Ulu öndər təhsilin inkişafına xüsusi qayğı ilə yanaşırdı

11/05/2016

07 May 2016

Hər bir xalqın müstəqillik idealının, milli-mənəvi irsinin, malik olduğu potensialın konkret dövlət modelində əks edilməsi və onların dayanıqlı inkişafı üçün real əsasların formalaşdırılması, bir qayda olaraq, böyük liderlərin fenomenal idarəçilik keyfiyyətləri sayəsində mümkün olur. Tarixə möhürünü vuran belə liderlər mütərəqqi inkişaf modelinin siyasi və iqtisadi təməlini yaratmaq kimi ağır missiyanı da çiyinlərinə götürərək mənsub olduqları xalqların gələcək yaşam strategiyasını təyin edirlər. Çoxsaylı nümunələr əsasında demək olar ki, hər bir xalq uğurlu inkişaf yolunu məhz belə liderlərin rəhbərliyi ilə müəyyənləşdirmiş, dünya miqyasında layiqli yer tutmaq, özünü təsdiqləmək imkanı qazanmışdır.

Bu reallıqlar fonunda əminliklə demək olar ki, müstəqil Azərbaycanın bu gün bölgədə və dünyada sayılıb seçilməsi, nüfuza malik olması, regional liderliyini təmin etməsi, qlobal çağırışlara cavab verən çevik və səmərəli siyasət yürütməsi məhz ümummilli lider, dahi şəxsiyyət Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir. Bu il anadan olmasının 93-cü ildönümünü qeyd etdiyimiz ulu öndər Heydər Əliyev XX əsr Azərbaycan tarixinin fenomen şəxsiyyəti olaraq xalqımızı müstəqillik idealına qovuşdurmuş, mütərəqqi tarixi ənənələr əsasında yeni dövlətçilik konsepsiyasını irəli sürmüşdür. Azərbaycan tarixinin yarım əsrlik bir dövrünün siyasi təkamülü, iqtisadi tərəqqisi, mənəvi yüksəlişi ümummilli lider Heydər Əliyevin möhtəşəm fəaliyyəti ilə bağlı olmuşdur.
Deyirlər ki, tarixi gerçəkliklərin müqayisəsi böyük şəxsiyyətlərin gördükləri işlərin qiymətləndirilməsində ən obyektiv istinad yeridir. Bu mənada ulu öndər Heydər Əliyevin rəhbərlik etdiyi Azərbaycan istisnasız olaraq daim problemlərin həllinə doğru irəliləyən, iqtisadi, sosial, humanitar və mədəni sahələrdə intibaha can atan, hər addımda insan və şəxsiyyət amilini uca tutan ölkə kimi tanınır. Son yarım əsrlik tariximizə nəzər saldıqda, bu qənaəti birmənalı bölüşməli oluruq ki, Azərbaycanı müstəqil dövlət quruculuğuna aparan yol, əslində, 1969-cu ildən - Heydər Əliyevin respublikaya rəhbərliyə gəlişindən sonra başlanmışdır. Məhz bu mərhələdən Azərbaycan cəmiyyəti ulu öndərin böyük səyləri nəticəsində yeni inkişaf parametrləri qazanaraq taktiki və strateji məqsədləri olan milli strategiyanı irəli sürmüş və onu uğurla həyata keçirmişdir.
Azərbaycana rəhbərlik etdiyi birinci dövrdə Heydər Əliyev ölkədə milli ruhun və azərbaycançılığın sosializm ideologiyası çərçivəsində sıxışdırılmasının qarşısını alaraq onun dirçəldilməsi istiqamətində mövcud imkanlardan maksimum dərəcədə istifadə etmişdir. Xalqın tarixi yaddaşının özünə qaytarılması kimi ideoloji təməl prinsipləri əsasında milli ruhun hədsiz yüksəlişini təmin etmiş, millətin qəlbində illərdən bəri yığılıb qalmış milli dövlətçilik ideyasının gələcəkdə böyük hərəkətverici qüvvəyə çevrilməsi üçün münbit zəmin formalaşdırmışdır.
