Xalqımızın qan yaddaşı

31/03/2020


31 mart - Azərbaycanlıların Soyqırımı Günüdür


Mənfur erməni daşnaklarının azərbaycanlılara qarşı həyata keçirdiyi amansız faciədən 102 il ötür.

Tarixin səhifələrini vərəqlədikcə erməni qəsbkarlarının zaman-zaman azərbaycanlılara qarşı törətdikləri fitnə-fəsadların şahidi oluruq. Erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik “Dənizdən-dənizə böyük Ermənistan” ideyasını gerçəklədirmək məqsədilə soydaşlarımıza qarşı soyqırımlar, etnik təmizləmə və deportasiya siyasəti həyata keçirmiş, əzəli torpaqlarımızı, qədim Azərbaycan ərazilərini işğal etməyi öz məqsədlərinə çevirmişlər.

Azərbaycan xalqının yaşadığı ən dəhşətli faciələrdən biri də 1918-ci ilin mart qətliamı, Bakı Sovetinin mandatı altında daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır. Erməni-daşnak silahlı dəstələrinin törətdiyi kütləvi qırğınlar və vandalizm aktları Azərbaycan xalqının tarixinə qanlı hərflərlə yazılmışdır.

1918-ci ilin mart ayında Bakı Kommunası əks-inqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədilə mənfur plan həyata keçirməyə başlamışdır. 1918-ci il martın 31-də Bakı şəhəri və ətraf kəndlərdə türk-müsəlman əhalisinə qarşı daşnak-bolşevik birləşmələri tərəfindən əvvəlcədən düşünülmüş və planlı şəkildə soyqırım həyata keçirilmişdir. Təkcə Bakı şəhərində 3 gün ərzində Şaumyanın rəhbərlik etdiyi erməni hərbi birləşmələri 11 mindən artıq günahsız müsəlmanın həyatına son qoymuşdur. Bakıdan sonra soyqırım Şamaxı və Quba qəzalarında, Qərbi və Cənubi Azərbaycanda daha qəddarlıqla həyata keçirilmiş, on minlərlə azərbaycanlı qətlə yetirilmiş, əmlakları müsadirə olunmuş, ev-eşikləri yandırılmış, 100 mindən çox insan isə evindən didərgin salınmışdır. On minlərlə insan məhz etnik və dini mənsubiyyətinə görə soyqırıma məruz qalmış, milli mədəniyyət abidələri, milli mətbuat orqanları, tarixi binalar və məscidlər və s. dağıdılmışdır.

Bakı ilə yanaşı, Şamaxı, Quba qəzalarında, Qarabağ, Zəngəzur, Muğan, Xaçmaz, Naxçıvan, Lənkəranda ermənilər tərəfindən kütləvi qırğınlar, talanlar davam etdirilmiş, yüzlərlə şəhər və kəndlərimiz, o cümlədən Qarabağ ərazisində azərbaycanlıların yaşadıqları 150-dən çox kənd xarabalığa çevrilmiş, Şuşada görünməmiş qətliam törədilmişdir. Evlərə od vurulmuş, insanları diri-diri yandırılmışdır. Milli memarlıq inciləri, məktəblər, xəstəxanalar, məscid və digər abidələr dağıdılmışdır. Mart qırğınlarında 50 mindən çox soydaşımız, o cümlədən Bakıda 30 minə yaxın azərbaycanlı qətlə yetirilmişdir. Təkcə Zəngəzurda 115, İrəvan quberniyasında isə 211 kənd yer üzündən silinmiş, əhalisi amansızlıqla soyqırıma məruz qalmışdır.

Sovet hakimiyyəti illərində xalqlar dostluğu pərdəsi altında uzun müddət bu soyqırımı aktı unutdurulmağa çalışılmış, yaddaşlardan silinməsinə cəhd göstərilmiş, ona düzgün hüquqi-siyasi qiymət verilməsinə maneə yaradılmışdır. Bütün bunlara baxmayaraq bolşevik-daşnak qüvvələrinin törətdiyi Mart qırğınları - amansız soyqırımı xalqımızın milli yaddaşından silinməmişdir. Ümummilli Lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanında həmin dəhşətli hadisələrə siyasi qiymət verilmiş və 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir. Bu, gələcək nəsillərin tarixi hadisələri unutmaması, keçmişin obyektiv öyrənilməsi üçün çox əhəmiyyətli bir sənəddir.

Azərbaycan dövlətinin gördüyü tədbirlər 1918-ci ildə erməni silahlı birləşmələrinin xüsusi amansızlıqla törətdiyi cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun şəkildə çatdırılmasında əvəzsiz rol oynamış, soydaşlarımızın azərbaycançılıq ideyası, milli məfkurə ətrafında daha da sıx birləşməsinə təkan vermişdir. Erməni-bolşevik silahlı dəstələrinin 100 il əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə Azərbaycan Respublikası Prezidenti 18 yanvar 2018-ci ildə “1918-ci il Azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalamışdır. Azərbaycanlılara qarşı törədilən soyqırımlar haqqında tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində hazırda böyük işlər görülür.

Erməni millətçiləri tərəfindən zaman-zaman xalqımıza qarşı yürüdülən qəsbkarlıq siyasəti bu gün də davam edir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində erməni təcavüzkarlarının vəhşilikləri, Ermənistanın ölkəmizə qarşı yürütdüyü işğalçılıq siyasəti, Xocalı soyqırımı, işğal altında qalan əzəli torpaqlarımız və işğalın ağır nəticələri, işğal olunmuş ərazilərimizdəki mədəniyyət abidələrinin dağıdılması, xalqımıza qarşı yürüdülən bu etnik təmizləmə və soyqırımı mahiyyət etibarilə Ermənistanın təcavüzkar siyasətinin tərkib hissəsidir.

1918-ci il 31 martda erməni-daşnak və bolşevik qüvvələrinin Bakıda azərbaycanlılara qarşı törətdiyi soyqırımı bəşəriyyətə və sivilizasiyaya qarşı ağır cinayətdir. Mart qırğınları və xalqımızın yaşadığı digər faciələrdən bir millət olaraq ibrət dərsləri almalı, müstəqil və güclü dövlətimizin daha da qüdrətlənməsi üçün var gücümüzlə çalışmalıyıq. Milli faciələrin unudulmaması və tarixi həqiqətlərin gənc nəsillərə olduğu kimi çatdırılması hər birimizin vətəndaşlıq borcudur və hər birimiz üzərimizə düşən bu missiyanı layiqincə yerinə yetirməliyik. Bu, hamımızı milli birliyə, gələcəyimiz naminə keçmişimizi unutmamağa çağırır.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024