Unudulmaz şərqşünas alim və müəllim

27/08/2020

Bu gün Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin ərəb filologiyası kafedrasının müdiri, akademik Vasim Məmmədəliyevin anadan olmasının 78-ci ildönümdür.
Vasim Məmmədəliyev 160-dək elmi əsərin, o cümlədən 21 monoqrafiyanın müəllifidir. Xaricdə 50-dən çox elmi əsəri dərc olunub. Akademikin 1998-ci ildə yaradılan Qafqaz Müsəlmanları İdarəsinin Elmi-Dini Şurasının sədri kimi dini maarifçilik sahəsində böyük xidmətləri var.
Akademik Vasim Məmmədəliyev 2019-cu il 13 oktyabr tarixində vəfat edib.

Bakı Dövlət Universiteti rektorunun Elm və təhsil məsələləri üzrə müşaviri, AMEA-nın müxbir üzvü Aydın Kazımzadənin akademik Vasim Məmmədəliyevin xatirəsinə həsr olunmuş "Unudulmaz şərqşünas alim və  müəllim" adlı məqaləsini təqdim edirik:

Unudulmaz şərqşünas alim və  müəllim

Bu gün Azərbaycanın görkəmli şərqşünas və islamşünas alimi, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üvü, Əməkdar elm xadimi, filoloji elmlər doktoru, mərhum professor Vasim Məmmədəli oğlu Məmmədəliyevin anadan olduğu gündür.
Akademik Vasim Məmmədəliyev 1942-ci il avqustun 27-də Bakı şəhərində anadan olmuşdur. 1949-1959-cu illərdə Bakıda 113 saylı orta məktəbdə təhsil almışdır. Orta məktəbi bitirdikdən sonrakı həyat və fəaliyyətinin əsas hissəsi Bakı Dövlət Universiteti (BDU) ilə bağlı olmuşdur. 1959-cu ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Şərqşünaslıq fakültəsinə daxil olmuş və 1964-cü ildə həmin fakültəni ərəb filologiyası ixtisası üzrə bitirmişdir. 1965-1968-ci illərdə Tbilisi Dövlət Universitetinin aspiranturasında təhsil almışdır. 26 yaşında akademik G.V.Tseritelinin rəhbərliyi ilə “Müasir ərəb - Azərbaycan ədəbi dilində və İraq dialektində feilin zaman formalarının müqayisəli-tipoloji təhlili” mövzusunda namizədlik, 32 yaşında isə Tbilisi Dövlət Universitetində “Müasir ərəb ədəbi dilində felin zaman, şəxs və şəkil kateqoriyaları” mövzusunda doktorluq dissertasiyaları müdafiə edərək keçmiş SSRİ məkanında ərəbşünaslıq sahəsində ən gənc elmlər doktoru adını almışdır. 1979-cu ildə professor elmi adı almışdır. 1981-1991-ci illərdə BDU-nun Şərqşünaslıq fakültəsinin dekanı, 1991-1992-ci illərdə BDU-nun humanitar fakültələr üzrə prorektoru olmuşdur. 1991-ci ildən ömrünün sonunadək BDU-nun Şərqşünaslıq fakültəsində Ərəb fılologiyası kafedrasının müdiri, 1993-2018-ci illərdə yeni yaradılmış İlahiyyat fakültəsinin dekanı vəzifələrində çalışmışdır. 2001-ci ildə AMEA-nın müxbir, 2007-ci ildə isə həqiqi üzvü seçilmişdir. Həyatı boyu bütün varlığı ilə bağlı olduğu Bakı Dövlət Universitetinin 100 illik yubileyi ərəfəsində, 2019-cu ilin 13 oktyabr tarixində uzun sürən xəstəlikdən sonar vəfat etmiş və II Fəxri Xiyabanda dəfn edilmişdir.
