XEYİRXAH MÜƏLLİM, SƏMİMİ ZİYALI, DƏYƏRLİ İNSAN...

08/06/2015

 

XEYİRXAH MÜƏLLİM, SƏMİMİ ZİYALI, DƏYƏRLİ İNSAN...

(BDU-nun müəllimi Rüstəm Həsənovun əziz xatirəsinə).

 

Ölüm sevinməsin qoy! Ömrünü vermir bada
El qədrini canından daha əziz bilənlər.
Şirin bir xatirədək qalacaqdır dünyada
Sevərək yaşayanlar, sevilərək ölənlər.

Rüstəm müəllim..... Həyatımız boyunca sevdiyimiz, dəyər verdiyimiz müəllimlərdən biri idi. Tələbə ikən universitet dəhlizlərində tez-tez qarşılaşsaq da, tanış olmamışdıq onunla. İlk tanışlığımız 4-cü kursun əvvəllərində oldu. Bir neçə dəfə də bizim seminar müəllimimizi əvəz etmişdi. Asta danışığı, olduqca mədəni davranışı, səmimi söhbətləri bizdə ona qarşı rəğbət hissi yaratmışdı. Sonradan öyrəndik ki, Rüstəm müəllim həm də ədəbiyyat fənnindən magistratura pilləsinə tələbə hazırlayır.

Universiteti bitirdiyimiz tədris ilində magistraturaya qəbulun ikimərhələli şəkildə aparılacağı elan olunmuşdu. İxtisas fənnindən imtahanın ayrıca olması, tələbələrdə növbəti mərhələyə olan hazırlıq marağını artırmışdı. O zaman birinci turun hazırlıq müəllimləri haqqında ətraflı təsəvvür olsa da, ixtisas müəllimləri barəsində məlumat, demək olar ki, az idi.

Bir dəfə universitetin həyətində Rüstəm müəllim bizi yanına çağırdı. Dedi ki, bəs nə fikirləşirsiz? Hazırlaşmaq niyyətiniz varmı? Hazırlıq qiymətləri bizim büdcəmizə uyğun olmadığı üçün ixtisasdan hazırlaşmağı heç ağlımıza gətirmirdik. Düşünürdük ki, ixtisasımızı normal bilirik, özümüz oxuyarıq. Əsas birinci mərhələdən keçməkdir. Sıxıla-sıxıla dedik ki, Rüstəm müəllim, əlbəttə, fikrimiz var. Ancaq birinci mərhələni keçək, ikinciyə Allah kərimdir. Rüstəm müəllim:

- Siz harda qalırsınız, Bakıda?

- Müəllim, özümüz rayondanıq, burda yataqxanada qalırıq.

- Hə, belə deyin. BDU-nun yataqxanasında?

- Bəli, müəllim. Açığı, birinci mərhələyə hazırlaşacağımız üçün hələ ki ixtisasa imkanımız olmayacaq.

- Bilmirəm, xəbəriniz var yoxsa yox, mən ədəbiyyatdan hazırlayıram. Siz narahat olmayın, çalışacam sizə kömək edim hazırlaşmağa.

Bir-birimizin telefon nömrəsini də götürdük. Sonra Rüstəm müəllimə təşəkkür edib ayrıldıq. Bir neçə gündən sonra o zəng etdi:

- Pərvin, salam. Mənəm, Rüstəm müəllim. Universitetdəsən?

- Bəli, müəllim. Dərsən çıxmışam, dekanlıqdayam.

- Anara da de, vaxtınız varsa, bir çay içək universitetin həyətində.

- Oldu, müəllim, gəlirik.

Müəllimin belə davranışı o anda bizə bir sevinc gətirdi. Oturduq, çay içdik, ordan-burdan danışdıq.  Rüstəm müəllim:

- Ayın birindən gəlin hazırlığa. Artıq tələbələrim var. Siz də indidən gəl ki, geri qalmayasız. Pul sarıdan da nigaran qalmayın. Heç nəyiniz lazım deyil. Rayondansınız, yataqxanada da qalırsız. Sizi başa düşürüəm. Siz də mənim oğlum. Ürəyinizi buz kimi saxlayın.

O anda o qədər sevincli idik ki, sözlə ifadə olunası deyil. Çünki fakültədən imkanlı tələbələr, xüsusən qızlar yenicə hazırlığa gedəndə və bunu qrupda danışmağa başlayanda bəzilərimizə sadəcə dinləmək qalırdı. Sağ olsun Rüstəm müəllim, az müddət ərzində tanıdığı tələbəyə bu qədər diqqət göstərdi.

