Xoş sözlər danışılan, küsülüləri barışdıran İlaxır çərşənbə
Novruz çərşənbələrin sonuncusu özünün təntənəsi, ayin və inancları ilə digər çərşənbələrdən seçilən Torpaq çərşənbəsidir. Bu çərşənbə müxtəlif regionlarda “Axır çərşənbə”, “Böyük çərşənbə”, “Yer çərşənbəsi”, “İlaxır çərşənbə” kimi adlarla tanınır. İlaxır çərşənbə torpağın qış yuxusundan ayılması, əkinçilik həyatının başlanğıcını rəmzləşdirir. Hətta bir sıra bölgələrdə, o cümlədən Naxcıvan, Ərdəbil və s. ərazilərdə özünün təntənəsi ilə Novruz şənliyinin özünü belə kölgədə qoyur. İnanclarda özünü kult şəklində göstərmiş torpaq canlı varlıq hesab edilib, müqəddəsləşdirilib. Axır çərşənbə günü havanın necə olmağından asılı olmayaraq, insanlar əkin sahələrinə, bağlara yollanar, ağacların dibini belləyər, torpağı şumlayardılar. Burada məqsəd torpağı yuxudan oyatmaq və əkinçilik vaxtının yetişdiyini xəbər verməkdir. Bu çərşənbə günü yeri murdarlamaq, suya, oda, torpağa tüpürmək günah sayılır. ”Həmin gün qan tökülsə, elin başı il boyu bəlalar çəkər deyər” – deyərlər. İlaxır çərşənbədə torpağa elə qulluq olunur ki, onun ruhu razı qalsın. Torpaq çərşənbəsindəki torpaq ruhu torpağın sahibi olan əyədir. Bu çərşənbədə torpağa qulluq edilməsi onun sahibi olan torpaq əyəsinə hörmət, ehtiram göstərilməsi deməkdir. İnsanlar bunun müqabilində xeyir-bərəkət, bol məhsul diləyirlər.
İlaxır çərşənbə səhər tezdən insanlar su üstünə gedər, suya salam verib, “ağırlığım, qada-bəlam tökül” deyə-deyə 3 dəfə suyun üstündən hoppanarlar. Sonra sudan bir səhəng doldurub gətirər, həyət-bacaya, ev-eşiyə, mal-qara üstünə səpərlər. Bu, ilin xoş keçməsi, ağrı-acının olmaması istəyini ifadə edir. Axır çərşənbə gününün səhəri bulaqdan gətirilən xırda daşların xeyir-bərəkət vermə gücünə inam da torpaq kultu ilə birbaşa bağlıdır.
İlaxır çərşənbələrlə bağlı bütün mərasimlər, adət-ənənələr yenilənməyə, təzələnməyə xidmət edir. Ağac qorxutma ayini ilaxır çərşənbədə icra olunan magik mahiyyətli ənənələrdəndir. Bu ayin bağ-bağçanın təzələnməsinə xidmət edir. Bağdakı bir meyvə ağacı bar vermədikdə bağın sahibi əlinə balta alıb ağacın yanına gəlir, üzünü ağaca tutaraq deyir ki, əgər bu il bar gətirməsən, səni kəsəcəyəm, başqa bir nəfər ağacı qorxudan baltalı şəxsi dayandıraraq deyir ki, kəsmə, mən zamin dururam, gələn il bol məhsul verəcək.
İlaxır çərşənbənin əvəzolunmaz atributlarından biri tonqal qalamaqdır. İnsanlar “ağırlığım, agrım-acım, qada-bəlam bu oda” deyib ilaxır çərşənbə tonqalının üzərindən tullanırlar. Həmin vaxt icra olunan nəğmələr odun təmizləyici, paklaşdırıcı gücünü təcəssüm etdirən alqış və dualardır. İnsanlar ilaxır çərşənbə tonqalına üzərlik atmaqla, ev-eşiyi, mal-qaranı, ailə üzvlərini bədxah güclərin nəzərindən qoruduqlarına inanardılar. Axır çərşənbə tonqalının özünəməxsus cəhətləri var. Belə ki, axır çərşənbə tonqalındakı od əcdadların şərəfinə yandırılır. Onlar həmin axşam tonqalın oduna yığışırlar. Axır çərşənbə odu bir tərəfdən şər qüvvələri, şər ruhları evdən-ailədən uzaqlaşdırırsa, digər tərəfdən insanları hər cür ağırlıqdan, qada-bəladan, çətinliklərdən, uğursuzluqlardan təmizləyir. Bayramın hər hansı günündə yandırılan tonqalın odu belə bir gücə malik deyil. Axır çərşənbə tonqalı ilə Novruz bayramı tonqalı arasında fərq var. Axır çərşənbə tonqalı getməkdə olan köhnə ili yola salmaq üçün, Novruz tonqalı isə artıq daxil olmuş yeni ilin şərəfinə yandırılır. İnsanlar axır çərşənbə odu ilə çillədən, köhnə ilin ağrı-acısından təmizlənir və yeni il tonqalının ətrafına çillədən təmizlənmiş halda yığışıraq, ondan bərəkət istərlər. Axır çərşənbə gecəsi göyə lopa atmaq adəti də var. İnsanlar göyün üzünə lopa atıb onu işığa qərq etməklə, göyü-səmanı da hər cür pisliklərdən, köhnə ilin ağırlıqlarından təmizləmək istəyirlər.
