Ustadımın ad gününə hədiyyə

15/10/2015

Mərhum professorumuz Ələsgər Məmmədovun (1919-2000) adı daim “ərəb dili”, daha doğrusu, onun çoxsaylı “Ərəb dili” dərsliklərində rast gəldiyimiz tərzdə ifadə etsək, “həyatımızın ayrılmaz bir hissəsinə çevrilmiş ərəb dili” anlamı ilə sıx vəhdət təşkil edir.

Azərbaycanda ərəb dili ilə maraqlanmış, onu özünə ixtisas seçmiş elə bir adam tapılmaz ki, bu dildən bəhs edərkən ilk növbədə respublikamızda ərəbşünaslığın əsasını qoymuş, gözəl alim və pedaqoq, əməkdar elm xadimi, prezident təqaüdçüsü professor Ələsgər Məmmədovu xatırlamasın. Ələsgər Məmmədov  10 oktyabr 1919-cu ildə Bakıda dünyaya gəlib. Gənclik illərindən xarici dillərə olan böyük həvəsi onun ilk əvvəl Azərbaycan Pedaqoji İnstitutunda alman dilini öyrənməsi, sonra isə Moskva Hərbi Xarici Dillər İnstitutunun ərəb dili şöbəsini bitirməsi ilə nəticələndi.

Alman dili sahəsindəki biliyi gənc Ələsgərin SSRİ Xarici İşlər Nazirliyində çalışmasına, sonra isə Nürenberq Beynəlxalq Hərbi tribunalında alman və rus dillərindən tərcüməçi kimi fəaliyyətinə gətirib çıxardı. 1947-ci ildə vətənə dönən Ələsgər Məmmədovun bundan sonrakı bütün həyatı Azərbaycan Dövlət Universiteti, burada ərəbşünaslığın yaranması və inkişafı ilə bağlı oldu.

O, Ərəb dili kafedrasının əsasını qoyub 29 il bu kafedraya rəhbərlik etmiş, 51 illik elmi-pedaqoji fəaliyyəti dövründə Şərqşünaslıq fakültəsinin rus və Azərbaycan bölmələri, İlahiyyat fakültəsi, Tarix və Filologiya fakültələrində ərəb dilini öyrənənlər üçün və ərəb təmayüllü  orta məktəblər üçün 30-dan artıq “Ərəb dili” dərsliyi yazmışdır. Bu dərsliklər dünyanın ən çətin dillərindən sayılan ərəb dilini əlverişli bir tərzdə tədris etməyə imkan verirdi. Ələsgər müəllim həmişə zarafatla “ərəb dilinin açarını tapdığını”-söyləyərdi. Hər biri gərgin əməyin bəhrəsi kimi yaranan və dərin elmi-nəzəri tutumu və misilsiz təcrübi əhəmiyyəti ilə fərqlənən bu dərsliklərin sayəsində 1994-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası Ələsgər Məmmədova doktorluq dissertasiyası müdafiə etmədən Pedaqoji elmlər doktoru alimlik dərəcəsi verdi. Ələsgər müəllimin əsasını qoyduğu ərəbşünaslıq məktəbi sayəsində ölkəmizdə akademik Vasim Məmmədəliyev, AMEA-nın müxbir üzvü Zakir Məmmədov, professorlar Aida İmanquliyeva, Malik Mahmudov, Rafiq Əliyev, Abutalıb Məmmədov,  Xeyri əl-Abbasi, Məmmədhəsən Qəmbərov, İmamverdi Həmidov, Vilayət Cəfərov, İdris Abbasov, Nəsrulla Məmmədov və başqalarından ibarət güclü ərəbşünaslıq ordusu yarandı.

Vaxtilə yalnız Bakı Dövlət Universitetində tədris edilən ərəbşünaslığın hal-hazırda sərhədləri də genişlənmiş, zamanın tələbinə müvafiq bu fənn digər universitetlərə də yol açmışdır. Elə bir tədris müəssisəsi yoxdur ki, Ələsgər müəllimin dərsliklərindən bəhrələnməsin, onun kitablarının nurundan faydalanmasın.

