Vətən tarixini öyrənən alimin tədqiqatları dünyaya yayılır

18/01/2016

Azərbaycan dünyanın nadir ölkələrindəndir ki, burada elmə, təhsilə xüsusi önəm verilir. Hər bir ailədə övladı böyüdüb boya-başa çatdırmaq missiyasında əsas yeri ona kamil təhsil vermək arzusu dayanır. Bəlkə də Azərbaycan yeganə ölkədir ki, burada nüfuzlu adama “cənab”, “senyor”, “pan”, “ağa” yox, məhz “müəllim” deyə müraciət edilir. Elmin, təhsilin xalq arasında belə yüksək nüfuza malik olmasının əsas səbəblərindən biri ölkəmizdə əsrlər boyu böyük alimlərin yetişməsi və onların cəmiyyətdə aparıcı qüvvəyə malik olması ilə bilavasitə bağlıdır. Bəhmənyardan, Nəsirəddin Tusidən, Mirzə Kazım bəydən gələn möhtəşəm elm yolu XX əsrdə daha da genişlənmiş, şaxələnərək dünyanın müxtəlif diyarlarına uzanmış, xalqımızın mənafeyinə xidmət göstərən nurlu aləmə çevrilmişdir. Bu estafetin şərəfli daşıyıcılarından biri də Bakı Dövlət Universitetinin kafedra müdiri, tarix elmləri doktoru, professor, gözəl alim Anar Camal oğlu İsgəndərovdur.

