Ulu öndər BDU-ya həmişə milli elm və təhsilimizin lokomotivi kimi baxmışdır

07/05/2017

Zəngin və şərəfli ömür yolu keçmək, fenomenal keyfiyyətləri ilə milyonların qəlbində ölməzlik məşəli yandırmaq, onlara müstəqillik, azadlıq hissini bütün varlığı ilə yaşatmaq, milli iradənin, özünüdərkin təcəssümünə çevrilmək xoşbəxtliyi çox az liderlərə nəsib olur. Tanrı belə şəxsiyyətlərə həm də xilaskarlıq missiyası verir - zamanın ən sərt sınaqlarından çıxmış bu insanlar müəyyən mərhələdə məsuliyyəti öz üzərlərinə götürərək bütöv bir millətin azadlıq, müstəqillik ideallarını gerçək həyatda reallaşdırmağa nail olurlar. Milli özünüdərkin ən yüksək siyasi ifadəsi olan müstəqil dövlət ideyası və bu ideyanın gerçəkləşdirilməsi Azərbaycanın çağdaş tarixində məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ona görə də bu Böyük İnsan bütöv bir xalqın tarixinin yüksək zirvəsində özünə əbədi yer qazanmışdır.

Ulu öndər Heydər Əliyevin zəngin dövlətçilik irsi, şəxsi nümunəsi və siyasi fəaliyyəti, milli mənafelərə istiqamətlənən görüşləri bu gün hamı üçün ən dəyərli mənbədir. Heydər Əliyev irsində vətən məhəbbəti, Azərbaycan sevgisi - azərbaycançılıq hissi, xalq, millət, dil, milli mədəniyyətə məhəbbət xüsusi yer tutur. Heydər Əliyev irsində sədaqətlilik - insanın insana, insanın vətəninə, torpağına, xalqına, dövlətinə sədaqət hissi mühüm rol oynayır. Ulu öndərin şəxsi nümunəsi və həyat təcrübəsi xalqına, ölkəsinə, dövlətinə əsl sədaqətlilik örnəyidir.
1969-cu il iyulun 14-də Azərbaycana rəhbər seçilən ulu öndər Heydər Əliyev ilk gündən hər cür ideoloji-siyasi baryerlərə sinə gərərək cəmiyyəti bütün sahələr üzrə mənəvi yüksəlişlərə ruhlandırmış, hər kəsdə milli heysiyyatı gücləndirmək, onu şanlı keçmişinə, soykökünə qaytarmaq, habelə zəngin mədəni irsini yaşatmaq naminə titanik işlər görmüşdür. Ulu öndərin hakimiyyətdə olduğu illər Azərbaycanda müstəqilliyin əbədi, daimi və dönməz xarakter alması, sabit dövlət quruluşunun yaranması, xalqın konstitusion hüquqlarına sahib çıxması, milli-mənəvi yüksəlişə nail olması, fərdin özünü vətəndaş olaraq dərk etməsi kimi tarixi prosesləri əhatə edir. Xalqımız qərinələr boyu qazandığı nailiyyətləri, milli dəyər və keyfiyyətləri Heydər Əliyev epoxasında təkmilləşdirərək sistem halına salmış, dövlət qurmaq haqqını, idarəçilik bacarığını ən yüksək həddə nümayiş etdirmişdir.