İnanclarda xüsusilə axır çərşənbə gecəsinin suyundan bəhs olunur. Bu su qeyri-adi, möcüzəli sudur, o, dərd-bəlanı yox edir, xeyir-bərəkət verir. Suyun aydınlıq, paklıq funksiyası olduğundan ilin axır çərşənbəsində bir sıra bölgələrimizdə, o cümlədən Göyçədə hamı bir-birinin üstünə su çiləyir ki, təzə il onlar üçün uğurlu olsun.
Axır çərşənbə suyunun dirilik suyu ili müqayisə edilməsi bu suyun şəfa verməsinə inam ilə bağlıdır. Naxçıvan bölgəsinin inanclarına görə, ilaxır çərşənbə suyundan güllərin dibinə tökər və saxlayarmışlar. Evdə xəstə olanda isə suya “Qurani-kərim”dən ayə oxuyar, sonra suyu xəstəyə içirdərlər. O zaman xəstə sağalar. Axır çərşənbə suyunun insanlara şəfa verməsinə inanılırdı. İnanca görə, ilin axır çərşənbəsində gecə yarısı yuyunub paklanandan sonra axar suyun qırağında oturub niyyətini ona danışsan, öz istəyinə çatarsan. Dərdini, azarını, ağrını suya söyləsən, su gecə vaxtı hamısını özü ilə aparar.
Novruz suyunun tale söyləmək gücünə də inanılırdı. İlaxır çərşənbədə bir subay oğlana iki boşqab verib suya yollayırlar. Tapşırırlar ki, boşqablardan birini su ilə doldursun. Əgər oğlan əgər sağ əlindəki qabı doldurub gətirsə, niyyəti hasil olar.
Buraya küsülülərin axır çərşənbə suyu ilə barışdırılması adəti də daxildir. Şəkidə çərşənbə axşamlarında küsülülərin barışdırılması mərasimi keçirilir. İlk addım bulaq başında atılır. Bir-birini uzun müddət danışdırmayan qızları araya alır, onlar səhənglərini dəyişdirməyincə əl çəkmirlər. Hər ikisini çimdikləyirlər. Üstlərinə sərin su atırlar. Sonra biri o birinin qabına su doldurub qabağına qoymalıdır, qız elə oradaca barışmaq istəyirsə, küsülü rəfiqəsinin üstünə su çiləyir. Bulaq başında barışanların bir-birinə münasibəti su kimi şəffaf və aydın olur.
Axır çərşənbədə dünyadan köçənlərin ruhu bir anlığa evinə, oğul-uşağına, qohum-əqrabasına baş çəkməyə gəlir. Axşama qədər ev-eşikdə, qapı-bacada xoş ovqatlı, üzügülər olmaq, ətirli-dadlı yeməklərdən bişirmək gərəkdir ki, uluların ruhu gəlib özlərindən sonrakıların gün-güzəranını xoş görsün, qayıdıb arxayın gedə bilsin. Bəzi bölgələrimizdə ilaxır çərşənbədə uluların adını anmaq, ruhlarını şad eləmək üçün evdəki şirin-şəkərdən pay ayırıb qəbir üstünə getmək, “Yasin” surəsini oxutdurmaq savab sayılır.
Axır çərşənbə ayinləri od kultunun ruhlarla bağlı olduğunu göstərir. İnanc mətnlərindən birində deyilir ki, ilin axır çərşənbəsində ürəyində niyyət tutub yat. Gecə yarısı yuxudan durub şamı yandır və onu güzgüyə yaxınlaşdır. Güzgüdə gələcək nişanlını görəcəksən. Güzgüyə yaxınlaşanda qorxsan, niyyətin baş tutmaz.
İlaxır çərşənbənin əsas adətlərindən biri də qurşaqsallama, şalsallama, torba atmaq, baca-baca və ya papaqatdı adətidir. Bu ayini ustad şair Məhəmməd Hüseyn Şəhriyar gözəl təsvir edib:
... Bayram idi, gecəquşu oxurdu,
Adaxlı qız bəy corabın toxurdu,
Hər kəs şalın bir bacadan soxurdu,
Ay nə gözəl qaydadı şal sallamaq,
Bəy şalına bayramlığın bağlamaq...
