Xalqımızı tarixi ədalətə qovuşduran Qələbə

08/11/2022

Artıq ikinci ildir ki, Azərbaycan xalqı möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandanımız İlham Əliyevin mahir sərkərdəliyi ilə, şəhidlərimizin canı, qazilərimizin qanı, sarsılmaz xalq–iqtidar birliyi hesabına qazandığımız böyük Qələbənin, tarixi Zəfərin qürurunu yaşayır. 2020-ci ilə qədər adi təqvim günlərindən biri olan 8 Noyabr 2 il öncə xalqımızın minilliklərə gedib çıxan tarixinə böyük və parlaq hərflərlə əbədi həkk olundu. 8 Noyabr miqyasına və əhəmiyyətinə görə yalnız Azərbaycanın deyil, bütünlüklə, Türk dünyasının son iki yüz il ərzində qazandığı ən böyük tarixi Zəfər hesab olunur.

Qədirbilən xalqımız möhtəşəmliyini, əhəmiyyətini, hər birimizin taleyindəki həlledici rolunu adi sözlərin ifadə edə bilməyəcəyi bu tarixi günü– Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli sərəncamı ilə Zəfər Günü kimi təsis edilən 8 Noyabrı böyük coşqu və sevgi ilə qarşılayır. Ölkəmiz bu tarixi qələbənin ildönümünü 2 ildir ki, uğurlarımızın memarı ulu öndər Heydər Əliyevin ölməz xatirəsinə, şəhidlərimizin ruhuna və qazilərimizin hünərinə böyük ehtiram və əlbəttə ki, tarixi Zəfərin lideri müzəffər Ali Baş Komandanımıza sonsuz minnətdarlıq hissləri ilə qeyd edir.

