Türkiyənin ölkəmizdəki səfiri Bakı Dövlət Universitetində olub

08/10/2021

Bu gün Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev ilə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı arasında görüş keçirilib.

Rektor Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin  rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun işğalçı Ermənistan üzərində tarixi qələbəsindən bəhs edib. Elçin Babayev qeyd edib ki, tarix boyu Türkiyə və Azərbaycan arasında sarsılmaz dostluq və qardaşlıq münasibətləri mövcud olub. Hər iki xalq istər xoş günlərdə, istərsə də çətin vaxtlarda birlik nümayiş etdirib, bir-birinin sevincini və kədərini bölüşüb. Azərbaycan ilə Türkiyə arasında əlaqələrin ən yüksək səviyyədə olması bütün dünyaya bəllidir. Qırx dörd günlük qürur dolu tarixin ilk günlərindən qardaş Türkiyə Azərbaycana siyasi-mənəvi dəstək verdi. Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan açıq və birmənalı bəyanatlar səsləndirərək, bu müharibədə Azərbaycanın tək olmadığını, Türkiyənin hər zaman dövlətimizin və xalqımızın yanında olduğunu bildirdi.

Rektor iki qardaş ölkə arasında bütün sahələrdə əlaqələrin yüksək səviyyədə olduğunu nəzərə çatdırıb. E.Babayev Türkiyənin qabaqcıl universitetləri, eləcə də təhsil qurumları ilə keçirilən mühüm görüşlər, əməkdaşlıq, mübadilə proqramları haqqında səfirə məlumat verib. Türkiyə universitetləri ilə, Yunus Əmrə İnstitutu, TİKA ilə BDU arasında qarşılıqlı və faydalı əməkdaşlığın genişləndirilməsi üçün səylərin artırılmasının vacibliyini vurğulayıb. Görüşdə Universitetin maddi-texniki bazası, müasir tədris üsulları, fakültələri və mövcud ixtisasları, beynəlxalq əlaqələr sahəsində qazandığı uğurlar, Türkiyənin ali təhsil ocaqları ilə qurulmuş əlaqələrdən danışılıb.

BDU rəhbərliyinə təşəkkürünü bildirən səfir Cahit Bağçı təklifləri müsbət dəyərləndirib, münasibətlərin daha da yüksək səviyyəyə çatması üçün səy göstəriləcəyini vurğulayıb. Universitetlər arasında elm-təhsil sahəsində həyata keçirilən layihələrin, tələbə-müəllim mübadiləsinin vacibliyini qeyd edib, əlaqələrin daha da intensivləşməsinə ehtiyac olduğunu vurğulayaraq səfirliyin bu istiqamətdə dəstək olacağını bildirib. "Bir millət, iki dövlət" şüarını rəhbər tutaraq qeyd edib ki, bundan sonra da qardaş ölkə universitetləri arasında əlaqələrin inkişaf etdirilməsi üçün öz səylərini əsirgəməyəcək.

Görüş BDU və Türkiyə ali məktəbləri arasında təhsil sahəsində əlaqələrin gələcək əməkdaşlıq perspektivlərinin müzakirəsi, iki ölkə arasında tələbə və müəllim mübadiləsi, birgə elmi tədqiqatların aparılması və s. sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi ilə  bağlı fikir mübadiləsi ilə davam edib.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024