XOCALI SOYQIRIMI

14/02/2012

XX əsrin dəhşətli faciələrindən biri, Azərbaycan xalqının tarixində ən müdhiş səhifələrdən olan Xocalı soyqırımından 20 il ötür. Barlı-bərəkətli, zəngin təbii sərvətləri olan torpaqlarımız daima yadelliləri cəlb etmişdir. Yaşadığımız bu qanlı-qadalı dünyada başımız çox müsibətlər çəkib. Zaman-zaman düşmən təcavüzünə məruz qalmış torpaqlarımız indi də erməni işğalçılarının murdar tapdağı altındadır. Millətimiz müharibənin dəhşətlərindən keçib. XX əsrdə insanlığa qarşı yönəldilmiş qəddar soyqırım aktlarından hesab edilən Xatın, Xirosima, Naqasaki, Soqmi kimi insan fəlakətləri sırasına 26 fevral 1992-ci  il tarixində Xocalı soyqırımı da əlavə edildi. Bu faciə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş ən dəhşətli hadisələrdəndir.

Xocalı müsibəti ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi genosiddir – soyqırımdır. Fevralın 26-sı səhər saat 5 radələrində Xocalı tam alova büründü. Bu vəhşiləşmiş cəlladların məqsədi, şəhərin bütün əhalisini məhv etmək idi. Ancaq sırf təsadüflər nəticəsində xeyli Xocalı sakini tarixə şahidlik etmək üçün sağ qala bildi. Bu qeyri-insani əməllər XX əsrin sonunda dünyanın gözü qarşısında özünü “mədəni” və “məzlum” xalq kimi tanıtmağa çalışan ermənilər tərəfindən törədilmişdir.

Düşmən kini, küdurəti içinə yığıb, kimsəyə aman vermədi. Kafir erməni həmin dəhşətli gecədə ağbirçək anaya da güllə atdı, ağsaqqal qocaya da. Südəmər körpəyə də. Düşmən amansız idi və xislətindəki bütün insani hissləri kənara qoyub quduz canavara dönmüşdü. O, türk qanına həris idi və bu qandan içdikcə hiddətlənir, ehtiraslı bir qüvvə ilə köməksiz ovunun üstünə atılır, insafın, mərhəmətin nə olduğunu bilmirdi. İnsanlar gecənin qaranlığında, qışın sərt sazağında ayaqyalın, başıaçıq, yuxulu-yuxulu, güllə, mərmi yağışları altında hara gəldi qaçırdılar. Qaçırdılar ki, ölümdən xilas olsunlar, qaçırdılar ki, yağı düşmənin əlinə keçməsinlər. Xocalının vəhşicəsinə dağıdılmasına, onun əhalisinə amansız divan tutulmasına  baxmayaraq, xocalılar həmin günlərdə çox böyük qəhrəmanlıq, doğma yurdlarına, Vətən torpağına sədaqət nümunəsi göstərmiş və quduzlaşmış düşmənə qarşı son nəfəsədək döyüşmüşlər.

Dünyanın heç bir müharibəsində bu cür vəhşiliklər törədilməyib. Dünyanın heç bir xalqı, hətta, öz düşməni ilə belə quduz davranmayıb. Ölüm də olub, itim də, ancaq ölənin, itkin düşənin başına belə müsibətlərin açıldığı görülməyib, eşidilməyib. Xocalı faciəsi bütün bəşəriyyətin adına ləkə oldu, təhqiramiz damğa vurdu.

Ulu öndərimiz bu qətliamı kəskin şəkildə pisləyərək onu bəşəriyyətə qarşı ən ağır cinayət adlandırmışdır. 1997-ci ilin fevralında ümummilli liderimiz Heydər Əliyevin sərəncamı ilə fevralın 26-sı “Xocalı soyqırımı günü” elan olunmuşdur. Soyqırım qurbanlarını daim yad edən, şəhidlərin xatirəsini əziz tutan ulu öndərimiz Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq, hər il fevralın 26-sı saat 17:00-da Azərbaycan Respublikasının bütün ərazisində “sükut dəqiqəsi” elan edilməsi haqqında Sərəncam vermişdir. Xocalının müdafiəsində xüsusilə fərqlənmiş insanların böyük bir qrupu ulu öndərimizin fərmanı ilə “Milli Qəhrəman” adına layiq görülmüş, yüksək mükafatlarla təltif edilmişdir. Xocalı  həqiqətlərinin  dünyaya  çatdırılması, qətliama obyektiv qiymət verilməsi istiqamətində atılan addımların davam etdirilməsi istiqamətində Prezident İlham Əliyev tərəfindən məqsədyönlü işlər aparılır. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun gərgin əməyi nəticəsində əvvəlki illərdən fərqli olaraq indi dünya ölkələri erməni qəsbkarlarının insanlığa sığmayan qətlləri haqqında daha dolğun məlumatlandırılıb.

Məlum olduğu kimi, İslam Konfransı Təşkilatının Gənclər Forumunun mədəniyyətlərin dialoqu üzrə baş əlaqələndiricisi Leyla  xanım Əliyevanın  təşəbbüsü  ilə  2009-cu  ildə  “Xocalıya  ədalət, Qarabağa Azadlıq” adlı  geniş  kampaniyaya  start  verilmişdir.  İngilis  dilində yaradılmış  “Justice  for  Khojaly”  (“Xocalıya  ədalət” http://www.justiceforkhojaly.org/) saytı qabaqcıl Azərbaycan gənclərinin Ermənistan silahlı qüvvələrinin bu qanlı cinayətinin beynəlxalq aləmdə pislənməsinə dair səylərinin əsas informasiya təminatıdır.

Heç kəs unudulmur, heç kəs yaddan çıxmır. Tariximiz, şəhidlərimiz haqqında yazılan əsərlər gələcək nəsillər üçün ibrət dərsidir. Qoy onlar xeyiri şərdən, qaranı ağdan, dostu düşməndən ayıra bilsinlər. Bilsinlər ki, yaşadıqları bu zəmanədə hər gün, hər saat ayıq-sayıq olmaq lazımdır. Hadisələrin axarını əvvəlcədən görə bilməsələr, bizim kimi onların da başına müsibətlər açılar.

Sonda bütün azərbaycanlıları, həmvətənlərimizi birliyə çağırıram. Xocalı faciəsi hər bir azərbaycanlının dərdidir. Mən ümid edirəm ki, hər bir azərbaycanlı, o cümlədən, dünya ictimaiyyəti bu faciəni unutmayacaq və təcavüzkarlara layiqli cəza verilməsini tələb edəcək.

Allah bütün şəhidlərə rəhmət eləsin!

Ayşən Əsəd qızı Sadıqlı,

Bakı Dövlət Universiteti, Filologiya fakültəsinin IV kurs tələbəsi,

Fakültə Tələbə Elmi Cəmiyyətinin sədri, Nizami Gəncəvi adına təqaüdçü

 

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024