Bu ayinin məqsədi bir tərəfdən bayrampayı yığmaqdırsa, digər tərəfdən magik mahiyyətli bəxtsınama adətidir. Sevdiyi qızların evinə şal, qurşaq, papaq atan oğlanlar verilən paydan qızın anasının, qızın bu sevgiyə münasibətini öyrənərdilər. Ona görə bəxtlərinə axır çərşənbə gecəsi hansı xəbərin çıxacağını həyəcanla gözləyərdilər. Cavab qoyulan payın çoxluğundan bəlli olardı.
İlaxır çərşənbə ayinlərinin bir çoxu səməni ilə bağlıdır. Onlardan biri səməni nəziri adətidir. Qəlbində niyyəti olan adam böyük tabaqlara buğda töküb göyərdər, sonra əzib şirəsini çıxarar, şirəyə bir az su töküb iki-üç gün qaynatdıqdan sonra qoz-fındıq ləpəsi qatar, xonça sinilərinə töküb yayar, evə aparmayıb, həyətdə saxlayardılar. Gecə yatmayıb, niyyətin qəbul olunması haqqında dua edərdilər. Səhər baxılan bişmişin dadı şirin çıxardısa, deməli, niyyəti qəbul olunub.
Səməni ovsunu adəti də magik xarakter daşıyır. Bu ayində uşağı olmayan, sonsuz qadınların çilləsi səməninin köməyi ilə kəsilərdi. Bunun üçün həmin qadının başına göyərdilmiş səməni qoyular, bir qadın qaba su tökər, digəri də yerə tökülən suyu qayçılıyar, “ay bunu göyərdən, bu gəlini də göyərt!” - deyərdilər və yaxud:
Arpa, buğda dənidi,
Göyərən səmənidi,
Kəsdim, gəlin, çilləni,
Övlad vermək dəmidi.
Həmin ayində göyərdilmiş səməni yaradılışı və qadın başlanğıcını, su isə kişi başlanğıcını - dölləndirməni rəmzləndirir. İnsanların ilaxır çərşənbədə icra etdikləri səməni ovsununda taleyi dəyişdirmək istəyi öz əksini tapır.
İlaxır çərşənbə axşamı hər kəs çalışır ki, öz evində, ailəsi ilə birlikdə bayram süfrəsinin arxasında otursun. İnanca görə, ilaxır çərşənbə günü öz evində olmayan yeddi il ev-eşiyindən, rahatlığından ayrı düşər. İlaxır çərşənbə günü nişanlı qızlara, yeni ailə qurmuş gənc ailələrə bayram xonçası aparılar.
Novruz falları əsasən axır çərşənbə ilə bağlıdır. Fallar niyə məhz axır çərşənbə, məhz yeni il qabağı icra edilir? Bir çox tədqiqatçıların fikrincə, illərin qovuşduğu vaxt xalq arasında qorxulu bir dövr hesab edilir. Bu qorxulu dövrdə bütün qara qüvvələr öz sonlarının yaxınlaşdığını duyaraq son gecə əyləncələrinə toplaşırlar. Fal da məhz həmin dövrə təsadüf edir. Bir çox xalqlarda çərşənbə axşamı ağır, nəhs gün hesab edilib, xeyir iş görmək yasaq olunub. Çərşənbə gününün nəhs gün olması zərb-məsəldə də öz əksini tapır: ”Nə sən gəl, nə ilin axır çərşənbəsi”. Bədxah ruhların falda iştirakı vacib olduğundan fal bu dövrdə icra olunur. Şər ruhların fəal olduğu dövrdə, xüsusilə gecələr və şər qarışanda onları sevindirə biləcək bir hərəkət etmək, məsələn, ağlamaq, əli qoynunda oturmaq və s. əski etiqadlara görə günahdır. Bu dövrdə gülmək, şadyanalıq etmək vacib sayılır. İnsanlar müxtəlif əyləncələr keçirməklə bədxah qüvvələrə meydan oxumuşlar.
