Yazın ilk müjdəçisi - Su çərşənbəsi

27/02/2024

Milli-mənəvi irsimizin qorunması və tanıdılması hər birimizin borcudur. Hər bir xalqın mədəniyyəti, mənəvi əxlaqı, dünyagörüşü onun bayramlarında öz əksini tapır. Azərbaycanda qədimlərdən bayramların sayı çox olub. Bu baxımdan çillələrin də, Novruz və çərşənbələrinin də xalqımızın bayram təqvimlərində mühüm yeri var. Novruz xalqımızın ən qədim və zəngin tarixə malik bayramlarından biridir. Novruz adətləri bu gün də ilkin mühafizəkarlığını qoruyub saxlayıb. Novruz çərşənbələrinin hərəsinin özünəməxsus mərasimləri var. Mərasimlərdə xalqımızın dünya və kainat haqqında ilkin təsəvvürləri öz əksini tapıb. Bu mərasimlərin həyata keçirilməsi Novruzun əsas ünsürü olan Su çərşənbəsi ilə başlayır.

Su çərşənbəsi ilə bayrama hazırlıqlar da başlamış sayılır. Deyirlər ki, Tanrı ilk olaraq suyu yaradıb. Buna görə su ilk çərşənbə kimi qeyd edilir. Xalq arasında o, “Əvvəl çərşənbə”, “Əzəli çərşənbə”, “Gözəl çərşənbə”, “Sular Novruzu”, “Gül çərşənbə”, “Sel çərşənbə”, “Zəmzəm çərşənbə”, “Çillibeçə çərşənbə” kimi də tanınır. Su çərşənbəsində suyun müqəddəs mahiyyəti ifadə olunur. Su sağlamlıq, paklıq, tale göstərmə, övladvermə, müqəddəslik, dirilik, ölməzlik, xoşbəxtlik gətirən bir inam rəmzi kimi çıxış edir.

Arzularını, gördüyü yuxuları suya danışmaq, sübh tezdən evə bulaq suyu gətirmək və s. su ilə bağlı ayinlərdəndir. İnanclara görə, sübh tezdən bulaqdan götürülən su min bir dərdin dərmanıdır. Su çərşənbəsində baharın ilk suyundan gətirilərdi. Su sübh tezdən götürülərdi ki, insan səsi eşitməsin. Əski inanclara görə, həmin gün bütün dərdlərin dərmanı olan çərşənbə suyu dalınca gedərlərmiş. Amma bu işi hər adama tapşırmazlarmış. Həmin su dalınca gümüş kuzələrlə dan yeri sökülənə kimi valideynlərin ilki sayılan, 15,16 yaşlı subay qızlar  gedər, üç və ya yeddi bulaqdan su götürər, dinməz-söyləməz evə gətirib qablara boşaldana kimi heç kimlə danışmaz, yerə baxarlarmış. Məhz buna görə də, bu “lal su” adlanarmış. Bu ayini icra edən qızlar yolda tanış bir adama rast gəlsəydilər, üzlərinə su çiləyər, onlara bu yolla bulaqdan “lal su” gətirdiyini xəbər verərdilər. Bəzən onları ya nişanlıları, ya da qohumları müşayiət edərdilər ki, suyun müqəddəsliyinə xələl gəlməsin. Tatarların Narduqan (Gündoğan) bayramında da bu mərasim keçirilir, belə ki, bir oğlanla bir qız arxalarına baxmadan, dinməzcə bulaqdan fala baxmaq üçün su gətirirlər.

Dəyirman arxına bax!

Su gəlir, çarxına bax.

Ay çərşənbə, xoş gəldin!

Qızlarda axına bax!

Dədə-babalarımız inanıblar ki, bu çərşənbədə sellər aşıb-daşır, bütün azar-bezar qar ilə bərabər yuyulub gedir. İnsanlar suyun üzərindən adlamaqla xəstəliklərdən qurtulacaqlarına inanıblar.

İnanca görə, axar suyun qarşısı kəsilməməlidir. Suyun qabağını kəsəni Tanrı cəzalandırar. Babalarımız suyu canlı varlıq kimi görmüşlər. Folklor nümunələrimizdə su kultundan istifadə buna bir sübutdur. Qazan xanın çay ilə söhbəti bunun bariz nümunəsidir.  Buna görə də ilk çərşənbə “Axar sular Novruzu” və ya “Sular toyu” da adlanır. Suyu müqəddəs sayan xalqımız “Su bulandıranı el utandırar”, “Suya tüpürməzlər”, “Suya söyməzlər” kimi inancları, “Su haqqı”, “Suyun sovulmasın”, “And olsun axar suya”, “Ömrün su qədər olsun” kimi andları qoşub. Səfərə çıxanın arxasınca su atıb “Yolun aydın olsun!” deyirlər ki, Tanrı köməyi olsun.

Suyun müqəddəsliyi qədim türk miflərindən qaynaqlanır. Qədim miflərə görə, suyun yiyəsi vardır. El arasında “Suyun anası”, “Suyun yiyəsi”, “Hovuzun anası” adlanan ifadələrə də rast gəlinir. Su elə müqəddəsdir ki, axır çərşənbədə çaylar dayanır, ağaclar baş əyib alnını suya söykəyir.

