Xalq Cümhuriyyətinin Azərbaycan təhsilinə tarixi töhfəsi

01/09/2026

Bəzi təhsil ocaqlarının yaşı onların divarlarında, auditoriyalarında, kitabxanalarında və arxivlərində görünür. Bəzi universitetlərin yaşı isə bütöv bir xalqın yaddaşında, elmi düşüncəsində və yetişdirdiyi nəsillərin həyatında yaşayır. Bu gün 107 yaşı tamam olan Azərbaycanın ilk ali təhsil ocağı Bakı Dövlət Universiteti məhz belə yüksəkixtisaslı kadr hazırlığı və genişprofilli elm mərkəzidir.

Təhsil tariximizdə möhtəşəm ilk

107 il, sadəcə, 1 əsrdən bir az uzun zaman kəsiyi deyil. Bu, Azərbaycan tarixinin mürəkkəb və mühüm mərhələlərinin şahidi olmaq, müxtəlif siyasi və ictimai dəyişikliklərdən keçmək, elm və təhsil ənənələrini qorumaq, nəsillər yetişdirmək və milli universitetdən qlobal universitetə doğru uzun yol keçmək deməkdir. Bakı Dövlət Universitetinin tarixi, əslində, Azərbaycan cəmiyyətinin modernləşmə, maariflənmə və elmə münasibət tarixinin mühüm hissəsidir.

1919-cu il sentyabrın 1-də Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin iclasında Bakı şəhərində dövlət universitetinin təsis edilməsi haqqında qanun qəbul edildi. Universitetin fəaliyyətinin əsaslarını müəyyən edən nizamnamə sentyabrın 29-da təsdiqləndi. İlk dərs isə 15 noyabr 1919-cu ildə keçirildi.

Universitetin ilk rektoru Kazan Universitetinin professoru, tanınmış cərrah Vasili İvanoviç Razumovski oldu. Beləliklə, Azərbaycanın ali təhsil tarixində yeni səhifə açıldı. 1919-cu ildə universitet yaratmaq qərarı təsadüfi deyildi. Azərbaycan Xalq Cümhuriyyəti mürəkkəb siyasi, sosial və iqtisadi şəraitdə ölkənin gələcəyinin yalnız siyasi müstəqilliklə deyil, savadlı, dünyagörüşlü və peşəkar insanlarla təmin olunacağını anlayırdı.

Yeni universitetin yaradılması buna görə də yalnız təhsil layihəsi deyildi. Bu, gələcəyə hesablanmış strateji dövlətçilik addımı idi. Qanunda universitetin tarix-filologiya, fizika-riyaziyyat, hüquq və tibb fakültələrindən ibarət olması nəzərdə tutulmuşdu. İlk mərhələdə tarix-filologiya və tibb fakültələri fəaliyyətə başladı. Azərbaycan dilinin bütün fakültələrdə məcburi fənn kimi tədris olunması, qadın və kişilərin universitetə bərabər əsaslarla qəbuluna imkan verilməsi həmin dövr üçün mühüm və uzaqgörən qərarlar idi.

İlk illər asan olmadı. Professorların dəvət olunması, dərslik və elmi ədəbiyyatın əldə edilməsi, kitabxananın yaradılması, laboratoriyaların təşkili və tədris prosesinin qurulması böyük təşkilati səylər tələb edirdi.

BDU-nun Elmi Kitabxanasının əsası da məhz həmin dövrdə qoyuldu. Beləliklə, universitetin ilk günlərindən təhsil ilə elmin vəhdəti onun əsas fəaliyyət fəlsəfəsinə çevrildi. Bu tandem 107 il sonra da öz aktuallığını qoruyur.

Bakı Dövlət Universitetinin tarixini yalnız uğurlardan ibarət təsəvvür etmək doğru olmaz. Universitet müxtəlif siyasi sistemlərin, ictimai dəyişikliklərin və mürəkkəb tarixi proseslərin içərisindən keçib.

