TÜRKSOY mədəniyyətimizin inteqrasiyasında əvəzsiz gücə malikdir

22/06/2018

“Türk adı Tanrı tərəfindən verildi, gənclik, qüvvət, qüdrət anlamına gəlir”

M.Kaşğarlı. “Divani-Lüğat- it-Türk”

1991-ci ildə Sovet İttifaqının dağılması nəticəsində müstəqil dövlətlər yarandı. Sözügedən dövlətlərdən beşi türkdilli idi. Bu ölkələrin ortaq tarixi və mədəniyyəti onlar arasında əlaqələrin inkişaf etdirilməsi üçün bir təşkilat altında birləşməsini labüd edirdi. TÜRKSOY-un yaradılması haqqında ilkin fikirlər hələ 1992-ci ildə irəli sürülüb. Bu təşkilatın yaradılması ilə bağlı Bakı və İstanbul şəhərlərində bir sıra görüşlər keçirilib, nəhayət, 12 iyul 1993-cü ildə Qazaxıstanın Almatı şəhərində TÜRKSOY-un yaradılması haqqında Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Türkiyənin mədəniyyət nazirləri tərəfindən protokol imzalandı.

TÜRKSOY-un yaradılması zərurəti ondan irəli gəlirdi ki, təşkilatçı ölkələrin dilləri, xalqları, mədəniyyətləri bir-birinə çox yaxın və bir çox xalqların hətta dinləri də eyni idi. Məlumdur ki, bəzi türk xalqları müxtəlif dinlərə sitayiş edirlər. Ancaq TÜRKSOY-un yaradılmasında əsas olaraq dil prinsipinə üstünlük verilib. Yəni təşkilat dil birliyi üzərində qurulub. TÜRKSOY-un əsas üzvləri Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə və Türkmənistandır. Qalan 8 üzv isə (Rusiya Federasiyasına daxil olan Altay, Başqırdıstan, Xakas, Saxa-Yakut, Tuva və Tatarıstan Respublikaları, Qaqauziya (Moldova) və Şimali Kipr Türk Respublikası) əsasən, müşahidəçi qismində iştirak edirlər. Amma təşkilatda hər bir üzv bərabər hüquqa malikdir.

TÜRKSOY təşkilatının əsas məramı:

– Türk dilində danışan xalqlar, ölkələr və etnik qruplar arasında mədəni əlaqələri inkişaf etdirmək;

– Türk mədəniyyəti nümunələrini araşdırmaq, öyrənmək, qorumaq və dünyaya çatdırmaq;

– Türk xalqlarının mədəniyyətində tarixi, siyasi və coğrafi səbəblərdən və xarici ölkələrin təsiri altında yaranmış fərqləri aradan qaldırmaq;

– Türk mədəniyyətinin müştərək olduğunu sübuta yetmək;

– Türk mədəniyyətini digər mədəniyyətlərin zərərli təsirindən qurtarmaq və onu öz keçmişinə qaytarmaq;

– Coğrafi məkan cəhətdən geniş ərazidə yaşayan türk dövlətləri və toplumları arasında əlifba və dili saxlamaq;

– Dünya mədəniyyətində mühüm yer tutan türk mədəniyyətini digər yerlərdə də yaymaq;

– Türk mədəniyyət, incəsənət və arxiv sənədlərinin qorunması üçün mərkəz yaratmaq;

– Türk dünyasının görkəmli tarixi şəxsiyyətlərini, mütəfəkkir, şair və yazıçılarının, habelə dövlət xadimlərini bütün dünyaya tanıtdırmaq və s.-dir.