Azərbaycanın müstəqil dövlət quruculuğuna aparan keşməkeşli və şərəfli yol, əslində, dahi rəhbərin ilk dəfə hakimiyyətə gəlişindən sonra başlamışdır. Bu mənada azərbaycançılığın ən parlaq səhifələri məhz həmin illərdən etibarən yazılmışdır. Azərbaycan KP MK-nın birinci katibi təyin olunan Heydər Əliyev elə ilk plenumda köhnə stereotipləri puça çıxarmış, milli ideallara sadiqliyini təsdiqləmişdir. Zəngin təbii sərvətlərinə, istehsal potensialına baxmayaraq, Azərbaycanın keçmiş sovetlər məkanında geridə qalmış respublikalar sırasına düşməsinin səbəblərini araşdıran Heydər Əliyev ilk vaxtlardan iqtisadi inkişafa xidmət edən kompleks tədbirlərin həyata keçirilməsini təmin etməklə müdrik dövlət xadimi olduğunu tam sübuta yetirmişdir. Ulu öndərin qənaətincə, Azərbaycanda ilk növbədə milli-mənəvi ruh yüksəldilməli, azərbaycanlıların öz ənənələrinə, köklərinə bağlılığı sürətləndirilməli, xalqın müstəqil yaşayışı üçün lazım olan maddi-texniki baza yaradılmalı idi. Heydər Əliyevdən əvvəlki rəhbərlərdə çatışmayan keyfiyyət bu idi ki, onlar adi nomenklatur məmur kimi respublikada mərkəzin siyasətini kor-koranə həyata keçirmiş, bu siyasətin xalqının mənafeyinə zidd olan məramlarında cəsarət, qətiyyət nümunəsi göstərib sözlərini deməmişdilər. Bütün bunlar da iqtisadi tənəzzülün, bürokratik amillərin, rüşvətxorluq və korrupsiyanın geniş yayılmasına gətirib çıxarmışdır. Belə böhranlı dövrdə respublikaya rəhbər təyin olunan Heydər Əliyev durğunluq girdabında çapalayan Azərbaycanın simasını tamamilə yeniləşdirmiş, torpaq iddialarının gerçəkləşməsi üçün fürsət axtaran ermənilərin arzularını gözündə qoymuşdur. Ulu öndər gərgin əməyi, qətiyyəti, fitri idarəçilik qabiliyyəti, ən əsası isə vətənpərvərliyi sayəsində Azərbaycanı keçmiş ittifaqın geridə qalmış əyalətindən bütün sahələrdə sürətlə inkişaf edən, yüksələn respublikaya çevirmişdir.
Ümummilli liderin tarixi missiyası həm də o dövrdə xalqın milli ruhunu keçmiş rejimin təhdidlərindən qoruması olmuşdur. Heydər Əliyevin sovet siyasi arenasında rəhbərliyə gəlməsi ilə Azərbaycanda milli mənlik hissi güclənmiş, bütün ideoloji maneələr dəf edilərək müstəqil düşüncəyə, dövlətçilik təfəkkürünə yol açılmışdır. Böyük rəhbər mövcud ideologiyanın qəlibləri çərçivəsində belə, respublikada milli ruhun tamamən sıxışdırılmasına yol verməmiş, əksinə, onu yüksəltmək üçün bütün imkanlardan maksimum dərəcədə istifadə etməyi bacarmışdır. Heydər Əliyevin respublika rəhbərliyinə gəlişindən sonrakı dövr həm də milli özünəqayıdışın başlanğıcı kimi qəbul edilir. Heydər Əliyev dövlətçilik konsepsiyasının başlıca ideya siyasi istiqamətini də məhz xalqın milli özünüifadəsinin bütün forma və vasitələrinin geniş vüsət alması, milli qürur hissinin güclənməsi, milli şüurun yüksəlişinə təkan verən sürətli inkişaf strategiyasının gerçəkləşdirilməsi təşkil etmişdir. Həmin illərdə Bakıda, Sumqayıtda, Gəncədə və digər şəhərlərdə inşa olunan iri müəssisələr bu gunun özündə də iqtisadiyyatın güclü sənaye kompleksinin formalaşmasına zəmin yaradan möhkəm təməldir. Bütün bunlar bir daha təsdiqləyir ki, Heydər Əliyev o dövrün ağır şərtləri, məhdudiyyətləri çərçivəsində də xalqımızın gələcək rifahı üçün əlindən gələni əsirgəməmiş, bəzən mümkün görünməyəni də reallığa çevirmişdir. Çox sonralar nitqlərinin birində “Biz sovet rejimində yaşayırdıq. Məgər biz bu rejimi dəyişə bilərdik? Amma iş ondadır ki, bu rejim altında olsa da, sən xalqın, millətin üçün nə edirsən? Əgər bu rejimi dəyişdirə bilmirsənsə, onda onun imkanlarından istifadə edib xalqına kömək göstərməlisən. Mən bunu etdim. Azərbaycan o illərdə çox yüksəklərə qalxdı” - deyən Heydər Əliyev həmin dövrü respublikanın inkişafında mühüm mərhələ kimi səciyyələndirmişdir.
Ulu öndərin müdrik siyasəti sayəsində millətin minillər boyu yaşatdığı mənəvi dəyərlərə nihilist baxış tədricən aradan götürülməyə başlamış, klassik ənənə ilə müasir ədəbi irs arasında yaranan ünsiyyət milli düşüncənin düzgün məcrada inkişafına səbəb olmuşdur. Heydər Əliyevin respublikaya rəhbərlik etməyə başladığı ilk günlərdən Azərbaycanın görkəmli şəxsiyyətlərinin yubileylərinin müntəzəm surətdə qeyd olunması xoş ənənə halını almış, bu isə xalqın tarixi yaddaşının özünə qaytarılması, müstəqil dövlətçilik ideyalarının gerçəkləşdirilməsi uçun zəmin yaratmışdır.