1930-cu ildə universitetin fəaliyyəti dayandırılaraq onun bazasında ayrı-ayrı institutların yaradılmasına başlanıldı. 1934-cü ildə isə universitet yenidən təşkil edildi.

Bu dəyişikliklər BDU-nun strukturuna və fəaliyyətinə ciddi təsir göstərsə də, onun əsas missiyası – elm və təhsil mərkəzi olmaq – öz əhəmiyyətini qorudu. Universitetin professor və müəllimləri, alimləri və məzunları sonrakı dövrlərdə Azərbaycanın elm və təhsil sisteminin formalaşmasına böyük töhfələr verdilər.

BDU yalnız öz daxilində kadr hazırlamırdı. Onun məzunları ölkənin müxtəlif elm və təhsil müəssisələrinin, dövlət strukturlarının, sənaye və iqtisadiyyat sahələrinin inkişafında iştirak edirdilər. Bu baxımdan BDU-nun təsiri heç vaxt yalnız universitetin fiziki sərhədləri ilə məhdudlaşmayıb.

Azərbaycan elminin tarixində Bakı Dövlət Universitetinin xüsusi yeri var. Fizika, kimya, riyaziyyat, biologiya, geologiya, astronomiya, kompüter elmləri, mühəndislik, ekologiya və torpaqşünaslıq, hüquq, iqtisadiyyat, tarix, fəlsəfə, filologiya, şərqşünaslıq, coğrafiya, jurnalistika, kitabxanaşünaslıq, psixologiya, politologiya və digər istiqamətlərdə BDU-da formalaşan elmi məktəblər Azərbaycanın intellektual potensialının inkişafına mühüm təsir göstərib.

Bu məktəblərin bir hissəsi bu gün yeni elmi istiqamətlərlə birləşir. Klassik elmlər rəqəmsal texnologiyalar, süni intellekt, biotexnologiyalar, yeni materiallar və digər müasir sahələrlə qarşılıqlı əlaqəyə girir. BDU-nun gələcəyinin mühüm xüsusiyyətlərindən biri də məhz ənənə ilə yeniliyin birləşdirilməsidir.

50 ildən sonra yeni mərhələ

Bakı Dövlət Universitetinin inkişaf tarixində 1969-cu il xüsusi mərhələdir. Həmin il Azərbaycanın görkəmli dövlət xadimi, BDU məzunu Heydər Əliyevin respublikaya rəhbərliyə gəlməsi ölkənin ictimai-siyasi, iqtisadi, elmi və təhsil həyatında yeni mərhələnin başlanğıcını qoydu.

Ulu öndər Heydər Əliyev BDU-ya yalnız ali təhsil müəssisəsi kimi deyil, Azərbaycan elminin, milli ziyalılığın və milli düşüncənin əsas mərkəzlərindən biri kimi yanaşırdı. Bu münasibətin mühüm təzahürlərindən biri BDU-nun 50 illik yubileyinin 1969-cu ildə dövlət səviyyəsində qeyd edilməsi oldu. Yubiley mərasimində Heydər Əliyev Azərbaycan dilində çıxış etdi.

Sovet dövrünün həmin mərhələsində bu çıxış mühüm ictimai-siyasi əhəmiyyət daşıyırdı. Heydər Əliyev 25 il sonra, BDU-nun 75 illik yubileyində həmin hadisəni xatırlayaraq, 50 illik yubileydə Azərbaycan dilində çıxışının o zaman böyük sensasiya kimi qəbul edildiyini bildirmişdi. Bu, yalnız yubiley nitqi deyildi. Ana dilinə, milli kimliyə və milli-mənəvi dəyərlərə münasibətin yüksək siyasi səviyyədə ifadəsi idi.

1969-cu ildən sonra BDU-nun inkişafı üçün daha geniş imkanlar yarandı. Tədrisin keyfiyyətinin yüksəldilməsi, elmi-tədqiqatların genişləndirilməsi, milli kadr hazırlığının gücləndirilməsi, yeni ixtisas və elmi istiqamətlərin formalaşdırılması diqqət mərkəzində saxlanıldı. Universitetin maddi-texniki bazası möhkəmləndirildi, yeni tədris və elmi infrastrukturlar yaradıldı.

