təhsil, elm sahəsində ikitərəfli əlaqələrin çox əhəmiyyətli olduğunu bildirərək, vurğuladı ki, rəhbərlik etdiyi Giresun Universiteti BDU ilə əlaqələrini daha da möhkəmləndirmək niyyətindədir.
Tədbirdə iştirak edən Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç isə iki ölkə arasında bütün sahələrdə əlaqələrin inkişaf etdirilməsi üçün siyasi iradənin ortaya qoyulduğunu vurquladı.
Məlumat üçün qeyd etmək lazımdır ki, Türkiyənin öndə gedən universitetlərindən biri olan Giresun Universitetinin təməli 1962-ci ildə qoyulmuşdur. Qızlar üçün Müəllimlik məktəbi kimi fəaliyyətə başlayan bu qurum 1976-ci ildə Pedaqoji İnstitutuna çevrilmişdir. Bu günə kimi uzun yol keçən Giresun Universitetində halhazırda Tibb, Pedaqoji, Təbiyyət və Humanitar Elmləri, İqtisadiyyat və İdarəetmə fakültələri, Görələ rayonunda İncəsənət və Tətbiqi elmlər fakültələri, Tirebolu rayonunda Rabitə fakültəsi, Bulancak və Şebinkarahisar rayonlarında Tətbiqi elmlər fakültələri fəaliyyət göstərir. Bundan başqa Universitetin nəzdində Qaradəniz Strateji Araşdırma və Tətbiq etmə Mərkəzi ilə Daim Təhsili Araşdırma və Tətbiq etmə Mərkəzi də yaradılmışdır. Universitetin Tibb fakültəsində Sağlamlıq Araşdırma və Tətbiq etmə Mərkəzi fəaliyyət göstərir. 2007-ci ildə isə Universitetin Rektorluğuna bağlı olan Atatürk Prinsipləri və İnqilab, Türk dili, Xarici Dillər, İncəsənət, Bədən Tərbiyyəsi və İnformatika kafedraları da yaradılmışdır.