Xocalı soyqırımına həsr edilmiş “Cəzasız Cinayət” filminin təqdimatı olub

22/02/2019

Fevralın 22-də Azərbaycan İstiqlal Muzeyində Bakı Dövlət Universitetinin əməkdaşı, İtaliyanın Beynəlxalq İqtisadi Siyasi araşdırmalar İnstitutunun üzvü Leyla Rəşidin ssenari müəllifi, rejissoru və prodüseri olduğu “Cəzasız cinayət” adlı sənədli filmin təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, filmin nümayişindən öncə qonaqlar muzeyin foyesində Xocalı soyqırımına həsr edilmiş rəsm əsərlərindən ibarət sərgiyə baxıblar.

Azərbaycan İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi çıxış edərək Xocalı soyqırımının tarixi əhəmiyyətindən danışıb. Bildirib ki, milli mənsubiyyətinə görə azərbaycanlılara qarşı 1992-ci il fevralın 26-da Xocalı şəhərində törədilmiş soyqırımı nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca qətlə yetirilib, 1275 dinc sakin əsir götürülüb, 155 nəfər itkin düşüb. Dünyanın bir sıra ölkələrində Xocalı soyqırımı ilə bağlı müvafiq qərarlar qəbul edilməsinə baxmayaraq, bəşəriyyət əleyhinə bu cür ağır cinayətə beynəlxalq miqyasda hələ də hüquqi qiymət verilməməsi təəssüf doğurur.

Sonra ekran əsəri nümayiş olunub.

Tarixi – publisistik elmi kütləvi janrları özündə birləşdirən ekran əsərində Xocalı soyqırımının səbəb və nəticələri göstərilir, tarixi, hüquqi, siyasi, psixoloji aspektləri təqdim olunur.

Elmi siyasi faktlara əsaslanan sənədli filimdə Xocalı soyqırımı 200 ildən bəri erməni şovinistlərinin və onların havadarlarının azərbaycanlılara qarşı törədikləri terror və kütləvi qırğın aktlarının soyqırımı siyasətinin yeni tarixi mərhələsi kimi təqdim edilir. Filimdə əsir və girov götürülmüş Xocalı sakinlərini, soyqırımı şahidlərini, həmçinin soyqırımı qurbanlarını öz gözləri ilə görüb qələmə alan xarici jurnalistlərin ifadələri ilə bu soyqırımın təkcə azərbaycanlılara deyil, bütövlükdə bəşəriyyətə qarşı yönəlmiş beynəlxalq cinayət olduğu əsaslandırılır. Lakin bu cinayətin təşkilatçılarının və iştirakçılarının cəzalandırılmaması, beynəlxalq qurumların, eləcədə BMT – nin Təhlükəsizlik Şurasının, Avropa Şurasının hələdə Xocalı soyqırımına hüquqi, siyasi qiymət verməməsi faktı xüsusi vurğulanır.

Filmdə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Xocalı Cinayət İşi üzrə İstintaq Qrupunun materiallarından, Almaniya Xarici İşlər Nazirliyinin Siyasi Arxivinin, Türkiyənin Başbakanlık Osmanlı Arxivi, Hərbi Tarix və Strateji Araşdırmalar İdarəsi Arxivinin sənədlərindən, xarici ölkələrin mətbuat nümunələrindən istifadə olunub.

Filmin nümayişindən sonra Bakı Dövlət Universitetinin (BDU) rektoru vəzifəsini icra edən, Azərbaycan Respublikası təhsil nazirinin müavini Firudin Qurbanov filmin çəkilişində əməyi olan hər kəsə təşəkkürünü bildirib, ekran əsəri ilə bağlı təəssüratını bölüşüb. Xocalı soyqırımının xalqımızın tarixində ən ağrılı faciələrdən olduğunu deyən F.Qurbanov, bildirib ki, ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra soyqırımına ilk dəfə hüquqi-siyasi qiymət verilib. Natiq 1994-cü ildə Ulu Öndərin təşəbbüsü ilə Azərbaycan parlamenti tərəfindən 26 fevral tarixinin “Xocalı soyqırımı günü” kimi qəbul edildiyini diqqətə çatdırıb. F.Qurbanov bu faciəyə obyektiv qiymət verilməsi istiqamətində ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin, həmçinin Heydər Əliyev Fondunun fəaliyyətini qeyd edib.

Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva belə bir ekran əsərinin ərsəyə gəlməsində xidməti olan hər kəsə təşəkkür edib. Bildirilib ki, Xocalı soyqırımı iki yüz ildən çox müddətdə təcavüzkar erməni millətçilərinin xalqımıza qarşı apardığı etnik təmizləmə və soyqırımı siyasətinin qanlı səhifəsidir. Bu qanlı faciədən 27 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xocalı şəhərinə hücuma keçib, bütün beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüquq normalarını pozaraq oraya zirehli texnika yeridib, şəhərin dinc əhalisinə misli görünməmiş qəddarlıqla divan tutublar.

Sonda ssenari müəllifi, rejissoru və prodüseri Leyla Rəşid tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkür edib.

 

Mətbuat və informasiya şöbəsi, 22 fevral 2019-cu il

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024