Universitet muzeyləri: Dünya təcrübəsi, ənənələr və gözləntilərimiz

06/05/2020

 

Universitet tarixini əks etdirən məlumatları, fotoları və kolleksiyaları toplamaq və bir məkanda cəmləşdirmək təcrübəsi qədim zamanlardan mövcuddur. Müxtəlif növ tədqiqatlar, təlimlərlə məşğul olan və zəngin kitabxanalara, kolleksiyalara sahib olan akademiyaların hələ uzaq keçmişdə Qədim Yunanıstanda və Qədim Romada, daha əvvəllər Şərqdə mövcud olduğuna dair kifayət qədər məlumatlar var. Bəllidir ki, universitetin təhsil, təlim-tərbiyə ocağı kimi əsasının qoyulması Qərb sivilizasiyasının dünya mədəniyyətinə verdiyi ən mühüm töhfələrdən biridir. Müdriklərin, elm adamlarının diqqətinin ilahiyyat, hüquq və tibb sahələrinə cəmləşdiyi dövrdə Orta əsrlər Avropasında yaranan universitetlər zaman keçdikcə dünyaya yayılmış və elmi biliklərin müxtəlif sahələri üzrə yüksəkixtisaslı mütəxəssis hazırlamaqla cəmiyyətin inkişafında mühüm rol oynamışdır.

Uzun müddət  bir çox universitet fənlərinin, xüsusən də tibb, dəqiq elmlər və texnologiyalar kimi fənlərin tədrisində müxtəlif növ alət və avadanlıqlardan, cihaz və qurğulardan təlim və tədqiqat məqsədilə geniş istifadə olunurdu. Vaxt keçdikcə və bu əşyalar köhnəldikcə, təlim kursundakı dəyişikliklər və ya yeni pedaqoji metodların tətbiqi nəticəsində onları yeni modellər əvəz edirdi. Köhnəlmiş, istifadə edilməyən əşyalar elm və təhsil tarixi baxımından fərqli məna kəsb etməklə bir növ eksponatlara və hətta kolleksiyalara çevrilirdi, onların saxlanması və öyrənilməsi üçün ayrılan otaq muzey funksiyasını yerinə yetirməyə başlayırdı.

Müasir anlamda universitet muzeyinin yaranması kolleksiya eksponatlarının tədris və tədqiqat prosesinə cəlb edildiyi XVI əsrin sonuna təsadüf edir. Padui, Piza və Leyden universitetləri nəzdində yaradılmış və bitkiləri təlim prosesində istifadə edilən botanika bağları, Boloniya universitetində fəaliyyət göstərən anatomiya muzeyi buna bariz nümunədir.

Universitet muzeyinin təsis edilməsi haqqında ilk məlumat 1685-ci ilə aiddir: o zaman Oksfordun Aşmoelan (Eşmolean) Muzeyində daimi ekspozisiya açıldı və bu təcrübə Avropanın bir çox universitetlərinə yayıldı. Bu cür universitet muzeyləri yalnız maarifçilik deyil, həm də tədris və tədqiqat funksiyalarını yerinə yetirən məkanlara çevrildilər. Kembric Universitetinin Secvik Muzeyi (1727), Qlazqo Universitetinin Hanter Muzeyi (1807), Mançester Universitetinin muzeyi (1888) Avropa universitetlərində fəaliyyət göstərən ən qədim və zəngin müzeylərdəndir. Fəaliyyət göstərdikləri dövrdə bu məkanlarda on milyonlarla eksponat cəmləndi.

XX-XXI əsrlərin kəsişməsində universitet muzeylərinin kolleksiyaları yeni məna kəsb etdi: bu məkanda elm tarixinə dair məlumatlar qorunub saxlandığına görə eksponatların tarixi əhəmiyyəti önə çəkildi. Bu zəngin kolleksiyalar, bir qayda olaraq, xüsusi otaqlarda saxlanılır və yalnız dünya mədəniyyətinin əvəzolunmaz sərvəti deyil, həm də daim işlək və genişlənən məlumatlar bazasıdır. Universitet muzeylərinin tarixən toplanmış və qorunub saxlanılan kolleksiyalarını aşağıdakı növlərə bölmək olar:

1)  Təlim üçün nəzərdə tutulmuş kolleksiyalar – müxtəlif fənlərin tədrisi prosesində istifadə edilən orijinal nümunələr, imitasiyaedici modellər və maketlər;

2)  tədqiqat işlərində istifadə olunan kolleksiyalar – elmi araşdırmalar zamanı istifadə edilən eksponatlar, alətlər, avadanlıqlar və cihazlar;

3)  məlumatlandırıcı kolleksiyalar – arxiv sənədləri, foto-materiallar, nəşrlər və digər maarifləndirici materiallar.