Hazırlığı başlayandan sonra da Rüstəm müəllim öz qayğısını bizdən əsirgəmirdi. Hətta magistraturaya hazırlaşdığımız digər fənlərin müəllimləri ilə də görüşüb tapşırmışdı ki, bizi çox sıxmasınlar.

Hazırlıqldan sonra bizi axıra saxlayardı. Gəlin gedək, bir oturaq çay içək, yemək yeyək, -deyərdi. Biz utancaqlıqla etiraz edərdik. Müəllim, evə gedirik, evdə yeyəcəyik,- deyərdik.  Onsuz da Siz zəhmətimizi çəkirsiniz.

Rüstəm müəllim: Əşi, nə ev? Yataqxanada sizi kababla qarşılayacaqlar? Mən bilirəm ordakı tələbə həyatını. Gəlin gedək mənimlə, həm də tək yeməyim.

Beləcə, bizi özüylə aparar, həm oturub nahar, həm də maraqlı söhbətlər edərdik.

Rüstəm müəllimin bu cür xeyirxahlığı ilə yanaşı həm də çox istiqanlı, həyalı, yüksək ünsiyyət ədəbinə malik insan idi. Söhbət edərkən aram-aram danışardı, qarşısındakını dinləyər, heç zaman həmöhbətinin gözünün içinə baxmazdı.

Çox qayğıkeş bir ziyalı idi Rüstəm müəllim. Hansı imkanı məhdud olan tələbə onun yanına hazırlaşmaq üçün getsəydi, Rüstəm müəllim onu geri qaytarmazdı. Onun bu davranışı hətta bəzilərinə örnək olmuşdu. İndiyəcən də bizə hansısa tələbə yaxınlaşsa, Rüstəm müəllimi tövsiyə edərdik. Onun  humanistliyi, deyərdik ki, bu həyatda az-az insanlarda tapılır. Hətta bizdən sonra yataqxanada qalan tələbə yoldaşlarımıza da Rüstəm müəllim həm maddi, həm də mənəvi dəstək olmuşdu.

Universitedə işə düzəlməyimizə, doktoranturaya qəbul olmağımıza ən çox sevinənlərdən biri də Rüstəm müəllim idi. Qürurla deyərdi ki, mənim tələbələrim olub bu gənclər. Vaxtımız olduqca onunla iş sonrası görüşər, dərdləşərdik. Hərdən bizim laboratoriyaya gələr, kompüterdə məqalələrinin, imtahan biletlərinin yığılmasını bizə etibar edərdi.

Rüstəm müəllim heç vaxt kədərini, ağrı-acısını, hətta xəstəliyini büruzə verməzdi. Bəzən nəsə hiss etdiyimizdə: “Nəsə olub müəllim, narahatsız?” –deyirdik. “Yox, sadəcə axşam gec yatmışam... Təyziqim var... Bir az soyuq dəyib...” kimi sözlərlə öz rahatsızlığını dilinə gətiməzdi. Onu tanıyan kimsə ağlına gətirməzdi ki, Rüstəm müəllim qəfil dünyasını dəyişə.

Sonuncu dəfə görüşəndə də çox sevincli idi. Builki tələbləri də qəbul imtahanından əla nəticə göstərmişdi. Deyirdik ki, müəllim, Sizdən yoxdur da, bəs necə olmalıdır ki?...

Builki tələbələrinin əksəriyyətini biz də tanıyırdıq. Onlar da müəllimlərinin bu acı xəbərini qəbul edə bilmirdilər. Onlar hər kəs kimi “kaş ki bu xəbər yalan olardı” deyirdilər. Bəli, bu xəbəri eşidən hər kəs əlini üzünə qoyub bir şeyi deyirdi: “Niyə yaxşı insanlar bu həyatdan tüz köçür?”

 

Əsl tələbə dostu idi Rüstəm müəllim. Ona görə də tələbələr onu çox sevirdilər. Həmişə də xətir-hörməti saxlanılardı. Ancaq aramızdan qəfil getməsi bizi çox sarsıtdı. Rüstəm müəllimin hələ uzun illər diqqət və qayğısına ehtiyacımız vardı. Bizi ömrünün enerjili vaxtında tərk etdi. Onu nurlu siması həmişə bizim qəlbimizdə yaşayacaqdır. Allah rəhmət eləsin.

 

BDU-nun doktorantları:

Pərvin Eyvazov

Anar Fərəcov

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024