Ələsgər Məmmədov birmənalı olaraq, Azərbaycan ərəbşünaslığının mücəssəməsidir.  Ərəb dilini, ərəb ədəbiyyat və mədəniyyətini öyrənən hər bir kəsin rastlaşdığı ilk ad Ələsgər Məmmədovun adıdır, oxuduğu ilk kitabların müəllifi, tədris prosesində adını dönə-dönə eşitdiyi, haqqında xoş xatirələrin, məzəli lətifələrin söylənildiyi şəxs Ələsgər Məmmədovdur. Ələsgər müəllim təkbaşına böyük bir Dilçilik İnstitutunun gördüyü işi görmüş, Azərbaycanda ərəb dilinin tədrisinin müəssisə və onun fədakar bayraqdarı olmuşdur. Bütün həyatını bu fənnin, bu elm sahəsinin inkişafına yönəltmiş Ələsgər müəllim 30-dan artıq dərsliyin müəllifi olmaqla yanaşı, ayrı-ayrı danışıq kitabçaları, dərs vəsaitləri də hazırlamışdır.

Ərəb dilinin tədrisinə daim artan bu marağın müqabilində Ələsgər müəllimin kitablarına yeni həyat vermək zamanın tələbi olaraq qarşıya çıxır. Təsadüfi deyil ki, Ələsgər Məmmədovun vəfatından 13 il sonra onun illər boyu qazandığı bilik və təcrübəsinin yekun akkordu olan və 1998-ci ildə kiril əlifbası ilə işıq üzü görmüş “Ərəb dili” kitabı  2013-cü ildə latın əlifbası ilə nəfis tərtibatda işıq üzü görüb. Son zamanlar bu kitabın nəşri hədsiz bir zərurətə çevrilmişdi. Ərəb dilini öyrənənlərin yeni nəsli ilbəil kiril əlifbasından uzaqlaşdığından köhnə nəşrdən istifadə labüd çətinliklər doğururdu. Köhnə kitabın poliqrafiyası və şriftləri də kitabın bir dərslik kimi yüksək səviyyəsi ilə müqayisədə xeyli geri qalırdı.

Bu kitabın əsasında, ümumiyyətlə, Ələsgər Məmmədovun dərsliklərinə xas olan bir sıra üstün cəhətləri göstərmək istərdim:

a) Ələsgər müəllimin kitablarında köhnə ərəb dilçiliyinə xas prinsiplər tədris prosesində çətinlik törədə biləcəyindən yeni, modern yanaşma ilə əvəz olunur. Məsələn, ərəb qrammatikasına xas “irab” bir çox dərsliklərdə saxlanıldığından, öz dillərində feilin irabı (bir növ hallanması) ilə rastlaşmayan tələbələr üçün çətinlik törədir. Ələsgər müəllimin metodologiyası öz dilimizə müvafiq ad qruplu sözlərin hallanması və feilin təsrifi modellərini təqdim edir ki, bu da onun sisteminə xüsusi əhəmiyyət qazandırır.

b) Kitabın asandan çətinə prinsipi ilə qurulması bir sıra çətin qavranılan mövzuların hissələrə bölünərək, təkrar-təkrar keçilməsinə şərait yaradır ki, bu da həm qazanılmış biliyin möhkəmlənməsinə, həm də yeni elementlərin daha asanlıqla qavranılmasına gətirib çıxarır.

c) Qazanılan biliklərin çoxsaylı çalışmalarla möhkəmləndirilməsi dilin tədrisi prosesinə xüsusi intensivlik verir.

d) Bu kitabda yeni mətnin oxunması son qayə olduğundan və bütün əvvəlki proseslər, yəni yeni sözlərin öyrənilməsi və çoxsaylı çalışmaların həlli məhz bu son qayəyə xidmət etdiyindən, mətn oxunuşu tədris prosesində sanki mühüm bir ayin xarakteri kəsb edir və bununla da, hər bir tələbədə rastlaşdığı və gələcəkdə rastlaşa biləcəyi mətnə hörmət və diqqət yaradır. Çünki ərəb dili elə bir dildir ki, başqa dillərdən fərqli olaraq, bu dildə məhz oxuya bilmək üçün dil qaydalarını bilmək lazımdır. Bu qaydaları mənimsəməyən heç bir zaman ərəb dilindəki mətnləri üzündən belə oxuya bilməz. Ələsgər müəllimin metodologiyası məhz mətnlərin üzündən oxunmasının nə qədər vacibliyi prinsipini dönə-dönə vurğulayır.

e) Dərsliyin məziyyətlərindən biri qrammatik materialın özünün də tələbənin söz ehtiyatının zənginləşməsinə yönəlməsidir. Burada elə paraqraflar var ki onları yaxşı öyrənən tələbə morfologiyanın və ya sintaksisin əsaslarına yiyələnməklə bərabər, həm də onlarla yeni sözə və idiomatik ifadələrə yiyələnir.