Bu məqsədlərə nail olmaq üçün TÜRKSOY bu tədbirləri həyata keçirir:

– mədəniyyət və incəsənət sahəsində türkdilli xalqlar arasında əlaqələri inkişaf etdirir və möhkəmləndirir, bu məqsədlə müxtəlif proqram və layihələrin birgə həyata keçirilməsini təmin edir;

– türkdilli xalqların ümummənəvi sərvətlərinin, tarixi irsinin, ədəbiyyat və incəsənət nümunələrinin, idmanın ənənəvi növlərinin və xalq oyunlarının aşkara çıxarılmasına, saxlanmasına, öyrənilməsinə, inkişafı və təbliğinə yönəldilmiş tədbirlər həyata keçirir;

– türkdilli ölkələrin mədəniyyət və incəsənətinin ən yaxşı nailiyyətlərini yayan radio və televiziya proqramlarının, sənədli, video və kinofilmlərin yaradılması üçün sifarişləri yerinə yetirir;

– teatr, musiqi, opera və balet sənəti sahəsində festival və müsabiqələri təşkil edir, digər profilli strukturların keçirdiyi oxşar tədbirlərdə iştirak edir;

– türkdilli ölkələrin təsviri və plastik incəsənətinin inkişafına yönəldilmiş sərgiləri, rəsm sərgilərini və digər tədbirləri həyata keçirir;

– dövri və birdəfəlik mətbu məhsulu nəşr edir;

– ümumtürk tarixinin önəmli hadisələrinin, türkdilli ölkələrin dil, ədəbiyyat, mədəniyyət və incəsənətinin inkişafına əhəmiyyətli töhfələr vermiş görkəmli şəxsiyyətlərin ildönümlərinə həsr olunmuş yubileyləri, xatirə gecələrini və digər kütləvi tədbirləri təşkil edir;

– TÜRKSOYun məqsəd və vəzifələri çərçivəsində beynəlxalq elmi konfranslar, simpoziumlar, diskussiyalar və i.a. keçirir.

– Mədəniyyət, incəsənət, təhsil və i. a. sahəsində digər beynəlxalq və milli təşkilatlarla ictimai strukturlar və hərəkatlarla qarşılıqlı əlaqələr yaradır; birgə proqramların həyata keçrilməsində onlarla əməkdaşlıq edir.

TÜRKSOY-un fəaliyyət dairəsi çox genişdir. Sibirdən Balkanlara qədər olan coğrafiyadakı ortaq mədəniyyətimiz bütün rəngləri ilə dünyada təmsil və təbliğ edilir. Bu illər ərzində rəssamlar, yazıçılar, şairlər, heykəltəraşlar, fotoqraflar, teatr və kino sənətçiləri, incəsənət nümayəndələri TÜRKSOY-un tədbirlərində bir-birilərilə tanış olub, əlaqələr qurublar. TÜRKSOY-un üç kollektivi qurulub. Gənclik Kamera Orkestri, Gənclik Kamera Xoru və Xalq Çalğı Alətləri Orkestri. Hər kollektivdə üzv ölkələrinin incəsənət nümayəndələri təmsil olunurlar. Bu kollektivlər həm üzv ölkələrində, həm də Avropa və Amerikanın mötəbər salonlarında, festivallarında türk dünyasının zəngin musiqisini nümayiş etdirirlər. 2010-cu ildən başlayaraq hər ili türk dünyasının bir dahi şəxsiyyətinin adına elan edib, onunla bağlı silsilə tədbirlər keçirilir: 2012-ci il “Mirzə Fətəli Axundzadə ili” və 2017-ci il “Molla Pənah Vaqif ili” elan olunmuşdur. 2012-ci ildən etibarən türk dünyasının önəmli tarixi və mədəni şəhərləri türk dünyasının mədəniyyət paytaxtı elan olunur. Bu tədbirlər vasitəsilə dahi şəxslərimiz və mədəniyyət paytaxtlarımız həm qardaş xalqlarımız arasında, həm də dünyada daha geniş tanınmağa başlayır. 2016-cı ildə TÜRKSOY Daimi Şurasının qərarı ilə Şəki şəhəri türk dünyasının mədəniyyət paytaxtı elan olundu. Tarixi ipək yolu üzərində yerləşən və zəngin mədəniyyətin yaşayan simvolu olan Şəkinin mədəniyyət paytaxtı elan edilməsi “Multikulturalizm ili”nə gözəl töhfə idi.