Bu siyasətin nəticələri sonrakı onilliklərdə daha aydın göründü. BDU-da formalaşan elmi məktəblər, yetişən alimlər və müxtəlif sahələr üzrə hazırlanmış milli kadrlar müstəqillik dövründə Azərbaycanın dövlət, elm, təhsil və ictimai həyatında mühüm rol oynadılar.

Heydər Əliyevin BDU-ya münasibəti yalnız sovet dövrü ilə məhdudlaşmadı. Müstəqil Azərbaycanın Prezidenti kimi də universitetin inkişafını diqqətdə saxladı. 1994-cü ildə BDU-nun 75 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsi bunun mühüm göstəricilərindən biri idi.

26 noyabr 1994-cü ildə keçirilən yubiley mərasimində Prezident Heydər Əliyev geniş nitq söylədi. Bu çıxış BDU-nun yalnız 75 illik fəaliyyətinə verilən qiymət deyil, universitetin Azərbaycan dövlətçiliyi, elm, təhsil, mədəniyyət və milli şüurun formalaşmasındakı roluna dair konseptual baxış idi. Ulu öndər Heydər Əliyev BDU-nu Azərbaycanın ilk universiteti və xalqın maariflənməsi tarixində mühüm hadisə kimi qiymətləndirərək, Azərbaycan elminin inkişafındakı xüsusi rolunu vurğuladı.

Ümummilli lider Heydər Əliyevin ali mövqedən yanaşmasına görə, BDU haqqında danışmaq təkcə universitet haqqında deyil, həm də Azərbaycan elminin, təhsilinin, mədəniyyətinin və xalqın maariflənməsi tarixindən danışmaq idi. Ulu öndərin BDU haqqında söylədiyi “Bakı Dövlət Universiteti Azərbaycan xalqının, Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır!” fikri universitetin müstəqil Azərbaycanın həyatındakı yerini ifadə edən tarixi qiymət idi.

Bu münasibətin mühüm nəticələrindən biri də universitetdə elmi və akademik potensialın daha da gücləndirilməsi, alim və müəllim əməyinə dövlət səviyyəsində diqqətin artırılması oldu. Beləliklə, 1969-cu ildə başlayan inkişaf mərhələsi müstəqillik illərində də öz davamlılığını qorudu.

72 yaşdan sonra müstəqillik epoxası

Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsi BDU tarixində də yeni mərhələnin başlanğıcı oldu. 1991-ci ildən sonra universitet qarşısında artıq fərqli vəzifələr dayanardı. BDU müstəqil Azərbaycanın milli ali təhsil sisteminin aparıcı dayaqlarından biri kimi fəaliyyət göstərməli, yeni dövlət üçün yüksəkixtisaslı kadrlar hazırlamalı, milli elmi məktəbləri qoruyub inkişaf etdirməli və Azərbaycan elminin dünya elmi məkanına inteqrasiyasına töhfə verməli idi.

Müstəqilliyin ilk illəri ölkə üçün son dərəcə mürəkkəb siyasi, iqtisadi və sosial proseslərlə müşayiət olunurdu. Belə bir şəraitdə universitetin üzərinə düşən məsuliyyət daha da artırdı. BDU bir tərəfdən zəngin elmi və akademik ənənələrini qoruyur, digər tərəfdən müstəqil Azərbaycanın yeni reallıqlarına uyğunlaşırdı.

Bu mərhələdə universitetin qarşısında duran əsas vəzifələrdən biri milli kadr hazırlığının yeni dövlətçilik tələblərinə uyğun qurulması idi. Çünki müstəqil Azərbaycanın hüquqşünaslara, diplomatlara, iqtisadçılara, dövlət idarəçilərinə, müəllimlərə, alimlərə, mühəndislərə, proqramçılara və digər yüksəkixtisaslı mütəxəssislərə ehtiyacı vardı. BDU bu ehtiyacın ödənilməsində ölkənin əsas intellektual dayaqlarından birinə çevrildi.