Ələsgər müəllimin kitabları adi bir dərslik olmayıb, həm də ərəb dili və mədəniyyəti ensiklopediyası təsiri bağışlayır.  Xüsusilə son kitabın məziyyəti ilk növbədə, təbii ki, onun dil tədrisində təklif etdiyi əlverişli üsulla müəyyənləşir. Dilçilik baxımından fonetika, morfologiya, sintaksis, leksikologiya, leksikoqrafiya, müqayisəli dilçilik və s. elm sahələri burada özünün əhatəli əksini tapmaqla müəllifin bu sahədə geniş biliyinə və misilsiz analitik təhlil qabiliyyətinə dəlalət edir. Bu kitabı yaxşı mənimsəyən hər bir kəs yalnız konkret ərəb dili ilə deyil, həm də ümumiyyətlə, dilçilik elmləri ilə bağlı bilik əldə edir.

Ərəb dilinin öyrənilməsi yalnız söz ehtiyatı və qrammatika qaydaları ilə məhdudlaşmır. Ərəblərin özlərinə xas ifadə tərzləri, cümlə quruluşları və deyimləri var. Ələsgər müəllim ərəbsayağı danışmağı və düşünməyi öyrədir. Onun dərsliklərindəki mətnlərin yaranma prosesində qalaq-qalaq qəzetlərdən, kitablardan istifadə olunurdu. Ələsgər müəllim sanki ərəb dilində olan gözəl ifadələrin, tərkiblərin, cümlə quruluşlarının “ovuna çıxmışdı”. O, oxuduğu ərəbdilli mənbələrdə rast gəldiyi hər bir bəlağətli ifadəni dərhal haşiyəyə alır, ondan öz dərsliklərində istifadə edirdi. Onun dərsliklərindəki mətnlər məhz ərəb bəlağət və fəsahətinin ən gözəl nümunələri sayıla bilər.

Ələsgər müəllimin missiyası yalnız tələbəyə dil öyrətməklə bitmir. O, gələcəyin ərəbşünasına ərəb tarixi, mədəniyyəti, ərəb dünyasının müasir durumu və nəhayət, öz ölkəsi olan Azərbaycanın zəngin mədəniyyəti barədə zəruri bilik verir, yəni orta əsr ərəb alimlərinin dili ilə desək,  bir növ lazımi biliklərə yiyələnmiş “ədib” yaratmaq məqsədi güdür. Onun son qayəsi ərəb dilini bilən şəxs deyil, ərəbşünas yetirməkdir. Beləliklə, onun kitabları öz əhatə dairəsinə və verdiyi biliklərin həcminə görə orta əsrlərin “ədəb” janrında yazılmış ensiklopedik bilgi mənbələri ilə müqayisə edə bilərik. Son kitabda bilgi verilən elm sahələrini nəzərdən keçirək:

Dərsliyin ilk mətnlərindən birində ərəb-İslam mədəniyyətinin sinkretik xarakterindən bəhs edilir, bu mədəniyyətin özündə qədim yunan fəlsəfi təlimlərini əks etdirməsi ilə yanaşı, həm də İslamı qəbul etmiş bir çox xalqların fikir dünyasının məhsulu kimi meydana çıxması əks etdirilir. Bunun ardınca dərslikdə görkəmli ərəb tarixçisi ibn Cərir ət-Təbəri (838-923) barədə qısa məlumat verir.