Mənalı ömür yolu, elmə səmimi bağlılığı, vətənpərvər ictimai-siyasi fəaliyyəti ilə seçilən professor Anar İsgəndərov prinsipiallığı, yüksək insanlıq keyfiyyətləri, tədqiqatçılıq əzmi, siyasi mövqeyi ilə fərqlənir, ziyalı üçün səciyyəvi olan xüsusiyyətləri xarakterində cəmləşdirir. 
Görkəmli alimin həyatı, sanballı elmi yaradıcılığı ilə tanışlıq onun Azərbaycan xalqı qarşısındakı layiqli xidmətlərini, vətənpərvər fəaliyyətini bir daha qabarıq üzə çıxarır. Həyatının 35 ilini peşəkar elmi fəaliyyətə həsr etmiş professor özünü mahir tədqiqatçı kimi təsdiqləmiş, gərgin və prinsipial yaradıcı axtarışları ilə tarix elmi sahəsində bir sıra mühüm yeniliklərin müəllifinə çevrilmişdir. Bu gün həm də Bakı Dövlət Universitetinin kafedra müdiri kimi məsul vəzifəni layiqincə daşıyaraq dövlətə, xalqa sədaqətli xidməti özünə borc bilən professor Anar İsgəndərovun qələmə aldığı sanballı kitab və monoqrafiyalar nəinki ali məktəb tələbələri, hətta yetkin tədqiqatçılar üçün də zəngin mənbə rolunu oynayır. Professor A.İsgəndərov respublikada və beynəlxalq aləmdə Azərbaycanın 1917-1920-ci illər tarixinin görkəmli tədqiqatçılarından biri kimi tanınır. O, “1918-ci il mart qırğınının tarixşünaslığı”, “Azərbaycan Xalq Cümhuriyyəti”, “Azərbaycanda türk-müsəlman soyqırımı probleminin tarixşünaslığı (1918-1920)” monoqrafiyalarının, “Azərbaycan Xalq Cümhuriyyəti” biblioqrafiya kitabı və “Azərbaycan ərazisində erməni quldur və terrorçu birləşmələrinin törətdikləri cinayətlərə dair faktlar” adlı yaddaş kitabçası da daxil olmaqla 6 monoqrafiyanın, 4 dərs vəsaitinin, 15 proqramın, 300-dən çox elmi məqalənin müəllifidir. A.İsgəndərovun 1915-1920-ci illərdə Osmanlı dövlətində və Azərbaycanda türk-müsəlman əhaliyə qarşı həyata keçirilən soyqırımlarına həsr edilən “Realites of Azerbaijan: 1917-1920” əsəri 2011-ci ildə ABŞ-da nəşr olunmuşdur. Əsərə görkəmli ABŞ tarixçisi Castin Makkarti ön söz yazmışdır. “Realites of Azerbaijan: 1917-1920” əsəri ABŞ Konqresi Kitabxanasına daxil edilən ilk azərbaycanlı müəllifin əsəridir. Əsər 2012-ci ildə Azərbaycan dilində nəşr olunmuş və Bakı Dövlət Universitetinin Elmi Şurasının mükafatına layiq görülmüşdür. Kitabda ermənilərin Cənubi Qafqazda məskunlaşması, onların Osmanlı imperiyasının tərkibində fəaliyyəti, Xüsusi Zaqafqaziya Komitəsi, Zaqafqaziya Komissarlığı, Zaqafqaziya Seymi, 1918-1920-ci illərdə erməni hərbi birləşmələri tərəfindən Bakı, Şamaxı, Quba, Lənkəran, Zəngəzur, İrəvan, Urmiya, Maku və Xoyda türk-müsəlman əhaliyə qarşı həyata keçirilən soyqırımları, Azərbaycan Xalq Cümhuriyyətinin Tiflis dövrü, Gəncə dövrü, Qafqaz İslam Ordusunun Azərbaycana xilaskarlıq yürüşü, Bakı Xalq Komissarları Sovetinin antiazərbaycan siyasəti, ingilis qüvvələrinin Bakıya daxil olması, Azərbaycan parlamentinin təşkili, AXC-nin daxili və xarici siyasəti, Azərbaycan nümayəndə heyətinin Paris Sülh Konfransında iştirakı, AXC-nin Sovet Rusiyası tərəfindən işğalı mövcud arxiv sənədləri və Qərb müəlliflərinin əsərləri əsasında tədqiq edilmişdir. 
A.İsgəndərov 1918-1920-ci illərdə erməni hərbi birləşmələri tərəfindən türk-müsəlman əhaliyə qarşı həyata keçirilən soyqırımları ilə bağlı 36 cilddən ibarət Fövqəladə Təhqiqat Komissiyasının arxiv sənədlərini 2014-cü ildə kitab şəklində nəşr etdirmişdir.
Hər bir istedadlı insanın formalaşmasında, ziyalılıq zirvəsinə ucalmasında, bilik, yaradıcı proseslə yanaşı onun yaradıcı mühiti də öz bəhrəsini verir. Anar müəllimin də istedadlı pedaqoq, zəhmətkeş alim kimi formalaşmasında real həyat həqiqəti, mühit və zəhmət istisnalıq daşımır. O, bu zirvəyə çatmaq üçün heç bir çətinlikdən, maneələrdən çəkinmədən məqsədi yolunda çalışmış və maraqlı uğurlara qovuşmuşdur. Görkəmli filosof, maarifçi və dramaturq Mirzə Fətəli Axundov yazırdı: “Patriot - o kəs belə adlanır... öz vətəni, millətinin azadlığı və rifahı naminə bu yolda hər cür əzab və cəfalara dözməyə hazır olur...”