Birinci Qarabağ müharibə-sindəki uğursuzluqdan, tarixi ərazilərimizin itirilməsindən sonra böyük məhrumiyyətlərə düçar olan xalqımız hər an qələbə arzusu ilə yaşayır, zəfər müjdəsini gözləyirdi. Şükürlər olsun ki, bu ümidlər doğruldu. 1993-cü ilin 15 iyununda böyük zəfərə gedən yolumuzun ilk işartıları göründü. Məhz bu tarixdən başlayaraq möhkəm təməlləri xalqımızın xilaskarı, ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan müstəqil Azərbaycan Respublikası yeni inkişaf mərhələsinə qədəm qoydu. Ötən əsrin ­90-cı illərinin əvvəllərindəki xaos, hakimiyyətsizlik mühti əmin-amanlıqla, rifahla əvəz olundu. Müdrik xalqımız həmin günləri yaxşı xatırlayır və uğurlarımızın, qələbələrimizin memarı ümummilli lider Heydər Əliyevi hər zaman qədirşünaslıqla yad edir.
Ulu öndərimizin siyasətini qətiyyətlə davam və inkişaf etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin uğurlu siyasəti, müdrik qərarları sayəsində son 20 ildə Azərbaycan qüdrətli bir dövlətə çevrildi, ölkəmiz, müzəffər xalqımız tariximizin heç bir mərhələsində görünməyən uğurlara imza atdı. Hər zaman xalqın dəstəyinə arxalanan, ondan güc alaraq müstəqil siyasət yürüdən Prezident ­İlham Əliyevin mahir idarəçilik təfəkkürü, fenomenal bacarıqları sayəsində ölkəmizin siyasi, iqtisadi, hərbi qüdrəti günbəgün artdı. Bütün bunlar, əlbəttə, çoxdan arzusunda olduğumuz tarixi zəfərimizi şərtləndirir və günü-gündən yaxınlaşdırdı. Nəhayət, 2020-ci ilin 27 sentyabrından başlayaraq 44 gün boyunca Zəfər salnaməmizin ən şanlı, ən parlaq səhifələri yazıldı. 2020-ci ilin 8 noyabrında milli qürurumuzun simvolu olan Şuşanın azad olunması ilə 44 günlük Zəfər yürüşümüz öz zirvəsinə çatdı– düşmənin acı məğlubiyyətini etiraf etməkdən və təslimçilik sənədinə imza atmaqdan başqa çarəsi qalmadı.
İllərlə arzusunda olduğumuz gün gəldi, xəyallarımız gerçəkləşdi, ölkəmizin ərazi bütövlüyü təmin olundu. Müqəddəs yurdumuz – Qarabağımız azadlığına qovuşdu. Başımızın üstündəki qara buludlar əbədi olaraq dağıldı. Üstümüzə gün doğdu, taleyimizə yeni həyat bəxş olundu.  Bu mənada 8 Noyabr tarixi haqlı olaraq ölkəmizin, xalqımızın həyatında yeni eranın başlanğıcı kimi qiymətləndirilir. Məhz bu tarixdən sonra regionda yeni geosiyasi reallıqlar yarandı. Vətən müharibəsini qalibiyyətlə başa vuran qüdrətli Azərbaycan öz şərtlərini diqtə edən və uğurla həyata keçirən ölkə kimi daha böyük imkanlar əldə etdi.
Qədirbilən xalqımızın müdrik rəhbərimizin ətrafında dəmir yumruq kimi birləşərək Zəfər salnaməmizi yazdığı 44 günlük Vətən müharibəsindən sonra diplomatik cəbhədə, informasiya savaşında və azad Qarabağdakı quruculuq cəbhəsində davam edən qələbələrimizin gətirdiyi ovqatla tarixi Zəfərimiz günü-gündən daha da möhkəmlənir. 44 günlük Vətən müharibəsi günlərində olduğu kimi, bu günlər də hər birimiz qürur və sevinc hissləri yaşayırıq. Qalib ölkənin qürurlu vətəndaşları kimi hər gün hansısa əlamətdar bir hadisəyə, tarixi bir məqama şahidik edirik.
30 il işğal altında qalan ərazilərimizdə qələbədən sonra miqyası heç bir ölçüyə sığmayan layihələr həyata keçirilir. Torpaqlarımıza yeni nəfəs gəlir, keçmiş məcburi köçkünlərin uzun illər boyunca məşəqqətlə keçən həyatlarında yeni ab-hava hökm sürür. Artıq şagirdlərimiz öz yurdlarında dərsə gedir, müəllimlərimiz doğma el-obalarında çalışmağın sonsuz qürurunu yaşayırlar. Bütün bunlar hər birimizin qəlbini fərəh və qürur hissləri ilə doldurur. Bu günlərdə Zəngilanın Ağalı kəndində möhtərəm Prezidentimiz, qalib sərkərdəmiz İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın erməni vandalizminin xarabaya çevirdiyi bir məkanda ən qısa müddətdə dünya standartları səviyyəsində tikilmiş məktəbi ziyarət etmələri, öz yurdlarında təhsil almağın nəhayətsiz xoşbəxtliyini yaşayan şagirdlərlə söhbətləri bütün dünyaya bir daha dövlətimizin, xalqımızın sülh mesajları kimi yayıldı.     