Bu gün təkcə Azərbaycanda deyil, bütün Yaxın Şərq ölkələrində və Avropada görkəmli şərqşünas və islamşünas alim kimi tanınan Vasim Məmmədəliyev çoxşaxəli elmi-pedaqoji və ictimai fəaliyyətə malik olan bir şəxsiyyət olmuşdur. Azərbaycanda və dünyanın bir çox ölkələrində dilçilik elminin tanınmış nümayəndəsi kimi Vasim Məmmədəliyev uzun illər ərzində ərəb dilçiliyi və filologiyasının aktual problemlərinin tədqiqi ilə ardıcıl surətdə məşğul olmuşdur. Onun ərəb dilçiliyi və filologiyasının bir sıra aspektlərinə həsr olunmuş əsərləri elmi ictimaiyyətin rəğbətini qazanmış, mədəni irsimizin bir sıra abidələrinin, o cümlədən müqəddəs “Qurani-Kərim”in təfsiri və dilçilik xüsusiyyətləri ilə bağlı fikir və mülahizələri mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmiş və bu sahədə tədqiqatların aparılması üçün prioritet istiqamətlərin müəyyən edilməsi baxımından böyük əhəmiyyətə malik olmuşdur.
Akademik Vasim Məmmədəliyev tərəfindən aparılan tədqiqatlar nəticəsində ərəb dilçilik elminin dünya dilçilik elmində orijinal sistemə malik olması, onun nəzəri və metodoloji baxımdan Hind-Avropa dilçiliyindən fərqli cəhətləri müəyyən edilmiş, ərəb dilçiliyinin ilkin orta əsr dilçilik tarixində yeni söz olması göstərilmiş və ərəb dilçiliyinin Avropa dilçilik elminə təsiri ətraflı olaraq araşdırılmışdır. Onun elmi yaradıcılığının böyük bir hissəsi müsəlman dünyasının ən nadir incilərindən hesab edilən və ərəb ədəbi dilinin ən böyük abidəsi olan “Qurani-Kərim”in dil və üslub xüsusiyyətlərinin öyrənilməsi ilə əlaqədar olmuşdur. Vasim müəllimin universal biliklərə, ensiklopedik məlumatlara malik olması onun mərhum akademik Ziya Bünyadovla birgə müqəddəs “Qurani-Kərim”i Azərbaycan dilinə tərcümə edərək xalqın istifadəsinə verməsinə imkan yaratmışdır.
Vasim müəllim klassik Şərq ədəbiyyatını, o cümlədən, klassik Azərbaycan, fars, ərəb ədəbiyyatını mükəmməl bilir, müasir ədəbi prosesləri daim izləyirdi. O, eyni zamanda Azərbaycan musiqisinin, xüsusilə də muğamların gözəl bilicisi olmuşdur. Dəfələrlə muğam gecələrini aparmış, respublikanın görkəmli xanəndə və müğənnilərinin yaradıcılıq görüşlərində mütəxəssis kimi çıxış etmiş, musiqi xadimlərini muğam incilərinə hörmət etməyə, onları düzgün ifa etməyə çağırmışdır.
Akademik Vasim Məmmədəliyev müstəqillik əldə etmiş respublikamızın ehtiyac duyduğu gənc ilahiyyatçı mütəxəssislərin hazırlanmasında gərgin əmək sərf etmişdir. O, 40-dan çox monoqrafiya, dərslik və kitabın, 650-dən çox elmi və elmi-kütləvi məqalənin müəllifi olmuşdur. Əsərləri dünyanın 15-dən artıq ölkəsində nəşr edilmişdir. O, 50-dən çox dissertasiya işinə rəsmi opponentlik etmiş, şərqşünaslıq və ərəb dilçiliyi sahəsində 54 fəlsəfə doktoru və 5 elmlər doktoru yetirmiş, dəfələrlə Rusiya, Polşa, Misir, ABŞ, İndoneziya, İraq, Türkiyə, İran, Gürcüstan, Fransa və digər xarici ölkələrdə keçirilən konfrans və simpoziumlarda məruzə ilə çıxış etmişdir.