Ötən əsrin 60-cı illərinin sonlarında respublikada kosmopolit əhvali-ruhiyyə hökm sürdüyündən milli kadrların hazırlanması və dövlət idarəetmə strukturlarında yerləşdirilməsi, habelə ana dilimizin, tariximizin, mədəniyyətimizin, incəsənətimizin inkişaf etdirilməsi istiqamətindəki təşəbbüslərinin qarşısı ciddiyyətlə alınır, milli şüura, düşüncəyə malik olan və xalqın zəngin əxlaqi-mənəvi dəyərlər sisteminin daşıyıcısı sayılan kadrların fəaliyyətinə maneələr törədilirdi. Belə bir zamanda Heydər Əliyev həyatını risk qarşısında qoymaq bahasına milli düşüncə sahiblərini rejimin sərt hücumlarından hifz etmiş, Azərbaycan dilinin, xalqın tarixi ənənələrinin, zəngin mədəniyyətinin əzmkar müdafiəçisinə çevrilmişdir. Yalnız bir faktı xatırlatmaq kifayətdir ki, görkəmli ictimai-siyasi xadim Nəriman Nərimanovun 70 illik yubileyini qeyd etmək, onun heykəlini ucaltmaq üçün Heydər Əliyev sovet imperiyasının rəhbərliyi ilə mübarizəyə iki ilə yaxın vaxt sərf etmişdir. 1937-ci ildə Sibirə sürgün olunmuş görkəmli ziyalı, yazıçı və dramaturq Hüseyn Cavidin nəşini uzaq Sibirdən Azərbaycana gətirmək üçün apardığı mübarizə də ulu öndərin milli irsə nə qədər sayğı və ehtiramla yanaşan, heç bir siyasi riskdən çəkinməyən şəxsiyyət olduğunu bir daha təsdiqləyir. Bu həqiqət ümummilli liderin 1978-ci ildə Azərbaycan dilinin Konstitusiyada ana dili kimi təsbit olunması, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılması, bir sıra iri sənaye müəssisələrinin məhz respublikamızda tikilməsi uğrunda apardığı əzmkar mübarizə fonunda bir daha təsdiqini tapır.
Həmin illərdə milli ideyanın zəifliyi, azlığı üzündən baş alıb gedən, həm iqtisadi, həm də mədəni tənəzzülə aparan neqativ tendensiyalar da məhz Heydər Əliyevin hakimiyyətə gəlişi ilə aradan qaldırılmışdır. Ulu öndərin yorulmaz fəaliyyətinin nəticəsidir ki, 1969-1982-ci illərdə baş verən dəyişikliklərin miqyasına, ictimai və iqtisadi sahədəki dərin islahatların səviyyəsinə, xalqın maddi rifah halının yaxşılaşmasına görə Azərbaycan digər müttəfiq respublikalardan müsbət mənada fərqlənmiş, iqtisadi yüksəliş mərhələsini yaşamışdır. Həmin illərdə Bakıda geniş abadlıq-quruculuq işləri həyata keçirilmiş, müasir Azərbaycan memarlığının şah əsərləri sayılan, respublikanın ictimai-siyasi və mədəni həyatında böyük əhəmiyyəti olan inzibati mərkəzlər, saraylar, institutlar, nəşriyyatlar, tədris müəssisələri və öz görünüşü ilə şəhəri rövnəqləndirən neçə-neçə möhtəşəm binalar tikilib istifadəyə verilmişdir. Heydər Əliyevin təşəbbüsü ilə çoxlu sayda memarlıq abidəsi bərpa edilmiş, xalqın görkəmli şəxsiyyətlərinin xatirəsi əbədiləşdirilmişdir. 
