Yay imtahan sessiyası başlayıb
Rektor, akademik Abel Məhərrəmovun yay imtahan sessiyasının mütəşəkkil keçirilməsi məqsədi ilə imzaladığı əmrə əsasən, 6 iyun 2013-cü il tarixindən etibarən universitetin bakalavriat səviyyəsi üzrə əyani şöbənin I–III kurslarında və magistraturada yay imtahan sessiyası başlayıb. İyulun 29-da başa çatacaq imtahanlar bir qayda olaraq yazılı formada keçiriləcək. Fakültə dekanlarına və kafedra müdirlərinə tapşırılıb ki, bütün tədris qruplarında fərdi qaydada görüş keçirsinlər və tələbələrin istək və arzularına diqqətlə yanaşsınlar. İmtahan zamanı konspektdən, kitabdan və digər vasitələrdən köçürmə hallarına yol verən tələbələr barədə akt tərtib edilsin və həmin auditoriyaya təhkim olunmuş koordinatorlar və fakültə dekanı tərəfindən imzalansın.
Qeyd edək ki, imtahan sessiyası başlamazdan öncə fakültə dekanları, koordinator və rəhbər-koordinatorların iştirakı ilə rektorun görüşü keçirilib. Çıxış edən akademik Abel Məhərrəmov yay imtahan sessiyası haqqında danışıb, dekanları, koordinator və rəhbər koordinatorları prosesə ciddi nəzarət etməyə, tələbələrin biliyini obyektiv qiymətləndirməyə çağırıb.
Sessiyanın gedişinə operativ nəzarət etmək məqsədi ilə qış imtahan sessiyası zamanı prof.İ.Ə.Əliyevin sədrliyi ilə yaradılmış qərargah və apelyasiya komissiyası yay imtahan sessiyası zamanı da fəaliyyətini davam etdirəcək. Xatırladaq ki, əmrə uyğun olaraq, Qərargahın nəzdində universitet üzrə «Qaynar xətt» yaradılıb və bu məqsədlə universitetin əsas binasında və tədris korpuslarında şikayət, təklif və məlumatlar üçün hər gün mövcud qaydada möhürlənməklə xüsusi qutular asılıb. Qərargahın sədrinə tapşırılıb ki, sessiya müddətində imtahanların gedişi ilə əlaqədar ərizə, təklif və Təhsil Nazirliyi «qaynar xətti» ilə daxil olmuş şikayətlərin araşdırılmasını təmin etsin və bu barədə tədbir görülməsi məqsədilə müvafiq təkliflər versin. İmtahanların nəticələri barədə şikayətlərə baxmaq və aşkar edilmiş çatışmazlıqları aradan qaldırmaq məqsədilə Qərargahın nəzdində təbiət və humanitar fakültələr üzrə apellyasiya komissiyaları yaradılıb.
Mətbuat və İnformasiya şöbəsi, 10 iyun 2013-cü il.