Anar İsgəndərov 1956-cı il yanvarın 10-da Masallı rayonunun Kolatan kəndində anadan olmuşdur. 1963-1973-cü illərdə Kolatan orta məktəbində təhsil almışdır. 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin (indi BDU) Tarix fakültəsinə daxil olmuşdur. 1978-ci ildə universiteti bitirdikdən sonra təyinatla Masallı rayonuna göndərilmişdir. 1978-1981-ci illərdə Boradigah qəsəbə orta məktəbində direktor müavini, sonra isə Kolatan orta məktəbində tarix müəllimi işləmişdir. 
A.İsgəndərov 1982-1984-cü illərdə Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) Fəlsəfə kafedrasında kabinet müdiri vəzifəsində çalışmış, eyni zamanda, həmin institutun Kimya texnologiyası fakültəsinin azad komsomol təşkilat katibi seçilmişdir. 
A.İsgəndərov 1984-cü ildən Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinin Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasında çalışmağa başlamışdır. 1985-1989-cu illərdə Azərbaycan Dövlət Universitetində aspiranturada təhsilini qiyabi yolla davam etdirmişdir. 1989-cu ildə tarixşünaslıq, mənbəşünaslıq ixtisası üzrə respublikada ilk dəfə namizədlik dissertasiyası müdafiə etmişdir. 1992-ci ildə dosent vəzifəsinə seçilmişdir. 
A.İsgəndərov 1989-1999-cu illərdə tarix fakültəsinin Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasında müəllim, baş müəllim, dosent vəzifələrində çalışmışdır. 1999-cu ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinin Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müdiri vəzifəsinə seçilmişdir. 
Bütün həyatını Azərbaycan elminin, təhsilinin inkişafına, ölkənin sabahı üçün ləyaqətli mütəxəssislərin yetişdirilməsinə həsr etmiş professor A.İsgəndərov 2004-cü ilin aprelində “Azərbaycanda 1917-1918-ci illərdə türk-müsəlman soyqırımı probleminin tarixşünaslığı” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 2004-cü ilin dekabrından Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə tarix elmləri doktoru elmi dərəcəsi, 2005-ci ildə isə professor elmi adı almışdır. Anar müəllim əmək fəaliyyətinin başlanğıcından istedadlı alim, təvazökar, möhkəm iradəli, işgüzar insan kimi öz həmkarları arasında yüksək nüfuza malik olmuşdur. 
Müxtəlif xarakterli insanların çalışdığı universitetdə müəllim və tələbələrin nüfuzunu qazanmaq o qədər də asan deyil. Anar müəllim bu nüfuzu alimliyi, hamıya yüksək diqqəti, müəllim və tələbələrə xeyirxah münasibətilə və bir də şəxsi insani keyfiyyəti ilə qazanıb. Bu keyfiyyətlərdən ilki hər bir hadisəyə vicdanlı, təmənnasız və məqsədsiz yanaşmaqdır ki, bunu Anar müəllim məharətlə bacarır. Genetik xüsusiyyətlərlə bilavasitə bağlı olan belə keyfiyyətlər professor Anar İsgəndərovda gənclik illərindən mövcud olmuşdur. Ötən illər isə bu nəcibliyin üzərinə müdriklik əlavə edərək onu daha da rövnəqləndirmişdir.
Əsl ziyalı üçün vacib sayılan mühüm keyfiyyətlərdən biri də onun aydın mövqeyə sahib olmasıdır. Çünki bu mövqe bir çox hallarda öz yolunu müəyyənləşdirmək baxımından ziyalı sözünə ehtiyacı olan vətəndaşlar üçün də nümunə rolunu oynayır. Professor Anar İsgəndərovun mövqeyi də dövlətçilik mövqeyi, ulu öndər Heydər Əliyevin siyasi kursuna sadiqlik mövqeyidir. Siyasi baxışlarında hər zaman sabit və prinsipial olmuş Anar müəllim həyata keçirilən dövlət quruculuğu prosesinə öz töhfəsini verir. 