Həmin dövrdə qarşıya qoyulmuş bu məqsədlərə nail olmaq üçün Azərbaycanın iqtisadi potensialının artırılmasının, onun SSRİ məkanında birincilər cərgəsinə çıxarılmasının vacibliyini əvvəlcədən görən Heydər Əliyev ölkədə genişmiqyaslı dəyişikliklərə start vermişdir. Eyni zamanda, iqtisadi və sosial sahələrdə dərin struktur islahatları aparmış, xalqın maddi rifah halının keyfiyyətcə yeni mərhələyə keçməsinə şərait yaratmışdır. Heydər Əliyev dühası yaxşı bilirdi ki, iqtisadi cəhətdən azad olmayan millətin siyasi müstəqilliyindən söhbət gedə bilməz. Məhz ulu öndərin səyi ilə SSRİ hökuməti Azərbaycanla əlaqədar hərtərəfli yüksəlişi və intensiv inkişafı nəzərdə tutan mühüm qərarlar qəbul etmişdir. O dövrdə Azərbaycan xalqı üçün, sözün əsl mənasında, tarixi əhəmiyyət daşıyan bu mühüm qərarlar 1970-1980-ci illər arasında və daha sonrakı perspektivdə ölkənin sosial-iqtisadi inkişafının əsas istiqamətləri üzrə kompleks məsələləri müəyyənləşdirmişdir.
Ulu öndər Heydər Əliyevin qətiyyəti ilə həmin dövrdə həyata keçirilən tədbirlər həyatın bütün sahələrinin inkişafına, həmçinin iqtisadi, ictimai-siyasi yönümdə yaranmış tənəzzülün, xalqın mənəvi-psixoloji durumuna mənfi təsirinin qarşısının alınmasına gətirib çıxarırdı. Beləliklə, respublikanın qarşısında tamamilə yeni inkişaf səhifəsi açılır, bu səhifə ölkə tarixinə qızıl hərflərlə yazılırdı. Cəsarətlə söyləmək mümkündür ki, Azərbaycanın iqtisadi müstəqilliyi, onun xarici əlaqələrinin sistemli olaraq genişlənməsi və dünya iqtisadiyyatına daha dərindən inteqrasiya prosesi hələ 1970-1980-ci illərdə Heydər Əliyev tərəfindən təməli qoyulmuş potensiala əsaslanır.
Ümummilli lider Heydər Əliyev dövlət idarəçiliyinin bütün mərhələlərində elm və təhsilin inkişafına xüsusi qayğı ilə yanaşmış, bilikli cəmiyyət naminə bütün imkanların səfərbər edilməsinə çalışmışdır. Ulu öndərin böyük uzaqgörənliklə həyata keçirdiyi elm, təhsil və mədəniyyət siyasəti milli ziyalı elitasının intellektual potensialının yüksəkliyində özünü göstərməklə aparılan islahatların praktik nəticələr verməsini təmin etmişdir. 1970-1980-ci illərdə təhsil müəssisələrinin geniş şəbəkəsinin yaradılması və onların zəngin maddi-texniki bazasının formalaşdırılması, respublika hüdudlarından kənarda yüksəkixtisaslı mütəxəssislərin, o cümlədən hərbi kadrların yetişdirilməsi, Elmlər Akademiyasının elmi-tədqiqat institutlarında fundamental elmin inkişafının təmin olunması gələcəkdə müstəqilliyimiz üçün zəruri intellektual zəmin yaratmışdır. Heydər Əliyev peşəkar strateq olaraq daim qeyd edirdi ki, intellektual baza istənilən ölkədə dövlət müstəqilliyinin əsasını təşkil edən mühüm amillərdən biridir.
Həmin illərdə respublikada məktəb tikintisi prosesinin sürətlənməsi, maarif işinin yüksək səviyyədə təşkili, ixtisaslı kadrlar hazırlayan yeni ali məktəblərin açılması, fundamental və humanitar elmlərin inkişafı, əldə olunan kəşflərin iqtisadiyyatın bütün sahələrində tətbiqi ulu öndərin təhsil siyasətinin əsas leytmotivini təşkil etmişdir. 1969-1982-ci illərdə ulu öndərin təşəbbüsü ilə Azərbaycanın müxtəlif bölgələrində 800-ə yaxın məktəb tikilərək istifadəyə verilmişdir. Ölkəmizdə fəaliyyət göstərən ali məktəblərin ümumi sayı 12-dən 17-yə, bu ali məktəblərdə müxtəlif ixtisaslara yiyələnən tələbələrin sayı isə 70 mindən 100 minə qədər artmışdır.
