Universitetlər başlayandan sonra yarımçıq qalmış dərslər necə kompensasiya olacaq

26/04/2020

"Təhsil sistemində qəbul olunmuş 90 dəqiqəlik qoşa saatın hər birini 45 dəqiqəyə çevirməklə iki fənnin tədrisini yerinə yetirmək mümkündür".

Ölkədə elan olunan karantin rejimi ilə əlaqədər bütün təhsil müəssisələrində dərslər müvəqqəti olaraq dayandırılıb. Müəllimlər öz şagird və tələbələri ilə texnologiyanın imkanlarından istifadə edərək virtual qaydada görüşür, konkret fənn haqqında müzakirələr aparırlar.

Ancaq müşahidələr göstərir ki, təhsillə bağlı olan hər kəs məktəblər üçün darıxıb. Onlar bu barədə düşüncələrini sosial şəbəkələrdə ifadə edir, vəziyyətin düzələcəyi, əvvəlki günlərə qayıdacaqları vaxtı intizarla gözləyirlər. Əsas məsələlərdən biri isə bundan sonra dərslərin necə kompensasiya edilməsi, müəllim və təhsil alan (şagird, tələbə) münasibətlərində hansı dəyişikliklərin olacağıdır.

Məsələ ilə bağlı Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Yeni media və kommunikasiya nəzəriyyələri kafedrasının müdiri, professor Cahangir Məmmədli ilə müsahibəni təqdim edirik:

-Təcrübəli bir pedaqoq kimi necə düşünürsünüz, koronavirus tətillərinin yarımçıq qoyduğu dərsləri universitetlər işə başlayandan sonra necə kompensasiya etmək olar?

- Əlbəttə, hamı hiss elədi ki, bütün dünya, o cümlədən Azərbaycan təhsil sistemi öz işini onlayn formada davam etdirdi. Misal üçün deyə bilərəm ki, Bakı Dövlət Universiteti bu formatı çox tez işə saldı. Çünki universitet rəhbərliyi xeyli əvvəl, bir çox fənlərin elektron formatını, mühazirələrin onlayn üslubunu hazırlayıb ortaya qoymuşdu. Bu çətin günlərdə hətta internet hazırlığı zəif olan yaşlı müəllimlərin mühazirələrini, onların özlərinin hazırladıqları cavan, çevik müəllimlər əvəz etdi. Yəni mühazirələrin onlayn formada tədrisində hər cür çətinlik aradan qaldırıldı. Amma bütün təhsil ekspertlərinin də dediyi kimi, onlayn format heç vaxt müəllim-tələbə ünsiyyətinin canlı formatını əvəz edə bilməz. Ona görə də ölkədə tədrisin auditoriyalarda nə vaxt başlamasından asılı olmayaraq tətil zamanı təqdim edilən onlayn mühazirələrə ən azı, xülasə şəklində yenidən qayıtmaq lazım gələcək. Bunun üçün hər bir fənndən ötrü ayrılmış saatların miqdarını yarıya endirmək, yerdə qalan digər yarısını buraxılmış dərslərin saatı kimi tədris etmək olar. Bir az da dəqiq desək, universitet təhsil sistemində qəbul olunmuş 90 dəqiqəlik qoşa saatın hər birini 45 dəqiqəyə çevirməklə iki fənnin tədrisini yerinə yetirmək mümkündür. Digər tərəfdən onsuz da bu tətil günlərində dərslər üçün çox darıxmış müəllimlərin və tələbələrin yükünü artırmaq olar: indiyədək qəbul olunmuş gündəlik üç qoşa saatı dörd və daha artıq saatla əvəz etmək, heç kimə xeyir verməyən şənbə istirahətini əvvəlki kimi dərs günlərinə qaytarmaq olar.

- Əgər dediyiniz kimi olsa, tələbələrdə təbii bir yorğunluq, narahatlıq yarana bilər. Bu qeyri-adi tədbirlər şəraitində tələbələrə “bal” güzəşti edilə bilərmi?

- Müəllim həmişə tələbəyə həm də sevgi ilə yanaşan bir insandır. Tələbələrimizdən bir az ayrı düşən kimi narahat olduq. Onlar bunu yaxşı hiss etdilər. Müəllim yaxşı oxuyan tələbəyə yüksək qiymət yazanda, elə bil, öz balasına sevgi göstərir. Müəllim tələbəyə həmişə güzəştlə yanaşır. Bu ağır sınaq tətilindən sonra bu güzəşt, yəqin ki, çoxalacaq.

- Bu karantin günlərində evdə qalan müəllimlər tam maaşlarını alırlar. Əlbəttə, onların bir çoxu mühazirələrini təzələyir, elmi iş yazır, onlayn dərslər aparırlar. Amma nə gizlədək, heç bir iş görməyənlər də var...

- Başqa yeri bilmirəm, amma Bakı Dövlət Universitetinin rəhbərliyi-rektordan tutmuş kafedra müdirinədək hər bir işçi müəllimlərin məhsuldar işinə diqqət yetirir, onlara tapşırıqlar verirlər. Məsələn universitet elmi əsərlərini və bütün sahələr üzrə növbəti nömrələri nəşrə hazırladır. Müəllimlərin elmi məqalələri, proqram, dərslik və dərs vəsaitləri iş başlayan kimi öz nəşriyyatımızda çap ediləcək.

- Sonda nə demək istərdiniz?

- Lap bu günlərdə-aprelin 23-də universitet əməkdaşlarına öz əməkhaqqları təqdim olundu. Novruz bayramı münasibətilə ötən ayın maaşları martın 17-də verilmişdi. Əməkhaqqının ötən ay 13 gün tez verilməsi onun xərclənməsini də tezləşdirdi. Hiss etdik ki, universitet rəhbərliyi bu narahatlığı nəzərə alaraq aprelin maaşlarını ayın 23-də təqdim etməyi ədalətli sanıb. Şəxsən mən bu “tətil əməkhaqqı”sını telefonumda görəndə qəribə hisslər keçirdim. Prezidentimizin məmurlara tapşırıqları bir daha yadıma düşdü: insanların sosial problemləri ön planda olmalıdır fikri! Amma evdə oturub maaş almağı Allah bizdən uzaq eləsin. Qayıdaq işimizə, ikiqat, üçqat çalışaq, hər maaşı alanda çəkdiyimiz zəhməti xatırlayaq.

 

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024