Xocavənd rayonunun işğalından 28 il ötür

02/10/2020

Bu gün Azərbaycanın Xocavənd rayonunun işğal olunmasından 28 il ötür. 1992-ci il oktyabrın 2-də Ermənistan Silahlı Qüvvələri Azərbaycan Respublikasının Xocavənd rayonunu işğal edib.
Xocavənd rayonu 1991-ci ildə Dağlıq Qarabağ Muxtar Vilayəti ləğv edildikdən sonra Martuni və Hadrut rayonlarının bazası əsasında yaradılıb. Rayonun sahəsi 1458 kvadratkilometr, əhalisi 41 216 nəfərdir. Rayonda bir şəhər (Xocavənd şəhəri - rayon mərkəzi), iki iri qəsəbə (Qırmızı bazar və Hadrut), 83 kənd var.
İşğal nəticəsində rayonun azərbaycanlılar yaşayan 10 kəndində 1723 yaşayış evi yandırılaraq, əmlakları talan edilib, 47 sənaye, 144 kənd təsərrüfatı obyekti dağıdılaraq viran edilib.
İşğalçılar 17 təhsil müəssisəsi, 4 məktəbəqədər tərbiyə ocağı, 32 səhiyyə müəssisəsi, 59 mədəniyyət obyekti, 10 tarixi abidəni dağıdıb. Rayonun infrastrukturuna aid olan 12 rabitə qovşağı, 341 km avtomobil yolları, 32 körpü, 42 su anbarı və 316 km su kəməri xətti dağıdılıb, talan edilərək, yararsız hala salınıb.
İşğal nəticəsində vurulmuş maddi, mənəvi ziyanla bərabər, rayonun bitki və meşə örtüyünə də külli miqdarda zərər dəyib. Belə ki, Xocavəndin 1202 hektar meşə sahəsindəki qiymətli ağac növləri məhv edilib.
Dörd ay mühasirədə qalan Qaradağlı kəndinə ermənilərin hücumu nəticəsində 77 nəfər şəhid olub, 110 kənd sakini girov götürülüb. Sonradan onların 49 nəfəri amansızlıqla qətlə yetirilib.
Ümumilikdə, xocavəndlilər 13 nəfəri qadın, 13 nəfəri uşaq olmaqla, 145 nəfər şəhid verib, rayon sakinlərindən 300 nəfərdən çox insan sağlamlığını itirib və ya əlil olub, 243 uşaq valideynlərindən birini, 68 qadın həyat yoldaşını itirib. Bir ailədən olan 3 uşaq hər iki valideynini itirib.
Əlavə edək ki, Xocavənd rayonunun Qırmızı bazar qəsəbəsində diametri 600 sm, hündürlüyü 25 m olan 1 ədəd 1000 və 1 ədəd 2000 yaşlı Şərq çinarı qədim təbiət abidəsi kimi qorunurdu. Rayonun Qarakənd kəndində "Qırmızı kitab"a düşən, üçüncü dövrün relikt növü olan, diametri 24 sm, hündürlüyü 12 metr, yaşı 100 illik azat ağacları da mühafizə edilirdi.

 

Xəbərlər

17 Noyabr - Milli Dirçəliş Günüdür

17 Noyabr - Milli Dirçəliş Günüdür
17/11/2024

Bu gün Beynəlxalq Tələbələr Günüdür

Bu gün Beynəlxalq Tələbələr Günüdür
17/11/2024

BDU-da elmi seminar: “Yaşıl kitabxana konsepsiyası”

BDU-da elmi seminar: “Yaşıl kitabxana konsepsiyası”
16/11/2024