Tarixi zəfərdən sonra azad edilmiş rayon və şəhərlərimizin baş planlarının təsdiqi, yaşayış məhəllələrinin təməlinin qoyulması insanların sabaha olan ümidlərini daha da artırır, keçmiş məcburi köçkünlərin illərlə həsrətində olduqları doğma yurd-yuvalarına əbədi qayıdışını günbəgün yaxınlaşdırır. Xüsusilə düşmənin xarabalığa çevirdiyi, heç bir infrastrukturun mövcud olmadığı ərazilərdə ən qısa zaman ərzində müasir dünya standartları səviyyəsində Füzuli Beynəlxalq Hava Limanının və Zəngilan Beynəlxalq Hava Limanının inşa edilib istifadəyə verilməsi, Laçın Beynəlxalq Hava Limanının təməlinin qoyulması Azərbaycan dövlətinin qüdrətini bir daha bütün dünyaya nümayiş etdirir.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə dini abidələrimizin, məscidlərimizin bərpası, “Xarı bülbül” Musiqi Festivalının, Vaqif Poeziya Günlərinin keçirilməsi ölkəmizdə mənəvi mühitin formalaşmasına yeni çalar verir, bərpa-quruculuq işlərində əsrərəngiz bir harmoniya yaradır.
44 günlük Vətən müharibəsinin ilk anlarından etibarən ölkəmizə mənəvi-siyasi dəstəyini ifadə edən qardaş Türkiyə Respublikası ilə tarixi Zəfərimizdən sonra əlaqələrimizin daha da möhkəmlənməsi Azərbaycanın bölgədə və eləcə də dünyada nüfuzunu daha da artırmış, siyasi arenada, diplomatik danışıqlarda manevr imkanlarını yüksəltmişdir. Ulu öndər Heydər Əliyevin “Biz bir millət, iki dövlətik!” kəlamının qüdrəti ilə günbəgün inkişaf edən Azərbaycan–Türkiyə münasibətləri hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın səyləri ilə özünün ən yüksək inkişaf səviyyəsinə gəlib çatmışdır. 2021-ci ilin 15 iyununda, müasir Azərbaycanın tarixində xüsusi önəm və rəmzi məna daşıyan Milli Qurtuluş Günündə ölkələrimiz arasında imzalanmış “Şuşa Bəyannaməsi”, hər iki dövlət başçısının Zəfər Paradında və azad edilmiş ərazilərimizdə istifadəyə verilən beynəlxalq hava limanlarının açılışında birgə iştirakı, həmin tədbirlərdəki bəyanatlar dostlarımıza və eləcə də düşmənlərimizə önəmli mesajlar verir. Dostlar sevinir, düşmən bir daha rəzil olur.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin diplomatik qələbələri bu gün də davam edir. Müzəffər Ali Baş Komandanımızın dəmir yumruğu, əyilməz iradəsi sayəsində Laçın şəhərinin, ətraf kəndlərin üzərində ordumuzun nəzarətinin bərpa olunması tarixi Zəfərimizi daha da möhkəmləndirmiş, Azərbaycanın bölgədəki mövqeyini, nüfuzunu daha da artırmışdır. Artıq dünyanın güc mərkəzləri, siyasi dairələr Azərbaycanla hesablaşırlar.
Bu gün düşmən ölkənin xaincəsinə davam edən hərbi və siyasi təxribatlarına  baxmayaraq, Azərbaycan dövləti, onun başçısı humanist, sülhsevər mövqeyi, konstruktiv siyasəti ilə seçilir, bölgədə əbədi sülhə, inkişafa və rifaha nail olmaq üçün ardıcıl səylərini davam etdirir. Bütün danışıqlar prosesində sülhsevər mövqeyini qətiyyətlə ortaya qoyan Azərbaycan lideri təmkinlə, səbrlə və məğrurluqla müzəffər xalqımızın maraqlarını ifadə edir.  Son dövrlər Avropa İttifaqının təşəbbüsü və vasitəçiliyi ilə keçirilən görüşlərin hər birində sülh müqaviləsinin imzalanaması üçün Azərbaycanın təqdim etdiyi 5 şərt ədalətli prinsiplər kimi qəbul olunur, təkliflərimiz dövlətimizin konstruktiv mövqeyinin ifadəsi kimi səslənir. Azərbaycan sərhədlərin delimitasiyası və demarkasiyası prosesinin həyata keçirlməsinə, bununla da bölgədə əbədi sülhün əldə edilməsinə hər zaman hazır olduğunu ifadə edir.