Mən özümü xoşbəxt insanlardan sayıram ki, Heydər Əliyevin gənclərə göstərdiyi qayğıdan bəhrələnmişəm. Yadımdadır, 1969-cu ildə Bakı Dövlət Universitetinin 50 illik yubileyi keçirilirdi. O zaman universitetin kimya fakültəsinin üçüncü kurs tələbəsi idim. İndiki Şəhriyar adına klubda keçirilən tədbirdə unudulmaz Heydər Əliyev Azərbaycan dilində çox dərin məzmunlu nitqlə çıxış etdi. Bu, bizi çox heyrətləndirdi. Çünki həmin vaxtlarda ən kiçik iclaslar belə rus dilində aparılırdı. Məhz Heydər Əliyevin o tədbirdəki çıxışı, deyərdim ki, tarixi bir məqam, tarixi bir nitq oldu. Biz ilk dəfə idi ki, ölkə rəhbərinin dilindən Bəhmənyar, Nəsirəddin Tusi, Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli kimi klassiklərin adını eşidirdik. Heydər Əliyev onların hər biri haqqında maraqlı fikir söyləyirdi. Açığı, ulu öndərin doğma dilimizə, klassiklərimizə bu cür ehtiramla yanaşması bizə çox təsir etdi. Bəlkə də bizdə milli hisslərin, vətəndaş təəssübkeşliyinin inkişafında məhz həmin tarixi görüşün öz yeri vardı. İndinin özündə də ulu öndər haqqında düşünəndə gözlərim önündə həmin görüş canlanır. Qadağaların hökm sürdüyü bir dövrdə Heydər Əliyevin bu cəsarətli addımı biz gənclərin düzgün istiqamətlənməsində böyük rol oynadı.
Həmin dövrdə cəmiyyətin ən müxtəlif sahələrində nizam-intizamın, haqq-ədalətin təminatına çalışan, bunu məmurluğun formuluna çevirən ulu öndər bu yolla dövlətlə xalq arasında möhkəm mənəvi, siyasi və hüquqi bağlılığa, qarşılıqlı etimada nail olmağa çalışmışdır. Ümummilli lider qanunçuluğun, hüquq qaydalarının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirmiş, xalqın hüquqlarının əzmkar və cəfakeş müdafiəçisinə çevrilməklə milli ruh, iradə, inam və etimad meyillərinin ictimai şüurda möhkəmlənməsinə nail olmuşdur.
Ulu öndər milli kadrların yetişdirilməsi işinə də xüsusi qayğı ilə yanaşmış, bu məqsədlə təhsilin səviyyəsinin yüksəldilməsini önə çəkmişdir. O dövrdə milli mütərəqqi fikrin və ictimai düşüncənin başlıca mərkəzi kimi çıxış etməklə qabaqcıl ali məktəb statusunu qoruyub saxlayan, milli kadr hazırlığında əsas yükü üzərinə götürən Azərbaycan Dövlət Universitetinə diqqət və qayğının artırılması, bu təhsil ocağının fəaliyyətinin gücləndirilməsi də daim Heydər Əliyevin diqqət mərkəzində olmuşdur. Ulu öndər yaxşı bilirdi ki, universitet auditoriyalarında, kafedralarında işləyən, dərs deyən müəllimlər Azərbaycan xalqının milli mənliyinin, şüurunun, milli ruhunun inkişaf etdirilməsi prosesində müstəsna rol oynayırlar. O zaman azərbaycanlı gənclərin keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərdə oxumağa göndərilməsi də məhz Heydər Əliyevin təşəbbüsü sayəsində baş tutdu. Bu qayğıdan bəhrələnənlərdən biri də mən oldum. Ulu öndərin köməyi ilə Lomonosov adına Moskva Dövlət Universitetinin kimya fakültəsinin aspiranturasına daxil oldum. Həmişə arzusunda olduğum, lakin reallaşmasına inana bilmədiyim bu hadisə həyatımda çox böyük rol oynadı. Yaxşı xatırlayıram ki, Moskvada təhsil aldığımız illərdə ulu öndər bir neçə dəfə bizimlə görüşdü, qayğılarımızla maraqlandı və hər dəfə də vətən üçün ləyaqətli kadrlar olmağı tövsiyə etdi. Heydər Əliyevin bizə göstərdiyi bu diqqət Rusiyada təhsil alan tələbələr üçün çox önəmli oldu. Biz hər bir addımımızda məhz ümummilli liderin məsləhətlərinə əməl etməyi, onun dediyi kimi öyrənməyi, oxumağı, vətənə yüksək ixtisaslı kadr kimi qayıtmağı qarşımıza məqsəd qoymuşduq. Həyat göstərdi ki, Heydər Əliyev necə uzaqgörən və müdrik bir rəhbər imiş. Məhz ulu öndərin təşəbbüsü sayəsində xarici ölkələrin ali məktəblərində təhsil alanlar sonralar Azərbaycana qayıdaraq xalqa, millətə ləyaqətlə xidmət etdi. Bu xidmətin isə yüksək səviyyədə olması məhz Heydər Əliyevin adı ilə bağlıdır. Çünki o, hər birimizin həm insan, həm də yüksək səviyyəli kadr kimi formalaşmasında mühüm rol oynadı.