Böyük rus yazıçısı Lev Tolstoy elm haqqında maraqlı fikir söyləmişdir: “Vurma cədvəlinin vətəni olmadığı kimi, elmin də vətəni yoxdur”. Bəli, elm, elmi kəşf hər hansı ölkədə yaranır, inkişaf edir, yarandığı ölkənin sərhədlərini aşaraq digər ölkələrə, bütün dünyaya yayılır. Məhz buna görə də elmin vətəni yoxdur deyirlər. Amma alimin, xüsusilə də vətən tarixini öyrənən, onun ən ağrılı, uzun illər öyrənilməsi yasaq edilən hissəsini öyrənən alimin vətəni yoxdur deməyə heç kəsin cəsarəti çatmaz. Anar müəllimin bu sahədə kəşfləri, tədqiqatları dünyaya yayılmış, Qafqazın gerçək tarixini öyrənmək istəyən hər kəsin mənəvi sərvətinə çevrilmişdir. Biz qürur hissi keçiririk ki, bu mühüm elmi yenilikləri etmiş və tariximizin qaranlıq səhifələrinə işıq salmış alimin vətəni Azərbaycandır.
Professor Anar İsgəndərov dəfələrlə beynəlxalq və respublika elmi konfranslarında vətən tarixinin aktual problemləri ilə bağlı maraqlı məruzələr etmişdir. O, 1998-ci ildə Ankarada Türkiyə Cümhuriyyətinin 75 illiyinə həsr olunmuş beynəlxalq elmi konfransda maraqlı məruzəsinə görə Türkiyə Cümhuriyyətinin Baş nazirinin qol saatı və “Altun” medalı, 2008-ci ildə Türkiyə və Azərbaycan tarixinin tədqiqində maraqlı araşdırmalarına görə “Azərbaycan və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin” “Qızıl döş nişanı”, 2009-cu ildə isə Bakı Dövlət Universitetinin 90 illik yubileyi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunmuşdur.
Professor Anar İsgəndərov dövri mətbuatda və müxtəlif televiziya kanallarında vətən tarixinin ayrı-ayrı problemləri ilə bağlı müntəzəm çıxışlar edir. İndiyədək onun rəhbərliyi altında 10 nəfər namizədlik dissertasiyası müdafiə etmişdir. Hazırda Anar İsgəndərovun rəhbərliyi altında 6 əyani aspirant, 8 nəfər dissertant dissertasiya üzərində tədqiqat işlərini davam etdirir. O, tarix elmləri üzrə 5 elmlər doktorunun elmi məsləhətçisidir. 
Professor İsgəndərov Azərbaycanın 1917-1920-ci illər tarixinin mənbəşünaslığı və tarixşünaslığı üzrə elmi məktəb yaratmağa nail olmuşdur. Bu dövrün ayrı-ayrı problemləri onun rəhbərliyi altında uğurla həllini tapmışdır. 
Professor Anar İsgəndərov Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının tarix və siyasi elmlər üzrə Ekspert Şurasının sədri, Bakı Dövlət Universiteti və Tarix fakültəsinin elmi şuraları, Azərbaycan-Türkiyə Tarixinin Araşdırma Fondu (ATAF) Himayəçilər Şurası ilə yanaşı, həm də Qafqaz Müsəlmanları İdarəsinin Elmi-Dini Şurasının üzvüdür. Tanınmış alim “Tarix və onun problemləri”, “Dirçəliş”, “Kəlam”, “Yaşıl çay” jurnallarının redaksiya heyətlərinin üzvüdür. 
Professor A.İsgəndərov Bakı Dövlət Universitetində çalışdığı uzun illər ərzində yenilikçilik, məqsədyönlülük, islahatçılıqla fərqlənmiş, nəcib keyfiyyətləri özünün səciyyəvi xüsusiyyətlərinə çevirmişdir. Bu baxımdan universitet kollektivində dərin nüfuz və böyük hörmət qazanan görkəmli alimin bu günlərdə 60 illik yubileyi qeyd edilir. Anar müəllim elə adamdır ki, onun haqqında yazı yazmaq, etdiyi xeyirxahlıqları qələmə almaq üçün gərək uzun vaxt ayırasan ki, hamısını əhatə edə biləsən. Anar müəllim fərqli ömür yaşayır. Həyatının hər günü, hər anı xeyirxah işlərlə dolu, çox zəngindir. 
Biz onu şərəfli ömrünün bu dönəmi münasibətilə təbrik edir, ona cansağlığı və yeni elmi uğurlar arzulayırıq.

http://www.azerbaijan-news.az/index.php?mod=3&id=87738

Sani HACIYEV, 
Bakı Dövlət Universitetinin prorektoru, tarix elmləri doktoru, professor

"AZƏRBAYCAN" qəzeti

Xəbərlər

Milli qürur günümüz

Milli qürur günümüz
08/11/2024

BDU-da Vətən müharibəsi qazisi ilə görüş

BDU-da Vətən müharibəsi qazisi ilə görüş
07/11/2024

Azərbaycan Mətbuat Şurası və Bakı Dövlət Universitetinin birgə BƏYANATI

Azərbaycan Mətbuat Şurası və Bakı Dövlət Universitetinin birgə BƏYANATI
07/11/2024