Universitet muzeyləri elmi biliklərin təbliği və yayılması istiqamətində fəaliyyət göstərməklə maarifləndirmə funksiyasını da yerinə yetirir, ali məktəblə elmi mərkəzlər, elm və texnika sahəsində çalışan müəssisələr və ümumilikdə ictimaiyyət arasında əlaqə zəncirinin ayrılmaz halqasına çevrilir. Nüfuzlu universitetlərin muzeyləri təkcə ali məktəbin əməkdaşları və tələbələrinin deyil, həm də bu ali məktəbdə təhsilini davam etdirmək niyyətində olan məktəblilərin, digər elm və tədris mərkəzlərində çalışan alim və tədqiqatçıların, yaşından və peşəsindən asılı olmayaraq hər bir kəsin üzünə açıqdır. Bu muzeylərin maddi irsi olduqca zəngindir.

Bu gün universitet muzeyləri yerləşdikləri məkana görə ərazisi yalnız tələbələrə və əməkdaşlara deyil, həm də şəhərin və ya bölgənin bütün əhalisinə məxsus olan universitetlərlə bağlıdır, onlar çoxşaxəli elm və təhsil ocağının ayrılmaz tərkib hissəsi olmaqla yanaşı,  elmi və mədəni həyatın müxtəlif sahələrində qarşılıqlı fəaliyyəti həyata keçirən ictimai mərkəzə, tədqiqat və maarifləndirmə işləri üçün unikal məkana çevrilməkdədir. Bir vaxtlar universitetlərin tərkib hissəsi olan nəhəng elmi muzeylər kolleksiyalarının təbliğinin vəzifələrindən daha çox məqsədləri olduğunu dərk edərək, müstəqil fəaliyyət göstərməkdədir.

Mütəxəssislərin fikrincə, elm və təhsil tarixini əks etdirən universitet muzeylərinin üzləşdikləri problemlər də az deyil. Bu, materialların və eksponatların saxlanma şəraiti, maliyyə mənbələrinin müəyyənləşdirilməsi, təhlükəsizliyin təmin olunması, rəqəmsal texnologiyaların tətbiq edilməsi ilə bağlı aktual problemlərdir. Dünyanın bir sıra ölkələrində bu problemlərin həlli istiqamətində müəyyən addımlar atılır. Məsələn, hələ 1987-ci ildə Böyük Britaniyada Universitet Muzeyləri Qrupu yaradılıb ki, onun da başlıca məqsədi universitet muzeylərinin statusunun yüksəldilməsi, onların fəaliyyətində səmərəliliyin artırılması, burada saxlanılan kolleksiyaların müəyyənləşdirilməsi və müvafiq kataloqların hazırlanması, eləcə də bu muzeylərin fəaliyyətinin koordinasiyası olub. Bu qrupun nizamnaməsinə görə, universitet muzeyləri maraqlananlar üçün açıq olmalı, müştərək elmi, mədəni və maarifləndirici proqramlar üzrə tədbirlər həyata keçirməli, regional və milli kütləvi muzeylərlə sıx əməkdaşlıq etməlidir.

İnkişaf etmiş ölkələrdə universitet muzeylərinin fəaliyyətinin təşkili ilə bağlı əldə edilmiş təcrübənin öyrənilməsi ölkəmizdəki universitet muzeylərinin fəaliyyətinin təkmilləşməsində, onların fəaliyyətinin elm və təhsil sahəsində müasir tələblərə uyğun şaxələndirilməsi, rəqəmsal texnologiyaların inkişafı dövründə interaktivliyinin təmin edilməsində xüsusi əhəmiyyətə malikdir.

