Yeni semestrimiz haqqında bir neçə kəlmə…

17/02/2021

Bütün ali məktəblərdə olduğu kimi, Bakı Dövlət Universitetində (BDU) də 2020/2021-ci tədris ilinin ikinci semestri başlayır. Amma yenə də həsrət qaldığımız ənənəvi formada yox, artıq bir ildir öyrəşdiyimiz onlayn şəkildə - laboratoriya dərsləri istisna olmaqla. Yəni əksər müəllim və tələbələr yenə də bir-birilə ilə məsafədən ünsiyyət yaratmalı olacaqlar. Əlbəttə, BDU kimi bir ali məktəb üçün bu, çətin olmayacaq - peşəkar müəllimlərimiz öz fənnlərini distant formada da məharətlə tədris edə bilirlər.

Son günlərədək çoxumuzu düşündürən əsas məsələ dərslərin hansı qaydada başlaması idi. Ənənəvi tədrisə üstünlük verən də var idi, istəməyən də. Hər halda Universitet rəhbərliyinin qərarını səbrsizliklə gözləyirdik. Şübhəsiz ki, verilən qərarlar hər zaman olduğu kimi, bu dəfə də tələbəyönümlüdür. Koronavirus pandemiyasının hələ bitmədiyi bir vaxtda yüzlərlə tələbənin həyatını, təbii ki, riskə atmaq olmaz. Həm də, bəlkə də, çoxumuz tədrisin bu formasına artıq öyrəşmişik. Kimi evdən qoşulur, kimi də yol gedə-gedə dərsdə iştirak edir. Yəni daha metroya, avtobusa minib Universitetə gəlməyə ehtiyac qalmır. Müəllimlər mühazirələrin elektron versiyasını göndərdiklərinə görə hansısa qeydlər aparmağa da lüzum yoxdur. Bir yandan da heç kim səhər tezdən oyanmağa məcbur qalmır. Əslində, onlayn təhsil vaxta qənaətdir.

Bunlar detallardır. Çünki BDU-da onlayn tədris təcrübəsindən uğurla istifadə olunur. Əgər ilk vaxtlar müəyyən çətinliklər var idisə, sonradan bütün problemlər öz həllini tapdı. Mühazirələrin elektron versiyalarının hazırlanması, tələbələrə edilən əsaslandırılmış güzəştlər və s. ali məktəb rəhbərliyinin humanist və tələbəyönümlü addımları arasındadır. Biz hər birimiz əvvəlki semestrlərdə BDU-nun onlayn tədris sınağından necə uğurla çıxdığını gördük. Müntəzəm olaraq müəllim və tələbələr arasında keçirilən sorğular da fikrimizi təsdiqləyir.

Əvvəlki aylarda olduğu kimi, cari semestrdə də tədrisin uğurlu təşkilinə heç bir şübhə olmamalıdır. Elə əyani tədrisdəki nəticənin qazanılması üçün bütün lazımi və mümkün addımlar atılıb. Şəxsən mən ötən semestrdəki onlayn təhsil təcrübəmə əsaslanaraq bunu əminliklə söyləyə bilərəm. Hər şeydən əvvəl, ona görə ki, məülllimlərimiz fənnlərini həvəslə tədris edirlər. Onlar tələbələrin konkret  mövzunu dərindən mənimsəmələri, zəruri təhlillərin aparılması üçün əllərindən gələni edirlər. Yəni, necə deyərlər, məsafələr tədrisə, elmə əngəl deyil.

Bir neçə gündür ki, laboratoriya şəraitində məşğələlərə ehtiyac duyulan ixtisaslarda təhsilalanlar universitetə gəlməyə başlayıblar. Bəlkə də, bu, böyük qayıdışın başlanğıcıdır... Tələbələrin üzündəki təbəssümü görmək necə də xoş idi...

Universitetdə bu tələbələrin laboratoriya məşğələlərində əyani iştirak etmələri ilə əlaqədar bütün təhlükəsizlik tədbirləri görülüb. Sanitar-epidemioloji vəziyyətə, xüsusi karantin rejiminin tələblərinə ciddi nəzarət olunur. Giriş qapılarında, həyətində, auditoriyalarda, sanitar qovşaqlarda, dəhlizlərdə, demək olar ki, hər yerdə COVID-19 infeksiyası ilə mübarizə üsullarını əks etdirən maarifləndirmə posterləri, nişan və göstəricilər yerləşdirilib. Universitetin giriş qapılarında, tədris korpuslarının qapılarında ən müasir dezinfeksiya tunelləri, turniketlər, avtomatlaşdırılmış hərarət ölçən və tibbi maskanın taxılmasına nəzarət edən cihazlar quraşdırılıb. Hər şey biz tələbələr üçün düşünülüb. BDU əməkdaşlarının və tələbələrinin sağlamlığı ən önəmli məsələdir.

Artıq beşinci ilini BDU-ya bağlayan biri olaraq mən də əyani dərslərin başlamasını səbrsizliklə gözləyirəm. Ümid edirəm ki, növbəti tədris ilindən etibarən hər şey qaydasına düşəcək və biz mühafizə əməkdaşlarına tələbə biletlərimizi göstərərək Universitetin kiçik bir şəhəri xatırladan həyətinə daxil olacaq, auditoriyalara tələsəcəyik. O vaxtadək isə yaradılan şəraitdən mümkün qədər səmərəli istifadə etməyə çalışaq, məsafədən tədris prosesində də fəallığımızı qoruyaq. Laboratoriya məşğələlərinə gələnlər isə karantin rejiminə ciddi riayət etsin. Universitetimizə layiq tələbə olaq.

 

Kənan Novruzov,

BDU Jurnalistika fakültəsinin magistrantı

 

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024