Xüsusi vurğulamaq istərdik ki, Heydər Əliyevin respublikaya rəhbərliyə gəldiyi 1969-cu ildən sonra Azərbaycan Dövlət Universitetinin (indi Bakı Dövlət Universiteti) fəaliyyəti ali təhsildə və elmdə zirvə mərhələsi olmuşdur. Ümumiyyətlə, 100 ilə yaxınlaşan tarixinə nəzər saldıqda məlum olur ki, bu ali təhsil ocağının intibah və tərəqqi mərhələləri məhz ulu öndərin respublikaya rəhbərliyi illərinə təsadüf edir. Ümummilli liderin universitetə isti münasibəti onun yubileylərinin keçirilməsində də özünü büruzə verirdi.
Mən özümü xoşbəxt insanlardan sayıram ki, Heydər Əliyevi tələbəlikdən tanıyıram və gənclərə göstərdiyi qayğının şahidiyəm. Yadımdadır, 1969-cu ildə Azərbaycan Dövlət Universitetinin 50 illik yubileyi keçirilirdi. O zaman universitetin Kimya fakültəsinin üçüncü kurs tələbəsi idim. Mərasimə əlaçı tələbələr də dəvət edilmişdi. İndiki Şəhriyar klubunda keçirilən tədbirdə unudulmaz Heydər Əliyev Azərbaycan dilində çox dərin məzmunlu nitqlə çıxış etdi. Bu, bizi çox heyrətləndirdi. Çünki həmin vaxtlarda ən kiçik iclaslar belə rus dilində aparılırdı. Məhz Heydər Əliyevin o tədbirdəki çıxışı, deyərdik ki, tarixi bir məqam, tarixi bir nitq oldu. Biz ilk dəfə idi ki, ölkə rəhbərinin dilindən Bəhmənyar, Nəsirəddin Tusi, Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli kimi klassiklərin adını eşidirdik. Heydər Əliyev onların hər biri haqqında maraqlı fikir söyləyirdi. Açığı, onun doğma dilimizə, klassiklərimizə bu cür ehtiramla yanaşması bizə çox təsir etdi. Bəlkə də daxilimizdə milli hisslərin, vətəndaş təəssübkeşliyinin oyanıb inkişaf etməsində məhz həmin tarixi görüşün öz yeri var. İndinin özündə də ulu öndər haqqında düşünəndə gözlərim önündə həmin görüş canlanır. Qadağaların hökm sürdüyü bir dövrdə Heydər Əliyevin bu cəsarətli addımı biz gənclərin düzgün istiqamətlənməsində böyük rol oynadı.
Ulu öndər respublikaya rəhbərlik etdiyi bütün illərdə milli kadrların yetişdirilməsi işinə xüsusi qayğı ilə yanaşmış, bu məqsədlə təhsilin səviyyəsinin yüksəldilməsini önə çəkmişdir. O dövrdə milli mütərəqqi fikrin və ictimai düşüncənin başlıca mərkəzi kimi çıxış etməklə qabaqcıl ali məktəb statusunu qoruyub saxlayan, milli kadr hazırlığında əsas yükü üzərinə götürən Azərbaycan Dövlət Universitetinə diqqət və qayğının artırılması, bu təhsil ocağının fəaliyyətinin gücləndirilməsi daim Heydər Əliyevin nəzərində olmuşdur. Dahi rəhbər yaxşı bilirdi ki, universitet auditoriyalarında, kafedralarında işləyən, dərs deyən müəllimlər Azərbaycan xalqının mənliyinin, milli şüurunun, milli ruhunun inkişaf etdirilməsi prosesində müstəsna rol oynayırlar. O zaman azərbaycanlı gənclərin keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərində oxumağa göndərilməsi də məhz Heydər Əliyevin təşəbbüsü sayəsində baş tutdu. Bu qayğıdan bəhrələnənlərdən biri də mən idim. Ulu öndərin köməyi ilə Lomonosov adına Moskva Dövlət Universitetinin Kimya fakültəsinin aspiranturasına daxil oldum. Həmişə arzusunda olduğum, lakin reallaşmasına inana bilmədiyim bu hadisə həyatımda çox böyük rol oynadı. Yaxşı xatırlayıram ki, Moskvada təhsil aldığımız illərdə ulu öndər bir neçə dəfə bizimlə görüşdü, qayğılarımızla maraqlandı və hər dəfə də vətən üçün ləyaqətli kadrlar olmağı tövsiyə etdi. Heydər Əliyevin bizə göstərdiyi bu diqqət Rusiyada təhsil alan tələbələr üçün çox önəmli oldu. Biz hər addımımızda məhz ümummilli liderin məsləhətlərinə əməl etməyi, onun dediyi kimi öyrənməyi, oxumağı, vətənə yüksəkixtisaslı kadr kimi qayıtmağı qarşımıza məqsəd qoymuşduq. Həyat göstərdi ki, Heydər Əliyev necə uzaqgörən və müdrik şəxsiyyət idi. Məhz ulu öndərin təşəbbüsü sayəsində xarici ölkələrin ali məktəblərində təhsil alanlar sonralar Azərbaycana qayıdaraq xalqa, millətə ləyaqətlə xidmət etdilər. Bu xidmətin yüksək səviyyədə olması isə Heydər Əliyevin adı ilə bağlıdır. Çünki böyük şəxsiyyət hər birimizin həm əsl vətəndaş, həm də ixtisaslı kadr kimi formalaşmasında mühüm rol oynadı.