Ulu öndər Azərbaycan Dövlət Universitetinin 60 illik yubileyinin təşkilinin də əsas təşəbbüskarı olmuşdur. 1980-ci ildə keçirilmiş həmin mərasimdə iştirak edərək təbrik nitqi söyləmişdir. Sovetlər birliyi dövründə universitetin beynəlxalq əlaqələrinin genişlənməsi də Heydər Əliyevin respublikada rəhbərliyə gəlişindən sonra mümkün olmuşdur. Ümumiyyətlə, 1969-1982-ci illərdə Azərbaycanda humanitar və ictimai elm sahələrində böyük irəliləyişlər əldə edilmiş, dilimizin, tariximizin, folklorumuzun tədqiqi sahəsində uğurlu nəticələr qazanılmışdır. Sovet rejiminin sərt qanunlarına baxmayaraq, respublikada böyük iqtisadi, elmi və ədəbi-mədəni potensialın yaradılması da məhz bu uzaqgörən siyasətin nəticəsi idi. Heydər Əliyevin yaratdığı siyasi məktəbdən dərs alan, yetişən insanların sayı-hesabı yoxdur. Bu gün iftixar hissi keçirirəm ki, ulu öndərin mənim taleyimdə pozulmaz izləri var.
Xalqın azadlıq idealları, XX əsrin əvvəllərindəki azərbaycançılıq, dövlətçilik dəyərləri ictimai şüurda geniş meydan tapmışdır. Milli-mənəvi şüura qayıdış çağdaş milli varlığın təsdiqi kimi reallaşmış, zəruri tarixi-mənəvi prosesə çevrilmişdir. Ötən əsrin 80-ci illərinin sonunda Azərbaycan xalqının milli “Mən”ini qorumaq üçün ayağa qalxıb ermənilərin ərazi iddialarına sərt reaksiya verməsi, ölkədə milli-azadlıq hərəkatının genişlənməsi də məhz bu möhkəm ideoloji-siyasi təmələ əsaslanmışdır.
- 1991-1993-cü illərdə respublikada cərəyan edən mürəkkəb proseslər - siyasi böhranın, xaos və anarxiya mühitinin dərinləşməsi, xalqın canı, qanı bahasına əldə etdiyi dövlətçiliyin itirilməsi təhlükəsinin yaranması bir daha təsdiqlədi ki, yalnız böyük dəstəyə malik liderlər xalqlarının müstəqilliyinə etibarlı təminat yarada, onu qoruyub saxlaya bilərlər. Ulu öndər Heydər Əliyev özünün parlaq zəkası ilə Azərbaycanı olduqca mürəkkəb zamanın dalğaları arasından salamat çıxarıb ona həm bölgədə, həm də dünyada layiqli yer qazandırmışdır. Böhranlı bir dövrdə - 1993-cü ilin iyununda xalqın çağırışına cavab verərək hakimiyyətə gələn ümummilli lider respublikanı üzləşdiyi çox faciələrdən qurtarmış, müdrik və uzaqgörən addımları ilə onu davamlı, sabit inkişaf yoluna çıxarmışdır. 
Ulu öndərin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra irəli sürdüyü dövlətçilik konsepsiyası mahiyyət etibarilə Azərbaycanın tarixi ənənələrini və müasir Avropa dəyərlərini birləşdirən yeni bir inkişaf modeli kimi özünü doğrultmuşdur. İctimai-siyasi sabitliyi və sosial-iqtisadi inkişafı bu modelin əsas dayağına çevirən Heydər Əliyev cəmiyyətdə dayanıqlı milli birliyə nail olmaq üçün öncə insan hüquq və azadlıqlarının maksimum təminatı məsələsinə xüsusi diqqət yetirmişdir. Ulu öndər özünəməxsus müdrikliklə bəyan etmişdir ki, siyasi sabitliyə nail olmadan yeni idarəetmə sisteminə keçidi reallaşdırmaq, bazar iqtisadiyyatı və demokratiya kimi fundamental prinsiplərin tətbiqinə nail olmaq mümkün deyil. Heydər Əliyev Azərbaycanda milli dövlətçiliyin prioritet inkişaf istiqamətlərini müəyyənləşdirərkən xalqın milli mentalitetini, səciyyəvi cəhətlərini də nəzərə almışdır.