Sonrakı mətnlərdən birində söhbət İslam dininin meydana gəlməsindən və ərəb-İslam xilafətinin yaranmasından gedir.  Bununla bağlı növbəti bəhsdə müəllif diqqəti Yevgeni Belyayevin “Ərəblər, İslam və ərəb xilafəti” əsərinə yönəldir.  Təmrinlərdən birində isə İslam mədəniyyətinin görkəmli nümayəndələri barədə məlumat verilir. Sonrakı mətnlərdə bu bilgilər davam etdirilir, Abbasilər dövrü ərəb mədəniyyətinin xarakterik cəhətlərindən, onun Bəsrə və Kufə kimi elm və mədəniyyət mərkəzlərindən, ərəb mədəniyyətinin inkişafında dərin iz buraxmış Əbu Nüvas (756-813), İbn əl-Müqəffa (757), Sibaveyhi (797), Xəlil ibn Əhməd əl-Fərahidi (718-786) və b. kimi görkəmli şəxsiyyətlərdən bəhs edilir. Daha sonra dərslikdə görkəmli ərəb ədibi Cahizdən (775-868) və onun “Kitəbu-l-buxalə” , “əl-Bəyan va-t-təbyin”, “Mənaqibu-l-ətrak” əsərlərindən söhbət gedir. Get-gedə tələbələrin ərəb-İslam mədəniyyəti ilə bağlı bilgiləri daha da möhkəmlənir. Növbəti mətnlərdən birində “əl-Ərəbi” jurnalında gedən məqalə əsasında görkəmli ərəb ədibi və filosofu Əbu Həyyan ət-Tauhidi (923-1023) barədə söhbət açılır, bu bəhsin ardınca gələn təmrinlərdən birində “Müncid”in və “əl-Ərəbi” jurnalının materialları əsasında Müsəlman Şərqinin daha iki böyük dahisi - görkəmli filosof və sosioloq İbn Xəldun (1332-1406) və Orta Asiyadan olan türk əsilli filosof əl-Farabi (872-950) barədə kiçik oçerklər verilir.

Dərslikdə ərəb şifahi xalq ədəbiyyatına da toxunulur. Hər bir dərsin sonunda atalar sözlərinə xüsusi yer ayrılmaqla yanaşı, kitabın sonunda da atalar sözlərindən xüsusi nümunələr verilir. “Min bir gecə” nağılları barədə verilən mətn bu nağılların genezisini və arxitektonikasını araşdıran gözəl bir mənbə təsiri bağışlayır.

Ələsgər müəllimin son kitabı orta əsrlər Azərbaycan mədəniyyəti ilə bağlı bir sıra məsələləri də əks etdirir. Doqquzuncu dərsin mətnləri ərəbdilli Azərbaycan elm və mədəniyyətinə, onun Bəhmənyar ibn Mərzuban (1066), Xətib Təbrizi (1030-1109), Eynəlqüzat əl-Həmədani (1099-1131) kimi nümayəndələrinə həsr olunub. Bu dərsdə Ələsgər müəllim orta əsrlər Azərbaycan mədəniyyəti ilə bağlı məlumatları hifz etməsi baxımından misilsiz mənbələr olan əsərlərin adını çəkir və sanki gələcəyin tədqiqatçılarına diqqəti hansı tərəfə yönəltməyi bildirir: O, İbn Quteybənin (828-889) “Uyunu-l-əxbar”, “əş-Şir va-ş-şüəra, İbn əl-Mütəzzin (821-908) “Tabaqat fuhuli-ş-şüəra”, Əbu-l-Fərəc əl-İsfəhaninin (897-967) “Kitəbu-l-əğani”, İbn ən-Nədimin (1179-1229) “əl-Fihrist” əsərlərinin adını çəkir. Sonrakı mətnlərdə Azərbaycanla bağlı mövzular davam etdirilir. Burada Azərbaycan tarixinin bir çox şanlı səhifələrindən, xüsusilə Şərqdə ilk demokratik respublikanın məhz Azərbaycanda qurulmasından bəhs edilir. Vətənpərvər ruhlu müəllif “əl-Aləm” jurnalında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı nəşr olunmuş bir məqaləni də dərsliyə təmrin kimi daxil edir. İlk baxışda bu adi bir məqalədir. Amma belə bir təmrinlə “möhkəmlənmiş” hər bir kəs istənilən ərəblə Qarabağ münaqişəsi barədə söhbət aparıb ona məsələnin mahiyyətini izah edə bilər. Əslində Ələsgər müəllimin dərsliyinin əsas qayəsi də budur: ərəb dili və mədəniyyəti ilə yanaşı, öz ölkəsini, onun əsas problemlərini, eləcə də qədim mədəniyyətini bilən, bu barədə məqalələr yazmağı bacaran, ərəb dilli müsahibləri ilə sərbəst danışan kadrlar hazırlamaq.  Dərslik boyu bu istiqamət məqsədyönlü şəkildə davam etdirilir, kitabda XX əsrin əvvəllərinin böyük şairi Sabirdən (1862-1911), onun “Hophopnamə”sindən bəhs edilir və Sabirin məşhur şeirlərindən bir parça ərəb dilinə tərcümədə təqdim olunur. Sabirlə yanaşı, Cəfər Cabbarlı (1899-1934) da unudulmur. Dərslikdə Nizami Gəncəvi (1141-1209) ilə bağlı verilən mətn xüsusilə qeyd edilməlidir. Burada şairin həyat və yaradıcılığı, onun “Xəmsə”si barədə verilən məlumat hər bir kəsə Nizami barədə ərəbcə sərbəst mülahizələr yürütmək imkanı verir. Dərslikdə Azərbaycanın islamaqədərki tarixindən, “Azərbaycan” sözünün etimologiyasından, ölkəmizin ərazisində mövcud olmuş qədim dövlətlərdən də söhbət açılır.