Ulu öndər Heydər Əliyevin dövlət siyasətində təhsil və insan kapitalının inkişafı xüsusi yer tuturdu. Onun yanaşmasının əsasını savadlı, peşəkar, milli düşüncəli və müasir dünyagörüşünə malik gənc nəslin yetişdirilməsi təşkil edirdi. Bu siyasətdə universitetlər mühüm rol oynayırdı. BDU öz elmi potensialı, professor-müəllim heyəti, çoxşaxəli ixtisasları və zəngin akademik ənənələri ilə bu siyasətin əsas dayaqlarından biri idi.

Azərbaycan gənclərinin dünyanın aparıcı universitetlərində təhsil almasına imkan yaradan dövlət siyasəti də ölkənin insan kapitalının inkişafına ciddi təsir göstərdi. Bu proses sonrakı illərdə Azərbaycan universitetlərinin qarşısında yeni vəzifə qoydu: artıq milli kadr hazırlamaqla yanaşı, dünya səviyyəsində rəqabət apara bilən insan kapitalı yetişdirmək.

Möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan yeni sosial-iqtisadi inkişaf mərhələsinə daxil oldu. Rəqəmsallaşma, innovasiya, yeni texnologiyalar və qlobal inteqrasiya ali təhsil qarşısında da yeni tələblər yaratdı. Bu mərhələdə BDU-nun inkişaf gündəliyində də yeni prioritetlər meydana çıktı: elmi-tədqiqatların gücləndirilməsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi, təhsil proqramlarının müasirləşdirilməsi, innovasiyaların təşviqi və universitetin qlobal akademik məkanda mövqeyinin möhkəmləndirilməsi.

2009-cu ildə BDU-nun 90 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsi universitetin müstəqillik dövründə inkişafına verilən yüksək qiymətin ifadələrindən biri oldu.

Lakin qarşıda daha böyük hədəf vardı: BDU-nun milli universitet statusunu qorumaqla yanaşı, beynəlxalq səviyyədə tanınan universitetə çevrilməsi.

100 ilin zirvəsində

2017-ci il noyabrın 14-də Prezident İlham Əliyevin “Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalaması universitetin birəsrlik fəaliyyətinə verilən yüksək qiymətin ifadəsi idi. 2019-cu ildə BDU-nun 100 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsi BDU-nun keçmişinə ehtiramla yanaşı, onun gələcək missiyasının müəyyənləşdirilməsi baxımından da mühüm mərhələ oldu.

2019-cu il noyabrın 26-da yubiley mərasimində Prezident İlham Əliyevin iştirakı və çıxışı universitet tarixinin mühüm hadisələrindən birinə çevrildi. Dövlət başçısı BDU-nun yaradılmasını xüsusi tarixi hadisə kimi qiymətləndirdi, Azərbaycan dövlətçiliyi və milli kadr hazırlığındakı rolunu vurğuladı və onun gələcək inkişafının zəruriliyinə diqqət çəkdi.

Yubiley çərçivəsində universitet əməkdaşlarının dövlət təltiflərinə, fəxri adlara və müxtəlif mükafatlara layiq görülməsi isə alim və müəllim əməyinə verilən yüksək qiymətin göstəricisi oldu. Beləliklə, 100 illik yubiley BDU üçün yalnız keçmişə nəzər salmaq deyil, yeni əsrə daha iddialı məqsədlərlə daxil olmaq mərhələsi idi.

BDU-nun 107 illik tarixində Vətən müharibəsi və Azərbaycanın ərazi bütövlüyünün bərpası xüsusi yer tutur. 2020-ci il Vətən müharibəsi və 2023-cü ildə həyata keçirilən lokal xarakterli antiterror əməliyyatı Azərbaycanın dövlətçilik tarixində yeni səhifə açdı. Bu tarixi hadisələr BDU kollektivinin də həyatında dərin iz buraxdı. Universitetin tələbə və məzunları Vətənin müdafiəsi uğrunda döyüşlərdə iştirak etdilər, BDU-nun bir sıra tələbə və məzunları şəhidlik zirvəsinə ucaldııar.