Azərbaycanın yeni neft strategiyasının hazırlanaraq həyata keçirilməsi də ulu öndərin ölkə dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biri olmuşdur. 
Ümummilli lider hüquqi və vətəndaş cəmiyyəti quruculuğu məsələsini də daim diqqət mərkəzində saxlayaraq bu istiqamətdə mühüm islahatların həyata keçirilməsini təmin etmişdir. Heydər Əliyev böyük siyasət ustadı olaraq hər bir fərdin maraq və mənafelərini təmin etmədən, ədalət meyarını qorumadan güclü dövlət yaratmağın mümkünsüzlüyünü nitqlərində hər zaman vurğulamış, vətəndaşlara göstərilən hüquqi yardımın səviyyəsinin müntəzəm surətdə artırılmasının əsas təşəbbüskarı kimi çıxış etmişdir. Ulu öndərin rəhbərliyi altında hazırlanaraq 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının Konstitusiyası dövlətimizin tarixində hakimiyyət bölgüsü prinsipini, demokratik hüquqi və dünyəvi dövlət quruculuğunun hüquqi əsaslarını, insan hüquq və azadlıqlarının qeyd-şərtsiz təmin olunmasının bünövrəsini qoymuşdur. Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlət kimi ilk dəfə olaraq insan hüquqlarının üstün mövqeyini və hakimiyyət bölgüsünü özünün gələcək inkişaf yolu kimi seçmişdir. Demokratik tələblərə tamamilə cavab verən bu ali sənəd müstəqil Azərbaycanın ilk Konstitusiyası kimi tarixilik qazanmışdır.
Heydər Əliyev dövlətçilik irsinin əsas istiqamətlərindən biri də ölkənin milli təhlükəsizliyinin və ərazi bütövlüyünün təmin olunması sahəsində kompleks tədbirlərin görülməsidir. Azərbaycanın hərbi qüvvələrinin yaradılması dövlətçiliyin əsas atributu və qarantı hesab olunmuşdur. Ordunun siyasiləşməsi, dövlətçilik prinsiplərinə əsasən deyil, şəxsi siyasi maraqlara nəzərən formalaşdırılması sonda Azərbaycanın müstəqilliyi üçün ciddi təhlükə mənbəyi idi. Ulu öndər hakimiyyətə gəldikdən sonra bu tendensiyaya qarşı ciddi mübarizə aparmış, dövlətin milli təhlükəsizliyinin və ərazi bütövlüyünün təminatçısı funksiyasını yerinə yetirən sabit və güclü silahlı qüvvələrin yaradılmasına nail olmuşdur.
Ümummilli lider hakimiyyətdə olduğu müddətdə Azərbaycan cəmiyyətinin vahidliyinin, bütövlüyünün təmin olunmasını özünün strateji vəzifəsi saymışdır. Heydər Əliyev onun müxtəlif istiqamətlər - sosial bərabərsizlik, regional faktor, dini və milli mənsubiyyət amili baxımından parçalanmasına imkan verməmişdir. Bu, Azərbaycan dövlətçilyinin yaşaması, inkişafı baxımından ən düzgün seçim idi və ötən illərin reallıqları da bunu təsdiqləmişdir. “Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” - deyən ulu öndər azərbaycanlılara xas gözəl nə varsa, onların hamısını öz parlaq simasında bir araya gətirmişdir. 
Ulu öndər müstəqillik illərindən elmi intellektual sferada hökm sürən tənəzzülün də qarşısını almış, təhsilin öz məcrasına düşməsi, inkişafı üçün əlverişli iqtisadi şərait və mənəvi-əxlaqi mühit formalaşdırmışdır. Elmin tərəqqisinə, bu prosesi həyata keçirən çoxminli ziyalılar ordusuna diqqət və qayğını gücləndirmişdir. Heydər Əliyev Azərbaycan elminin milli əsaslar üzərində dünyaya inteqrasiyasını başlıca vəzifə kimi aktuallaşdırmışdır.