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 17 oktyabr Sərəncamı ilə Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəsi, böyük bəstəkar, tanınmış alim-pedaqoq və ictimai xadim, SSRİ Xalq Artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, akademik Qara Qarayevin anadan olmasının 100 illik yubileyi qeyd olunur. TÜRKSOY-un qərarı ilə 2018-ci il Qara Qarayev ili elan olunub. Artıq bu çərçivədə böyük işlər görülməkdədir. 2018-ci il fevralın 14-də Ankarada, TÜRKSOY-un iqamətgahında “Qara Qarayev ili”nin açılış mərasimi keçirilmişdir Açılış mərasimində TÜRKSOY-un baş katibi professor Düsen Kaseinov, görkəmli bəstəkar, UNESCO-nun sülh artisti, Azərbaycan Respublikasının Xalq artisti, Bəstəkarlar İttifaqının sədri professor Firəngiz Əlizadə, Azərbaycan Milli Kitabxanasının direktoru, Əməkdar Mədəniyyət İşçisi, professor Kərim Tahirov, Əməkdar İncəsənət Xadimi, Qazi Universitetinin müəllimi, professor Əflatun Nemətzadə və başqaları mərasimdə çıxış etmişdir. Düsen Kaseinov görkəmli bəstəkar Qara Qarayevin yaradıcılığından, onun dünya musiqisinə bəxş etdiyi töhfələrdən danışmışdır. O, “Qara Qarayev ili” çərçivəsində 2018-ci il ərzində TÜRKSOY-a daxil olan Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və digər türkdilli ölkələrdə də görkəmli sənətkarın yubileyi ilə bağlı silsilə tədbirlərin keçiriləcəyini söyləmişdir.

TÜRKSOY türk mədəniyyətini, ədəbiyyatını, incəsənətini tanıtmaq məqsədilə möhtəşəm işlər görür, 1994-cü ildən başlayaraq zəngin ümumtürk mədəniyyətinin təbliği və dünyaya tanıdılması istiqamətində mühüm layihələrə imza atır. TÜRKSOY-un məqsədi Türk dövlətlərində mövcud olan zəngin ədəbi və fikri mirası hər yaşda olan oxucu ilə tanış edərək ortaq mədəni gələcək yaratmaqdır. Türk Cümhuriyyətlərində fikir və sənət aləmində yetişmiş çağdaş yazar və şairlər əsərlərində müxtəlif mövzularla müştərək mədəniyyətimizin inkişafına böyük töhfələr verirlər. Çağdaş dünyamızda mədəniyyət böyük əhəmiyyət kəsb edir. Dahi H.Cavidin sözləri ilə desək:

“Turana qılıncdan daha kəskin ulu qüvvət

Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət!”.

Qədim Türklərin Türklük təəssübü, Türkçülük ideyası beş ortaq abidəmizdə: Orxon yazılarında, «Kitabi-Dədə Qorqud»da, «Divani-lüğət-it-türk»də, Yusif Balasaqunlunun «Qutadqu-bilik» poemasında, Xoca Əhməd Yasəvinin hikmətlərində öz əksini tapmışdır. Bir hədisdə deyilir ki, “Uca tanrı, mənim bir ordum var, ona türk adı vermişəm, onu Şərqdə yerləşdirmişəm. Bir millətə acığım tutanda türkləri onun üzərinə müsəllət edirəm”- deyir. Bir belə düşünürük ki, bu hədis islamdan öncə Türklərin Atillanın Roma imperiyasına yürüşləri ilə əlaqədar yaranmışdır.