Milli ali məktəbdən qlobal universitetə

Bu gün BDU-nun inkişaf xəttində mühüm dəyişiklik baş verir. Müstəqilliyin ilk illərində əsas məsələ milli universitetin qorunması və müstəqil dövlət üçün kadr hazırlanması idisə, bu gün hədəf daha böyükdür: Azərbaycanın aparıcı universitetini dünya elmi və təhsil məkanında daha güclü mövqeyə çıxarmaq. Bu məqsəd təhsil, elm, beynəlxalqlaşma, innovasiya və idarəetmənin bir-biri ilə əlaqəli şəkildə inkişafını tələb edir.

BDU artıq yalnız bilik ötürən universitet deyil. Müasir universitet yeni bilik yaradan, onu texnologiyaya və innovasiyaya çevirən, sənaye ilə əməkdaşlıq edən, beynəlxalq akademik şəbəkələrə daxil olan və cəmiyyətin inkişafına xidmət edən intellektual mərkəz olmalıdır. BDU-nun son illərdəki inkişafı məhz bu istiqamətdə gedir. Bu transformasiyanın ən görünən nəticələrindən biri beynəlxalq reytinqlərdəki yüksəlişdir. QS World University Rankings 2027 nəticələrinə əsasən BDU 565-ci pillədə qərarlaşıb və əvvəlki nəticə ilə müqayisədə 123 pillə irəliləyib. Universitet QS Europe 2026 reytinqində 278-ci, QS Western Asia 2026 reytinqində isə 13-cü yerdə qərarlaşıb.

Fənn reytinqlərində də BDU-nun ayrı-ayrı istiqamətlərdə mövqeləri diqqət çəkir. Neft və qaz mühəndisliyi, müasir dillər, riyaziyyat, hüquq, kimya mühəndisliyi, fizika və astronomiya, kimya, kompüter elmləri və informasiya sistemləri kimi sahələrdə əldə olunan nəticələr universitetin çoxşaxəli elmi potensialının beynəlxalq səviyyədə görünməyə başladığını göstərir.

Lakin reytinq özü məqsəd deyil. Reytinqdə yüksəlişin arxasında təhsilin keyfiyyəti, elmi məhsuldarlıq, beynəlxalq əməkdaşlıq, akademik nüfuz, məzunların nəticələri və universitetin davamlı inkişafı dayanır.

Müasir universitetin gücü yalnız elmi nəticələrlə ölçülmür. Universitet həm də cəmiyyət qarşısında sosial məsuliyyət daşıyır. Keyfiyyətli təhsil, bərabər imkanlar, sosial inklüzivlik, gender bərabərliyi, ətraf mühitin qorunması və davamlı inkişaf müasir universitet modelinin mühüm komponentləridir. BDU-nun THE Sustainability Impact Rankings 2026 nəticələri bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Universitet bu reytinqdə dünyanın TOP-200 ali məktəbi sırasına daxil olaraq 101–200-cü mövqelərdə qərarlaşıb.

Bu nəticə göstərir ki, BDU-nun inkişaf gündəliyində elm və təhsillə yanaşı, cəmiyyətin və ətraf mühitin inkişafına xidmət edən istiqamətlər də mühüm yer tutur.

Son illərdə BDU-nun inkişafında beynəlmiləlləşmə xüsusi yer tutur. Xarici universitet və təşkilatlarla əməkdaşlıq yalnız memorandumların imzalanması ilə məhdudlaşmır. Birgə tədqiqatlar, akademik mübadilələr, beynəlxalq layihələr, xarici tələbələrin qəbulu, ikili diplom proqramları və birgə təhsil təşəbbüsləri universitetin beynəlxalq fəaliyyətinin mühüm hissəsinə çevrilib.