Suyun “tale göstərmə” funksiyasına inanan əcdadlarımız  “Tas falı” (“Qızlar desin”, “Çərşənbə deyişməsi”, “Kuzə falı”, “Dilək falı” və s.) deyilən fal açma ilə həddi-buluğa çatmış qızların gələcəkdəki talelərinə baxardılar. Su çərşənbəsinin gecəsi qadınlar, qızlar, oğlanlar kiminsə evinə yığılıb çilə çıxarardılar.  Bu gecəni həm də insanlar “bəxt gecəsi” adlandırardılar. Qızlar su ilə fal açıb bəxtlərini sınayardılar. Bu vəsfi-hal mərasimi “Üskük çıxarma” falıdır. Bir camin içərisinə hərə öz nişanəsini - üzük, sırğa, düymə atırdı, sonra qabın üzərinə dəsmal salınırdı. Nişanələri qabın içərisində iki-üç dəfə qarışdırıb bayatı deyilirdi, bir yeniyetmə qız uşağı əlini camın içərisinə salıb nişanənin birini sudan çıxarırdı. Bayatını oğlan, qız, qadın, kişi hər kəs deyə bilərdi. Hər dəfə bayatı çağırılanda camdan kimin nişanəsi çıxsa, onun diləyi həmin bayatı olan mətləbə uyğun yozulardı. Bayatı söylənilən anda, hələ nişanə çıxmamış hiss olunurdu ki, həmin bayatıya uyğun kimin üzüyü, nişanəsi çıxa bilər. Bunlara nümunə olaraq:

Sarı yağın tortası,

Sarı kilimin ortası.

Allah muradın versin

Gələn ayın ortası.

Bu mərasim səhərə kimi davam edirdi. Mərasim Günəş doğandan sonra iştirakçıların su üstünə gedib çillə kəsdirməsi, əl-üzünü yumaları, niyyət edib suyun üstündən tullanaraq, “Ağırlığım-uğurluğum bu sulara”, “Ağırlığımı su götürsün” demələri ilə başa çatır.

Qabda suya salınan saç və ya sapa üzük bağlayıb evlilik yaşını, iynələrin uclarına pambıq sarıyıb qismətini təyin etmək də fal inanclarındandır.

Dirilik suyu Xıdır və İlyas qardaşlarının adı ilə bağlıdır. Onların dirilik suyunu tapmaları ilə bağlı mifoloji rəvayətlər mövcuddur. Əfsanələrə görə, Xıdırla İlyas iki qardaş olublar. Onlar ab-həyat suyunu içdikdən sonra ölməzlik qazanıblar. Onların bir-birinə qovuşduğu gün isə Novruz bayramının başlandığı gün hesab olunur. Rəvayətlərdə deyilir ki, Xıdır quruda, İlyas isə suda yaşayır. Onlar həmişə köməyə  ehtiyacı olanın imdadına yetişirlər. Kiçik qış fəslində böyük çillə ilə kiçik çillə  arasında “Xızır Nəbi” bayramı keçirilir.  Bu da Xıdır Nəbinin adı ilə bağlıdır. Novruzun ilk çərşənbəsi isə İlyasın adı ilə bağlanır. İlk çərşənbə bəzi mənbələrdə “İliyaz çərşənbə” kimi qeyd olunub. Bu çərşənbə axşamından etibarən suların buzu əriyir, gecələr donmur, deyilənə görə, o, “yer altında yaza gedir”. Bu səbəbdən də xalq arasında ilk çərşənbə Su çərşənbəsi kimi tanınır.

Xalq əfsanələrində, məhəbbət və qəhrəmanlıq dastanlarında suyun müxtəlif funksiyalar daşıdığı motivlərlə yanaşı, dirilik rəmzinə də rast gəlinir. Qəhrəmana gücü, qüvvəni, qeyri-adi qabiliyyətləri verən vasitələrin biri də sudur. Folklorda “dirilik suyu” aktiv işlənib. Azərbaycan folklorunda dirilik suyu Şirvanla əlaqəli verilir. Rəvayətlərdə, nağıllarda, Nizaminin “İsgəndərnamə”sində dirilik suyu içmək Xızıra nəsib olur. “İsgəndərnamə”də İsgəndər dirilik suyunu axtarsa, tapa bilməsə də, onun hikmətini dərk edir. “Koroğlu” dastanındakı Qoşabulaq da dirilik bulağı, ölməzliyin rəmzidir. Qoşabulağın suyundan içəndən sonra Koroğluya qeyri-adi aşıqlıq, şairlik, nərə, Qırata qeyri-adi xüsusiyyətlər verilir.

Su çərşənbəsində süfrələr bəzədilir. Təmiz sudan hazırlanmış pürrəngi çay, müxtəlif şirniyyat və yeməklər, əsasən də, plov süfrənin nemətləri sırasında olur. Bu çərşənbədə süfrəyə səməni qoyulmur. Təmiz, lal suyun süfrədə olması isə vacibdir. Əgər həmin su aşarsa, bu bolluğun rəmzi kimi qiymətləndirilir.

Su Tanrının müqəddəs nemətlərindən biridir. Suyu müqəddəs bilən xalqımız bu çərşənbədə su ilə bağlı ayinləri həyata keçirərək bayramın ilk günlərini qarşılayır. Suyun qüdrətinə inanan dədə-babalarımız su ilə əlaqədar müdrik sözlər yaradıb, mahnılar bəstələyib, şeirlər qoşub.

Qışda sülhü buz ilən,

Yazda salar dava su.

Dillənməyir söz ilən,

Çəkir ağalar nəva su.


Səhər Orucova,

BDU-nun Filologiya fakültəsinin Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının müdiri, filologiya elmləri doktoru, professor

Xəbərlər

BDU ilk dəfə “GreenMetric Ranking 2024”də yer alıb

BDU ilk dəfə “GreenMetric Ranking 2024”də yer alıb
13/12/2024

Ən böyük azərbaycanlı – Ümummilli Lider Heydər Əliyev

Ən böyük azərbaycanlı – Ümummilli Lider Heydər Əliyev
12/12/2024

BDU kollektivi Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

BDU kollektivi Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib
12/12/2024