Ulu öndər Azərbaycan Dövlət Universitetinin 60 illik yubileyinin təşkilinin də əsas təşəbbüskarı olmuş, 1980-ci ildə keçirilmiş mərasimdə iştirak edərək təbrik nitqi söyləmişdir. Sovetlər birliyi dövründə universitetin beynəlxalq əlaqələrinin genişlənməsi də Heydər Əliyevin respublikada rəhbərliyə gəlişindən sonra mümkün olmuşdur. Universitet bir sıra dövlətlərin analoji ali təhsil müəssisələri ilə əməkdaşlığa başlamış, beynəlxalq əlaqələri keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Ümumiyyətlə, 1969-1982-ci illərdə Azərbaycanda humanitar və ictimai elm sahələrində böyük irəliləyişlər əldə edilmiş, dilimizin, tariximizin, folklorumuzun tədqiqi sahəsində uğurlu nəticələr qazanılmışdır. Sovet rejiminin sərt qanunlarına baxmayaraq, respublikada böyük iqtisadi, elmi və ədəbi-mədəni potensialın yaradılması da bu uzaqgörən siyasətin nəticəsi idi. Ümummilli liderin dövlətçilik fəlsəfəsinə görə elmə, təhsilə göstərdiyi qayğı xalqın xoşbəxt gələcəyinə qoyulan təminatlı sərmayədir və bu istiqamət ulu öndərin fəaliyyətinin əsas qayəsini təşkil etmişdir.
Heydər Əliyev BDU-da biliyin yeganə meyara çevrilməsini, fəhlə və zəhmətkeş övladlarının nüfuzlu fakültələrə daxil olmasını əngəlləyən bəzi maneələrin aradan qaldırılması istiqamətində də misilsiz işlər görmüşdür. Böyük rəhbər belə neqativ hallara qarşı mübarizəni gücləndirərək ali təhsil ocaqlarına qəbul prosesinin şəffaf, obyektiv şəraitdə aparılması üçün bütün zəruri tədbirləri həyata keçirmiş, bu sahədə ciddi dönüşün yaranmasına nail olmuşdur. Əyintilərin kökünü kəsmək niyyətini cəsarətlə, qətiyyətlə, addım-addım gerçəkləşdirən ölkə rəhbərinin səyləri ilə universitetin hüquq, şərqşünaslıq kimi fakültələri yenidən istedadlı gənclərin üzünə açılmış, təhsilin səviyyəsi və nizam-intizamla yanaşı, kadr hazırlığı işi də keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur.
Ötən əsrin sonlarına doğru istiqlaliyyətini əldə edən Azərbaycan yenə də məhz Heydər Əliyevin respublikaya birinci rəhbərliyi dövründə formalaşmış zəngin iqtisadi və elmi potensiala istinad etmişdir. Fəqət 1991-1993-cü illərdə respublikamızda hökm sürən ümumi böhranlı vəziyyət elm və təhsil sahəsində də əsaslı problemlərə gətirib çıxarmışdı. Azərbaycan elmi tənəzzül girdabında çırpınır, nüfuzlu alimlər, bütün həyatını təhsilə həsr etmiş adlı-sanlı müəllimlər çörək ardınca xaricə üz tutur, mənəvi depressiya elmi mühitə getdikcə daha çox hakim kəsilirdi. Bu böhranlı vəziyyəti yalnız ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə respublika rəhbərliyinə qayıdışından sonra aradan qaldırmaq, elm və təhsil sahəsində dövlət siyasətinin mühüm istiqamətlərini müəyyənləşdirmək mümkün olmuşdu.