Ölkənin problemlər içərisində çaxnaşmasına baxmayaraq, ümummilli liderin qayğısı sayəsində 1994-cü ildə Bakı Dövlət Universitetinin 75 illik yubileyinin yüksək səviyyədə keçirilməsi baş tutmuşdur. Həmin yubileydə ulu öndər özünəməxsus müdrikliklə elmin və təhsilin qarşısında dayanan problemlər haqqında fikirlərini söyləmiş, çıxış yolunu göstərmişdir. Heydər Əliyevin fenomen yaddaşı, universiteti yaxından tanıması, orada çalışan professor-müəllim heyətinin potensialından xəbərdar olması hamını heyrətləndirmişdir. Ulu öndərlə hər görüş bir universitet təhsilinə bərabər idi. BDU-nun 1999-cu ildə keçirilən 80 illik yubileyində ümummilli lider demişdir: “Azərbaycanın keçmişini, onun mədəniyyətini, elm və iqtisadiyyatını, bütövlükdə cəmiyyəti Bakı Dövlət Universitetindən ayrı təsəvvür etmək mümkün deyildir”. Ulu öndər universitetə hərtərəfli diqqət və qayğısı ilə bu ali təhsil müəssisəsinə yeni həyat vermiş, çətinliklərə rəğmən onu yeni dövrün tələbləri səviyyəsində mütəxəssis hazırlığına sövq etmişdir. Ümumiyyətlə, BDU-nun indiyədək keçirilmiş altı yubiley mərasiminin dördü məhz Heydər Əliyevin hakimiyyəti illərinə düşmüşdür.
Mütərəqqi ideyalar olmadan insanları konkret məram və məqsədlər ətrafında səfərbər etmək, birləşdirmək mümkün deyil. Azərbaycan xalqının milli ideologiyasının vahid sistem halına gətirilməsi də məhz ulu öndərin müstəqil respublikamıza rəhbərliyi dövrünə təsadüf edir. Ümummilli lider cəmiyyətin bütövləşməsi, azərbaycançılıq ideologiyasının milli həmrəyliyin aparıcı amilinə çevrilməsi istiqamətində mühüm işlər görərək ümumxalq birliyinin dərin politoloji-nəzəri əsaslarını irəli sürmüşdür. Ulu öndər azərbaycançılığın tarixən formalaşmış ayrı-ayrı komponentlərini vahid konsepsiyada birləşdirərək onu dövlət idarəçiliyinin elmi-nəzəri bazasına çevirmiş, dünya azərbaycanlılarının milli birliyi, diaspora və lobbi quruculuğu istiqamətində irəliləməsinə gətirib çıxarmışdır.
Heydər Əliyevin müəyyənləşdirdiyi müqəddəs yol xalqımızın daim yeganə ümid və istinadgah mənbəyi olaraq qalacaqdır. Hazırda bu uğur magistralında bizə ulu öndərin layiqli siyasi davamçısı - Azərbaycan Prezidenti 
İlham Əliyev kimi vətənpərvər, qətiyyətli, peşəkar, yeni dünya siyasətinin incəliklərinə dərindən bələd olan islahatçı və çevik, praqmatik lider rəhbərlik edir. “Mən hər bir azərbaycanlının Prezidenti olacağam” - deyən dövlət başçısı son 14 ildə Heydər Əliyev siyasi irsini bütün sahələrdə uğurla davam etdirir. Prezident İlham Əliyevin bu illərdəki fəaliyyəti həm də ölkənin inkişafı baxımından strateji sahə olan elm və təhsilə qayğı nümunələri ilə zəngindir. Bu müddətdə elmə diqqət artırılmış, bu sahənin maddi-texniki bazasının möhkəmləndirilməsi, maliyyə təminatı, fundamental və tətbiqi elmlərin inkişafı üzrə bir çox tədbirlər həyata keçirilmişdir. Dövlət başçısının BDU-ya hər zaman milli elm və təhsilimizin lokomotivi kimi yanaşması onun çağdaş tariximizdəki müstəsna rolu və xidmətləri ilə şərtlənir. Universitetin 2009-cu ildə keçirilən 90 illik yubileyində çıxış edən cənab İlham Əliyev demişdir: “Bakı Dövlət Universiteti Azərbaycanın aparıcı təhsil ocağıdır. Burada çox güclü professor-müəllim heyəti vardır və bütün dövrlərdə universitet Azərbaycanda peşəkar 
kadrların hazırlanmasında çox böyük işlər görmüşdür. Bu gün isə universitet inkişafının yeni mərhələsini yaşayır. Həm təhsilin keyfiyyəti artır, həm də universitetin maddi-texniki bazası möhkəmlənir. Bir sözlə, bizim - Azərbaycanın yerləşdiyi bu bölgədə Bakı Dövlət Universitetinin xüsusi çəkisi vardır”.