Ölkəmizdə 200-dən çox muzey fəaliyyət göstərir və dövlət qayğısı ilə əhatə  olunmuşdur. Dövlət müstəqilliyimiz bərpa edildikdən sonra digər sahələrlə yanaşı, muzey işi də öz inkişafının yeni mərhələsinə qədəm qoyub. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1993-cü ildə Nazirlər Kabinetində Muzey işçilərinin respublika müşavirəsi keçirilib, 1994-cü ildə isə bu müşavirənin materialları əsasında “Respublikada muzey işinin vəziyyəti və onun yaxşılaşdırılması haqqında” qərar qəbul edilib. 2000-ci il martın 24-də qüvvəyə minmiş “Muzeylər haqqında” Azərbaycan Respublikasının Qanunu ölkəmizdə muzeylərin fəaliyyətinin təşkilati-hüquqi əsaslarını və müvafiq münasibətləri tənzimləyir. Universitet muzeyləri də öz fəaliyyətlərini müvafiq olaraq həm ali təhsil müəssisənin nizamnaməsinə, həm də bu növ hüquqi aktlara uyğun şəkildə qurur.

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycanda muzey işinin yaxşılaşdırılması haqqında" 6 mart 2007-ci il tarixli və "Azərbaycanın regionlarında fəaliyyət göstərən muzeylərin müasir standartlara uyğun təmirinə, yeni avadanlıq və zəruri eksponatlarla təchizatına dair xüsusi tədbirlər planının təsdiq edilməsi haqqında" 22 may 2009-cu il tarixli sərəncamlarının icrası muzeylərin fəaliyyətinin təkmilləşdirilməsinə, müasir standartlara uyğun qurulmasına, tarixi, mədəni irsin, maddi mədəniyyət nümunələrinin mühafizəsi və təbliği  işinin daha da  yüksək səviyyəyə qaldırılmasına təkan verib, maddi-mənəvi irsimizin, tarixi həqiqətlərin təbliği üçün geniş imkanlar yaradıb. Ali məktəbin fəaliyyəti tarixində mühüm rol oynayan əşyalar və avadanlıqların, bu fəaliyyəti əks etdirən vizual materialların komplektləşdirilməsi, mühafizəsi, öyrənilməsi, kütləvi nümayişi və təbliğini həyata keçirən universitet muzeyləri bu rəsmi sənədlərdən də bəhrələnir.

Ölkəmizdə ilk universitet muzeyi ötən il 100 illiyini qeyd etdiyimiz Bakı Dövlət Universitetində (BDU) yaradılmışdır. Bu gün BDU-da Heydər Əliyev muzeyi, Bakı Dövlət Universitetinin tarixi muzeyi, Faydalı qazıntılar müzeyi, Arxeologiya və etnoqrafiya muzeyi və Təkamül təlimi muzeyi fəaliyyət göstərir.

Ulu Öndərin şəxsi razılığı ilə 1997-ci ildə yaradılmış Heydər Əliyev muzeyində BDU-nun dünya şöhrətli məzunu və fəxri doktoru olan bu böyük şəxsiyyətin həyatının müxtəlif dövrlərini əks etdirən, tələbələr üçün son dərəcə tərbiyəvi, tədqiqatçılar üçün elmi əhəmiyyəti olan zəngin materiallar və tarixi sənədlər saxlanılır. Muzeydə Heydər Əliyevin tələbəlik illəri, universitet tədbirlərində iştirakı ilə bağlı fotoşəkillər və sənədlər, Ulu Öndərə dünyanın ən qabaqcıl universitetləri, o cümlədən Bakı Dövlət Universiteti tərəfindən verilmiş fəxri doktor diplomlarının surətləri və medallar, dahi şəxiyyət haqqında universitet alimlərinin yazdığı kitablar xüsusi yer tutur. Muzeyi dünyanın tanınmış ictimai-siyasi xadimləri, elm və təhsil nümayəndələri ziyarət edib, təəssüratlarını bölüşüblər.

