Xəzər dənizinin səviyyəsinin müasir dəyişmələri – TƏHLİL

14/06/2024

Flora və faunanın bioloji müxtəlifliyinə görə unikal su obyekti olan Xəzər dənizinin  sahilyanı dövlətlərin iqtisadiyyatında rolu danılmazdır. Dənizin sahil zonasında sosial-iqtisadi inkişaf Xəzərin səviyyəsinin çoxillik tərəddüdlərindən əhəmiyyətli dərəcədə asılıdır. Xəzər dənizində suyun səviyyəsinin kəskin düşməsi sahilyanı dövlətlərin müvafiq sektorlarında neft-qaz hasilatına və balıqçılığa ciddi ziyan vurur. Ölkələrarası və ölkədaxili gəmi-bərə nəqliyyatının fəaliyyətində, sərnişin və yük daşıyan gəmilərin platformalara yaxınlaşmasında çətinliklər yaranır. Balıqların yaşama areallarında ciddi pozulmalar qeydə alınır.

Dənizin səviyyəsində davamiyyəti bir neçə onillik olan qalxma və enmə dövrləri  növbələndiyi üçün Xəzərin ekosistemi və sahilyanı ölkələr öz iqtisadiyyatlarını kəskin dəyişən səviyyə rejiminə uyğunlaşdırmaq məcburiyyətindədir.

Xəzər dənizində səviyyə üzərində instrumental ölçmələr 1840-cı ildən başlayaraq aparılır. Ötən dövr ərzində ən yüksək səviyyə 1882-ci ildə (Baltik Sistemində −25.2 m), ən aşağı səviyyə isə 1977-ci ildə (−29.0 m) qeydə alınıb. Səviyyənin tərəddüd amplitudası 3,8 m təşkil edib.

XX əsrdə səviyyənin dəyişkənliyinin az olduğu kifayət qədər üzün üç dövr ayırd edilir. Birinci dövrdə (1900−1929) səviyyə demək olar ki, sabit qalıb və -26.3 m ətrafında az dəyişib. İkinci dövrdə (1930-1977) səviyyə monoton olaraq düşüb, 1930-1938-ci illərdə azalma 1.75 m təşkil edib, 1977-ci ildə isə ilk dəfə -29.0 m-ə çatıb və bu illərdə dənizin sahəsi 48 min km² kiçilib. Üçüncü dövrdə (1978-1995) səviyyənin kəskin qalxması (2.0 m) müşahidə edilib.

XX əsrin axırı, XXI əsrin ilk onilliklərində səviyyə yenidən enməyə başlayıb. 2020-2023-cü illərdə Azərbaycanın Xəzər sektorunda bu azalma 75 sm təşkil edib və 2024-cü il 1 yanvar tarixinə səviyyə Baltik Sistemində -28.7 m olub.

Çoxillik dövr ərzində səviyyənin dəyişməsinə təsir edən müxtəlif xarakterli amilləri dörd böyük qrupa bölmək olar: kosmogeofiziki qüvvələr, geoloji və geodinamik proseslər, hidrometeoroloji proseslər və antropogen amillər. Səbəb-nəticə əlaqələrinin təhlilinin nəticələrinə görə, Xəzər dənizinin səviyyəsinin uzunmüddətli dəyişkənliyi okean (Şimali Atlantik) - atmosfer - quru səthi (Volqa çayının hövzəsi) sistemində irimiqyaslı rütubət mübadiləsinin inteqral göstəricisidir. XX əsrdə səviyyənin dəyişkənliyində Volqa çayı hövzəsində əmələ gələn çay sularının payı təxminən 64% təşkil edib. Dənizə tökülən digər 130-a yaxın çayın, xüsusilə Kür, Ural, Terek və Sulak çaylarının axımı da nəzərə alınarsa, bu rəqəm artaraq 70% təşkil edər. Qalan 30% isə digər amillərin, başlıca olaraq, buxarlanmanın təsiri ilə izah olunur. Belə ki, Xəzər regionunda (dəniz və ona bitişik ərazilərdə) havanın orta illik temperaturu 1980–2020-ci illəri əhatə edən dövrdə monoton şəkildə hər il 0.0300C, ümumilikdə isə 1.20C artıb və buxarlanmanı sürətləndirib.

Səviyyənin dəyişkənliyinə təsir edən mühüm amillərdən biri də tektonik hərəkətlər nəticəsində dənizin dibinin çökməsidir. Hazırda vaxtilə Xəzər dənizi ilə əlaqəli olmuş Aralıq, Qara və Azov dənizlərinin çalalarının da dibi üçün tektonik enmə səciyyəvidir. Lakin bu dənizlərlə Atlantik okeanı arasında su mübadiləsi mövcud olduğuna görə onlarda səviyyənin aşağı düşməsi hiss edilmir.

Son 30 ilə yaxın bir dövrdə Xəzər dənizində səviyyənin kəskin azalmasının əhəmiyyətli amillərindən biri də 1992-ci ildə Qara-Boğaz-Qol körfəzini dənizdən ayıran bəndin dağıdılmasıdır. Bu səbəbdən hər il böyük həcmdə su kütlələri dənizdən körfəzə daxil olaraq buxarlanmaya sərf olunur. Dənizi körfəzlə birləşdirən boğazın dibinin yüksəkliyi -30.6 m-dir. Belə ehtimal olunur ki, dənizin səviyyəsi azalaraq bu rəqəmə çatdıqda artıq körfəzə axın kəsiləcək və Xəzərdə səviyyə sabitləşəcək.

Xəzərin səviyyəsinin kəskin azalması sahilyanı dövlətlərin dıqqət mərkəzindədir. 2022-ci ilin iyul ayında Bakı şəhərində sahilyanı və xarici ölkələrin ekspertlərinin, həmçinin beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə dənizinin səviyyə tərəddüdlərinə həsr olunmuş beynəlxalq konfrans keçirilib.

Hazırda qarşıda duran əsas vəzifə səviyyənin dəyişməsinin orta və uzunmüddətli dövr üçün real proqnozuna uyğun adaptasiya tədbirlərinin işlənməsidir. Lakin səviyyənin dəyişməsinin onlarla proqnoz metodunun mövcudluğuna baxmayaraq, hələ də reallığı adekvat əks etdirən metod işlənməyib. Bu, çoxillik səviyyə tərəddüdlərinin mexanizminin tam aydın olmaması ilə izah edilir.

Fərda İmanov,
BDU-nun Coğrafiya fakültəsinin Hidrometeorologiya kafedrasının professoru

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024