Ölkə Prezidentinin qarşıya qoyduğu tələbləri həyata keçirmək üçün sivil dünyanın mütərəqqi yeniliklərinin universitetimizə gətirilməsi, onların respublikanın elm, təhsil sahəsində tətbiqi də bu gün başlıca məsələlərdəndir. Alimlərimiz, gənc tədqiqatçılar, doktorant və dissertantlar hər il dəyəri milyonlarla ABŞ dolları həcmində olan 100-ə qədər beynəlxalq və regional səviyyəli qrant layihələrinin yerinə yetirilməsində iştirak edirlər. Bir faktı qeyd etmək istəyirəm ki, hər bir elm-təhsil müəssisəsinin qarşısında konkret məqsədlər var: BDU-nun da əsas məqsədi gələcəyin vətənpərvər, ziyalı vətəndaşını, yüksək səviyyəli mütəxəssisini hazırlamaqdır. Bunu yaxşı bilən universitetin professor-müəllim heyəti qarşıdakı məqsədə çatmaq üçün strateji istiqamətləri dəqiq müəyyənləşdirmişdir.
Bu gün Azərbaycan Avropa Şurasının, BMT-nin, ATƏT-in, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının, İƏT-in, Müstəqil Dövlətlər Birliyinin və digər nüfuzlu beynəlxalq təşkilatların bərabərhüquqlu üzvü olmaqla dünyanın aparıcı dövlətləri ilə münasibətlərini yüksələn xətlə inkişaf etdirir. Hazırda dünyanın gözü yenə də Azərbaycandadır. “Bakı-2017” İslam Həmrəyliyi Oyunlarına sayılı günlər qalır. Bu, Azərbaycan rəhbərliyinin illərdən bəri mədəniyyətlərin dialoqu, dini və mədəni müxtəlifliyin harmoniyası, müsəlman dünyasının ümumbəşəri dəyərlər ətrafında vəhdət taparaq tərəqqi yolunda irəliləməsi istiqamətində apardığı məqsədyönlü, ardıcıl siyasətin davamıdır. Bu cür tədbirlər cəmiyyətimizdə sosiallaşma proseslərinin güclənməsinə, vətəndaş məsuliyyətinin yüksəlməsinə, gənclərimizin fərdi inkişafına böyük töhfələr verir. Müxtəlif beynəlxalq konfranslar, təlimlər, forumlar vasitəsilə xarici mütəxəssislərlə əməkdaşlıq, birgə layihələrdə iştirak tələbə və müəllimlərimizin formalaşmasına müsbət təsir göstərir və Azərbaycanda cəmiyyət həyatının bütün sahələrində inkişaf proseslərini sürətləndirəcək zəngin insan kapitalı yaradır.
Hazırda biz Azərbaycanda baş verən görünməmiş iqtisadi tərəqqinin şahidiyik və bu sürət dünyanı heyran qoyur. Gələcək uğurlarımıza yeganə təminat isə sağlam cəmiyyət quruculuğuna diqqəti artırmaq, köklü mənəvi dəyərləri yeni nəslə və bütün ictimaiyyətə dərindən aşılamaqdır. Bunlar göstərir ki, Heydər Əliyev ideyalarını hər sahədə uca tutan, onları praktik şəkildə gerçəkləşdirən Azərbaycan Prezidenti İlham Əliyevin yeritdiyi məqsədyönlü siyasətin qayəsində xalqın milli-mənəvi, mədəni və elmi intellektual potensialının gücləndirilməsi məqsədi ön planda dayanır. Bəli, Heydər Əliyev möhtəşəm quruculuq siyasəti ilə Azərbaycanın yeni tarixini yazmış fenomen şəxsiyyətdir. Bu siyasəti inamla davam etdirən Prezident İlham Əliyev isə ulu öndərin yaratdığı şanlı tarixi yaşatmaqla bahəm, həm də yeni dövlətçilik məktəbinin banisinə çevrilmiş, fəaliyyəti ilə yeni bir tarixi mərhələnin əsasını qoymuşdur. 

Abel MƏHƏRRƏMOV,
Bakı Dövlət Universitetinin rektoru, akademik
http://www.azerbaijan-news.az/index.php?mod=3&id=121435

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024