1920-ci ildə fəaiyyətə başlayan Bakı Dövlət Universitetinin tarixi muzeyi görkəmli ziyalılar, alimlər haqqında sənədlər, qısa tarixi məlumatlar, müxtəlif dövrlərdə tədris prosesində və elmi araşdırmalarda istifadə olunan alət və avadanlıqlar, cihaz və qurğular, müxtəlif növ çap məhsuulları, universitet həyatında baş verən əlamətdar hadisələri əks etdirən fotomateriallar, "Fəxri doktor" adına layiq görülmüş xadimlərin foto şəkilləri, onlara verilən diplom nümunələri və digər materiallar saxlanılır. Bu muzey təkcə xalqımızın tarixinin ayrılmaz və şərəfli bir parçası olan BDU-nun deyil, həm də elmimizin, təhsilimizin, ümumiyyətlə, mədəniyyətimizin tarixini özündə müəyyən dərəcədə əks etdirən, tələbələrə təhsildə, tədqiqatçılara elmi araşdırmalarda, geniş ictimaiyyətə maariflənməkdə yardımçı olan bir ocaqdır.

Geologiya fakültəsinin Faydalı qazıntılar müzeyində tələbələrin “Geologiya” və “Geologiya mühəndisliyi” ixtisaslarına dərindən yiyələnmələri üçün mineralogiya, kristalloqrafiya, petroqrafiya, faydalı qazıntılar və digər sahələr üzrə mütəmadi zəngin kolleksiyalar, tematik sərgilər və ekspozisiyalar təşkil edilir, geoloji fənlərin məşğələ dərsləri keçirilir.

Universitetin 1937-ci ildə təsis olunmuş M.A.Axundov adına Təkamül təlimi muzeyi eyniadlı fənnin zəngin əyani vasitələr əsasında tədrisinə xidmət göstərir. Muzeydə üzvi aləmin meydana çıxması, inkişafı, ümumi qanunauyğunluqları, istiqamətləri, hərəkətverici qüvvələri haqqında zəngin ekspozisiyalar yer alıb, təkamül nəzəriyyəsinin əsasını qoyan və onu inkişaf etdirən alimlərin elmi fəaliyyətləri, onların bu nəzəriyyənin inkişafındakı xidmətləri əks olunub. Ali və orta məktəblərin biologiya müəllimlərinin ixtisaslarını təkmilləşdirmə auditoriyasına çevrilmiş muzey peşəkar kadrların hazırlanmasında fəal iştirak edir.

1976-cı ildə yaradılmış Arxeologiya və etnoqrafiya muzeyində qədim dövrə aid nadir daş alətlər, zəngin osteoloji materiallar, Azərbaycan məişətini, zəngin mədəni irsini əks etdirən bir sıra maddi mədəniyyət nümunələri saxlanılır, Azərbaycan arxeologiyası və etnoqrafiyasının inkşafını əks etdirən xüsusi stendlər nümayiş etdirilir.

Bu gün Bakı Dövlət Universitetinin muzeylərində saxlanılan və nümayiş etdirilən kolleksiyaların qorunması və zənginləşməsinin, onların müasir tələblərə uyğun interpretasiyasının yeni yolları axtarılır, ziyarətçilərin zəruri məlumatlara yiyələnməsi üçün muzey mühitinin imkanları araşdırılır, həm müasir auditoriya, həm də gələcək nəsillər üçün əhəmiyyətli olacaq yeni muzey ənənələrinin yaradılması istiqamətində addımlar atılır. Məqsəd universitet muzeylərini rəngarəng innovativ proqramlara və rəqəmsal texnologiyalara malik interaktiv mərkəzlərə çevirməkdir. Muzey fəaliyyətinin interaktiv olması həm tələbələr, müəllimlər və tədqiqatçılar, həm də bu məkandan bəhrələnən ictumaiyyət üçün olduqca vacibdir.

Universitet təhsili və elminin təbliğində muzeylərin fond materiallarından maksimum istifadə edilməsi, muzeylərdə elmi tədqiqatlar aparılmasına şərait yaradılması, müxtəlif  mövzularda səyyar və stasionar sərgilərin təşkili, tədqimat mərasimləri, elmi konfrans və seminarların keçirilməsi qarşıda duran məsələlərdir və onların həllində universitetin təəssübünü çəkən hər bir tələbə, hər bir müəllim yaxından və birlikdə iştirak etməlidir. Çünki biz birlikdə güclüyük.

 

Ramin Səmədov,

Bakı Dövlət Universitetinin tarixi muzeyinin direktoru

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024