Dərslikdə ərəb leksikoqrafiyasından, ərəb izahlı lüğətlərinin yaranması tarixindən bəhs edilməsi də sanki gələcəyin tədqiqatçıları üçün bir mayak rolu oynayır. Bu dərsi mənimsəyən hər bir tələbə dil sahəsində biliyini artırmaqla yanaşı, həm də ərəb izahlı lüğətləri, onların nə vaxt yaranması, tərtib üsulları barədə də kifayət qədər faydalı bilik qazanır. Şərqşünas alim kitabında şərqşünaslıq tarixinə toxunmağı da unutmur. O, bir elm sahəsi kimi şərqşünaslığın yaranması və inkişafından, ona olan ikili münasibətdən söhbət açır. Burada şərqşünaslığın  Silvester de Sasi, Goldzier, Dozi,  Krımski, Kraçkovski və həmyerlimiz Mirzə Kazım bəy kimi korifeylərindən bəhs edilir.  Beləliklə, Ələsgər müəllim təkcə dil öyrətməklə kifayətlənməyib, öz sahəsində müəyyən biliyi olan hərtərəfli bir mütəxəssis hazırlamış olur.

Dərslik canlı ərəb ədəbi dili, qəzet və jurnal  materialları, ərəb dilində olan ensiklopediyalar əsasında tərtib edilmişdir. Mətnlərin tərtibi zamanı istifadə edilmiş mənbələr ərəb dilində olan “əl-Ərəbi”, “əl-Aləm”, “əl-Lisənu-l-arabi” kimi jurnalları, bir sıra ensiklopediyaları, ərəb alimlərinin yazmış olduğu elmi-tədqiqat əsərlərini və ərəb bədii ədəbiyyatından olan dəyərli nümunələri əhatə edir.

Dərsliyin strukturu da çox əlverişlidir. Bir paraqraf daxilində ərəbcə və azərbaycanca olan hissələrin səliqə ilə və düzgün yerləşdirilməsi bu işlərə bilavasitə nəzarət etmiş müəllifin texniki məsələlərdə nə qədər diqqətli olmasına dəlalət edir.

Kitabda ərəb poeziyasının şah əsərləri də yer almışdır. Burada əks olunmuş poetik nümunələr Ələsgər müəllimin incə poetik duyumundan, şeir seçib bəyənmək qabiliyyətindən xəbər verir.  O, əl-Mütənəbbi, Əbul-Ətahiyə, Tihami, Məan ibn Aus əl-Məzəni, Kəb ibn Zuheyr, Məruf ər-Rusafi,  Nasif əl-Yazici, Əhməd Şövqi, Cəmil Sidqi əz-Zəhavi və b. poeziyasından şah beytləri dərsliyə daxil etməklə tələbələrdə ərəb şeir dili barədə fikir formalaşdırmağa nail olmuşdur.

Ələsgər müəllim müstəqillik dövründə, təəssüf ki az ömür sürdü. Amma qısa müddətə də olsa, o, fürsətdən istifadə edib, şəxsən özü Şərqşünaslıq fakültəsində “Quranşünaslıq” dərsi deyirdi. Bizim üçün yeni olan bu elmlə tanış olmaq üçün mən də gedib onun dərslərində iştirak edirdim. Bu dərslər Ələsgər müəllimin İslam dininə, müqəddəs kitabımıza nə dərəcədə dərindən bələd olmasından xəbər verirdi. Onun Qurani-Kərimin ayrı-ayrı surələrinin adını İslam tarixi, peyğəmbərimizin həyatından gətirdiyi bioqrafik məlumatlarla izah etməsi, Qurani-Kərimin tədrisini məharətlə ərəb dilinin öyrənilməsi ilə üzvü sintezdə təqdim etməsi indiyədək yadımdadır.

