Uruqvay Dövlət Televiziyasının “7 Milyard” proqramında Azərbaycan haqqında, o cümlədən V Bakı Beynəlxalq Humanitar Forumu ilə bağlı reportaj yayımlanıb

17/10/2016

Uruqvay Dövlət Televiziyasının “7 Milyard” proqramında Azərbaycan haqqında, o cümlədən V Bakı Beynəlxalq Humanitar Forumu ilə bağlı reportaj yayımlanıb.

Proqrama qonaq qismində Humanitar Forumda iştirak etmiş Uruqvay Katolik Universitetinin İslam kafedrasının müdiri, eyni zamanda, həmin universitetdə beynəlxalq siyasət proqramının direktoru Susana Manqana dəvət edilib.

S.Manqana V Bakı Beynəlxalq Humanitar Forumu haqqında məlumat verərək Azərbaycana səfəri ilə bağlı təəssüratlarını bölüşüb, ölkəmizin mədəniyyəti, zəngin tarixi, qonaqpərvərliyi, çoxmədəniyyətlilik ənənələri barədə danışıb. O, Azərbaycanın multikulturalizm dəyərlərinə böyük önəm verməsini, beynəlxalq səviyyədə bu dəyərlərin təşviqi istiqamətində aktiv fəaliyyətini və töhfəsini qeyd edib. S.Manqana Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın ətraf mühitin qorunması sahəsində gördüyü təqdirəlayiq işlərdən də söhbət açıb. O, müsəlman ölkəsi olan Azərbaycanda qadınların ölkənin ictimai-siyasi həyatında fəal iştirak etməsinin şahidi olduğunu vurğulayıb.

S.Manqana, həmçinin səfəri çərçivəsində Bakı Dövlət Universitetində keçirdiyi görüşdə Azərbaycanın və Uruqvayın gənc tədqiqatçıları arasında mübadilə proqramlarının və birgə layihələrin reallaşmasına dair müzakirələr aparıldığını qeyd edib. O, önəmli və mürəkkəb geosiyasi bölgədə yerləşən Azərbaycanın iqtisadi sahədə böyük uğurlar əldə etdiyini və regionun aparıcı dövlətinə çevrildiyini, müsəlman ölkəsi olmasına baxmayaraq, burada bütün dinlərə hörmət edildiyini və bu xüsusda Roma Papasının Azərbaycana səfərinin mühüm əhəmiyyət kəsb etdiyini söyləyib.

S.Manqana Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq Dağlıq Qarabağ bölgəsi və ətraf yeddi rayon daxil olmaqla, Azərbaycan ərazisinin bir hissəsinin işğal olunduğunu, bir milyon azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü diqqətə çatdırıb.

Proqramın videosu Uruqvay Dövlət Televiziyasının rəsmi internet səhifəsində və kanalın Youtube hesabında yerləşdirilib, habelə kanala məxsus sosial şəbəkələrdə paylaşılıb.

Mətbuat və informasiya şöbəsi, 17 oktyabr 2016-cı il.


Xəbərlər

BDU-da Karyera Festivalı davam edir

BDU-da Karyera Festivalı davam edir
01/05/2024

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdləri IX Ekoloji Forumun startap müsabiqəsində qalib gəliblər

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdləri IX Ekoloji Forumun startap müsabiqəsində qalib gəliblər
01/05/2024

“Yüksəliş” müsabiqəsinin qalibi olan BDU məzunları ilə görüş

“Yüksəliş” müsabiqəsinin qalibi olan BDU məzunları ilə görüş
01/05/2024