Şuşanın işğalından 28 il ötür

08/05/2020

Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir.
Ümummilli Lider Heydər Əliyev

 

Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağın ən gözəl guşələrindən biri, milli mədəniyyətimizin, incəsənətimizin, elmimizin inkişafında müstəsna yeri ilə seçilən, əsrarəngiz təbiətə, füsunkar gözəlliyə sahib olan Şuşanın işğalından 28 il keçir.

Şuşa təkcə Vətənimizin cənnət məkanlarından biri dеyil, həm də hərbi stratеji əhəmiyyət kəsb еdən alınmaz qala оlmuşdur. Erməni təcavüzkarları Şuşanın strateji hərbi və coğrafi əhəmiyyətini nəzərə alaraq şəhəri müntəzəm olaraq atəşə tutur, öz məkrli niyyətlərindən əl çəkmirdilər. Erməni silahlı qüvvələrinin Şuşaya son hücumu 1992-ci il mayın 7-dən 8-nə keçən gecə başlayıb. Şəhər dörd tərəfdən raket, top, tank və digər ağır silahlardan  atəşə tutulub. Şəhər mayın 8-də axşamadək müdafiə olunsa da, silah-sursat və canlı qüvvə sarıdan üstün olan təcavüzkarlar şəhəri işğal edib. Azərbaycanın bu qədim, zəngin tarixə və mədəniyyətə malik şəhərinin erməni silahlı qüvvələrinin əlinə keçməsi ilə Dağlıq Qarabağın faktiki işğal olunub.

Şuşa işğal edilərkən şəhərdə 25 min nəfərədək əhali yaşayırdı. Şəhərin müdafiəsi zamanı 195 dinc sakin şəhid olub, 165 nəfər yaralanıb. Ermənilər tərəfindən əsir götürülərək Şuşa həbsxanasında saxlanılan 114 azərbaycanlı sonradan xüsusi qəddarlıqla qətlə yetirilib. 58 nəfər itkin düşüb.

Düşmən Şuşadakı bir çox qiymətli tarixi-mədəniyyət abidələrini dağıdıb. Məşhur Şuşa qalası, memarlıq abidəsi sayılan 170-dən çox yaşayış binası, məbədgah və məscidlər, bütövlükdə 279 dini, tarixi və mədəni abidə dağıdılıb. Şəhərdə 25 məktəb, 31 kitabxana, 20 səhiyyə müəssisəsi, 17 klub, 8 mədəniyyət evi, 4 texnikum və 2 institut filialı, 7 uşaq bağçası, 4 kinoteatr, 5 mədəniyyət və istirahət parkı, 2 sanatoriya, turist bazası, 2 mehmanxana, Şuşa Dövlət Dram Teatrı, Şərq musiqi alətləri fabriki, Dövlət Rəsm Qalereyası, Uşaq Sağlamlıq Məktəbi məhv edilib, Xurşidbanu Natəvanın, Ə.B.Haqverdiyevin, Q.B.Zakirin, M.M.Nəvvabın, S.S.Axundovun, N.B.Vəzirovun, Y.V.Çəmənzəminlinin, Xan Şuşinskinin, Sadıqcanın evləri, Üzeyir bəy Hacıbəylinin, Bülbülün ev-muzeyləri və daha neçə-neçə digər abidə talan edilib.

Şuşa şəhərinin işğalı Ermənistanın Azərbaycan Respublikasına qarşı sistematik təcavüz və işğal siyasətinin tərkib hissəsidir. Bu işğalçılıq siyasəti nəticəsində Ermənistan slahlı qüvvələri tərəfindən Azərbaycanın Dağlıq Qarabağ regionu və onun ətrafındakı yeddi rayon işğal edilib. İşğal altında qalan Şuşa şəhəri Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazisinin ayrılmaz tərkib hissəsi olmaqla yanaşı Azərbaycan xalqı üçün müstəsna tarixi, mədəni, mənəvi əhəmiyyətə malikdir. “Azərbaycan musiqisinin beşiyi” və “Şərqin konservatoriyası” adlandırılan Şuşa şəhərinin işğalı ilə Azərbaycan xalqının maddi-mədəni və mənəvi irsinə ağır zərbə vurulub.

Azərbaycanın tarixi mədəniyyət mərkəzi və Qarabağın tacı olan Şuşa şəhəri 28 ildir Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Amma bu, belə davam edə bilməz. Xalqımız əmindir ki, Prezident və Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti və iradəsi sayəsində işğal olunmuş bütün torpaqlarımız, o cümlədən Qarabağın tacı Şuşa nəyin bahasına olursa-olsun düşmən tapdağından azad ediləcək. Azərbaycanın diplomatik uğurları, eyni zamanda, iqtisadi imkanlarının artması fonunda güclənən milli ordumuz işğal olunmuş torpaqlarımızın azad olunacağı günün uzaqda olmadığına əminlik yaradır. Aprel Döyüşlərində ordumuzun düşmənə vurduğu ağır zərbə müqəddəs bayrağımızın tezliklə işğaldan azad ediləcək ata-baba torpaqlarımızda əzəmətlə dalğalanacağına olan ümidlərimizi bir daha artırdı, xalqımızın bu müqəddəs yolda dönməzliyini və qətiyyətini növbəti dəfə təcəssüm etdirdi.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024