Ulu öndər həmin illərdə elmi-intellektual sferada hökm sürən tənəzzülün qarşısını almış, təhsilin öz məcrasına düşməsi, inkişafı üçün əlverişli iqtisadi şərait, hüquqi və mənəvi-əxlaqi mühit formalaşdırmışdır. Elmin inkişafına, bu prosesi həyata keçirən çoxminli ziyalılar ordusuna diqqət və qayğı gücləndirilmişdir. Heydər Əliyev Azərbaycan elminin milli əsaslar üzərində dünyaya inteqrasiyasını başlıca vəzifə kimi aktuallaşdırmışdır. Dövlət müstəqilliyinin ilk illərində ölkə rəhbərliyinin biganə münasibəti ilə qarşılaşan, siyasi qruplaşmaların çəkişmə meydanına çevrilərək əsl məqsədindən nisbətən kənarlaşan Bakı Dövlət Universiteti də məhz ulu öndərin hakimiyyətə qayıdışından sonra böhrandan çıxmışdır.
Ölkənin problemlər içində çaxnaşmasına baxmayaraq, Heydər Əliyevin qayğısı sayəsində 1994-cü ildə Bakı Dövlət Universitetinin 75 illik yubileyinin yüksək səviyyədə keçirilməsi baş tutmuşdu. Biz bu görüşə böyük ehtiram və ümidlə gəlmişdik. Həmişəki kimi, Heydər Əliyev özünəməxsus müdrikliklə elmin və təhsilin qarşısında dayanan problemlər haqqında fikirlərini söylədi, çıxış yolunu göstərdi. Ulu öndərin fenomen yaddaşı, universiteti yaxından tanıması, orada çalışan professor-müəllim heyətinin potensialından xəbərdar olması məni bir daha heyrətləndirdi. Heydər Əliyevlə hər görüş bir universitet təhsilinə bərabər idi. Bu, mübaliğə deyil, həqiqətdir.
Ümummilli lider BDU-nun 1999-cu ildə keçirilən 80 illik yubileyindəki tarixi çıxışında demişdir ki, Azərbaycanın keçmişini, onun mədəniyyətini, elm və iqtisadiyyatını, bütövlükdə cəmiyyəti Bakı Dövlət Universitetindən ayrı təsəvvür etmək mümkün deyildir. Ulu öndər universitetə hərtərəfli diqqət və qayğısı ilə bu ali təhsil müəssisəsinə yeni həyat vermiş, çətinliklərə rəğmən onu yeni dövrün tələbləri səviyyəsində mütəxəssis hazırlığına sövq etmişdir.
Ümumiyyətlə, BDU-nun indiyədək keçirilmiş altı yubiley mərasiminin dördü məhz Heydər Əliyevin hakimiyyəti illərinə təsadüf edir. Bu mənada Heydər Əliyevlə Bakı Dövlət Universitetini bir-birindən ayrı təsəvvür etmək mümkün deyil. Bütün bunlara rəğmən universitetin Böyük Elmi Şurası elmin və təhsilin inkişafına göstərdiyi qayğıya, bu təhsil ocağının şöhrətini yüksəkliklərə qaldırdığına görə Bakı Dövlət Universitetinin 80 illik yubileyi ərəfəsində ulu öndər Heydər Əliyevə BDU-nun Fəxri Doktoru diplomunu təqdim etmişdir. Dahi şəxsiyyətin BDU ilə bağlı ən mühüm və unudulmaz addımlarından biri də 13 iyun 2000-ci ildə bu ali təhsil ocağına özünüidarəetmə - muxtariyyət statusunun verilməsidir. Müəyyən prinsiplər əsasında universitetə belə bir statusun verilməsi onun inkişafında yeni mərhələnin əsasını qoymuş, təhsilin məzmun və formaca təkmilləşdirilməsini, dünya təhsil sisteminə sürətli inteqrasiyasını, eyni zamanda beynəlxalq əlaqələrinin genişlənməsini təmin etmişdir. Xarici ölkələrin mütərəqqi təcrübəsinin universitetdə tətbiqi, tədris-tərbiyə prosesinin müasir standartlara uyğun qurulması üçün məqsədyönlü addımlar atılmışdır.
Yadımdadır ki, universitetin 80 illik yubileyi ilə bağlı xarici ölkələrdən də qonaqlar gəlmişdi. 2000-ci ilin fevral ayında ümummilli lider həmin qonaqları və BDU-nun bir qrup ziyalısını qəbul etdi. Bir daha ulu öndərin elmə, təhsilə olan böyük marağı, hətta qonaqlarımızın çalışdığı universitetlər haqqında ətraflı məlumatı hamını heyrətləndirdi. Doğrudan da, bu dahi insanla hər görüş bir elmi tapıntıya sahib olmaq qədər qiymətli idi.
Mütərəqqi ideyalar olmadan insanları konkret məram və məqsədlər ətrafında səfərbər etmək, birləşdirmək mümkün deyil. Azərbaycan xalqının milli ideologiyasının vahid sistem halına gətirilməsi məhz ulu öndər Heydər Əliyevin müstəqil respublikamıza rəhbərliyi dövrünə təsadüf edir. Bütün ruhu, qanı, canı ilə özünü azərbaycanlı sayan ümummilli lider cəmiyyətin bütövləşməsi, azərbaycançılıq ideologiyasının milli həmrəyliyin aparıcı amilinə çevrilməsi istiqamətində mühüm işlər görərək ümumxalq birliyinin dərin politoloji-nəzəri əsaslarını irəli sürmüşdür. Ulu öndər azərbaycançılığın tarixən formalaşmış ayrı-ayrı komponentlərini vahid konsepsiyada birləşdirərək onu dövlət idarəçiliyinin elmi-nəzəri bazasına çevirmiş, dünya azərbaycanlılarının milli birliyi, diaspor və lobbi quruculuğu istiqamətində ardıcıl addımlar atmasına gətirib çıxarmışdır. Ümummilli lider Heydər Əliyevin Dünya azərbaycanlılarının I qurultayındakı dərin məzmunlu nitqində böyük həyəcanla söylədiyi “Fəxr edirəm ki, mən azərbaycanlıyam!” sözləri sayı 50 milyonu ötmüş dünya azərbaycanlıları üçün milli qürur simvoluna çevrilmişdir.
Ulu öndərin siyasi kursunu böyük müdrikliklə davam etdirən Prezident İlham Əliyev onu yeni dövrün tələblərinə uyğun zənginləşdirmiş, sosial-iqtisadi islahatlarla demokratikləşmə proseslərinin paralel şəkildə aparılmasına, birinin digərini tamamlamasına çalışmışdır. Ölkə rəhbəri son 13 ildə ümummilli liderin elm və təhsil sahəsində müəyyənləşdirdiyi siyasəti daha da təkmilləşdirərək xalqın gələcəyinin elm və təhsillə bağlı olduğunu çıxışlarında dəfələrlə vurğulamış, fəal milli maarifçilik xətti yeridərək dünya təhsil sisteminə inteqrasiyanı vacib saymışdır.
Son illər dünyada geosiyasi səbəblərlə bağlı neftin qiymətinin 3 dəfəyədək aşağı düşməsi dövlət başçısının “bilik iqtisadiyyatı” modelinə üstünlük verməkdə nə qədər haqlı olduğunu bir daha təsdiq edir. Bu gün dünyanın inkişaf etmiş ölkələri yeni iqtisadiyyat - “biliklərə əsaslanan iqtisadiyyat”larını qururlar və burada başqa göstəricilər, yəni elmi, innovasiyaları, intellektual mülkiyyəti və mədəniyyəti xarakterizə edən göstəricilər əsas götürülür. Hazırda inkişaf etmiş ölkələrdə milli sərvətin 60-80 faizini insan kapitalının təşkil etməsi də elmin inkişafının, başqa sözlə, bilik iqtisadiyyatının təzahürüdür. Bu da təsadüfi deyildir ki, son illər Azərbaycanda gerçəkləşdirilən milli layihələr insana, onun həyat keyfiyyətinin yüksəldilməsinə yönəldilmiş sərmayələrdir. Milli layihələrin səciyyəvi xüsusiyyəti ilk növbədə onların innovasiyayönümlü olmasındadır. Dövlət inkişafın elə istiqamətlərini dəstəkləyir ki, onlar qabaqcıl texnologiyalardan istifadə ilə və bu texnologiyaların sənayedə tətbiqi ilə bağlıdır.
Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan Prezidenti İlham Əliyev ulu öndərin əsasını qoyduğu mütərəqqi ənənələri keyfiyyətcə yeni mərhələdə davam etdirərək universitetə xüsusi qayğı ilə yanaşır. Dövlət başçısının BDU-ya hər zaman milli elm və təhsilimizin lokomotivi kimi yanaşması onun çağdaş tariximizdəki müstəsna rolu və xidmətləri ilə şərtlənir. Ölkə Prezidenti hesab edir ki, Afina universiteti yunanların, Sorbonna fransızların, Kembric ingilislərin milli şüurunun, elminin, maarifinin yüksəldilməsində hansı rolu oynamışdırsa, Bakı Dövlət Universiteti də xalqımızın taleyində həmin missiyanı yerinə yetirir. Universitetin 2009-cu ildə keçirilən 90 illik yubileyində çıxış edən cənab İlham Əliyev demişdir: “Bakı Dövlət Universiteti Azərbaycanın aparıcı təhsil ocağıdır. Burada çox güclü professor-müəllim heyəti vardır və bütün dövrlərdə universitet Azərbaycanda peşəkar kadrların hazırlanmasında çox böyük işlər görmüşdür. Bu gün isə universitet inkişafının yeni mərhələsini yaşayır. Həm təhsilin keyfiyyəti artır, həm də universitetin maddi-texniki bazası möhkəmlənir. Bir sözlə, bizim - Azərbaycanın yerləşdiyi bu bölgədə Bakı Dövlət Universitetinin xüsusi çəkisi vardır”.
Son illər respublikada elmin, orta və ali təhsilin inkişafı yönümündə həyata keçirilən islahatların müsbət bəhrələri Bakı Dövlət Universitetinin də fəaliyyətində dolğun əksini tapır. Ölkə rəhbərliyinin xüsusi diqqət və qayğısı ilə son 13 ildə BDU-nun maddi-texniki bazası möhkəmlənmiş, daha bir korpusu istifadəyə verilmiş, zəruri maddi-texniki baza ilə təchiz edilmiş laboratoriyalar, auditoriyalar onların ixtiyarına verilmişdir.
Bakı Dövlət Universiteti bu gün yüksəkixtisaslı kadrlar hazırlamaqla yanaşı, həm də 17 fakültəni, 125 kafedranı, 2 elmi-tədqiqat institutunu (ETİ), 4 elmi-tədqiqat mərkəzini (ETM), 24 elmi-tədqiqat laboratoriyasını, 3 milyona yaxın fonda malik fundamental kitabxananı özündə birləşdirən, Azərbaycan dili, ədəbiyyatı və tarixinin klassik məsələlərindən tutmuş genetika, nanotexnologiya, nanomaterialların alınmasınadək çox geniş spektrdə mövzuları əhatə edən araşdırmalar həyata keçirən nüfuzlu elmi mərkəzdir. Universitetin struktur bölmələrində 3 minə yaxın əməkdaş çalışır - onlardan təxminən 300 nəfəri elmlər doktoru, 900 nəfəri fəlsəfə doktorudur. Professor-müəllim heyətindən 10 nəfəri AMEA-nın həqiqi üzvü, 11 nəfəri AMEA-nın müxbir üzvü, 12 nəfəri Milli Məclisin deputatıdır.
Ölkə Prezidentinin qarşıya qoyduğu tələbləri həyata keçirmək üçün sivil dünyanın mütərəqqi yeniliklərinin universitetimizə gətirilməsi, onların respublikanın elm, təhsil sahəsində tətbiqi də bu gün başlıca məsələlərdəndir. Alimlərimiz, gənc tədqiqatçılar, doktorant və dissertantlar hər il dəyəri milyonlarla ABŞ dolları həcmində olan 90-a qədər beynəlxalq və regional səviyyəli qrant layihələrinin yerinə yetirilməsində iştirak edirlər. Layihələr daha çox fundamental elmlər sahəsində, əsasən kimya, biologiya, fizika və riyaziyyat fakültələrinin əməkdaşları tərəfindən həyata keçirilir. Bu sırada nanotexnologiya sahəsindəki layihələri də xüsusi qeyd etmək olar.