TÜRKSOY qədim Türklərin dünya mədəniyyətinə verdiyi böyük işləri Türk Dünyasına tanıdır. Bu mənada ortaq Türk Tarixi kitabı çox böyük layihələrdən biridir. Türk xalqlarının Dədəm Qorqudun nəsihətlərinə, Mövlanənin fəlsəfəsinə, Yunus Əmrənin düşüncələrinə ehtiyacı vardır.

TÜRKSOY Türk xalqlarının qardaşlığını,dil birliyinin, ortaq Türk mədəniyyətini gələcək nəsillərə çatdırmaq üçün önəmli bir missiya daşıyır. TÜRKSOY Türkdilli xalqlar arasında güclü bağlar qurur.Böyük şəxsiyyət olan İsmayıl Qaspralının «Dildə, fikirdə, işdə birlik» fikri bu gün Türk Dünyasının UNESKO-su TÜRKSOY tərəfindən həyata keçirilir.

Ədəbiyyat, sənət, mədəniyyət sahələrində bir çox fəaliyyətlərə imza atan, tarixdə iz buraxan böyük şəxsiyyətlərin dəyərli əsərlərinin tanınmasında, mədəniyyətimizin zənginləşməsində, yalnız türk coğrafiyasında deyil, bütün dünyada tanıdılmasında, dostluq və qardaşlıq bağlarının qurulmasında TÜRKSOY-un əvəzsiz xidmətləri var.

“Şərq bazarı musiqi festivalı”nda Yakutiyadan tutmuş Avropaya qədər bütün Türk xalqlarının iştirakı, TÜKKSOY üzvü olan dövlətlərin 6 opera teatrını bir araya gətirmək və dahi Üzeyir Hacıbəylinin “Koroğlu” operasını Türk Mədəniyyətinin əvəzsiz əsəri kimi bütün dünyaya tanıtmaq TÜRKSOY-un bu günədək həyata keçirilən ən böyük layihəsidir. Bu layihədə üzv ölkələrin 6 opera teatrının 250 sənətçisi iştirak edib və 4 ölkənin 5 şəhərində (Bişkek, Almatı, Ankara, Bakı və İstanbul) tamaşalar böyük uğurla göstərilmişdir. 2013-cü ildə Üzeyir bəyin məşhur "Arşın mal alan" operasının 100 illiyi ilə əlaqədar TÜRKSOY və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin birgə əməkdaşlığı nəticəsində operettanın konsert versiyası YUNESKO səhnəsində göstərilimişdir. Bu layihədə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə opera sənətçiləri yer almışdır.

Tarixi İpək yolunda yerləşən Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınıb. Azərbaycan həm türk, həm də İslam mədəniyyətinə əvəzsiz töhfələr verən bir ölkədir: İslam həmrəyliyi ili, Bakı Beynəlxalq Kitab Sərgi Yarmarkası TÜRKSOY-un iştirakı və dəstəyi ilə yüksək səviyyədə keçmişdir. “Dünya dillərində Molla Pənah Vaqif şeirləri” adlı kitab nəşr olunmuşdur.Vaqifin şeirləri Azərbaycan, qazax, qırğız, özbək, türk, türkmən, başqırd, tatar, ingilis, italyan, rus və Ukrayna dillərində nəfis şəkildə nəşr olunub. Düşünürəm ki, bu kitab XVIII əsrin böyük şairi, filosofu və dövlət adamı Vaqifin xatirəsinə ən yaxşı hədiyyədir. Dahi bəstəkarımız Üzeyir bəy Hacıbəylinin "Koroğlu" operasını qeyd edə bilərəm. TÜRKSOY hər il Türkiyədə Novruz şənlikləri keçirir. Bu proqramlara da türk dünyasından rəqs qrupları, musiqiçilər, aşıqlar və folklorçu alimlər dəvət edilir. Novruz bayramı YUNESKO-nun qeyri-maddi irs üzrə Reprezentativ siyahısına daxil edildikdən sonra Parisdə YUNESKO mərkəzində və Strasburqda Avropa Şurasında konsertlər verilmiş, 2010-cu ildə isə BMT Baş Assambleyası tərəfindən 21 mart günü “Beynəlxalq Novruz Günü” kimi elan olunduqdan sonra Nyu-Yorkda BMT mərkəzində və Vaşinqtonda Novruz konsertləri keçirilmişdir.