Ələsgər müəllimlə ilk tanışlığım hələ Şərqşünaslıq fakültəsinin arzusunda olduğum məktəb illərimdə onun qırmızı rəngli  “Məktəb danışıq kitabçasından” başlamışdı. Son görüşüm Respublika Xəstəxanasında vəfatından bir neçə gün öncə oldu. Xəstəxanada ona dəyməyə getmişdim. Hal-əhval tutandan sonra elə oradaca mənim yeni hazırladığı kitabın (çapa hazırlanan bu kitabın rus bölməsi üçün nəzərdə tutulan variantının) bəzi fəsillərini ucadan oxumağımı istədi. Ömrünün hər anını sevdiyi işə həsr edən bu adamın ərəb dilinə nə dərəcə bağlı olduğunun bir daha şahidi oldum. Və yadıma Şərqin böyük mütəfəkkiri Əbu Reyhan əl-Biruni düşdü. Əbu Reyhan əl-Biruni ölüm ayağında olarkən dostlarından biri ona baş çəkməyə gəlir. Biruni dostundan onun üçün qaranlıq qalmış bir məsələyə aydınlıq gətirməyi xahiş edir. Dostu: “Bu halında da (elm qazanmaq istəyirsən)?”- deyə soruşur.  Biruni deyir: “Bu məsələni öyrənib sonra dünyanı tərk etmək dünyadan cahil getməkdən daha yaxşı deyilmi?”

Ələsgər Məmmədov sözün əsl mənasında elm fədaisi, vurğunu olduğu ərəb dilinin, ərəb mədəniyyətinin fədaisi idi.

Yuxarıda qeyd etdiyim kimi, Ələsgər müəllim həmişə fəxrlə ərəb dilinin açarını tapdığını söyləyirdi. Bu açar nə idi? Onun tapdığı açar ərəb dilini tələbələrin öz doğma dilləri əsasında tədris edirdi. Ələsgər müəllim dərsliyin sonunda ərəb oxucularına müraciətdə öz metodunu izah edir. O həmin parçada Taha Hüseynin ərəb dilini orta əsrlərin köhnə sərf-nəhv metodologiyası əsasında öyrənməyin zərərindən şikayətlənən sözlərini sitat gətirir: “İnsanlar ömürlərindən illər sərf edib və ciddi-cəhd göstərib ərəb sərf-nəhvinin fəsillərini öyrənirlər. Sonra onlar ərəbcə oxumaq istədikdə, görürlər ki, bunu bacarmırlar. Ərəbcə yazmaq istəyərkən görürlər ki, buna da qadir deyillər”. Ələsgər müəllim ərəb dilinin tədrisində modern bir yol seçmiş, öz metodologiyasını bu dili öyrənən tələbənin öz doğma dili ilə müqayisələr əsasında qurmaqla ərəb dili tədrisini və bu dilin mənimsənilməsini xeyli səmərəli edə bilmişdir. Son vaxtlar xarici ölkələrə səfərlərim zamanı ərəb dilinə dair bir çox kitablarla rastlaşmışam. Amma Ələsgər müəllimin kitablarına xas mükəmməl metodologiyanı heç bir kitabda görməmişəm.

Ələsgər müəllim sözün əsl mənasında MÜƏLLİM idi. Onun tələbəsi olmaq özü bir səadət idi. O hər bir zaman fakültədə ərəb dili dərslərinə böyük qayğı ilə yanaşırdı. Təzə işə götürdüyü müəllimlərin dərslərində şəxsən özü bir neçə dəfə iştirak edər, dərsin gedişatı ilə maraqlanardı. Onun ətrafında olub onun kimi “ərəb dili eşqinə” düşməmək mümkün deyildi. Onun çırağı ətrafına toplaşmış və fakültəmizdə ərəb dilini tədris etmiş Malik Qarayevi və Zahid Hüseynovu xatırlayaq. Bu insanların hər biri sonsuz bir dərya idi. Bu dəryaların qovuşduğu böyük ümman isə məhz Ələsgər müəllim idi.

HAŞiYƏ

Hal-hazırda BDU-nun Şərqşünaslıq fakültəsi regionşünaslıq ixtisası üzrə kadrlar hazırlayır. Bu öz-özlüyündə zamanın tələbinə cavab verən, tələbələrə daha geniş imkanlar açan bir ixtisas olsa da, şərqşünas-filoloq kadr hazırlığının dayanması hər şeydən öncə ərəb-fars dilləri ilə sıx bağlı olan klassik irsimizə biganəlikdir. Ümid edirəm ki, Təhsil Nazirliyi bu məsələnin ciddiliyini nəzərə alıb Şərqşünaslıq fakültəsi nəzdində filoloji istiqamətin yenidən bərpasına qərar verəcək.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024