Yaponiya Nippon Fondunun kitab hədiyyəsini səfir BDU-ya təqdim edib
Bu gün Yaponiyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Vada Cuniçi Bakı Dövlət Universitetində (BDU) olub, Yaponiya Nippon Fondunun hədiyyəsi olan 69 adda kitabları BDU-nun Elmi Kitabxanasına hədiyyə edib.
Əvvəlcə BDU-nun rektoru Elçin Babayev Yaponiyanın ölkəmizdəki səfiri ilə görüşüb, tərəflər əməkdaşlıq perspektivlərini müzakirə ediblər. Görüşdə rektor Elçin Babayev Azərbaycan və Yaponiya arasında dostluq əlaqələrindən, BDU, xüsusilə də Şərqşünaslıq fakültəsi ilə səfirlik arasında olan əməkdaşlıq münasibətləri haqqında söz açıb, Yaponiyanın elm və təhsil müəssiələri ilə qarşılıqlı əlaqələrin qurulması, birgə elmi-tədqiqat işlərinin aparılması, Yaponiya universitetləri ilə ikili diplom proqramları, tələbə mübadiləsi və s. istiqamətlərdə əməkdaşlığın qurulması və mövcud əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Səfir Vada Cuniçi BDU ilə Yaponiya səfirliyi və ölkəsinin universitetləri arasında əlaqələrin inkişaf etdirilməsi, təcrübə mübadiləsi və s. sahəsində əməkdaşlığa xüsusi diqqət göstərdiklərini qeyd edib. BDU-da yapon dili və mədəniyyətinin tədris olunmasından məmnunluğunu bildirib. Qeyd edib ki, 2022-ci ildə Yaponiya ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü geniş qeyd olunacaq və bu tədbirlər çərçivəsində yapon dili və mədəniyyətinin tədris olunduğu BDU-da bir sıra tədbirlərin keçirilməsi, birgə layihələrin həyata keçirilməsi planlaşdırırlır.
Sonra BDU-nun Elmi Kitabxanasında Yaponiya Nippon Fondunun hədiyyə etdiyi kitabların təqdimat mərasimi keçirilib. Tədbirdə BDU-nun rektoru Elçin Babayev və səfir Vada Cuniçi çıxış ediblər. Tədbirdə yapon dili, ədəbiyyatı, mədəniyyəti, tarixi, elmi, iqtisadiyyatından və s. bəhs edən kitablar Elmi Kitabxanaya təqdim olunub.
Təqdimat mərasimindən sonra səfir BDU-nun Elmi Kitabxanasının Nadir kitablar fondunda mühafizə olunan qədim, nadir nəşrlərlə, o cümlədən Yaponiya barədə kitablarla tanış olub.