“Dədə Qorqud”un 1300 illik, “Manas”ın 1000 illik, böyük şəxsiyyət Əmir Teymurun 660 illik, Məhəmməd Füzulinin 500 illik, Qazax şairi, filosofu Abayın 150 illik yubiley tədbirləri TÜRKSOY çərçivəsində keçirilən tədbirlərdəndir. 2018-ci ildə xalq yazıçısı, görkəmli ictimai xadim və ədib, Yazıçılar Birliyinin Sədri Anar Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) “Şərəf” medalı ilə təltif olunmuşdur.

2017–ci il 7 dekabrda Azərbaycan Dövlət Pedaqoji Universitetində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) kafedrası açılmışdır. Bu kafedranın açılması türk dünyasının həmrəyliyi, birliyi, eləcə də türk ədəbiyyatının, tarixinin, mədəniyyətinin elmi tədqiqi və təbliği istiqamətində mühüm əhəmiyyət daşıyacaqdır. Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının baş katibi, professor Düsen Kaseinov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor Cəfər Cəfərov və başqaları Universitetdə TÜRKSOY–un kafedrasının açılmasının bu istiqamətdə atılan vacib addımlardan biri adlandıraraq Azərbaycandakı ali təhsil müəssisələri arasında ilk dəfə Azərbaycan Dövlət Pedaqoji Universitetində yaradılmasını böyük hadisə adlandırmışlar. Tədbirdə TÜRKSOY–un fəaliyyətini əks etdirən film də göstərilmişdir. ADPU ilə TÜRKSOY, eləcə də bu quruma üzv olan ölkələr arasında elmi–mədəni mübadiləni təmin etmək, türk mədəniyyəti ilə bağlı elmi araşdırmalar, təhsil sahəsində ortaq layihələr hazırlamaq və qarşılıqlı əməkdaşlıq aparmaq haqda protokol da imzalanmışdır. Mərasimdə ADPU–nun filologiya fakültəsinin dekanı, professor Buludxan Xəlilova, “Türk araşdırmaları” elmi–tədqiqat laboratoriyasının müdiri, professor Elman Quliyevə, ədəbiyyat və onun tədrisi metodikası kafedrasının professoru Yaqub Babayevə, Azərbaycan və dünya ədəbiyyatı kafedrasının professoru Mahmud Allahmanlıya Molla Pənah Vaqifin 300 illik yubileyi münasibətilə TÜRKSOY tərəfindən təsis edilmiş medallar təqdim olunmuşdur.

