Vüsalə Mahirqızı tələbə-jurnalistlərə mühazirə oxudu
Bu gün APA İnformasiya Agentliyinin Baş direktoru Vüsalə Mahirqızı Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin qonağı olub.
Fakültənin Beynəlxalq jurnalistika kafedrasının müəllimi Pərvanə İbrahimovanın tədris etdiyi «Azərbaycan informasiya agentliklərinin təşəkkülü və inkişafı» fənni üzrə IV kurs tələbələri ilə bir araya gələn Vüsalə Mahirqızı bazar münasibətlərinin formalaşması və özəl informasiya agentliklərinin inkişafı prosesindən danışıb. APA-nın Baş direktoru özəl informasiyanın dövlətin daxili və xarici siyasətində rolu, yeri və əhəmiyyətindən, bu agentliklərin beynəlxalq-hüquqi statusundan, qeydiyyatı və tənzimlənməsindən bəhs edib. Əsasən yaradıcısı olduğu APA İnformasiya Agentliyinin fəaliyyəti ilə bağlı tələbələrə geniş məlumat verən Vüsalə Mahirqızı onun həm ölkə daxilində, həm də Qafqaz və Xəzəryanı regionda aparıcı xəbər tədarükçüsü olduğunu diqqətə çatdırıb. Xanım Mahirqızının sözlərindən məlum olub ki, APA-nın dünyanın əksər ölkələrində, o cümlədən bir çox beynəlxalq təşkilatlarda müxbir məntəqələri fəaliyyət göstərir, bir çox dövlət və iri müstəqil agentliklərlə əməkdaşlıq edir. Abunəçiləri sırasında ölkənin 80-dən çox qəzeti, televiziya, radio, diplomatik korpuslar və s. var.
Beynəlxalq reytinq cədvəllərinin statistikasına görə, Azərbaycanın ən çox oxunan və istinad edilən APA İnformasiya Agentliyinin APA-News, APA-Economics, APA-Sport, APA-Photo bölmələrindən danışan Baş direktor gündəlik xəbər, video görüntülər, bank renkinqləri, həftəlik və aylıq təhlillər, proqnozlar, xüsusi fotobank xidmətlərindən də söhbət açıb.
APA qrupa daxil olan Lent.az və Vesti.az xəbər portallsrının fəaliyyətindən, maraq göstərilən, ən çox oxunan mövzulardan və bunun səbəblərindən də bəhs edib.
Mühazirənin növbəti bölümü isə daha maraqlı olub. «Monoloq insanı yorur, gəlin dialoqa keçək», - deyən Baş direktor tələbələrin çoxsaylı suallarını cavablandırıb.
Mühazirədə fənn müəllimləri Pərvanə İbrahimova, Vüqar Əliyev də iştirak ediblər. Fakültənin dekanı, professor Yalçın Əlizadə isə maraqlı mühazirəyə görə Vüsalə xanıma təşəkkür edib və ustad dərslərinin davamını arzulayıb.
Mətbuat və İnformasiya şöbəsi, 01 mart 2011-ci il.