Xalq yazıçısı, BDU-nun Himayəçilər Şurasının üzvü Elçin Əfəndiyev vəfat edib
Görkəmli yazıçı, nasir, dramaturq, tənqidçi, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Xalq yazıçısı, BDU-nun Himayəçilər Şurasının üzvü və Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru, “İstiqlal” ordenli ictimai-siyasi xadim Elçin İlyas oğlu Əfəndiyev vəfat edib.
Elçin Əfəndiyev 1943-cü il mayın 13-də Bakı şəhərində anadan olub. O, yaradıcılığa ötən əsrin 60-cı illərində başlayıb və Azərbaycan ədəbiyyatında xüsusi yer tutan “60-cılar” ədəbi nəslinin ən aparıcı nümayəndələrindən biri olub. Yazıçı milli ədəbiyyata yeni ab-hava, dəyərlər və bədii ifadə vasitələri gətirib, ədəbi mühitin inkişafında müstəsna rol oynayıb.
Onun nəsr əsərləri, hekayə və povestləri onlarla xarici ölkədə tərcümə edilərək nəşr olunub, Azərbaycan ədəbiyyatının beynəlxalq səviyyədə təbliğində mühüm rol oynayıb. Elçin Əfəndiyev milli ədəbiyyatımızı xaricdə layiqincə təmsil edən ən tanınmış simalardan biri olub.
Elçin Əfəndiyevin zəngin yaradıcılığında romanlar, povestlər, pyeslər və elmi-tənqidi əsərlər xüsusi yer tutur. Onun “Mahmud və Məryəm”, “Ağ dəvə”, “Baş”, “Bayraqdarlar” kimi əsərləri Azərbaycan ədəbiyyatının qızıl fonduna daxil olub. Dramaturgiya sahəsində də məhsuldar fəaliyyəti ilə fərqlənən yazıçının səhnə əsərləri həm ölkə, həm də xarici teatrların repertuarında geniş yer alıb.
Elçin Əfəndiyev yalnız yazıçı kimi deyil, həm də ictimai-siyasi xadim kimi Azərbaycan dövlətçiliyinin və mədəniyyətinin inkişafında böyük xidmətlər göstərib. O, 1993–2018-ci illərdə Azərbaycan Respublikası Baş Nazirinin müavini vəzifəsində çalışaraq ölkənin ictimai-siyasi və mədəni həyatında mühüm rol oynayıb. Bununla yanaşı, 1980-ci illərin sonlarında “Vətən” cəmiyyətinin sədri kimi xaricdə yaşayan azərbaycanlıların birliyinin və tarixi Vətənlə əlaqələrinin möhkəmlənməsində, diaspor hərəkatının formalaşmasında əvəzsiz xidmətlər göstərib.
1998-ci ildən BDU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru olan Elçin Əfəndiyev 2019-cu ildən BDU-nun Himayəçilər Şurasının üzvü idi.
O, Azərbaycan ədəbiyyatında və mədəniyyətində müstəsna xidmətlərinə görə “İstiqlal” ordeni və digər yüksək dövlət mükafatları ilə təltif olunub.
BDU rəhbərliyi və kollektivi görkəmli yazıçı, ictimai-siyasi xadim, Universitetin Himayəçilər Şurasının üzvü Elçin Əfəndiyevin vəfatından kədərləndiyini bildirir, ailəsinə dərin hüznlə başsağlığı verir. Onun yaradıcılığı Azərbaycan xalqının yaddaşından silinməyəcək.
Allah rəhmət eləsin!