2019-2026-cı illərdə beynəlxalq əməkdaşlıq üzrə imzalanan sənədlərin ümumi sayı 250-yə çatıb. Əməkdaşlıq coğrafiyası da genişlənir. Türkiyə, Mərkəzi Asiya, Çin, Cənubi Koreya, Yaponiya, Avropa, Pakistan, İsrail və digər akademik məkanlarla əlaqələr BDU-nun beynəlxalq şəbəkəsini daha da genişləndirir.

Bu mənada, BDU-nun beynəlmiləlləşməsi yalnız Qərbə və ya Şərqə istiqamətlənmiş proses deyil. BDU müxtəlif akademik məkanları birləşdirən universitet olmaq istəyir. Bu siyasətin mühüm istiqamətlərindən biri ikili diplom proqramlarıdır. Hazırda BDU-da müxtəlif ölkələrin universitetləri ilə 12 aktiv ikili diplom proqramı həyata keçirilir. Bu proqramlar tələbəyə yalnız iki universitetdə təhsil almaq imkanı vermir, həm də müxtəlif akademik mədəniyyətlərin, təhsil modellərinin və elmi yanaşmaların bir araya gəlməsinə şərait yaradır.

107 yaşlı universitet növbəti onilliklərdə necə olacaq? Bu suala cavab vermək üçün universitet anlayışının özünün dəyişdiyini qəbul etmək lazımdır. XX əsrin universiteti əsasən bilik ötürürdü. XXI əsrin universiteti isə bilik yaratmalı, tətbiq etməli və onu cəmiyyət üçün dəyərə çevirməlidir. Universitet 5.0 yanaşmasında təhsil, elm, innovasiya, beynəlmiləlləşmə və sosial məsuliyyət bir-biri ilə sıx əlaqələnir. BDU-nun gələcək inkişafında da bu komponentlərin daha sıx inteqrasiyası əsas istiqamətlərdən biri olacaq.

Süni intellekt və rəqəmsallaşma hədəfləri

2026-cı il fevralın 11-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən və “Azərbaycanın yeni rəqəmsal arxitekturası”na həsr olunmuş müşavirədə süni intellekt, rəqəmsallaşma, data mərkəzləri və bu sahədə yüksəkixtisaslı kadr hazırlığı ilə bağlı müəyyən edilən strateji tapşırıqlar BDU-nun inkişaf gündəliyində də yeni prioritetlər formalaşdırıb. Bu istiqamətdə universitet süni intellektin təhsil, elm və idarəetməyə inteqrasiyasını, rəqəmsal universitet modelinin inkişafını və müasir rəqəmsal iqtisadiyyat üçün kadr hazırlığının gücləndirilməsini qarşıya mühüm vəzifələr kimi qoyub.

Süni intellekt artıq yalnız kompüter elmlərinin mövzusu deyil. O, hüquqa, biologiyaya, kimyaya, fizikaya, iqtisadiyyata, dilçiliyə, jurnalistikaya və digər sahələrə daxil olur. Buna görə BDU üçün əsas məsələ yalnız yeni texnologiyalar üzrə ixtisaslar yaratmaq deyil, mövcud ixtisasların da yeni texnoloji reallığa uyğunlaşdırılmasıdır. Gələcəyin fizikası süni intellektlə, biologiyası böyük verilənlərlə, kimyası hesablama texnologiyaları ilə, hüququ rəqəmsal texnologiyalarla, iqtisadiyyatı avtomatlaşdırılmış analitika ilə daha sıx əlaqələnəcək.

Bu, fənlərarası elmin yeni mərhələsidir. BDU-nun THE Interdisciplinary Science Rankings reytinqində 401–500-cü mövqelər arasında yer alması da bu istiqamətin əhəmiyyətini göstərir.

1919-cu ildə BDU-nun yaradılması Azərbaycan cəmiyyətinin gələcəyinə qoyulan ən mühüm intellektual sərmayələrdən biri idi. Bu gün 107 il sonra həmin sərmayənin nəticələri Azərbaycanın elm və təhsil sisteminin müxtəlif sahələrində görünür.

BDU-nun məzunları ölkənin müxtəlif sahələrində çalışır, alimləri beynəlxalq elmi məkanda tədqiqatlar aparırlar. Tələbələri dünyanın müxtəlif universitetlərində təhsil alırlar. Xarici professorlar BDU auditoriyalarında dərs deyirlər. Universitet müxtəlif ölkələrdəki tərəfdaşları ilə birgə layihələr həyata keçirir. İkili diplom proqramları genişlənir. Beynəlxalq akkreditasiyalar artır. BDU qlobal reytinqlərdə yüksəlir.

Bütün bunlar 107 illik tarixin yeni mərhələsidir. Bir universitetin uğuru yalnız həmin universitetin uğuru deyil. BDU-nun dünya elminə verdiyi hər töhfə Azərbaycanın elmi nüfuzunu yüksəldir. BDU məzununun beynəlxalq uğuru Azərbaycanın insan kapitalının gücünü göstərir. Universitetin hər yeni tərəfdaşlığı Azərbaycanın dünya akademik məkanındakı mövqeyini möhkəmləndirir.

Ona görə də BDU-nun inkişafının əsas fəlsəfəsi dəyişməz olaraq qalır: milli köklərə söykənərək qlobal gələcəyə doğru irəliləmək. 107 illik tarix universitetə bir mühüm həqiqəti öyrədir: Universitet dəyişməsə, zaman onu dəyişdirər. BDU 107 il ərzində dəfələrlə dəyişib. Fakültələri, proqramları, elmi istiqamətləri, texnologiyaları və beynəlxalq tərəfdaşları dəyişib. Lakin əsas missiyası dəyişməyib – elm, təhsil və insan yetişdirmək.

2-ci əsrin hədəfləri

İndi qarşıda daha böyük dəyişikliklər dayanır: süni intellekt, rəqəmsallaşma, biotexnologiyalar, yeni materiallar, iqlim dəyişiklikləri, kosmik texnologiyalar, rəqəmsal iqtisadiyyat və yeni elmi istiqamətlər. Bu çağırışların hər biri BDU üçün yeni imkanlar da yaradır. BDU 107 yaşındadır. Lakin onun gələcəyi yaşlı deyil. Əksinə, BDU gəncdir. Çünki universitetin növbəti tarixini bu gün auditoriyalarda oturan tələbələr yazacaq. Sabahın alimləri, hüquqşünasları, mühəndisləri, diplomatları, müəllimləri, tədqiqatçıları, texnologiya sahibkarları və dövlət xadimləri BDU-nun gələcək səhifələrinin müəllifləri olacaqlar.

BDU-nun 107 illiyi yalnız tarix deyil. Bu tarix həm də hesabatdır – keçmişə verilən qiymət, bu günə baxış və gələcəyə dair məsuliyyətdir. 1919-cu ildə milli universitet kimi yaradılan BDU bu gün Azərbaycan sərhədlərini aşan elmi və akademik nəticələr ortaya qoyur. İndi isə qarşıda yeni vəzifə dayanır: Azərbaycanın intellektual gücünü qlobal elm məkanında daha yüksək səviyyəyə çıxarmaq. Bu yol artıq başlayıb. BDU-nun 107 illik tarixi bu yeni yolun hekayəsidir. Keçmişdən gələn böyük məktəb. Bu gün inkişaf edən müasir universitet. Sabahın qlobal elm və təhsil mərkəzi.

107 il tamam oldu. BDU-nun növbəti böyük səhifəsi isə indi yazılır.


"Xalq qəzeti"

Xəbərlər

Xalq Cümhuriyyətinin Azərbaycan təhsilinə tarixi töhfəsi

Xalq Cümhuriyyətinin Azərbaycan təhsilinə tarixi töhfəsi
01/09/2026

“GeoCamp” Tələbə yay düşərgəsində Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə ilə görüş

“GeoCamp” Tələbə yay düşərgəsində Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə ilə görüş
31/08/2026

BDU-ya qəbul olunanların 504 nəfəri 600-dən yuxarı bal toplayıb

BDU-ya qəbul olunanların 504 nəfəri 600-dən yuxarı bal toplayıb
31/08/2026