Akademik Vasim Məmmədəliyevin elm və təhsil sahəsindəki əvəzsiz xidmətləri dövlət və beynəlxalq ictimaiyyət tərəfindən layiqincə qiymətləndirilmişdir. Bu sahədəki səmərəli fəaliyyətinə görə o, ölkə başçısı tərəfindən 1992-ci ildə Azərbaycanın Əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür, 2002-ci ildə “Şöhrət ordeni”, 2009-cu ildə “Şərəf”ordeni, 2012-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü, 2017-ci ildə Heydər Əliyev Fondunun “Qızıl Çinar” beynəlxalq mükafatı ilə təltif edilmişdir. 2003-cü ildə Dağıstan Respublikasının Əməkdar elm xadimi adına layiq görülmüşdür. “Yusif Məmmədəliyev” medalı ilə təltif edilmişdir. Qafqaz Müsəlmanları İdarəsi nəzdində Elmi-Dini Şuranın sədri, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin üzvü, İraq Elmlər Akademiyasının, Suriya Quran Elmləri və Ərəb Filologiyası Akademiyasının, Misir Ərəb Dili Akademiyasının müxbir üzvü, İslam Əməkdaşlıq Təşkilatının Müsəlman Hüququ Akademiyasının akademiki və Azərbaycanın orada təmsilçisi, İranın Beynəlxalq Əhli-Beyt Assosiasiyası və Türkiyənin Elmi Araşdırmalar Vəqfinin üzvü, Azərbaycan - İraq Dostluq Cəmiyyətinin sədri olmuşdur.
Vasim müəllimin Islam dininin, islam dəyərlərinin təbliğində və yayılmasında, Quran ayələrinin, dini ayinlərin və hədislərin düzgün yozulmasında, xalqın mənəvi cəhətdən zənginləşməsində və inkişafında böyük xidmətləri olmuşdur. Onun təşəbbüsü və iştirakı ilə uzun illər ərzində Azərbaycan Televiziyasında hər cümə axşamı efirə verilən “Haqqın dərgahı” verilişi ümumxalq məhəbbəti qazanmış, İslam dini dəyərlərinin ölkəmizdə elmi şəkildə təbliğ olunması işində mühüm rol oynamışdır.
Akademik Vasim Məmmədəliyevin bir müəllim və alim kimi fədakarlığı, yüksək vətəndaşlıq məsuliyyəti, səmimiliyi və qayğıkeşliyi, insanlara və onların problemlərinə göstərdiyi diqqət və qayğı, fəal həyat mövqeyi ona həmişə həmkarlarının, dostlarının və tələbələrinin dərin hörmətini qazandırırdı. O, yaşından asılı olmayaraq hər kəslə öz dilində danışmağı bacarırdı. Həmişə məntiqlə, əsaslandırılmış, eyni zamanda, səmimi danışır, adi sözlərlə insanın qəlbində həyat eşqi oyadırdı. O, çox az adama xas olan düşüncə tərzi ilə müsahibini heyran edir, ən adi sözlərlə insanların qəlbinə nüfuz edə bilir, onların sevimlisinə çevrilirdi. Öz ixtisasını qızğın məhəbbət və sədaqətlə sevir, bu sahədəki mövcud problemləri dərindən bilir və daima bu sahədə baş verən yenilikləri izləyir, bu yenilikləri həm öz fəaliyyətində tətbiq etməyə çalışır, həm də bu barədə öz həmkarlarına məlumat verir, rəhbərlik etdiyi kollektivdəki müəllim və elmi işçilərin bilik və bacarıqlarının daha da yüksəldilməsi üçün bütün imkanlardan istifadə edirdi. Yüksək peşəkarlığı, dostpərvərliyi, ünsiyyətdə səmimiliyi, istiqanlılığı və qayğıkeşliyi ilə seçilirdi. Yaşamaqdan, işləməkdən ilham alır, həyata və insanlara nikbin yanaşır, xeyirxahlıq və etimad ab-havası yaradırdı.
Görkəmli alim və pedaqoq, əsl ziyalı və səmimi insan Vasim Məmmədəli oğlu Məmmədəliyevin əziz xatirəsi onu tanıyanların qəlbində bu gün də yaşayır və həmişə yaşayacaqdır.


Aydın Kazımzadə,
Bakı Dövlət Universiteti rektorunun
Elm və təhsil məsələləri üzrə müşaviri,
AMEA-nın müxbir üzvü

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024