İlaxır çərşənbə inamları, falları olduqca zəngindir. Bu inamlardan birində deyilir ki, axır çərşənbə axşamında bir neçə parça kömürü, bir ovuc duz və bir-iki dənə də qara pulu bir kuzəyə qoyub damdan atarlar. Deyilənə görə, kömür qara günlərin, duz acgözlüyün, qara pul isə yoxsulluğun əlamətidir. Onları kuzəyə qoyub damdan atmaqda məqsəd qara gündən, yoxsulluqdan canını qurtarmaq arzusu ilə bağlıdır. İlaxır çərşənbə inamlarının bir çoxu insanların bol məhsul, bərəkət arzusu ilə bağlıdır. Belə ki, axır çərşənbə gecəsinin səhəri evin damına buğda atarlar ki, bərəkət artıq olsun və ya axır çərşənbədə un çuvalının ağzını açıq qoyarlar ki, bərəkət paylananda bağlı qalmasın.
İlaxır çərşənbədə hava qaralanandan sonra qulaq falına və ya qapıpusmaya çıxarlar. Ürəyində niyyət tutub və özü ilə bir qab su, güzgü, açar götürüb qonşu qapılarına gedərlər. Eşidilən ilk sözlə niyyət arasında uyğunluq varsa, arzu, istək də həyata keçəcək. Başmaq falında isə ilaxır çərşənbə gecəsi ərgən qızlar evin qapısında arxası qapıya durub ayaqlarındakı ayaqqabınn sağ tayını sağ əllə sağ çiynindən geriyə doğru atarlar. Əgər ayaqqabının burnu qapıya tərəf düşsə, demək, yaxın vaxta həmin qız ərə gedəcək və səadətinə qovuşacaq. İlaxır çərşənbədə icra olunan fallardan biri də “iynə falı”dır. Su dolu kasaya uclarına pambıq sarınmış iki iynə salırlar. Suda üzən iynələr ulduz tərəfdən bir-birinə yaxınlaşsa, bu, niyyət tutanın istəyinə çatacağına işarədir. İlaxır çərşənbə gecəsində icra olunan fallardan biri də “üzüksalma” adlanır. Həmin çərşənbədə ərgən qızlar falı icra etmək üçün bir evə yığışıb, dilək tası qurardılar. Ortalığa dərin bir mis qab qoyular, hər qız öz üzüyünü həmin qabın içinə atar. Üzükləri qabın içində iki-üç kərə qarışdırıb, balaca bir oğlan uşağını da məclisə gətirərdilər. Uşağa deyərdilər ki, indi biz növbə ilə bayatı oxuyacağıq. Hər dəfə bayatı oxunub başa çatan kimi tasın içindəki üzüklərdən birini götürərsən. Bayatıdan sonra kimin üzüyü qabdan çıxarılarsa, onun diləyi həmin bayatıdakı mətləbə yaxın bir axarda yozulardı.
İlin axır çərşənbəsində kuzə falı, alma falı, cıdır falı, şam falı, həmçinin bir sıra oyunlar, o cümlədən “Bənövşə”, ”Beşdaş”, “Papaqqapdı”, “Cıdır” və s. oyunlar, “Xanbəzəmə”, ”Kosa-kosa” və s. tamaşalar oynanılır. Bu tamaşalar bütün hallarda ilin dəyişməsi - qışın getməsi və yazın qarşılanması ilə bağlıdır.
İlaxır çərşənbə süfrəsində düzəldilən xonçaya yeddiləvin // yeddilöyün (“yeddi növ” deməkdir) deyilir. Xonça sini və məcməyiyə düzülmüş yeddi cür nemət – çörək, duz, üzərlik, kömür, güzgü, su və yumurtadan ibarət olur. Bu zaman süfrədə şirniyyat, çərəz, şam, səməni və s. olmalıdır. Azərbaycanın bəzi bölgələrində, xüsusilə Ordubadda ilaxır çərşənbə “yeddiləvin bayramı“ adı ilə məşhurdur. Bu bayramda bazardan hər nə alınsa, yeddi növ olmalıdır. İlaxır çərşənbə və Novruz bayramı süfrəsi üçün tutulmuş “yeddi sin” xonçasında “s” hərfi ilə başlayan yeddi təam olmalıdır: su, səməni, sünbül, sumaq, soğan, sulaq, sarımsaq. Bəzi tədqiqatçıların fikrincə, “yeddi sin” xonçasında yalnız şirin şeylər - su, səməni, sünbül, süd, səbzi, səməni halvası və sucuq olmalıdır. Ərdəbildə “yeddi sin” xonçasına qoyulanlar aşağıdakı rəmzi mənaları bildirir: sirkə - güc, sarımsaq - səhhət, səbzi - ümid, sumaq - niyyət, bolluq, sikkə - zənginlik, saat - uzun ömür, su - aydınlıq.
Qoy İlaxır çərşənbə xalqımıza səadət dolu gözəl günlər gətirsin! Süfrəniz ruzi-bərəkətli, arzu və istəkləriniz çin olsun! İlaxır çərşənbəniz mübarək olsun!
Məhəmməd Məmmədov
Bakı Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti
