Yeni laboratoriyalar

24/09/2012

Ali təhsil ocaqlarının flaqmanı olan Bakı Dövlət Universitetihər il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir. Bu il universitetin fizika,kimya, biologiya, coğrafiya, ekologiya, jurnalistika, o cümlədən digər fakültələrin fakültələrin elmi-tədqiqat, tədris laboratoriyaları yeni avadanlıqlarla təmin olunub, bir sıra laboratoriyalar yenidən qurulub, meteoroloji müşahidə məntəqəsi yaradılıb, yataqxana kompleksinin layihələndirmə işləri artıq başa çatdırılıb. Bu tədris ilindən həmçinin universitetin Quba rayonunda Tədris-Təcrübə Bazası istifadəyə hazırdır. 8 hektar ərazini əhatə edən Tədris-Təcrübə bazası 5 mərtəbəlidir və 400-ə yaxın universitet əməkdaşı və tələbə üçün nəzərdə tutulub. Yataqxana kompleksnin layihələndirmə işləri başa çatdırılıb. Müasir – otel tipli yataqxanaların inşası nəzərdə tutulur.

EKOLOGİYA FAKÜLTƏSİ, BİOEKOLOGİYA LABORATORİYASI

Müasir zamanda, qlobal inkişafın mənfi cəhətlərindən biri ətraf mühitin  çirklənməyə məruz qalmasıdır. Xüsusilə neft tullantıları ilə çirklənmiş torpaqlarda yaşayan canlı orqanizmlərə belə vəziyyət pis təsir göstərir. Belə ki, Respublikamızda bioekologiya sahəsində gənc mütəxəssislərin yetişdirilməsinə ehtiyac var. Cari  ilin (2012)  mart ayında Bakı Dövlət Universitetinin Ekologiya və Torpaqşünaslıq fakültəsinin Bioekologiya kafedrasının nəzdində olan Bioekologiya laboratoriyası yaradılmışdır. Laboratoriyanın əsas elmi istiqaməti bioloji obyektlərin bir-biri ilə əlaqəsinin və ətraf mühitin onlara olan təsirinin daha dərindən öyrənilməsidir. Bununla yanaşı laboratoriyada işləyərkən tələbələrə “bioekologiya” anlayışını daha dərindən qavramağa imkan yaranır, onlar bioekologiyanın müxtəlif metodları ilə yaxından tanış olurlar: çöl təcrübələrinə ilkin hazırlıqlarının  aparılma qaydaları haqqında, ekoloji ekspertizanın mahiyyəti və aparılma qaydaları barədə məlumat əldə edilir. Experimental tədqiqatın, laborator analizlərin aparılma yolları araşdırlır, həmçinin orada olan müxtəlif cihazlarla düzgün davranmaq imkanı əldə edirlər.

FİZİKA FAKÜLTƏSİ, NANOARAŞDIRMALAR LABORATORİYASI

BDU alimlərinin nanotədqiqatlar sahəsində apardığı uğurlu tətbiqi xarakterli araşdırmalar dünyanın bu istiqamətdə tədqiqat aparan aparıcı mərkəzlərində çalışan alimlər tərəfindən yüksək qiymətləndirilir və beynəlxalq maliyyə mərkəzləri alimlərimizin işlərinə böyük məbləğdə qrant layihələri ayırırlar. Alimlərin nanotədqiqatlar sahəsində apardığı tədqiqat işləri dünyanı indekslənən Tomson Reyter agentliyinin siyahısına düşən yüksək impact factora malik jurnallarında  dərc edilir. Son 5 ildə bu istiqamətdə aparılan tədqiqat işlərinin nəticələri 65-dan artıq nüfuzlu jurnalda məqalələr şəklində dərc edilmişdir. Yalnız 2011-ci ildə nanotədqiqatlar sahəsində aparılan elmi araşdırmalara beynəlxalq fondlar tərəfindən ayrılan qrant layihələrinin ümumi miqdarı 2000000,0 ABŞ dollar miqdarında olmuşdur. BDU-da bu istiqamətdə aparılan işlərin miqyasını və səviyyəsini daha da artırmaq məqsədi ilə ən müasir cihazlarla təchiz edilmiş yeni nanoaraşdırmalar laboratoriyası açılmışdır. Laboratoriya çox yüksək ayrıd etmə qabiliyyətinə malik atom qüvvə və tunel mikrosku, Furye spektrometri, spektroflüorimetr, spektofotometr, böyük ayırd etmə qabiliyyətinə malik müasir optik mikroskop, qamma spektrometri və sair qiymətli cihazlarla təchiz edilmişdir. Yeni tədris ilində Yaponiyanın Tokyo Boeki Technology MMC ilə bağlanmşı müqavilə əsasında ümumi dəyəri 1200000,0$ və JEOL şirkətinin istehsalı olan və son dərəcə böyük texniki imkanlara və ayrıd etmə qabiliyyətinə malik JSM-7600Fskanedici elektron mikroskopu və polikristallarda struktur  analizləri aparmaq üçün rentgen difraktometri alınmışdır.  Bu cihaz nanostrukturların təhlili və araşdırılması üçün ideal vasitədir. Bu cihazlar ilə müxtəlif birləşmələrin nanohissəciklərini tədqiq etmək və onların miqdari analizini yerinə yetirmək, fiziki, kimyəvi və bioloji obyektləri araşdırmaq mümkündür. Mikroskop 1000000,0 dəfə böyütmək imkanına malikdir.  JSM-7600F – skanedici elektron mikroskopları arasında JEOL şirkətinin elektron  optika sisteminin ən son nailliyyətlərini özündə birləşdirən ən yeni model mikroskoplardan biri hesab olunur. Diametri kiçik olan zond və optimal şəraitlər  nanometr tərtibində olan  nümunələrin element analizini  aparmağa imkan verir. "Gentle Beam" sistemi keçirici olmayan nümunələrdə yüklənmənin azalmasını və sürətləndirici gərginliyin kiçik qiymətlərində yüksək ayırdetmə imkanını təmin edir.

2012-ci tədris ilində BDU-nun Fizika fakültəsinin maddi-texniki bazasını gücləndirmək məqsədi ilə ümumi dəyəri 240000,0$ olan tədris laboratoriya  avadanlıqları alınmışdır. Laboratoriya avadanlıqları Fiziki elektronika, Ümumi fizika, Yarımkeçiricilər fizikası, Optika və molekulyar fizika kafedralarının nəzdindəki tədris laboratoriyalarını ən müasir səviyyədə qurulmasına xidmət edəcəkdir. Fakültədə virtual laboratoriya işlərinin hazırlanması  üçün interakriv lövhələr quraşdırılmışdır.  Yalnız yarımkeçiricilər fizikası kafedrasının tədris laboratoriyasına alınmış qurğularda tədris proqramına uyğun olaraq yarımkeçiricilər fizikası, yarımkeçirici cihazlar və mikroelektronikanın əsasları fənnləri üzrə 29 laboratoriya işi yerinə yetirmək olar. Eyni zamanda bu qurğular vasitəsi ilə magistr və doktorantlar da elmi-tədqiqat işləri apara bilərlər.

COĞRAFİYA FAKÜLTƏSİ, METEOROLOJI MÜŞAHIDƏ MƏNTƏQƏSİ

Bakı Dövlət Universitetinin ərazisində universitet rəhbərliyi və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin birgə səyləri nəticəsində meteoroloji müşahidə məntəqəsi yaradılıb. Məntəqədə hava elementləri üzərində müşahidələr yerinə yetirmək üçün müxtəlif cihazlar- yağıntı ölçən, flyuger, termometrlər və s. quraşdırılıb.  2012-ci ilin sentyabr ayında meteoroloji müşahidə məntəqəsində müasir tələblərə cavab verən Avtomatik Meteoroloji Stansiya quraşdırılıb. Bu stansiyanı ABŞ-ın Corciya Universiteti NATO ilə əməkdaşlıq çərçivəsində Bakı Dövlət Universitetinə hədiyyə edib. Məntəqədə universitet alimləri və tələbələri tərəfindən mütəmadi olaraq müşahidələr aparılır və müşahidələrin nəticələri Milli Hidrometeorologiya Departamentinə ötürülür. “Universitet”meteoroloji müşahidə məntəqəsində Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsində təhsil alan tələbələr təcrübə keçir və nəzəri biliklərini möhkəmləndirirlər.

BİOLOGİYA FAKÜLTƏSİ,  ZEİSS LABORATORİYASI

Bu otaqda genetika, sitologiya, histologiya və fərdi inkişafın biologiyası fənnləri üzrə laboratoriya dərsləri tədris edilir. Burada həmçinin həmin fənnlərə aid müxtəlif istiqamətdə elmi tədqiqat işləri aparılır. Qeyd edilən fənnlər üzrə  laboratoriya dərslərini və elmi tədqiqat işlərini mikroskop olmadan aparmaq mümkün deyil. Yeni alınmış  bu mikroskoplar Almaniyanın Karl Zeiss firması tərəfindən hədiyyə  verilmişdir.  Genetika, sitologiya, histologiya və fərdi inkişafın biologiyası fənnləri üzrə aparılan laboratoriya  dərslərində canlı orqanizmləri təşkil edən hüceyrə, toxuma və  orqanların mikroskopik quruluşu öyrənilir, eyni zamanda  quruluşla funksiya arasındakı münasibətlər də müəyyən edilir.  Bundan ötrü müxtəlif üsullarla xüsusi preparatlar hazırlanır. Genetika  fənni üzrə  keçirilən laboratoriya dərslərində irsiyyət və dəyişkənliklə əlaqədar olan hadisələr öyrənilir. Məsələn, xromosomların  formaları, daxili  quruluşu,  müxtəlif amillərin təsiri  nəticəsində xromosomlarda baş verən dəyişikliklər öyrənilir.Sitologiyaya aid keçirilən laboratoriya dərslərində  hüceyrələrin forması, onun quruluş əsasını təşkil edən ümumi və xüsusi orqanoidlər endoplazmatik şəbəkə, ribosom, lizosom,  Holcikompleksi,  hüceyrə mərkəzi, hərəkət orqanoidləri və s., hüceyrənin müxtəlif bölünmə üsulları amitoz, mitoz və meyoz və  hüceyrədaxili törəmələr (zülallar, yağlar, karbohidratlar və s.) öyrənilir.Histologiya dərslərində canlı orqanizmi təşkil edən toxumaların – epitel, birləşdirici,  əzələ və sinir toxumalarının mikroskopik quruluşu, habelə onların mənşəyi,  topoqrafik və funksional xüsusiyyətləri öyrənilir.Fərdi inkişafın laboratoriyası fənni üzrə tədris olunan laboratoriya dərslərində cinsi hüceyrələrin əmələ gəlməsi prosesi, onların mikroskopik quruluşu, mayalanma hadisəsinin müxtəlif mərhələləri, mayalanmış yumurtanın müxtəlif bölünmə tipləri, rüşeymin formalaşması, rüşeymxarici  və rüşeymə xas olan orqanların mikroskopik quruluşu öyrənilir.

JURNALİSTİKA FAKÜLTƏSİ, İNTERNET TELEVİZİYA OTAĞI

Ötən ildən başlayaraq «Ali təhsil müəssisələrində Yeni medianın  tədrisinin təkmilləşdirilməsi» layihəsinin icrasına başlanılıb. Layihə Multimedia Mərkəzi tərəfindən  Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsi ilə sıx əməkdaşlıq şəraitində keçirilir. Layihə çərçivəsində yeni media sahəsi ilə əlaqəli fənlərin tədris modellərinin hazırlanması, jurnalistika təhsili verən hər bir ali təhsil müəssisəsi üçün Onlayn laboratoriya - onlayn qəzetin modulunun və  Yeni media texnologiyalarının tədris edən müəllimlərə köməklik məqsədilə elektron tədris resursun yaradılması, təlimlərin keçirilməsi  nəzərdə tutulur.  Həmçinin Layihə çərçivəsində yalnız bir ali təhsil müəssisəsində -  BDU-nun  Jurnalistika fakültəsində İnternet TV Studiyanın yaradılması planlaşdırılmışdır. Bu studiya onlayn resursların media bazarının tələblərinə cavab verən kadrlar hazırlanmasında önəmli rol oynayacaq.

HÜQUQ FAKÜLTƏSİ, TƏDRIS-KONFRANS ZALI

Əsaslı təmir olunaraq müasir avadanlıqlarla təmin olunan 185 nəfərlik zal auditoriya və konfrans üçün nəzərdə tutulub.


Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024