Universitetin siması onun qazandığı elmi nailiyyətlərlə də ölçülür. Bu baxımdan ali təhsil ocağının alimlərinin əsərlərinin son illər dünyanın ən nüfuzlu elmi jurnallarında dərc olunması faktı üzərində də dayanmaq lazım gəlir. Məsələn, beynəlxalq “Tompson agentliyi”nin jurnalında yalnız konkret elmi yeniliklərlə bağlı məqalələr dərc edirlər. Son illərdə universitetin xətti ilə həmin jurnalda 200-dək məqalənin çap olunması burada elmi innovasiyaların miqyası barədə dolğun təsəvvür formalaşdırır.
Sonda bir faktı xüsusi qeyd etmək istəyirəm ki, hər bir elm-təhsil müəssisəsinin qarşısında konkret məqsədlər var: BDU-nun da əsas məqsədi gələcəyin vətənpərvər, ziyalı vətəndaşını, yüksək səviyyəli mütəxəssisini hazırlamaqdır. Bunu yaxşı bilən universitetin professor-müəllim heyəti qarşıdakı məqsədə çatmaq üçün strateji istiqamətləri dəqiq müəyyənləşdirmişdir. Onlar gələcəyin yetkin gəncliyini formalaşdırmaq məqsədilə əzmkarlıqla işləyir, xalqımızın sabahı naminə layiqli vətəndaşların, savadlı kadrların hazırlanması üçün tədris və təhsilin keyfiyyətini gündən-günə gücləndirməyə çalışırlar. Sivil dünyanın ən mütərəqqi yeniliklərinin BDU-ya gətirilməsi, bu yeniliklərin Azərbaycanın elm, təhsil sahəsində tətbiqi universitetin elmi şurasını düşündürən başlıca məsələlərdəndir.
Son dövrlərdə cəbhədə baş verən hadisələr, ordumuzun qazandığı qələbələr, vətən uğrunda canından keçən qəhrəman oğullarımızın rəşadəti bütün Azərbaycan xalqı kimi, Bakı Dövlət Universitetinin tələbələrini də ruhlandırmış, onlarda hərbi-vətənpərvərlik duyğularını gücləndirmişdir. Aprelin 4-də - hadisələrin ən qaynar çağında respublikada ilk mitinqlərdən biri BDU-nun qarşısında oldu və keçirilən çoxminli mitinqdə tələbələr Ali Baş Komandan əmr edərsə, hər an təhsillərini də yarımçıq qoyub döyüşə getməyə hazır olduqlarını bildirdilər.
Təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş daxili və xarici siyasətin Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, ölkəmizin qlobal böhranın mənfi təsirlərini əzmlə dəf etməsi, regionlarımızın inkişafı, insanlarımızın maddi-rifah halının yaxşılaşdırılması, Azərbaycanın taleyüklü məsələlərinə ölkə başçısı tərəfindən xüsusi həssaslıqla yanaşılması və bütün problemlərin xalqın arzuladığı formada həlli Bakı Dövlət Universitetinin professor-müəllim heyətinin və tələbələrinin də ali istəyini əks etdirir. İnanırıq ki, 100 illik yubileyi yaxınlaşan BDU dövlət başçısı cənab İlham Əliyevin diqqət və qayğısı ilə yaxın perspektivdə dünyanın ən yüksək reytinqli ali təhsil ocaqları ilə bir sırada dayanacaqdır.

http://www.azerbaijan-news.az/index.php?mod=3&id=96508


Abel MƏHƏRRƏMOV,
Bakı Dövlət Universitetinin rektoru, akademik

"Azərbaycan qəzeti"

Xəbərlər

Təhsil Tələbə Kredit Fondu BDU tələbələri üçün təlim keçirib

Təhsil Tələbə Kredit Fondu BDU tələbələri üçün təlim keçirib
29/11/2024

BDU-nun professoru Sevinc Hacıyevanın həmmüəllifliyi ilə “Qlobal ekoloji problemlər: Səbəblər, həlli yolları, “yaşıl” enerji” kitabı nəşr edilib

BDU-nun professoru Sevinc Hacıyevanın həmmüəllifliyi ilə “Qlobal ekoloji problemlər: Səbəblər, həlli yolları, “yaşıl” enerji” kitabı nəşr edilib
29/11/2024

BDU-nun Astrofizika kafedrası: “Noyabrın 28-29-da geomaqnit qasırğası gözlənilir”

BDU-nun Astrofizika kafedrası: “Noyabrın 28-29-da geomaqnit qasırğası gözlənilir”
28/11/2024