Bu günlərdə Soçi şəhərində keçirilən görüş cənab İlham Əliyevin növbəti və inamlı qələbəsi ilə nəticələndi. Özünün növbəti sərsəm və məsuliyyətsiz çıxışını vərəqdən güclə oxuyan düşmən ölkənin başçısının səksəkəli, güvənsiz davranışlarının əksinə olaraq qalib ölkənin rəhbəri kimi çıxış edən cənab İlham Əliyev: “Qarabağ münaqişəsi artıq tarixdə qalıb. O, iki il bundan əvvəl həll edilib. Buna görə də bu baxımdan burada praktiki olaraq müzakirə edilməli məsələ yoxdur” – fikri ilə 2019-cu ildə “Valday” sammitində söylədiyi və 44 günlük Vətən müharibəsindəki qələbəmizin simvoluna çevrilən tarixi - Qarabağ Azərbaycandır – nida - kəlamının gətirdiyi ovqatı bir daha yenilədi, cəmiyyətimizə olduqca müsbət ipmulslar verdi.
Ulu öndərimiz Heydər Əliyevin Azərbaycan xalqının milli sərvəti, iftixarı adlandırdığı, hər zaman məzunu olması ilə fəxr etdiyi, bu gün isə möhtərəm Prezidentimiz İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın hərtərəfli diqqət və qayğısı ilə əhatə olunan Bakı Dövlət Universitetinin çoxminli kollektivi tarixi zəfərimizin ikinci ildönümünü yüksək ovqatla qarşılayır. Vətən müharibəsi günlərində həm ön, həm də arxa cəbhədə fədakarlıq göstərmiş, 19 nəfər məzun və tələbəsi şəhidlik zirvəsinə ucalmış universitetimizin kollektivi tarixi Zəfərdən sonra artıq tarixə çevrilən Qarabağ münaqişəsinin baş vermə səbəbləri, müharibə və postmüharibə dövründəki ictimai-siyasi proseslərlə bağlı elmi araşdırmalarını davam etdirir.
Artıq bu istiqamətdə əldə etdiyimiz mühüm nəticələr var. Müharibədən sonra Universitetin artıq ictimaiyyət tərəfindən rəğbətlə qarşılanmış iki akademik layihəsi – “İşğal altında olmuş Azərbaycan Respublikası ərazilərində məcburi köçkünlərin pozulmuş hüquqlarına dair Beynəlxalq Kopmpleks Hesabat” və “Vətən müharibəsi dövründə ölkə və xarici medianın fəaliyyətinin təhlili” layihələri uğurla geçəkləşdirilmiş, bu mövzuda konfranslar, seminarlar, ictimai tədbirlər keçirilmişdir.
Tarixi Zəfərdən sonra Bakı Dövlət Universitetinin Elmi Şurasının təşəbbüsü ilə ərsəyə gəlmiş “Azərbaycan Respublikasının tarixi” kitabını da bu mənada xüsusi qeyd etmək olar. Müstəqil Azərbaycan Respublikasının tarixini özündə əks etdirən nəşrin Qarabağ Zəfərindən sonra ərsəyə gəlməsi əlamətdar və qürurvericidir. Kitabın ümummilli liderimiz Heydər Əliyevin memarı olduğu dövlətçiliyin möhkəmlənməsi və çiçəklənməsi dövrünü əhatə edən birinci hissəsində həmin dövr müasir Azərbaycanın tarixində inkişaf mərhələsi kimi səciyyələnir. Kitabın ikinci cildi isə 2003-cü ildən günümüzə qədərki dövrü əhatə edir.
Sevindirici haldır ki, ikinci cildin son bölməsi Zəfər tariximizi özündə əks etdirir. Burada işğaldan azad olunmuş torpaqlardakı quruculuq işləri, Prezident İlham Əliyevin və Birinci-vitse Prezident Mehriban xanım Əliyevanın azad olunmuş ərazilərə tarixi səfərləri, azad edilmiş ərazilərdə həyata keçirilən böyük layihələr əksini tapıb.
Bütün bunlar qüdrətli Azərbaycanın parlaq gələcəyindən xəbər verir. Xoşbəxt xalqıq ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə zəfər tariximiz davam edir, hər gün bu tarixin yeni səhifələri yazılır.  
Qələbələr silsiləmiz bitməsin! Xalqımızı tarixi ədalətə qovuşduran Zəfər günümüz mübarək olsun!

Elçin Babayev,
Bakı Dövlət Universitetinin rektoru

https://xalqqazeti.com/

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024