AzərTAC-ın Türkiyə Cümhuriyyəti üzrə nümayəndəsi, yazıçı-publisist, siyasi elmlər üzrə fəlsəfə doktoru Sabir Şahtaxtının TÜRKSOY-un baş katibi prof. Düsen Kaseinovla bir müsahibəsini xüsusi qeyd etmək lazımdır. Sabir müəllim müsahibəsinə belə başlayır: “Yetmiş yaşı tamam olan Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) baş katibi professor Düsen Kaseinovu tanıyanlar, o cümlədən mən də onu gözəl insan, türk dünyasına sonsuz məhəbbətlə bağlı olan, o cümlədən Azərbaycanı öz doğma vətəni qədər sevən bir şəxsiyyət kimi tanıyıram. Onunla işləyən, çiyin-çiyinə çalışan, rəhbərliyi altında fəaliyyət göstərənlər, yol yoldaşı olanlar isə professor Düsen Kaseinovu ilk növbədə qayğıkeş insan, ədalətli rəhbər kimi dəyərləndirirlər. 2008-ci ildə TÜRKSOY-un baş katibi olaraq türk dünyası qarşısında tarixi missiyasına başlayıb. O sülhün, inkişaf və tərəqqinin, dostluq və qardaşlığın, insanların rahat yaşayışının təmin olunmasının tərəfdarıdır. Dünyanı sülh, inkişaf və tərəqqi yolunda görmək onun həyat amalıdır. Bunun üçün mədəniyyətlər, dinlər və təriqətlər arasında dialoq və inteqrasiya tərəfdarıdır. Məhz elə buna görə də məqsədyönlü fəaliyyətinə görə ayrı-ayrı dövlətlərin orden və medalları ilə təltif olunub. 2010-cu ildə “Küpmet” ordeninə layiq görülən yubilyar ötən 17 ildə 13 orden və medalla təltif olunub. O, təkcə Qazaxıstanın sevimlisi deyil. Dünya mədəniyyətinin inkişafına verdiyi töhfələrə, sülhsevər mədəni layihələrinə görə 2007-ci ildə Rusiya Federasiyasının “Dostluq” ordeni ilə təltif olunan D.Kaseinov beş il sonra - 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Dostluq” ordeni ilə mükafatlandırılıb. Onun çoxsaylı təltifləri, həmçinin ayrı-ayrı ölkə və şəhərlərin yubiley medalları arasında daha biri isə Türkmənistanın “Maxtumqulu Firaqi” medalıdır. Sabir müəllimin müsahibəsində Azərbaycanın TÜRKSOY-dakı rəsmi nümayəndəsi Elçin Qafarlının Düsen Kaseinovla bağlı fikirləri də yer almışdır: “ O, əsl türkçü, qayğıkeş insan, ədalətli rəhbərdir. TÜRKSOY-da təmsil olunan ölkələrin milli bayramlarına, adət-ənənələrinə, tarixi şəxsiyyətlərinə eyni baxış bucağı ilə yanaşmaqla təşkilatda heç vaxt pozulmayacaq bir idarəçilik ənənəsi yaradıb. Rəsmi təmsilçilərin, digər əməkdaşların və onların ailə üzvlərinin doğum günlərini, eləcə də yubileylərini kollektiv şəkildə qeyd etmək, bayram günlərində qarşılıqlı ehtiram göstərmək onun hər birimizdən tələb etdiyi mühüm məqamlardandır”.

Türk Milliyyətçi hərəkatının yaradıcılarından olan gəmi kapitanı babam Abdul Rasul Nəhmət oğlunun türkçülük ideyalarının davamçısı olaraq Türk dünyasına xidmət etməkdən qürur duyuram. Babam 1937-ci ildə repressiya qurbanı olmuş, 10 il Sibirə sürgün olunmuşdur.

Türk Dünyasının 2 böyük dastanını – “Kitabi-Dədə Qorqud” və “Koroğlu” dastanlarını araşdıran elm adamı olaraq 5 kitabın və 100-dən artıq elmi məqalənin müəllifiyəm. 50-dən çox beynəlxalq konfransda iştirak etmişəm. 2016-cı ildə Moskvada “Türkologiyanın müasir problemləri” adlı beynəlxalq konfransda “Kitabi-Dədə Qorqud” dastanlarının ümumnəzəri problemləri” mövsusunda çıxış etmiş və “Türk xalqları” adlı məlumat kitabçası hazırlamışam.

Bakıdakı Yunus Emre İnstitutunun təşəbbüsü ilə 2016-cı il dekabr ayında “A.H.Tanpınarı kəşf edirem” esse yazışmasının 5 qalibindən biriyəm. A.H.Tanpınarın vətəninə ziyarət edərək, 5 şəhərdə - İstanbul, Yalova, Konya, Bursa, Eskişehirdə olmuşam. Ən yüksək səviyyədə olan görüşlərimiz heç vaxt xatirimdən silinməyəcək. Türk Dünyası Vakfında, Movlana Cəlaləddin Ruminin ziyarətində və TÜRKSOY-un 2013-cü ildə “Türk Dünyası Kultur Başkenti” elan etdiyi Eskişehirdə möhtəşəm layihələri görmək məni hədsiz mutlu etdi. Bütün bunlar Türk xalqlarının bir-birini daha yaxından tanımasına xidmət edir.

Əsası 1453-cü ildə Sultan Mehmet Fateh tərəfindən qoyulan İstanbul Universitetində Mövlana Deyişim Proqramı üzrə 2018-ci ilin mart ayında “Əski Türk dastanları” və “Türk Xalq ədəbiyyatına giriş” fənlərindən mühazirə oxumuşam. Böyük ədəbiyyat xadimlərinin-yazarlarının, alimlərin oxuduğu bu universitetdə dərs demək çox qürurverici idi. 26 martda “Türk Kültür tarixinin xəzinələri” adlı bir konfrans təşkil edildi və mən Türk Dünyasının xəzinələri olan – “Kitabi-Dədə Qorqud”, “Divani- lüğati-it-Türk”, “Kutadqu bitlik”lə bağlı çıxış etdim. Prof. Dr. Abdulkadır Əməksiz mənə dəyərli hocamız Mahir Kocatürkün hazırladığı “Böyük Türk ədəbiyyatı Tarixi” adlı gözəl bir kitab hədiyyə etdi. Bu kitab başlanğıcdan bu günə qədər Türk ədəbiyyatının tarixi, təhlili və tənqidinə həsr olunub. Belə kitablar Türk Dünyasına böyük töhfədir. Arzu edərdim ki, TÜRKSOY tərəfindən Ortaq Türk tarixi kitabı ilə yanaşı Ortaq Türk ədəbiyyatı kitabı da hazırlansın.

Martda Türk Ədəbiyyat Vakfı tərəfindən yazıçı Anarın 80 illik yubiley tədbirində iştirakımı da heç vaxt unutmayacağam. Bu tədbirdə çıxış edərək “Kitabi-Dədə Qorqud” dastanları və çağdaş Azərbaycan ədəbiyatı” monoqrafiyamı Anara təqdim etdim. Böyük yazıçının “Yaşayan Dədə Qorqud” mükafatını alması məni çox sevindirdi, çünki “Anarın Dədə Qorqud yaradıcılığı” adlı kitabım artıq çapa hazırdır.

.Mən də Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının baş katibi professor Düsen Kaseinovu qarşıdakı 80 illik yubileyi münasibətilə indidən səmimi qəlbdən təbrik edir, ona möhkəm can sağlığı, Türk Dünyasına xidmətlərindən dolayı daha uca zirvələrdə olmağı arzulayıram. Çox hörmətli Düsen bəy, Türk dünyasının birliyinə dəyər verən hər kəs, o cümlədən mən də Sizin TÜRKSOY-a daha böyük nailiyyətlər qazandıracağınıza inanıram. Böyük Tanrı Sizi yaratmaq üçün yaratmışdır. Odur ki, 80, 90 və 100 illik yubileylərinizi Sizinlə bir yerdə qeyd etməyi arzu edirəm.

Bu il TÜRKSOY-un tarixində mühüm ildir. Təşkilat yaranmasının 25 illiyini qeyd edir. Bu məqaləni qələmə almaqda məqsədim şərəfli yubileyə öz fikir və mülahizələrimlə töhfə verməkdir. TÜRKSOY-a Türk xalqları arasında mədəni əlaqələri inkişaf etdirmək, dünyaya çatdırmaq işində uğurlar arzu edirəm.

Təşəkkürlər TÜRKSOY - Türk Dünyasının YUNESKO-su!!!

Yeganə İsmayılova,

Bakı Dövlət Universiteti, professor

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024